"Ədəbiyyatı şəxsi
müstəvidə qiymətləndirmək düzgün
deyil"
MEHMAN
RƏSULOV: "POSTMODERNİZM ADIYLA YAZILANLARDAN
BƏZİLƏRİ HEÇ BİR "İZM"Ə
SIĞMIR"
- Mehman bəy, bugünlərdə yeni kitabınız çap olundu. Təbrik edirik! Bu haqda
oxucularımıza məlumat
verəkmi?
- Təşəkkür edirəm.
Bəli,
bugünlərdə ilk kitabım
işıq üzü
gördü. "Payız adamı" adlanır. Kitabda şeirlərim toplanıb.
2013-cü ildə "Arzuların ardınca"
adlı, melodram janrında bədii filmə ssenari yazmışdım. O vaxtdan
nəsr sahəsində
də qələmimi sınayırdım. Ancaq iş elə gətirdi ki, şeirlərimi kitab halında toplamaq və oxuculara təqdim etmək qərarına gəldim. Hazırda bir roman üzərində
işləyirəm. Ötən
il "ARB" Televiziyasında yayımlanan
"Xalqın şairi"
müsabiqəsində finalçılardan
olmuşdum. Nigar Həsənzadənin rəhbəri olduğu
"Söz" ədəbi
layihəsində dəfələrlə
iştirak etmişəm.
"Nəsimi" festivalının qalibi olmuşam. Bu baxımdan fikirləşdim
ki, kitabın zamanı yetişib və beləcə ilk kitabım işıq üzü gördü.
- Sizcə, şeir yazmaq təsirə düşməkdir, yoxsa təsirdən çıxmaq?
- Şeir yazmaq həm təsirə düşməkdir, həm
də təsirdən çıxmaq. Təsirə düşüb şeir
yazırsan, yazdıqdan
sonra isə tədricən o təsirdən
çıxırsan. Bunu bəziləri
sözün məcazi
mənasında dünyaya
uşaq bəxş etmək kimi dəyərləndirirlər. Yəni öz "övlad"ını,
şeirini, yazısını
yazır və ondan bir növ
azad olmuş olur. Amma əslində, belə
deyil. Zaman-zaman o təsirə yenidən
düşürsən, yenidən
yazırsan və belə hər dəfə yenidən qayıdırsan. Düzdür, müasir ədəbiyyatımız
arzuolunan səviyyədə
deyil. Amma bu o demək
deyil ki, biz də yazmamalıyıq, kənardan müşahidəçi
qismində baxmalıyıq.
Əgər kitab çıxmadan
öncə sənin şeirlərini oxuyurdularsa,
müsbət fikirlər
deyirdilərsə, artıq
kitaba təbii olaraq, şərait və ehtiyac yaranır. Yazmaq təsirə düşməkdir.
Bitirdikdən sonra isə
sadəcə müvəqqəti
o təsirdən çıxırsan,
müvəqqəti.
- Dediniz ki, müasir ədəbiyyatımız arzuolunan səviyyədə deyil. Nədir sizdə narazılıq doğuran?
- Hazırda ədəbiyyatımızın özündə müəyyən cəbhələşmələr, qruplaşmalar var. Ədəbiyyatı şəxsi müstəvidə qiymətləndirmək düzgün deyil. Tutaq ki, dörd nəfər yığışıb bir nəfəri tanıtmağa, bəyəndirməyə, kobud şəkildə desək, ədəbiyyatımıza yamamağa çalışırlar. Belə halları əvvəllər müşahidə etmirdim. Ancaq getdikcə görürəm. Ən pisi isə odur ki, bu, günbəgün yayılmaqdadır. Şairə, yazıçıya vəkil lazım deyil. Onun vəkili yazdıqları, oxuculara təqdim etdikləridir.
Başqa bir məsələ müasir yazarların klassiklərə birmənalı olmayan münasibətidir. Kim zəmanət verə bilər ki, bu gün klassikləri tənqid edən cavanların əsərləri 10-15 il sonra yaşayacaq, oxunacaq, aktual olacaq? Bu gün müəyyən qədər sevilib, oxunan cavan yazıçılarımız var ki, klassikləri inkar etmək mövqeyi seçirlər. Bu, bizim ədəbi irsimizdir, bunu danmaq olmaz. Məncə, üç-dörd saytda, qəzetdə çap olunmaq, bir-iki kitab çap etdirməyimiz o demək deyil ki, biz artıq özümüz klassik olduq, üsyankar davrana bilərik. İstənilən halda ədəbi irsə hörmətlə yanaşmalıyıq, əks halda, gələcək nəsil də bizə qarşı amansız olacaq.
Bəyənməmək üçün isə məncə, ədəbi tənqid savadımız hələ kifayət qədər deyil. Çünki elə ədəbi tənqidin özü də axsayan sahələrimizdəndir.
Eləcə də postmodernizm adıyla yazılanlardan bəziləri heç bir "izm"ə sığmır. Belə mətnləri qəbul etməməliyik. Müasir yazarın işi öz dövrünü bədii tərzdə ifadə etməkdir. Bu, istənilən janrda ola bilər. Məsələ ədəbi mətnin gücündədir.
- "Mən payız adamıyam, Gözləri yağışlıyam" - deyirsiniz. Deyəsən, bədbinsiniz axı...
- Doğrudur, pessimistəm, bədbin ruhluyam. Bunu danmayacam. Şeirlərimi oxuyan çoxları bu qənaətə gəlib. Bəlkə mən həyatın real üzünü o cür görürəm? Görmədiyim bir şeyi yaza bilmərəm. Əgər daha çox bədbin ruhda yazıramsa, deməli, mənə həyatın daha çox həmin üzü görünür. Şeir hər kəsin gördüyü, amma hamının ifadə edə bilmədikləridir. Şairlər də onunla fərqlənir ki, onlar hər kəsin gördüyünü ifadə edə bilirlər. İnsanlar da bunu oxuyanda özününkü kimi qəbul edə bilir. Mövzu fərqi olmadan hər kəs özünü o şeirdə tapanda daha oxunaqlı olur. Pessimizm konkret nədən qaynaqlanır, bilmirəm, amma mənə elə gəlir ki, bu, məndə daha yaxşı alınır.
- Sizi idman ictimaiyyəti də yaxşı tanıyır. Futbolla şeiri birləşdirən nə vardı ki, uzun illər bir şair futbolun içərisində ola bildi?
- 2008-ci ildən idman jurnalistikasında idim. Daha sonra "Neftçi" futbol komandasında fəaliyyət göstərdim.
Jurnalistlik fəaliyyətim elə gətirdi ki, idmana bağlılığım
yarandı. Amma burada bir az da şəxsiyyətin
ikiləşməsi var. Mənim
şeirə olan həvəsim, bu yöndəki fəaliyyətim
idman sahəsindəki
işimə mane olmurdu.
Çünki, belə deyək
də, şair olduğun vaxtlar var. Mənə sual verəndə həmişə
deyirəm ki, gecəyarıdan sonra şair oluram. Şair olduğum vaxtlar başqadır. Jurnalistika mənim
işimdir. Bu gün
idmanda idimsə, sabah sosial
sahədə ola bilərəm və sair. Sahələr dəyişə bilər. Bu gün
jurnalistikanı ayırırlar,
ixtisaslaşma gedir.
Amma düşünürəm ki,
hansı sahədə
olurumsa, olum, yenə də şeir yazacaqdım, yenə də fərdi yaradıcılığa
marağım olacaqdı.
Ona görə də düşünürəm ki,
bunlar bir-birinə mane
olmur. O ki qaldı onları birləşdirənin nə
olmasına, futbolla şeiri heç nə birləşdirmir. Daha doğrusu, birləşdirən
məqamlar tapmaq olar, amma birbaşa
bağlılığı yoxdur, heç bağlılığı axtarmağa
zərurət də yoxdur. Heç zaman axtarmağa
çalışmamışam.
Şahanə MÜŞFİQ
525-ci
qəzet.- 2019.- 26 aprel.- S.14.