Rəsul Rza və Maqsud Şeyxzadə
poeziyada qoşa zirvə kimi
YAXUD
MƏŞHUR POETİK BİOQRAFİYALAR
MÜQAYİSƏLİ TƏHLİL
MÜSTƏVİSİNDƏ
Türk
xalqlarının ədəbiyyatı tarixində oxşar
etno-poetik missiyanı yerinə yetirən böyük şəxsiyyətlər
az olmamışdır. Poeziyamızın inkişaf tarixinə,
yüksəliş mərhələlərinə nəzər
saldıqda bu cür paralel istedadların
ardıcıllığı bariz şəkildə
görünür. Söz mədəniyyətimiz tarixində
XX yüzil də bu cəhətdən istisna deyil.
Rəsul
Rza və Maqsud Şeyxzadə türk xalqları poeziyazında məhz
belə qoşa zirvələrdən biridir. Bu
iki sənətkarın yaradıcılıq yolundakı həmahənglik
və tipoloji oxşarlıqlar müasirlərin və tədqiqatçıların
nəzər-diqqətini cəlb edib. Onların
bir insan və sənətkar kimi talelərindəki bənzərliklər
də qəlbimizi riqqətə gətirir. Bildiyiniz kimi, Maqsud Şeyxzadə və Rəsul Rza
ötən yüzilin əvvəllərində şairlər
vətəni Şirvanda, belə demək mümkünsə,
Şirvanın qərbində dünyaya göz
açmışlar. Maqsud Şeyxzadə
Ağdaşda, Rəsul Rza isə Göyçayda doğulub.
Onların dünyaya gəlişi ilə sanki Azərbaycanın
poeziya xəritəsində ciddi dəyişiklik baş verir...
Maqsud
Şeyxzadə irsini dərindən araşdıran, xüsusən,
onun erkən lirikası toplanmış "Şeyxzadə dəftəri"ni
elm aləminə məlum edən xalq şairimiz, filologiya elmləri
doktoru, professor Xəlil Rza Ulutürk 20-ci illərdəki Azərbaycan
ədəbi mühiti ilə gənc şairin möhkəm
bağlılığına diqqəti cəlb edərək,
yeniyetmə Maqsudun iyirminci illərin əvvəllərində
- 1922-ci ildə çap etdirdiyi misraları: "Yeni dünya
istəriz, Ölkəmizin içində Ən şərəfli
ərləriz. Ey qərbin cəlladı, qaç
Önümüzdən! Gəliriz, Bandaları
dağıdıb, Yürəgini dəliriz", - misal gətirib,
onları iyirminci illər ədəbiyyatı və xüsusən,
poeziyası üçün səciyyəvi hesab edir.
Xəlil
Rza Ulutürk gənc şairin azərbaycanca əsərlərinin
mühüm bir qisminin toplandığı "Şeyxzadə
dəftəri"ndən daha maraqlı bir nümunəni təqdim
edərək aşağıdakıları
yazmışdır: "Dərdimizdən biri də..."
şeiri bu baxımdan nəzəri cəlb edir. Burada
söhbət inqilabdan əvvəl öz yurdundan didərgin
salınmış və evi yağma edilmiş uşaqlı
bir qadından gedir". Alim, gənc Şeyxzadənin həmin
şeirini: "Dəniz sahilində gördüm mən onu Qəfildən
başıma dünya dar oldu. Sanki Qara dəniz
şahə qalxaraq lal bir gurultuyla köksümə doldu.
Əl açmaq istədi. Əli
gəlmədi, Həyadan alışıb yanırdı
üzü. Mənə: "Bəy əfəndim!"
söyləyə bildi, Bir dastana döndü üç kəlmə
sözü. Məsumdu qoynunda uyuyan körpə,
Zəif, solğun cocuq susur, baxırdı. Onların
gözləri qupquru, yaşsız, Mənimsə gözümdən
qan-yaş axırdı..." sətirlərini misal gətirərək,
M.Ə.Sabirin məşhur misraları ilə müqayisə
edir:
Ey
ehtişami-milləti talan olan cocuq,
Ey dərbədər
gəzib, ürəyi qan olan cocuq!
Bu lirik nümunələr arasında ciddi uyğunluqlar
axtaran və tapan görkəmli şair - alim yalnız
müqayisəli paralellər aparmaqla kifayətlənmir. Eyni zamanda, Maqsud Şeyxzadə
poeziyasının mənbəyi və mənşəyi barəsində
düşündürücü mülahizələr irəli
sürür: "Sabir şeirindəki bu cocuq Maqsud şeirindəki
cocuğun eynidir, yaxud onun tale qardaşıdır. M.Ə.Sabir əruz vəznində, gənc Maqsud heca
vəznində qələm çalmasına baxmayaraq,
onları xalq taleyindən eyni nigaranlıq, eyni mütəfəkkirlik
və eyni dərd birləşdirir. Ümumiyyətlə,
M.Ə.Sabir həm bir sənətkar, həm də vətəndaş
və şəxsiyyət kimi gənc Maqsudun diqqət mərkəzindədir.
"Şeyxzadə dəftəri"ndəki ən
yaxşı şeirlərdən birinin "Böyük Ələkbər
Sabirə" adlandırılması təsadüfi
deyil..." (Xəlil Rza. Maqsud Şeyxzadə.
Bakı, 1978. səh.10.).
Rəsul Rzanın da Sabir şeiriyyətinə və
şəxsiyyətinə məhəbbəti xalqımıza
yaxşı məlumdur. Bir çox şeirlərində Mirzə
Cəlili və M.Ə.Sabiri o, böyük sevgiylə
xatırlamış, tərənnüm etmişdir.
Şair ulu ustadları "Nəsimiyə, Füzuliyə,
Sabirə açıq məktub" şeirində ürək
yanğısıyla yazırdı: "İran, Türkiyə,
Hindistan Yaxın, uzaq qonşular Ortada Azərbaycan Çəkilməz
dərdləri, göynəkləri, müsibətləri sənə
ağır gəlirdi. İnsan-qardaş deyəndə
gözünün qarşısında mübarizə yolunda
canlarından keçənlər, Yoxsul, fağır gəlirdi.
Sağ olun! Çox yaşayın, əziz böyük babalar!
Sözünüzdə nə qərəz, nə başqa xalqa
nifrət var, Canlı ürək var. Böyük amal, sərt
həqiqət var... Sağ olun, var olun! Əziz böyük
babalar! Sizə ustadım, sizə babam deməyə,
sizə atam deməyə haqqım var". Bu da təsadüfi
deyildir ki, xalq şairi Rəsul Rza öz
yaradıcılığına bilavasitə təsir edən
görkəmli sənətkarlardan biri və birincisi kimi ustad
Sabirin də adını həmişə
vurğulamışdır: "Mənim ilk əsərlərimə
ən dərin təsiri bizim milli ədəbiyyatımız və
ilk növbədə Sabir yaradıcılığı
göstərmişdir. Bu da çox təbiidir".
Rəsul Rza ustadı M.Ə.Sabirə şeirlər
ithaf etməklə kifayətlənməmiş, eyni zamanda, onun
üslubunda onlarla satirik şeirlər yazmışdır.
Maqsud Şeyxzadənin yeniyetməlik şövqü və
Vətən yanğısıyla yazılmış
"Böyük Ələkbər Sabirə" şeirində
də yüksək milli ideallara sədaqətdən söhbət
gedir. Gənc şairin Sabir yolu ilə gedəcəyinə,
Vətənə Sabir kimi xidmət edəcəyinə əhdi
qəlbinizə qürur bəxş edir. Sabir
eşqi, Sabir şöhrəti ötən yüzilin əvvəlində
öz zirvəsində idi. İyirminci illərin
əvvəllərində sənət aləminə gələnlər
onun yaradıcılığına pərəstiş edir, ən
müqəddəs ədəbi ünvanlardan biri kimi Sabir
şeiriyyətinə üz tuturdular. Xəlil Rza
Ulutürk yazdığı kimi, Azərbaycanda o dövrdə
M.Ə.Sabir, M.Hadi, M.Möcüz kimi klassiklərin adı ilə
bağlı olan bu vətəndaş poeziyası dünya ədəbiyyatının
yeni və yüksək mərhələsindən xəbər
verirdi; özünün bir sıra yaşıdları kimi gənc
Maqsudun böyük ustadı M.Ə.Sabirdən təsirlənməsi,
onun vətəndaş poeziyası ənənələrini
tamamilə yeni biçimdə, yeni ruhda davam etdirməyə təşəbbüs
göstərməsi təbii idi. "Böyük
Ələkbər Sabirə" şeiri gənc müəllifin
Sabirin şeir yoluna məhəbbətini əks etdirməklə
kifayətlənmir. Başdan-ayağa pak və
səmimi sevgi ilə yoğrulmuş bu şeir gənc qələm
sahibinin həm də ədəbi arzularının,
yaradıcılıq kredosunun ötkəm, ehtiraslı ifadəsidir.
Beləliklə, Sabir hər iki gənc şirvanlı
şairin - Rəsul Rza və Maqsud Şeyxzadənin ilkin ədəbi
təmas nöqtələri, başlanğıc poetik
uyğunluq hədəfləri kimi diqqəti cəlb edir. Maraqlıdır
ki, sonrakı həyat və yaradıcılıq mərhələlərində
də, xüsusən, 30-cu illərdə bu iki müəllifin
yaradıcılıq fəaliyyətində mənəvi həmahəngliklər
davam edir. Daha doğrusu, Maqsud Şeyxzadə
və Rəsul Rza məkanca, məsafəcə bir-birindən
uzaqlaşsalar da, onların mənəvi axtarışları,
yazı və yaradıcılıq ünvanları bir-birinə
yaxınlaşır. Bu cəhətdən
Rəsul Rzanın otuzuncu illərdə Bakı ədəbi
mühitində, Maqsud Şeyxzadənin isə Daşkənddəki
bədii fəaliyyətləri arasında oxşar, biri digərini
tamamlayan xüsusiyyətlər çoxdur. Hər iki şairin ədəbi şəxsiyyət
kimi qəti şəkildə formalaşması, yetkin bədii
manifestlərinin meydana çıxması, zamanın möhtəşəm
poetik simfoniyasında özünə-məxsus solo avazlar kimi səslənmələri
və qəbul edilmələri məhz bu dövrdə baş
verir.
Rəsul Rza və Maqsud Şeyxzadə təkcə Azərbaycan
şeirinin xəritəsində deyil, ümumtürk poeziyasının
məna və mahiyyətində köklü təzələşmənin
baniləri kimi şöhrətlənirlər. Onlar yeni
epoxanın yeni söz sənətini yaradanların
öncüllərinə çevrildilər. Amma bu
misilsiz estetik missiyanı Rəsul Rza Azərbaycanda, Maqsud
Şeyxzadə isə Özbəkistan ədəbi mühitində
həyata keçirdi...
Maqsud Şeyxzadə 1928-ci ildən etibarən Daşkəndə köçür, qardaş özbək paytaxtında yaşamağa və yaradıcılıq fəaliyyətinə başlayır. Bir müddət N.Nərimanov adına məktəbdə müəllim kimi çalışdıqdan sonra jurnalistika sahəsində uğurlu əmək fəaliyyətinə girişir. İyirmi yaşlı Maqsud tezliklə özbək həyatına və bədii mühitinə uyğunlaşır. Onun "Şərq həqiqəti", "Qızıl Özbəkistan", "Yaş leninçi" ("Gənc leninçi") qəzetləri redaksiyalarındakı zəhmət illəri həyatının gərgin və coşqun dövrü kimi tərcümeyi-halının ayrılmaz bir hissəsinə çevrilir. Xüsusən, "Gənc leninçi"də qızğın çalışan Maqsud Şeyxzadənin qələmi bu qəzetin səhifələrində bir jurnalist və publisist kimi püxtələşir. Məhz mətbuatda çalışdığı həmin illərdə Maqsud Şeyxzadə XX əsr özbək şeirinin gələcək lider və flaqmanları Qafur Qulam, Aybək, Həmid Alimcan, Osman Nasir, Qeyrəti, Uyğun, Mirtemir və başqaları ilə tanış olur, dostlaşır. Jurnalistika fəaliyyəti, eyni zamanda, Özbəkistan həyatı ilə yaxından təmasda olmağa imkan verir. Xalqın yeni həyat quruculuğu sahəsindəki coşqun əməyini gənc qələm sahibi öz gözləriylə və bilavasitə müşahidə edir.Yeni cəmiyyət, yeni insan münasibətləri formalaşdırmaq uğrunda gedən mübarizə dalğaları gənc Şeyxzadəni də öz ağuşuna alır. O da özünün əksəriyyət yaşıdları kimi, bütün varlığı, istedadı və qələmi ilə yeni həyat quruculuğu işinə sidqi-ürəkdən qoşulur. Məqalə, reportaj və başqa publisist yazıları ilə yanaşı, müəllifin özbək dilindəki ilk qələm təcrübələri olan şeirləri də bu dövrdən başlayaraq mətbuatda çap olunmağa başlayır. Ümumən, Maqsud Şeyxzadənin bədii əsərlərinin Özbəkistan mətbuatında işıq üzü görməsi 1929-cu ilə aiddir. Gənc şair özünə qarşı tələbkarlıq və səmimi təvəzökarlıq nümayiş etdirib, hələ bu qələm təcrübələrini həqiqi şeiriyyət nümunələri, əsl poeziya hesab etmirdi. Şair özünün şeiriyyət sahəsindəki ilk addımlarını "Yeni həyat quruculuğunun əskəri olan bir jurnalistin iş prosesində bəzən şairanə xitab və səmimi poetik hayqırıq ilə yeni-yeni qələbələrə çağırmaq ehtiyacından doğulan qələm məhsulları" adlandırmışdı.
Maqsud Şeyxzadənin ilk kitabları isə otuzuncu illərin lap əvvəllərindən işıq üzü görür: o, bir-birinin ardınca "On şeir" (1932), "Ündaşlarım" (1933), "Üçüncü kitab" (1934), "Cümhuriyyət" (1935) və başqa kitablarını nəşr etdirir. Bu kitabların aparıcı pafosunu təzə həyatın tərənnümü təşkil edirdi. Gənc şair yanmayan yaşadığı, çiyin-çiyinə qurub yaratdığı yaşıdlarının, yoldaşlarının, zamandaşlarının əhvali-ruhiyyəsini əks etdirirdi. Məhz buna görə də, o, kitablarından birini elə "Ündaşlarım" adlandırmışdı. Təzəcə yaradıcılığa başlayan şair onun hayqırığına, ününə, avazına, səsinə səs verən insanları öz qəlbinə ən yaxın adamlar hesab edirdi. Xüsusi vurğulamaq yerinə düşər ki, Maqsud Şeyxzadənin və Rəsul Rzanın ilk şeirlərindəki coşqun əhvali-ruhiyyənin ictimai-siyasi məzmunu da, bədii şəkli də həmahəng idi. Aşağıdakı sətirlər, həqiqətən də, yalnız Maqsud Şeyxzadə və Rəsul Rza nəslinin deyil, sonrakı neçə-neçə nəsillərin də ürək çırpıntılarının, könül səslərinin lirik ifadəsi idi: "Bir səs deyir: Rza, durma! Rza, yaz! Yaza, yaz! Qarşı gündən gülümsəyən yaraşıqlı yaza, yaz! Qırçın tarla, faraş qoza, bol pambıqlı yaza, yaz! Bu səs mənə əmr edir. Bu səs səsi səsim olan bir varlığın əmridir!" (1931).
"Ündaşlarım"la bu sətirlərin yazılış tarixi də eyni idi. Bir neçə il keçəndən sonra gənc şairin bu məşhur poetik xitabını ədəbi tənqid yüksək qiymətləndirmişdi. Akademik Məmməd Arif yazırdı ki, bu əsəri ilə şair poeziyaya özünəməxsus ifadə formasında yeni bir ruh gətirdi. Özünün təzəliyi, kəskinliyi və dolğun ideyası ilə fərqlənən bu şeir yalnız şəxsi, sevgi tematikasından kənara çıxmayan lirika deyil, tamamilə yeni məzmuna malik bir lirika idi. Böyük münəqqid başqa bir mülahizəsində Rəsul Rza poeziyasının mahiyyətini daha dəqiq səciyyələndirmişdir: "Şair öz əsrinin, dövrünün oğlu olmalıdır. Bütün dünyada ilk dəfə yeni cəmiyyəti tərənnüm edən şairin sözlərində və təfəkkür tərzində də bu ilkinlik hiss edilməlidir".
(Ardı var)
Yaşar
QASIMBƏYLİ
Filologiya
elmləri doktoru, AMEA-nın baş elmi işçisi
yashargasimov@mail.ru
525-ci qəzet.- 2019.-
26 aprel.- S.11.