İki cahana
sığmayan şair
Səhər saat 05:00-da yuxudan
ayılmağa adət
eləmişəm. Həyətimizdə durub şəhərin müxtəlif səmtlərindən
gələn azan səsi
həmişə qəlbimdə
həzin, xəfif və anlaşılmaz duyğular oyadır bu vədə.
Cənuba tərəf baxıram - Xəzərə. Hələ
qaranlıqdır. Yalnız yaxınlığımızdakı
təpələrin şiş
ucları seçilir.
Səhərin nəmimi, yoxsa
dağların zəhmi
məni bu gün belə üşütdü? Evə
qayıdıram... Namazdan
sonra həmişəki
dualarımın sırasına
biri də əlavə olunur: "İlahi, zehnimə aydınlıq ver!" Yenidən həyətə çıxanda
qarşıdakı təpələr
artıq seçilirdi.
Neçə vaxtdan bəri
beynimdə dolaşan Nəsimi haqqındakı düşüncələrim yenidən
canlandı. Seyrinə
daldığım zirvələr
ağlımdakı Nizami,
Füzuli, Nəsimi zirvələri ilə assosiasiya olundu...
Bu ilin “Nəsimi ili” elan olunması
ürəyimdən xəbər
verdi. Qərar Nəsimi
haqda düşüncələrimi
yazmağa da stimul oldu. İndi bu dahi insan
haqqında əli dəstəmazlı halda yazacağam. Bu da bir zərurətdir.
Professor Əkrəm Cəfər
yazırdı ki, mən Füzulini oxuyanda hey salavat çəkirəm. Ədəbiyyatşünaslığımızın korifeylərindən olan ustadın sözləri klassiklər
haqqında yazanlar üçün bir nəsihət olmalıdır.
Nəsimiyə hürufi,
sufi, kafir
və s. kimi adlar
yapışdırmışlar. Unudulur ki, o, mütəfəkkir idi, dindar idi,
hər şeydən əvvəl müsəlman
idi. Həm də Nəsimi
fanatik dindar yox, dövrünün ən böyük alimi idi, Qurana
təfsir yazmışdı.
Ustadı və mürşidi
Fəzlullah Nəimi çox qiymətli olan iki kitabında
fikirlərinin məğzini
vermişdi. Nəimi öldürüləndə
tərəfdarlarına vəsiyyət
eləmişdi ki, bütün ruhum müridim Nəsimidədir.
Nəsimini edam etdilər. Bizi çaşdıran da elə budur!
Çoxları elə düşündü
ki, onu müsəlmanlar
cəzalandırıbsa, deməli,
doğrudan da kafir imiş. Bəs onu cəzalandıranlar kimlər idi? Peyğəmbər nəsihətlərini
qulaqardına vuran, İslama qatı zərbə vuran, adı müsəlman olsa da, İslam
yolundan sapanlar!
Şairə dürüst qiymət vermək üçün
onun əsərlərini
oxuyub nəticə çıxarmaq lazımdır. Oxundumu Nəsiminin
şeirləri? Xeyr!
Xəlifə göstəriş
verdi ki,
bütün yazıları
yandırılsın. Adda-budda
dövrümüzə qədər
gəlib çatanları
da oxuyanda insan zehnində böyük təbəddülat
yaratdığından, Sovet
vaxtı "ədəbiyyatşünaslar"
yeni üsula əl atdılar, - yazdıqlarını təhrif
etməyə başladılar.
Şairin ən məşhur
qəzəllərindən biri
olan "Sığmazam"
rədifli qəzəlində
"Məndə sığar
iki cahan, mən bu cahana
sığmazam. Gövhəri-laməkan mənəm, kövni-məkana
sığmazam" beytində
məna üzdədir.
O dövrün hakim ənənəsinə
görə bütün
böyük mütəfəkkirləri
ateist olmağa məhkum idilər. Onu İslam dininə qarşı çıxdığına görə
edam etdiklərini demək kommunist alimlərə sərf eləyirdi. Bu "iki cahan"
ifadəsi bu ideyanı alt-üst edirdi. Odur ki, bir nəfər
fərasətli çıxdı
və "iki cahan" ifadəsini "ikən cahan" kimi yazıldığını
"kəşf etdi".
Vəssalam. Hamı rahatlandı ki,
Nəsimi o dünyanın
mövcudluğuna inana
bilməzdi. Elə ona
görə də
"Məndə sığar
ikən cahan..." demişdi.
Başımız nələr çəkməyib?! "Daloy
tar!" deyib milli musiqimizi az
qala unutdururdular bir ara. Klassikləri
oxuya bilməyək deyə, əlifbamızı
dəyişdirdilər, dünyaya
görk olası alim, sənətkarlardan ağıllı söz öyrənməyək deyə
bir-bir tutub repressiya etdilər, "əl-qol açmayaq" deyə geniş ərazilərimizin sərhədlərini
qapa-qapa indiki çərçivəyə salıblar...
Dahilərimizin yazdıqlarını da beləcə təhrif eləyiblər.
Dünyada əksər
xalqların heç Nəsimiyə tay
ola biləcək filosofları ya yoxdur, ya da
bir-iki nəfərdir.
Azərbaycanda isə bütün dünyaya dərs vermək iqtidarında ola
biləcək dahiləri
saysaq, nəfəsimiz
tükənər.
Yenə də təkrar edirəm, şairin fikirlərini başa düşməyin ən səhih mənbəyi onun şeirləridir. Həm də
ayrıca bir şeirini, beytini, misrasını başqalarından
təcrid edərək
məna vermək doğru olmazdı. Nəsimi kimi şairlər şeir yazmaq xətrinə qələmə
əl atmayıblar.
Onlar bəşəriyyəti düşündürən,
ağılları çaşdıran,
ziddiyyətli məqamları
izah etmək üçün, fəlsəfi
sualları aydınlaşdırmaq
üçün fikirlərini
bildirmək istəyiblər.
Lap dahi filosoflar
isə öz tapıntılarını nəzmlə
də deyə biliblər. Çünki fikir nəzmlə
deyildikdə beyinlərə
daha güclü təsir edir. Onların hər bir əsəri
bir, yaxud bir neçə fəlsəfi problemin izahına həsr olunub. Bu gün
bizim fəxrlə yad etdiyimiz və
gələcək nəsillərin
də fəxr edəcəyi həmin mütəfəkkirlər saz
çalıb ilahi həqiqətləri musiqi
ilə camaata çatdıran haqq aşıqlarının, muğam
oxuyub incə mətləbləri muğamın
sehri ilə beyinlərə yeridən xanəndələrin varisləridir.
Məqsəd həmişə
bir şey olmuşdur: ilahi həqiqətləri oxuculara
çatdırmaq!
"Məndə sığar iki cahan..." Allah insanı yaratma səbəbini belə bildirir: "Mən gizli bir xəzinə
idim. İstədim ki, məni bilsinlər". İnsan yeganə
şüurlu varlıqdır
və öz şüuru ilə Allahı başqa canlılardan daha yaxşı dərk edir. "İnsan
yer üzünün əşrəfidir" deyimi
də bunu sübut edir. Hər iki dünyanın sirlərini öyrənə
bilər insan. İnsan bildiyinin sahibidir. Nəsimi kimi dahilər bu sirlərə bizlərdən daha çox vaqif olublar. Bizə məlum olmayan
şeyləri də ehtiva edib Nəsimi.
İnsan
sifətindəki əzaları
hərflərə bənzətmək,
bu hərflərin kombinasiyasından ayələri
oxumaq kiçik hünərdimi? Bəs bu
hünərə müyəssər
olduğuna görə
səbəbkar Allaha şükür etmirdimi Nəsimi?
Sanki yarandığına, yaradanı dərk etməyə cəhd etdiyinə, çox elmlərə vaqif olduğuna, xilqət məqsədinə nail olduğuna
görə bir növ fəxr edirdi, şükür edirdi. O biri dünyada
mükafatlanacağı, ya
da cəzalanacağı,
əbədi yaşayacağı
dünyanı da imkan daxilində dərk edirdi belə insanlar. Deməli, hər iki dünya
təkcə insanın
bətnindədir, dünyanın
şövqündə duran
insan o biri dünyanı da ehtiva edir.
Son istinadgah Allahdır. Bu dünyada
sığmadığını insan bildikcə həqiqi məşuquna yetişməyə can atır.
Əgər vüsal çatmağa
dünya, maddiyyat mane olursa, onda ondan
vaz keçmək lazım gəlir. Bunu ancaq kamil insan
dərk edə bilər. Nəsimi qəzəllərinin birində
deyir ki, "Dünya duracaq yer deyil, ey
can, səfər eylə,
Aldanma anın felinə, andan həzər eylə!" Dünya ləzzətlərinin ani,
keçici təsirinə
aldanmayıb, həqiqi
dünyaya səsləyir
ruhunu Nəsimi. Bu dünyaya sığmadığını
dərk edəndə də, yenə vüsal süzülür
misralarından. İnsan
məkansız gövhərdir,
bir məkanda dayanıb sakin ola bilməz.
Hər iki dünyaya sığmayan insan bu dünyaya necə sığa bilər? Xilqət səbəbinin əbədi
həyat olduğunu dərk edən şəxs bu müvəqqəti həyatdan
necə zövq ala bilər? Hələ toxunmadığım neçə-neçə mətləblərin
gizləndiyi beytin təhrifi kommunist ədəbiyyatşünaslar tərəfindən
icra olunursa, yenə göz yummaq olar.
Həmin günlərdə Nəsiminin
ateist olduğunu deyənləri də,
"Məndə sığar
ikən cahan..." dediyinə hökm edənləri də bağışlamaq olar. Bəs indi
bizə nə olub? İndi ki, milli-mənəvi
dəyərlərimizə sahib çıxırıq, din, vicdan,
azadlıq, hər kəsin haqqının özünə qaytarılması
imkanı vardır.
Yaşa
Ulu babamız! Sən nə iki dünyaya, nə təqdirə, nə tərifə, nə tənqidə sığırsan! Sən
insanlığa nümunəsən!
Sən qətiyyən
mürtəd yox, pakdan paksan! Sən kafir yox, əsl müsəlmansan!
Bu yolda canından keçməyə razı
oldun, amma dinin, imanın təhrif olunmağına dözmədin!
Yenə namaz
vaxtıdır... Hələ də dəstəmazlıyam. Belə
müqəddəslər haqqında düşünəndə
qəlb paklaşdığı kimi, cismimiz də pak
qalırmış. Bu da
bir rəmzdir. Nəsiminin yazdıqları
rəmz olduğu kimi.
Amma rəmzləri də düzgün
yozmaq gərəkdir!
Şəhla ASLAN
525-ci qəzet.- 2019.-
26 aprel.- S.13.