Kür qədər doğma
yazıçı
Birmənalı olaraq onu XX əsr Azərbaycan nəsrinin görkəmli nümayəndələrindən biri kimi qəbul edirlər.
O da ədəbiyyat
tarixində və ədəbiyyatşünaslığımızda
çoxlarının bəlkə də diqqət yetirmədiyi
və yaxud diqqət yetirməyi lazım bilmədiyi birmənalı
həqiqətdir ki, ədəbiyyat bütün zamanlarda əhatə
etdiyi mövzuya, həmin mövzunun hansı ideoloji fonda təqdimatına görə deyil,
yaratdığı insan xarakterlərinə görə hadisə
olaraq qalır. Ədəbiyyatın ilkin vəzifələrindən
biri, bəlkə də birincisi budur.
Elə həmin
konteksdən çıxış edərək Mirzə
İbrahimovun "Böyük dayaq", İsmayıl
Şıxlının "Dəli Kür", Fərman Kərimzadənin
"Qarlı aşırım"
romanlarındakı qəhrəmanların - adi kolxozda sədr
olan Rüstəm kişinin, əyalət mülkədarı
Cahandar ağanın və antoqonist ziddiyyətlərin
çarpışmanın episentrində dayanmış Kərbalayı
İsmayıl obrazlarının çoxdan klassikləşdiyini
asanlıqla demək mümkündür. O da
mümkündür ki, müxtəlif zamanlarda, elə indinin
özündə də ədəbiyyatda dominantlıq etmiş
hansısa cərəyanların və həmin cərəyanların
formal olaraq generatoru olmuş ideologiyaların əsl sənət
nümunələri yaranması işinə mane olmaları barədə
fikirləri rədd edək.
Bu il
anadan olmasının 100 illiyi Azərbaycan Respublikasının
Prezidenti İlham Əliyevin Sərəncamı ilə ölkə
miqyasında geniş qeyd olunan İsmayıl
Şıxlının yaradıcılığı həm də
o cəhətdən maraqlıdır ki, digər roman, povest və
hekayələrinə baxmayaraq, o, istər ədəbi tənqidin,
istərsə də oxucularının mühakiməsində
"Dəli Kür" romanı ilə
araşdırılır. Onu isə vurğulamaq
hökmən yerinə düşər ki, oxşar ədəbi
taleni dünya ədəbiyyatında onlarla yazıçı
bölüşüb. Bu cərgədə digər əsərlər
yazsa da, daha çox "Ağıldan bəla"sı ilə
yadda qalan Aleksandr Qriboyedovu, "Bülbülü
öldürmək"lə bütün zamanlarda oxunacaq Harper
Lini, bircə əsəri ilə dünya ədəbi tənqidini
heyrətləndirən, çapdan çıxan andaca
bestsellerə çevrilərək müəllifinə ancaq
bir il ərzində milyonlarla dollar qazandıran Marqaret
Mitçellin "Küləklə sovrulanlar"ını,
"Lolita" ilə başgicəlləndirəcək
şöhrət qazanan Vladimir Nabokovu, Ruvim Frayermanın "Vəhşi
it Dinqo" və bir çox başqalarını sadalamaq
olar.
İsmayıl Şıxlının ədəbi taleyindəki
kolorit zənginliyini isə onun böyüdüyü,
formalaşdığı mühitdə, ədəbiyyatımıza
və ictimai fikir tariximizə böyük şəxsiyyətlər
vermiş Qazaxda, Qarayazı meşələri ilə Kür
qırağının sahillərində axtarmağa dəyər.
Müxtəlif biblioqraflarının arabir səsləndirdiyi
doğum tarixinə deyil, rəsmi bioqrafiyasına istinad etsək,
İsmayıl Şıxlı 1919-cu il mart ayının 22-də
Qazax mahalının İkinci Şixlı kəndində anadan
olub, həmin kənddə də ibtidai təhsil aldıqdan
sonra Qazax Pedaqoji Məktəbində təhsil alıb. Pedaqoji
Məktəbi bitirdikdən sonra cəmi bir il
müəllimlik etmiş İsmayıl Şıxlı ali təhsil
almaq istəyir və həmin məqsədlə də
Bakıya gələrək bugünkü Azərbaycan Dövlət
Pedaqoji Universitetinin filologiya fakültəsinə qəbul
olunur. Bunu hökmən
vurğulamaq yerinə düşər ki, tələbəlik
illəri dünyada dövlət terrorunun nümumələrindən
biri kimi tarixdə qalmış Stalin repressiyalarının
qorxunc məqamına düşsə də, Azərbaycan
Dövlət Pedaqoji Universiteti, xüsusilə, filologiya
fakültəsi öz mühitinə görə fərqlənirdi.
Ciddi-cəhdlə auditoriyalarda, universitetin
künc-bucağında "xalq düşməni",
azından, "sosialist ideyalarına xor baxanlar"
axtarıldığı kimi, yaradıcı gənclər
sırasından istedadlı tələbələrin
seçilib cilalanması prosesi gedirdi. İsmayıl
Şıxlı həmin vaxtlar gənc tənqidçi Məmməd
Cəfər Cəfərovun yaratdığı ədəbiyyat
dərnəyindəydi və hesab edirik ki, onun
yazıçı kimi yetişməyində həmin dərnəyin
müstəsna xidmətləri oldu. Yeri gəlmişkən,
İsmayıl Şıxlının tələbə
yoldaşları olan, gələcəkdə Azərbaycan
poeziyasında fərqlənəcək şairlər - Ənvər
Əlibəyli, Böyükağa Qasımzadə,Tələt
Əyyubov və başqalarının da böyük ədəbiyyata
qovuşacaq yolları "Məmməd Cəfər Cəfərovun
dərnəyindən" keçəcəkdi.
Həmin
vaxtlar yaşadığı gərginliyi İsmayıl
Şixlı sonralar xatirələrində belə təqdim
edirdi: "Bizə ədəbiyyatımızın və dil
tariximizin mahir biliciləri mühazirə oxumadılar,
onları görmədik. Çünki
onların çoxu "xalq düşməni"
çıxmışdı. Bu gün mühazirə
oxuyan müəllimin əvəzinə sabah
başqası gəlirdi. Hiss edirdik ki, bir gün əvvəl dərs
deyəni gecə aparıblar. Əvəzinə isə ali məktəbdə dərs verməyə
hazır olmayan bir cavanı göndərirdilər. Əli Sultanlı qorxa-qorxa dərsə gəlirdi.
Dəmirçizadə xeyli görünmədi,
dedilər, müəlliminə - professor Çobanzadəyə
çörək apardığı üçün tutublar.
İdris Həsənovun sifətini bircə dəfə
gördük. Qorxurduq ki, o biri müəllimlərimizi də
əlimizdən alalar..."
İsmayıl
Şıxlı belə məqamda ali təhsilini başa vurub
kəndə qayıdanda isə artıq iki il idi ki,
başlamış II Dünya Müharibəsi Almaniyanın SSRİ-yə
hücumu ilə yeni fazaya, ölüm-dirim savaşına daxil
oldu. Kənd müəllimi kimi ancaq bir illik
"bron"dan sonra, o, 1942-ci ildə müharibəyə
çağırıldı. Qarşıda məhrumiyyətli
və üzücü, nəfəsindən ölüm
soyuqluğunun üşəndirdiyi uzun müharibə
yolları onu bu yollardan keçirəcək: Şimali
Qafqaz-Kerç-Pribaltika-Şərqi Prussiya. Ali təhsil
aldığı Azərbaycan Dövlət Pedaqoji Universitetində,
Məmməd Cəfər Cəfərovun ədəbiyyat dərnəyində
o, ədəbiyyatın bir nömrəli subyekti sayılan insan
obrazının yaradılmasının texnikasını
öyrənirdisə, müharibənin əzablı
yollarında, soyuq səngərdə və qan gölməçəsinə
dönmüş döyüş meydanlarında həmin
insanın özünü gördü. Buna görə idi ki,
II Dünya Müharibəsinin bitməsindən 3 ay sonra kəndə
qayıdıb qısa müddətdə müəllimlik edən
İsmayıl Şıxlı aspiranturada oxumaq
üçün getdiyi Bakıda həmin insanların silsilə
portretini yaratmaq üçün münasib fürsət də
tapmış oldu. Onun "Cəbhə yolları",
"Konserv qutuları","Həkimin
nağılı", "Səhəri gözləyirdik",
"Kerç sularında", "Haralısan, ay
oğlan" və digər hekayələrində də məhz
o fürsət zamanı müşahidə etdikləri insanlar
təqdim olunurdu.
Bu hekayələrdə oxuculara təqdim olunan insanlar daha
çox xarakter göstəriciləri ilə diqqəti çəkirdilər
ki, gələcəkdə İsmayıl
Şıxlının nəsrinin qiyməti daha çox həmin
göstəricilərinə görə seçiləcəkdir.
Hər bir zamanın yaradıcılıq mühiti
dövrün ictimai-siyasi hadisələri ilə birbaşa
bağlıdır və totalitar sistemlər üçün
bu, xüsusilə xarakterikdir. Ona görədir ki, otuz ilə
yaxın bir müddətdə ancaq siyasi ab-havanı deyil,
bütün sosial həyatı öz çərçivələri
daxilində
formalaşdıran "qəlib"in çat verməsi
anında hiss edildi. Həmin "qəlib"
üçün hətta milyonlarla insan ömrünü qurban
vermiş stalinizmin memarı İosif Stalinin ölümündən
sonra "çiynindən yük götürülmüş"
cəmiyyətdəki kinetik enerji işə düşdü.
Belə bir zamanda İsmayıl Şıxlının
"Azərbaycan" jurnalında çap etdirdiyi
"Ayrılan yollar" romanı istər mövzu
baxımından, istərsə də ideya nöqteyi-nəzərindən
diqqətçəkən oldu. Əlbəttə,
Böyük Vətən Müharibəsindən sonra cəmiyyətin
quruculuq potensialını ifadə edən bu romanın
mövzuzu onun yaxından bələd olduğu kənddə
baş verən hadisədir. Hadisələrin
kökündə duran prinsip "hər bir inkişaf əksiliklərin
mübarizəsi"dir. Ziddiyyətlərin isə
kökündə dayanan ideoloji baxışlar deyil, həmin
baxışların meydana gətirdiyi metodologiyadır və
oxucunun gözləri önündə canlanan mənzərədə
əsərin iki qismə ayrılan qəhrəmanların
qan-qadasız mübarizəsi əks olunur. Bunlar zamanın inkişaf yolundakı istiqamətlərin
müəyyənləşməsidir. Bir tərəfdə
İmran, Zeynəb, Nəsib kimi yenilik tətbiq etmək istəyənlər,
digər yanda isə Kosaoğlu, Kazım, Musa, Şahnaz və
digərləri dayanır ki, bu insanlar ən yaxşı
yeniliyin unudulmuş köhnəlik olduğu qənaətindədirlər.
Ümumiyyətlə isə onu demək olar ki, "Ayrılan
yollar"
romanı İsmayıl Şıxlının
yaradıcılığında hadisə kimi qeydə
alınsa da, Azərbaycan ədəbiyyatında hadisəyə
çevrilə bilmədi. Əvəzində,
1962-ci ildə "Azərbaycan" jurnalının
üç nömrəsində dalbadal olaraq çap edilən
"Dəli Kür" romanı ədəbiyyatdakı
sükutu pozdu, nəinki tənqidi, bütün oxucuları hərəkətə
gətirdi. Söhbət ondan gedirdi ki,
yazıçı böyük həmyerlisi və artıq əfsanəyə
dönmüş Səməd Vurğunun poeziyada
yaratdığı Gəray bəy obrazı ilə hansı məqamdasa
birləşən Cahandar ağa surətini yaradır. Hər
iki qəhrəman millidir və hər ikisi milli keyfiyyətlərin
daşıyıcısıdır, lakin sinfi mübarizə
meydanına çəkilmiş Gəray bəyin obrazı tam
açılmır:
Kürün
qumsal sahilində qaşlarını çataraq,
Qamçısını
döyür suya hiddətindən Gəray bəy...
Üç
aydır ki, ormanların arasında yataraq,
Əl üzmüşdür vətənindən, millətindən
Gəray bəy.
Qamçısını
döyür suya hiddətindən Gəray bəy!
Əlbəttə, konkret zaman və məkan müstəvisində
görə bildiyimiz Gəray bəydən fərqli olaraq
Cahandar ağanı tam, bütöv görmək
mümkündür. Yeri gəlmişkən, obrazın bu qədər
canlı alınması İsmayıl Şıxlı
üslubunun mükəmməlliyi, bədii dilinin
obrazlılığı ilə bağlıdır. Həmin
üslub mükəmməlliyi və dil
obrazlılığıdır ki, Cahandar ağanın
bütün cizgilərini göstərə bilir: "Cahandar
ağa dumanlanmış gözlərini axar suya zillədi. Kür əvvəlcə sakit göründü.
Elə bil sular mürgüləyirdi, hələ
səhər yuxusundan ayılmamışdı. Ancaq bu sükut uzun sürmədi. Kür sanki birdən diksinib çalxalandı. Cahandar ağaya elə gəldi ki, ləpələr
baş-başa qalxıb toqquşdu. Çayın
sinəsi qabarıb qalxdı, qollar ağız-ağıza
qovuşdu, adalar yox oldu. Su daşıb hər
yeri, o taydakı meşəni, sahildəki cələni,
yaxındakı kənd evlərini ağzına aldı,
yarğanları vurub dağıtdı, hər yer suya qərq
oldu. Kişi yəhərin üstündə
dikəlmək istədi. Bacarmadı.
Ağırlaşdı. Müvazinətini
itirdi. Atın boynuna yıxıldı.
Elə bil at da hər şeyi anladı. Başa düşdü ki, ayaq saxlamaq, Kürün
bu üzündə qalmaq və arxadan gələnlərin əlinə
keçmək olmaz. Var gücünü
topladı. Qarşısına yarğan
çıxdı, dayanmadı. Atıldı.
Onunla bərabər yarğan da uçdu. Kür çalxalandı. Ləpələr
döş-döşə gəldi. Suyun
üzünə duman çökdü. Kür qəzəblə
uğuldayıb özünü yarğanlara
çırpdı..."
"Dəli Kür" romanının çap edilən I hissəsi, sözün həqiqi mənasında, ədəbi tənqiddə şok effekti yaratdı. Həmin effektin təsiri idi ki, Azərbaycan ədəbiyyatının olduğu kimi, Azərbaycan ədəbi tənqidinin də ən görkəmli nümayəndələrindən biri Mehdi Hüseyni belə heyrətləndirmişdi. O, heyrətini 1962-ci ilin noyabrında İsmayıl Şıxlıya yazdığı məktubunda bu cür ifadə edirdi: "Əzizim İsmayıl! "Dəli Kür" əsərini dünən gecə oxuyub qurtardım. Düzünü deyim ki, mən səndən yaxşı əsər gözləyirdim, amma bu cür qüvvətli və təsirli bir əsər yazmağını gözləmirdim. Əhsən, bərəkallah! Son on ildə bizim ədəbiyyatımızdan oxuduğum heç bir əsər məni bu cür sarsıtmamışdı".
Mehdi Hüseynin özünü belə sarsıdan roman 1966-cı ildə tamamlandı. Əsərin bədii uğuru ancaq obrazlar toplusunun mükəmməliyi ilə bağlı deyildi, bu, problem - situsiyanın gərginliyi ilə də ölçülə bilməzdi. Müəllif, sadəcə olaraq, oxucusunun genetikasına hopmuş, az qala unudulmuş, ilğım kimi görünən keçmişini hansısa ideologiyanın fokuslandırmasından kənarda təqdim edə bilmişdi.
Bəli, "Dəli Kür" bizim keçib gəldiyimiz yolların bir parçası idi. O, elə bir yoldur ki, dəyişən zamanla bərabər, dəyərlərin tərəddüdlər içərisində qalmasını gözləyə bilməz. İsmayıl Şıxlı romanında bu yolun səmtini araşdırır, adi bir məişət hadisəsi ilə başladığı romanını həmin yolun ziddiyyətləri ilə daxili çarpışmanın ölüm-qalım mübarizəsinə çevirdiyi ictimai hadisələrin epik lövhəsini təqdim edir. Bütün bunları müəllif hər biri biləvasitə Cahandar ağaya bağlı obrazlar yaratmaqla bacarır. Zərnigar xanım və Mələk, Şamxal və Çərkəzdən başlamış epizodik Gəmiçi Qocaya və Tapdığa qədər, Allahyar qarışıq bu obrazların yaratdığı səhnə o yolun bir hissəsidir. Digər tərəfdə, yolayrıcında, elm çırağının işıqlandıracağı qaranlıqların içindəki cəhalətin ortaya qoyduğu gerçəkliklərin görünməsindən vahimələnən Molla Sadıq dayanır. Molla əmindir ki, "Zayej"i yaşıllaşdıran Rus Əhmədin və Aleksey Osipoviçin oxutdurmaq üçün dilə tutduqları əşrəflər onun və onun kimilərinin kabusudur.
İsmayıl Şıxlı bütün şüurlu həyatı boyu "cəhalət zülmət, elm işıqdır" - inancına sadiq olmuş ziyalılardandır.
Onun birmənalı qənaətini mühazirələrində oturmuş tələbə kimi şəxsən müşahidə etmişəm. İndiki Azərbaycan Dövlət Pedaqoji Universitetində müəllim kimi işə başladığı, xarici ölkələr kafedrasının müdiri kimi hər məqamda tələbələrini o işığa qovuşdurmaq üçün can atırdı. Tələbələrinin hər biri kimi mən də xatırlayıram ki, İsmayıl Şıxlı həmin işığın mənbələrindən biri kimi xarici ölkələr ədəbiyyatına nə qədər önəm verirdi. Elə o önəmin nəticəsi idi ki, "XIX əsr xarici ədəbiyyat tarixi"ni 1964-cü ildə rus dilindən tərcümə edərək çap etdirdi. Digər iki müəlliflə birgə (M.Ə.Tahirli və M.B. Həyatzadə ilə) sonralar "XVIII əsr xarici ədəbiyyat tarixi"ni yazaraq nəşr edilməsinə nail oldu və 1974-cü ildə "XX əsr xarici ədəbiyyat tarixi"ni yazdı.
İsmayıl Şıxlı çoxsaylı
oxucuları üçün unikal yazıçı olaraq
qalacağı kimi, onun mühazirələrini dinləmiş tələbələri
üçün də qayğıkeş olduğu qədər
də tələbkar müəllim kimi yaşayacaq. Ona da əminik
ki, həmin insanlar yazıçının sevə-sevə,
bir az da qürurla təsvir etdiyi, "Dəli Kür"dən
bu parçaları oxuduqca Azərbaycanı daha artıq sevəcəklər:
"Günbatan çağı, Kürün
üstünü bürüyən duman ətəyini
sallayaraq, asta-asta ətrafa yayıldı. Gün qərbə
doğru əyiləndən sonra yuxarıdakı boz
dağlardan xəfif meh əsdi. Otların, dəmyələrin
əkilmiş sinəsi laləli taxılların üstündən
keçib gələn bu axşam küləyi sahilə enib
Kürün üzərinə duvaq kimi çəkilmiş
ağ, nazik dumanı qovub uzaqlara - aşağıdakı kəndlərə
doğru apardı. Getdikcə suyun səthinə yatan
çiskinli duman cələdəki ulğun kollarına
toxunaraq parçalanır, sürünə-sürünə o
taya - meşəyə doğru gedir, orada isə
ağacların başına dolanıb yox olurdu".
Mahirə
HÜSEYNOVA
ADPU
filologiya fakültəsinin dekanı, filologiya üzrə elmlər
doktoru, professor
525-ci qəzet.- 2019.- 26 aprel.- S.10.