Bakının ecazkar tablosu: "İşıqlı şəhər"
Bakı
haqda yeni sənədli film çəkildiyini
eşidəndə bunun
adi, yaddaşa yazılmayan ekran işlərindən biri olacağını düşündüm:
bəlli yerlər, bəlli mövzular, bəlli sözlərlə...
Teatr Xadimləri
İttifaqının Aktyorlar
Evinin zalı dolu idi. Əksəriyyət də mədəniyyət
və incəsənət
adamları, Milli Məclisin üzvləri, yazıçılar. Özümüzə yer tapıb tədbirin başlamağını
gözlədik. Səhnəyə tanınmış dramaturq
və rejissor, Xalq artisti Ramiz
Fətəliyev çıxdı
əvvəlcə. Teatr Xadimləri
İttifaqının ssenari
kurslarından müəllimim
olan rejissorun peşəkarlığına və
zövqünə bələd
olduğumdan hələ
izləmədiyimiz film haqqında
deyəcəkləri məni
çox maraqlandırdı
və diqqət kəsildim. Filmin Azərbaycan və rus dilli, eləcə
də mətnsiz versiyaları ilə tanış olduğunu və çox bəyəndiyini deyən R.Fətəliyev elə ürəklə və həvəslə danışırdı ki,
marağım getdikcə
artırdı. Çıxışının
sonunda hər kəsin filmdən zövq alacağına əmin olduğunu dedi. Müəllimimin sözlərinə görə, "İşıqlı şəhər"
Bakı haqqında çəkilmiş ən
yaxşı filmlərdəndir.
Ramiz müəllim
səhnəyə filmin
ssenari müəllifi və rejissoru Lalə Axundovanı dəvət etdi. Lalə
xanımın çıxışında
Bakıya, Bakı insanına o qədər böyük sevgi hiss etdim ki, belə
bir sevgi ilə çəkilmiş
filmin uğurlu alınmasına heç bir şübhə yeri qalmırdı.
O, çıxışında çəkiliş
heyətini də təqdim etməyi unutmadı. Dedi ki, Mədəniyyət Nazirliyinin "Salnamə"
kinostudiyasında çəkilən
film rus, Azərbaycan
dillərində yayımlanacaq.
Filmin prodüserləri
Böyükağa Məmmədov,
Azad Axundov, operatoru
Yuri Varnovski, redaktoru Dilarə Vəkilova, Nadir Bədəlov, səs operatoru Rəşad Mustafayev, Əliabbas Qasımov, bəstəkarı
Salman Qəmbərovdur.
Lalə
Axundova çıxışında
onu da vurğuladı
ki, həmişə doğma şəhərə
sevgisini etiraf etmək istəyib: "Bu
film bir növ mənim sevgi etirafımdır. Təkcə mənim
yox, filmdə iştirak edən bütün çəkiliş
qrupunun etirafıdır.
Çəkiliş şərtlərimiz elə də asan olmasa da,
bunu bacardıq. Mənə elə gəlir ki, bu etiraf
bizim gözəl Bakımıza layiqdir".
Nəhayət, işıqlar söndü
və budur, qarşımızda doğma
Bakımız...
Film Bakının bir günü haqqındadır. Səhər erkən, günəşdən də qabaq oyanan şəhərimizdə öncə əzan səsi ucalır. Şəhərin müsəlman sakinləri məsciddə, xristianlar kilsədə, yəhudilər isə sinaqoqda ibadətlə məşğuldurlar. Filmin məhz bu cür hər üç dinin təsviri səhnəsilə başlaması Bakının, eləcə də Azərbaycanın multikultural dəyərlərlə yaşayan və hər bir vətəndaşın mənəvi azadlığına şərait yaradan ölkə olduğunu bir daha təsdiqləyir.
Düzünü desəm, gözlədiyim, Bakının tarixi, gözəl, gəzməli yerləri haqqında çəkilişlərin aparılması idi. Amma qarşımda tamam başqa mənzərələr açıldı. Rejissorun məqsədi Bakının qədimiliyini, gözəlliyini təkrar-təkrar tərənnüm etmək deyil, bir şəhərin "boyaqsız" üzünü göstərməkdir.
Məsələn, çəkiliş qrupu ilə birgə Qarabağ müharibəsinin canlı qurbanlarının - məcburi köçkünlərin sığındıqları yataqxanaya gedirik. Bu və bunun kimi yataqxanalar qəmli mənzərəsi, hüznlü görünüşü və qüssəli sakinlərilə o qədər tanışdır ki... Bakının bəlkə çox da göstərilməyən üzüdür o yataqxanalar, otuz ildir, ağrı-acılarını boğazlarına düyünləyib gözlərini Vətən yollarına dikərək səbrlə gözləyən o insanlar. Ancaq Ramiz Axundov kimi rejissorun, Elmira Axundova kimi Xalq yazıçısı, millət vəkilinin ailəsində doğulub böyümüş Lalə Axundova bu həqiqətləri filmində əks etdirə bilərdi.
O, Bakının qanlı tarixini bu filmdə də unutmur, unutdurmur! Növbəti kadrda biz 20 Yanvar şəhidlərinin uyuduqları Xiyabandayıq. Rejissor həmin gecəni ürək ağrısı, sonsuz kədərlə yada salır. Anasının tökdüyü göz yaşları, atasının əsəb və sonsuz iztirabla çatılan qaşları hələ də gözlərinin qarşısındadır.
"İşıqlı şəhər"in qəhrəmanları adi Bakı sakinləridir. Onlar öz həyatlarını yaşayır, gündəlik işləriylə məşğul olurlar. Fəhlələr, saatsazlar, sadə ayaqqabı ustaları, gözdənuzaq məhəllələrdə nərd atan, domino oynayan dayılar, xalça toxuyan, yun çırpan, yemək bişirən, çörək yapan xalalar, futbol oynayan oğlanlar, gəlincik gəzdirən balaca qızlar və sair...
Müəllif Bakının mənzərlərinə də xəyanət etmir. Gözəl, bəzəkli, təmiz bulvar, əzəmətli binalar, müasir parklar, yaraşıqlı fəvvarələr, işıqlı küçələr, dəbli butiklər, restoranlarla yanaşı, köhnəliyi "üzündən bilinən" tikililər, yağış gölməçələri yığılmış kiçik məhəllər, balaca dükanlar, bazarlar, çayxanalar da "gizlədilmir", əksinə, paytaxtın əsl, təbii siması kimi təqdim olunur. İnsan baxdıqca, "mənim yaşadığım, sevdiyim Bakı budur, kosmetikadan, bəzəkdən, sünilikdən uzaq, qədimiliyini, təbiiliyini özündə saxlayan işıqlı şəhərim..." - deyir.
Müəllif Bakını bir gün ərzində gəzir, görür, müqayisə edir və bunlarla kifayətlənmədən, onları çəkib tamaşaçıya da göstərir. O, fərqli məkanları, fərqli insanları çəkməklə Bakının həyat tərzini kompleks şəkildə əks etdirir. Yeni Bakı ilə köhnə Bakını həm özü müqayisə edir, həm də tamaşaçısına müqayisə etməsi üçün şərait yaradır.
Beləcə, gecə düşür və Bakının gecələrini gündüzdən fərqləndirməyən işıqlar yanır. Günəş çoxdan yatmağa gedib, şəhər isə hələ oyaqdır, görünür, günəşi oyatmaq üçün də heç zaman yatmır...
Biz isə qəlbimizdə doğma Bakımıza qarşı sevgini bir daha yeniləyən "İşıqlı şəhər" kimi filmi araya-ərsəyə gətirdiklərinə görə, başda Lalə Axundova olmaqla, bütün yaradıcı heyətə olan sonsuz minnətdarlığımızla məkanı tərk edirik.
Şahanə MÜŞFİQ
525-ci qəzet.- 2019.- 26 aprel.- S.8.