Nizami Gəncəvi yaradıcılığına ilk elmi münasibət

 

 

Böyük Azərbaycan şairi Nizami Gəncəvi (1141-1209) və onun yaradıcılığı haqqında məlumat verən ilk mənbələrdən-təzkirələrdən biri, təqribən 1217-ci ildə qələmə alınmış, Məhəmməd Oufinin "Lübabül əl-bab" əsəridir.

 

Məhəmməd Oufi bu əsərində şairin yaradıcılığını bir neçə cümlə şəklində, lakin yüksək qiymətləndirərək, əsərlərinin adını çəkib, onlardan bir neçə beyt nümunə verməklə kifayətlənir.

 

Nizami haqqında məlumat verən ikinci əsər yenə də həmin illərdə, yəni 1217-1218-ci illərdə qələmə alınmış Şəmsəddin Məhəmməd bin Qeys ər-Razinin "əl-Möcəm fi məayiri əşar əl-Əcəm" əsəridir. Dilimizə təqribən "Əcəm şeirinin qanunlar toplusu" kimi tərcümə olunan bu əsərdə, biz Nizami Gəncəvi yaradıcılığına ilk dəfə elmi yanaşmanın şahidi oluruq.

 

Ümumiyyətlə, bu əsər Şərq poetikası tarixində, yəni Şərq poetikasının əsas üç sahəsi olan, əruz, qafiyə və bədi elmləri haqqında, xüsusilə də fars şeirində əruz, qafiyə və bədinin özünəməxsus xüsusiyyətləri barədə olduqca möhtəşəm əsərdir. Başqa sözlə desək, fars əruz və qafiyə elmləri haqqında Şəms Qeys Razidən əvvəl yazılan əsərlər dövrümüzə qədər gəlib çatmadığı üçün, bu əsər, fars əruz və qafiyəşünaslıq tarixində ilk əsər, ilk mənbə hesab olunur. Bundan başqa, bu əsərin əsas əhəmiyyəti ondan ibarətdir ki, burada fars əruz və qafiyəsinin və eyni zamanda, bədii elminin xüsusiyyətləri elə bir dərinliklə, möhtəşəmliklə, elmiliklə izah olunur ki, ondan sonra yaranan əsərlərin heç birində biz bu cəhətləri görmədiyimiz kimi, ona qədər yazılan, lakin bizim əlimizə gəlib çatmayan əsərlərdə də bu möhtəşəmliyin olduğuna demək olar ki, inana bilmirik.

 

Bu mənada, həqiqətən də, Şəms Qeys Razinin "əl-Möcəm" əsəri olduqca möhtəşəm əsərdir. Bu əsərdə biz dörd yerdə Nizami Gəncəvinin adına rast gəlirik. Belə ki, Şəms Qeys Razi müxtəlif bəhrlərdən - daha doğrusu, üç bəhrdən - Vafir, Həzəc və Müşakil bəhrlərindən danışarkən Nizaminin adını çəkir: bir dəfə Vafir, bir dəfə Həzəc, iki dəfə isə Müşakil bəhrlərindən danışarkən. Məsələ burasındadır ki, bu bəhrlərin bəzi qəlibləri - vəznləri bir-birlərinə oxşadıqları üçün şairlər bəzən bu bəhrləri qarışdırmış, alimlər isə bəzən şeirin, əsərin hansı vəzndə yazıldığını təyin etməkdə çətinlik çəkmişlər. Bu mənada, olduqca görkəmli əruzşünas olan Şəms Qeys Razi öz əsərində bu məsələlərə aydınlıq gətirmiş, bu məqsədlə Nizami Gəncəvinin adını çəkərək, onun bilavasitə "Xosrov və Şirin" əsərini Həzəc bəhrinin məfA"İlün məfA"İlün fə"Ulün qəlibində qələmə aldığını söyləmiş və Nizaminin bir şair kimi bu bəhri digər heç bir bəhrlə, yəni yuxarıda adlarını çəkdiyimiz Vafir və xüsusilə də Müşakil bəhrilə qarışdırmadığını söyləmişdir.

 

Bu bəhrlərdən danışarkən sadəcə olaraq onu demək istəyirik ki, əsli qəlibi müfA"ələtün müfA"ələtün müfA"ələtün olan Vafir bəhrinin məsub-məqtuf beyti, yəni məfA"İlün məfA"İlün fə"Ulün qəlibi və əsli təfiləsi fA"i-lA-tün məfA"İlün məfA"İlün olan Müşakil bəhrinin müssəddəsi-məhzuf qəlibi, yəni fA"i-lA-tün məfA"İlün fə"Ulün qəlibi, əsli məfA"İlün məfA"İlün məfA"İlün olan Həzəc bəhrinin müsəddəsi-məhzuf qəlibinə - yəni məfA"İlün məfA"İlün fə"Ulün qəlibinə oxşayırlar. Şəms Qeys Razinin "əl-Möcəm" əsərində dediyinə görə bu vəznlər ahəng etibarilə bir-birinə yaxın olduğu üçün, şairlər çox zaman bu bəhrləri qarışdırır və yaxud da bir əsərdə bu bəhrlərdən yanaşı olaraq istifadə edirlər.

 

Bu mənada, Şəms Qeys Razinin dediyinə görə, Nizami Gəncəvi "Xosrov Şirin"ində və Fəxri Gürgani "Vis və Ramin" əsərlərində heç bir yerdə bu vəznləri qarışdırmamışlar. Yəni onların əsərləri başdan ayağa qədər Həzəc bəhrinin müsəddəsi-məhzuf-məfA"İlün məfA"İlün fə"Ulün qəlibində qələmə alınmışdır. Qeyd edək ki, ilk baxışda sadə görünən bu məsələ, əslində, bir o qədər də asan deyildir. Çünki hələ Şəms Qeys Razinin dediyinə görə, neçə-neçə şair əsərini bir vəznlə başlasa da, bəzən arada diqqətsizliyə yol verərək, qələmə aldığı vəznə yaxın olan yuxarıda göstərdiyimiz vəznlərə keçmiş və bir əsərdə bir neçə vəzndən istifadə etmişlər. Təbii ki, bu qüsurdur və hələ XIII əsrin birinci yarısında Şəms Qeys Razi kimi görkəmli alim bu qüsuru duymuş və onu qeyd etmişdir. Bu mənada, Nizami Gəncəvi istedadının təzahürüdür ki, o, bir neçə min beytdən ibarət olan "Xosrov və Şirin" kimi böyük həcmli əsərində heç bir yerdə vəznin-Həzəc bəhrinin məfA"İlün məfA"İlün fə"Ulün qəlibinin tələblərini pozmamış, bu vəzni başqa vəznlərlə, bu qəlibə oxşayan yuxarıda adlarını çəkdiyimiz Vafir, xüsusilə də Müşakil bəhrinin qəlibi ilə qarışdırmamışdır.

 

Qeyd edək ki, Şəms Qeys Razi "əl-Möcəm" əsərində Müşakil bəhrindən danışarkən şairlər tərəfindən bu qəlibin - Həzəc bəhrinin "Xosrov və Şirin" vəzninin, Müşakil bəhri ilə daha çox qarışdırıldığını söyləyir. Bu mənada, Şəms Qeys Razinin "əl-Möcəm" əsərində Nizami Gəncəvi və onun "Xosrov Şirin"i barədə dediyi sözlər elm aləmində Nizami yaradıcılığı haqqında olduqca yüksək fikirlər olmaqla bərabər, eyni zamanda, onun yaradıcılığına ilk elmi münasibətdir.

 

Qeyd edək ki, "əl-Möcəm" bütövlükdə Şərq ədəbiyyatını, eləcə də, xüsusilə Azərbaycan ədəbiyyatını öyrənmək baxımından da misilsiz mənbədir. Belə ki, hələ Nizamidən danışarkən demək olar ki, əsərində dörd yerdə Nizaminin adını çəkən müəllif, üç yerdə onu Nizami, bir yerdə isə Nizami Gəncəi kimi xatırlayır.

 

Bundan əlavə, biz əsərdə Xaqani, Fələki Şirvani, Qətran, Qivami Gəncəvi, Mücirəddin Beyləqani, Məhsəti Gəncəvi kimi şairlərimizin adlarına da rast gəlirik. Belə ki, "əl-Möcəm"də onların adları çəkilməklə yanaşı, əsərlərindən nümunələr də verilir. Bu mənada, "əl-Möcəm"ə təkcə elmi əsər kimi yox, eyni zamanda, istər digər Şərq klassikləri, istərsə də farsca yazıb-yaradan Azərbaycan şairlərinin yaradıcılıqları haqqında antologiya kimi də baxmaq olar.

 

Şəms Qeys Razinin yaradıcılığından danışarkən, qarşımıza qoyduğumuz məsələdən çox uzaqlaşmadan, sadəcə olaraq onu deyə bilərik ki, Şəms Qeys Razi dövrümüzə gəlib çatmayan, lakin orta əsrlərdə çox məşhur olan qanqlı, monqol və farscaları əhatə edən bir lüğət də qələmə almışdır. Bu lüğət dediyimiz kimi, orta əsrlərdə çox məşhur olmuş və bir çox müəlliflər ondan istifadə etmişlər. Qeyd edək ki, türkcə bəzi kəlmələr və türk dillərinin bəzi fonetik xüsusiyyətləri barəsində biz onun "əl-Möcəm" əsərində də müəyyən faktlara rast gəlirik. Bu mənada, Şəms Qeys Razinin yaradıcılığı ilə bağlı araşdırılası məsələlər hələ çoxdur...

"əl-Möcəm" əsərinə gəldikdə isə onu əlavə edə bilərik ki, bu əsər 1909-cu ildə ilk dəfə görkəmli şərqşünaslar Edvard Braun və Əbdülvəhhab Qəzvini tərəfindən çap olunduqdan sonra daima diqqət mərkəzində olmuş və onların stolüstü kitabına çevrilmişdir. Nəhayət, bu kitabı 1997-ci ildə görkəmli rus şərqşünası N.Çalisova rus dilinə çevirərək, Moskvada nəşr etdirmişdir. Qeyd edək ki, N.Çalisova üç hissədən - əruz, qafiyə və bədidən ibarət olan bu kitabın yalnız iki qismini, qafiyə və bədi hissələrini tərcümə edərək çap etdirmişdir. Əruz hissəsini isə çətin olduğuna görə, özünün də etiraf etdiyi kimi, tərcümə edə bilməmişdir. Bu mənada, Şəms Qeys Razinin dili və sintaksisi, həqiqətən də, olduqca çətindir.

 

Biz bu əsərlə 1982-ci ildən tanışıq. Biz "əl-Möcəm"lə ilk dəfə 1982-ci ildə ustadımız Əkrəm Cəfərin evində, kitabxanasında tanış olmuşuq. Bu illər ərzində bu kitabdan bir mənbə kimi dönə-dönə istifadə etmiş, ondan yararlanmışıq. Bu qaldırdığımız məsələlər də təqribən o dövrlərdən etibarən bizi düşündürmüşdür. Lakin tərcümənin qəliz olduğunu nəzərə alıb, bu məsələləri həmişə daha sonrakı günlərə saxlamışdıq. Nəhayət, bu günlərdə keçmiş tələbəm, bu gün Azərbaycanda tanınmış ərəbşünaslardan biri olan Bakı Dövlət Universiteti Şərqşünaslıq fakültəsinin müəllimi, filologiya üzrə fəlsəfə doktoru, dosent Heybət Heybətovla əl-ələ verib "əl-Möcəm" əsərinin "Müşakil bəhri" bəhsini tərcümə edərək oxucuların ixtiyarına vermək qərarına gəldik (Arabir AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun əməkdaşı Hacı Mustafa Əliyevin də əməyindən istifadə etdik). Daha doğrusu, mətni Heybət müəllim tərcümə etsə də, mən də onu əruz baxımından redaktə edib bir daha dəqiqləşdirdim. İndi isə xalqımızın böyük oğlu Nizami Gəncəvi ilə bağlı XIII əsrin təqribən əvvəllərində - 1217-1218-ci illərdə digər böyük bir alim və bizcə əslən türk soylu olan Şəms Qeys Razi tərəfindən qələmə alınmış fikirləri bəzi kiçik ixtisarlarla hörmətli oxuculara təqdim edirik.

 

Tərlan QULİYEV

Filologiya elmləri doktoru, professor

Heybət HEYBƏT

Filologiya üzrə fəlsəfə doktoru, dosent

Müşakil bəhri

Müşakil bəhri yenidən yaradılmış bəhrlərdəndir. Ona axırıncı bəhr də deyirlər. Bəzi söz sahibləri bu vəzndə ərəbcə bir neçə beyt söyləmişlər. Və Pəhləvidə bu bəhrdə yazılmış olan şeirlər fars şeirlərindəkindən daha çoxdur. Bu vəznin təfilələri əsli fA"i-lAtün məfA"İlün məfA"İlün-dən iki dəfə fA"ilAtü məfA"İlü məfA"İlü-dür.

 

Məkfuf məqsur beyt:

 

Ey neqare-siyəh çeşm, siyəh muy,

                              fA"i-lAtü məfA"İlü məfA"İl

Sərv qəddo, neku ruye, neku kuy.

                     fA"i-lAtü məfA"İlü məfA"İl

(Ey qara gözlü, siyah zülflü, sərv qəddi-qamətli, gözəl simalı və təbiətli yar.)

Dördtəfiləli məqsur:

Ruzeqar xəzanəst,

                  fA"i-lAt məfA"İl

Bade-sərd vəzanəst

                 fA"i-lAtü məfA"İl

(Ruzigar xəzandır - soyuq küləy əsəndir.)

Səkkiztəfiləli beyt də söyləmişlər ki, ağır olur.

Kare-can ze ğəme-eşqət, ey neqare-besaman,

         fA"i-lAtü məfA"İlü fA"i-lAtü məfA"İl

Həst çun səre-zolfəyne-delrobate-pərişan

                  fA"i-lAtü  məfA"İlü fA"i-l  

(Ey nigar, ürək ovlayan zülflərin pərişan olduğu üçün, can, eşqinin dərdindən amanda deyil - narahatdır.)

 

Altıtəfiləli məhfuz beyt:

 

Ey pesər mey biyaro baz barbat,

                 fA"i-lAtün məfA"İlün fə"Ulün

(Oğul, mey gətir, yenə çal...)

Morğe fərbəh biyaro baz barbat

                  fA"i-lAtün məfA"İlün fə"Ulün

(Yağlı toyuq gətir, yenə çal..)

Bəzi səhih Pəhləviyyat bu vəzndədir...

 

Qədim vəznlər və məşhur bəhrlər yolu ilə bu ağır vəzndə və yenidən yaranan bəhrdə nəzm söyləməyin ümumi mahiyyəti və əsas səbəbi budur ki, bütün İraq əhalisindən kifayət qədər alim, adi, tanınmış, yaxud tanınmamış adamlardan Pəhləvi beytlərini söyləyib, oxumaqdan xoşları gəldiyini və bu ləhnləri dinləməyə və qulaq asmağa həvəs göstərdiklərini gördüm. Hətta bəlkə lətif musiqi və şərəfli əsərlərdən ərəbcə yazılmış sözlər və dəricə qəzəllər, ürəyəyatan təranələr, həyəcanlandırıcı dastanlar onları heç belə hərəkətə, ürək və təblərini ehtizaza gətirməmişdi...

 

Pəhləviyyatın çoxu qəribə mənalar daşısa da, insanlar arasında o qədər də məşhur olmayan bu bəhr vasitəsilə və müğənnilərin əlavə etdikləri nəğmələrlə bəzənmişdir. Bu bəhrin iki təfiləsi həzəc bəhrindən qalıb. Onun təqti olunmuş müxtəlif tərkibli hissələri qüsurlu təfilələrə düşür. Elə buna görə də düzgün yoldan və düz istiqamətdən çıxır ki, əksər şairlər həzəc bəhri ilə müşakil bəhrini bir-birinə qarışdırır, bundan bir misra ilə ondan bir misrani bir-birilə bağlayırlar. Məsələn:

 

Xori kəm zəhrəh ni kəş sa bebusom

                 məfA"İlün məfA"İlü fə"Ulün

Niyom on dəstrəs kəş pa bebusom

                 fA"i-lAtün məfA"İlün fə"Ulün

Bevaji gu kovameş xa nəha pa

                məfA"İlün məfA"İlün fə"Ulün

Vəşe-Xovada beşom on xa bebusom.

                 fA"i-lAtün məfA"İlün fə"Ulün

(Bir Günəş ki, cürətim yoxdur, onun kölgəsini öpəm,

Əlim ona çatmır ki, ayağından öpüm.

De ki, oynayaraq hansı torpağa ayağını qoysa,

Allaha xatir gedib o torpağı öpərəm.)

 

Hər iki beytin əruzlu misraları həzəci-məhzuf vəznində, zərbli misraları isə müşakili-məhzuf vəznindədir.

 

İstərdim ki, sədrdə olan təfilənin əvvəlinə düşdüyü üçün pozulması hiss olunmayan və bu vaxtadək qəflətdə olduqları, yaxud fikir vermədikləri üçün öz dediklərinin tərkib müxtəlifliyini bilməyən fəzilət sahibi və şairlər tayfası məfA"İlün məfA"İlün fə"Ulün vəzninin həzəci-müsəddəsi-məhzuf, fA"i-lAtün məfA"İlün fə"Ulün vəzninin isə müşakili-məhzuf olduğunu bilsinlər. Heç bir halda bu iki bəhri bir-birinə qarışdırmaq və iki müxtəlif vəzndə şeir demək olmaz. İstəyirəm ki, bundan sonra müxtəlif tərkibli, müxtəlif rüknlü Pəhləviyyat deyilməsin, bu açıq-aşkar eybə öz şeirlərində yol verməsinlər. Lakin nadir hallarda olsa da, bəzi qəsidə və qitələrdə bu problem müşahidə olunur. Təəccüblüdür ki, fars şeirində heç kəsdə bu nöqsana təsadüf edilmir. "Xosrov və Şirin", "Vis və Ramin"i bu vəzndə nəzmə çəkən Nizami və Fəxri heç yerdə məfA"İlün əvəzinə fA"ilAtün işlətməmişlər.

 

Əgər kimsə söyləsə:

Xodavənda dəre tofiq beqoşay,

Bəndeqan ra rəhe təhqiq benomay

 

(Allahım, müvəffəqiyyət - uğur qapısını aç, Bəndələrə həqiqət yolunu göstər)

 

Təbi olan hər kəs bu şeirin ikinci misrasının birinci misra vəznində olmadığını və bu məsələnin güvəniləsi, izləniləsi, müstəqil bir şey deyil, yamsılama olduğunu bilir. Belə ki, bu qarışığın səhv və nöqsan olduğuna heç şəkk və şübhə yoxdur. Və bu tərkiblərin bir-birlərinə qarşı belə durmaları və bu şəkildə təqdim olunması əsas və göstərici ola bilməz. Lazımsız şeydən nümunə götürmək və nəzərdən düşmüş şeyin arxasınca getmək yaxşı deyil.

 

Həmədan və Zəncan əhli bu bəhrlərin hər ikisində çoxsaylı Pəhləviyyat dedikləri zaman, təfilələri bir-birinə çox bənzədiyi üçün onları səhvən bir-birinə qarışdırırlar. Belə ki, birinci misrada yanaşı vətədi aralı vətədlə əvəz edir, yaxud fA"i-lAtün-ün aralı vətədinə bir sakin əlavə edərək, onun yerində məf"UlAtün işlədirlər. Bu iyrənc xəta və biabırçı nöqsan bilicilər tərəfindən duyulsa da, onlar üçün üzürlü hesab edilir. Çünki onların dili Pəhləvidən dəri dilinə daha yaxındır və onlar, məfA"İlün məfA"İlün fə"Ulün vəznində bir neçə qitə və qəsidə demişlər. fA"i-lAtün məfA"İlün fə"Ulün vəznində beş beyt ardıcıl deməyən şəxsin bu nöqsana necə yol verdiyini anlaya bilmirəm. Onların şeirlərində ağır zihaflardan istifadə etməsindən başa düşmək olur ki, onlar əruzu bilirlər. Bəs bu tərkib müxtəlifliyini necə rəva bilmiş, ona nəyə əsasən yol vermişlər?

 

Mən bu işə başlayıb "Kitab əl-kafi fi-l-əruzeyni və əl-qəvafi" əsərini yazarkən gəlib bu fəslə çatdıqda, fars və İraqın bütün fəzilət sahibləri və sadə şairləri bu məsələdə mənə qarşı çıxdılar. Onların haqlı, mənim haqsız olduğumu israr etdilər. Onlar şeir və əruzla bağlı olan heç bir dəlillə bu vəznin səhv olduğunu öz təblərinə yaxın buraxmırdılar. Onun zihafı onlar üçün aydın olmurdu.

 

Bir gün bu dəstə və tayfaya mənsub olan görkəmli simalar bir araya toplaşaraq ciddi söhbətlər edir, müzakirələr aparır, saatlarla müxtəlif sahələrdən bəhs edirdik. Sufiyanə səmanın təsirinə düşən zaman, nəzm və nəsrdə öz dəsti-xətti ilə seçilən təb əhlindən olan dostlarımızdan biri (təfsirlərdə xoş avazla izah edilən "O, xəlq etdiklərinin mükafatını istədiyi qədər artırar") arzusunun yerinə yetdiyini-məclisin əğyardan xali, dostları ilə bəzəndiyini görüb, Nizaminin "Xosrov və Şirin"indən musiqi, xoş avaz və təmtəraqla bir neçə beyt oxudu. Və ona bir qədər fərqli avazla bir neçə yüngül başqa avaz vurdu. Mən onlara dedim ki, Pəhləviyyatdan bu vəzndə olan hər şeyi, bu şəkildə musiqi və bu avazla oxumaq olar. Hamı bir ağızdan dedi ki, bütün Pəhləvi şeirləri bu vəzndə və bütün "Uramenan" (Oxunuşu və səslənməsi ilə farslara məxsus və şeirləri Pəhləvi dilində olan növdür. - Tərlan Quliyev) bu şəkildədir. Mən onlardan məfA"İlün məfA"İlün fə"Ulün vəznində bir neçə Pəhləvi beytini istədim. Bu yolla onların təbi o avaza öyrəşənə qədər onlarla gah razılaşdım, gah razılaşmadım. Onların əli bu avaza öyrəşən zaman, birdən müxtəlif tərkibli digər beytlər söylədim. Özümü tərkibin müxtəlifliyindən xəbərsiz kimi apardım. Onlar üç misranın vəzni və ahəngi ilə razılaşarkən, dördüncü misranın əvvəlində fA"i-lAtün-ə çatdıqda əlləri yanlarına düşdü və səsləri avazdan kəsildi. Beləliklə, onlar bunun səs və vəzn fərqi deyil, bəhr və vəzn fərqi olduğunu qəbul edib, bəzi Pəhləvi şeirlərinin vəznində qüsur olduğunu etiraf etdilər.

 

525-ci qəzet.- 2019.- 26 aprel.- S.12-13.