Yazını bir kəlmə çevirər

 

 

1965-ci il Təbriz şəhərində anadan olub. Orta məktəbin III sinfində oxuyarkən atasını itirib. Ailədəki uşaqların ən böyüyü olduğundan məktəbi buraxmalı olub. İşləməyə başlayıb və yetim bacı-qardaşlarının güzəranını təmin edib. Otuz il musiqi sahəsində həm ifaçı, həm də çalğıçı kimi dinləyicilərinin ruhunu oxşayıb, eyni zamanda, ali təhsil alıb. Altı il öncə şeir aləminə qədəm qoyubböyük coşğu ilə yazıb-yaratmağa başlayıb. "Məzarlar gecənin tərs üzüdür" adlı şeir toplusu 2018-ci il Təbrizdə nəşr edilibaz bir zamanda oxucular arasında geniş yayılıb.

1.

 

bir kəlmə minlərcə dərdin harayı...

bəzən bir kəlməyə düyün düşərsən,

dolaşar beynində bütün sözlər, dolaşarsan,

saatlar gecə xəlvətcə ömrünü yiyə-yiyə keçər...

Sən hələ uyumazsan,

bəlkə də yazdığını yüz dönə çevirərsən,

səni buraxmaz o anlar...

sonra ağlarsan

öz-özunə, bir körpə kimi...

Devrində qonşunun adını çəkərsən,

yazdığın kəlmənin dərisini soyarlar,

atılarsan.

Bilməzsən harda, dünyanın hansı

köşəsində çürüyürsən...

Yazın pozular soyuq əllərdə,

kəlmələrin süzülər göz yaşlarından...

Bilirsənmi?

Yazını bir kəlmə çevirər...

 

2.

 

Ah, bu şəhər, nələr görmədin sən!..

 

duvarların, çoxuna sinə gərdi

o qədər köhnəldi ki, başımıza yıxdılar...

Sənin dolanbadolan küçələrində

şəhər "Qaragilə" mahnısının güdazına getdi.

Döydüyümüz təpikləri uğurladılar,

hər kəs burda at oynatdı,

böyük bir yola döndün.

Ucsuz-bucaqsız bölündün,

bütün duvarlarına yazdığımız sözlər pozuldu.

Küçə güllələndi, küçə asıldı.

İndi gözlərimi sürüyərək xiyabanların qaranlığından

qorxa qorxa keçirəm küçə lotularının əlindən...

Hələ

polislər əllərində silah

"Qaragilə" mahnısını axtarırdılar,

dolanbadolan küçələrində

şəhərin...

 

3.

 

Küçəmizə gəlmə addımlarını uğurlayarlar,

 

Səni görcəyin qonşularımız pıçıldaşırlar,

Söz səndən gedir, sənin adından.

Sənə şeir deyəndə gizli saxlayıram yazılarımda,

lap adına qədər...

Yoxluğunda üstümə gəlir hamı,

bütün hər nəyi yoxlayırlar,

lap ceb telfonumacan.

Yazılarımda adını araşdırırlar,

qardaşım adına güllələndi,

mən adına kölgələnirəm.

Adın boğazımda düyün düşüb,

bir udum hava lazımdır.

Buralarda insanları hava öldürür.

Gələndə bir az nəfəs gətir,

Bir az ehtiyat!..

Hələ küçəmizdə sənə şübhəli davranırlar,

aşağı küçənin itləri ilə yuxarı küçənin itləri boğuşur.

Gələndə özünü qoru...

 

4.

 

Şairin öz xəlvətində,

 

Keçdikcə zaman darıxır.

Ulduzlar göyün altında,

Hər gecə, hər an darıxır.

Qələm göz yaşımı süzür,

Hər kəlməni şeirə düzür,

kağızlar dodaq büzür,

Şeirimdə aman darıxır.

Qapımız da qan qoxuyur,

Hörümçəklər tor toxuyur,

Ayəni tərsə oxuyur,

Məsciddə Quran darıxır.

Arzulara yoxdur çara,

Əynimizdən çıxmır qara,

Ölülər gediblər hara?

Məzarlar yaman darıxır.

Ümüd gələcəkdən deyir,

Xəyal Bəxtiyarı yeyir,

Bağlı qapım məni geyir,

Astanam yaman darıxır...

 

5.

 

Bu üzündən o üzünə,

 

Buz bağlamış qar yeri var.

Baltalanmış ağaclarda,

Asılmağa dar yeri var.

Bağçaları göy-göy solub,

Yarasına duzmu dolub?

Bəlkə bayquş bağban olub

Buralarda sar yeri var...

Kökünə bir daş atdılar,

Sonunda duza çatdılar,

Dilsiz-dilsiz ağlatdılar,

Ürəyində zar yeri var...

Göy donunu gey bir daha,

Ay-ulduzlu bax Allaha,

Bəxtiyarlıq ver sabaha

Bu torpaqda bar yeri var...

 

 

Bəxtiyar NİZAMİ

 

525-ci qəzet.- 2019.- 26 aprel.- S.14.