İncidən yazı
Adamı yalnız bir şey incidər, əzizim: - həqiqət! Böhtan, yalan niyə incitsin ki?
Biri gələr
təhqir edər bizi tutalım, incidərsə, təhqirindəki
bır qırıq gizli həqiqət payı incidər bizi. Bu səbəblə qızarar üzümüz,
bozarar üzümüz,
narahat olarıq.
Məsələn, günü
məsciddə keçən
abid Həsənə alkaş desən inciməz qəti, kefini də pozmaz heç: Həsən hara, alkaşlıq hara? Amma paxıl desən içi çalxalanar, çıxar özündən
- ittihamdakı həqiqət
payı incidər onu. Hamısı həqiqətin zibilləridi
yəni; həqiqətdi
üzü bozardan da, qəlbi döyündürən də
və sairə.
Akademik birinin üstünə bağırsınlar ki, savadsızsan! İncidərmi onu bu ittiham? Qəti! Hətta gülüş də doğurar üzündə,
- hə, deyər, savadsızam, lap belə əlifbanı da bilmirəm.
Odur ki, müdrik, təhqirə dözümlü olduğu
üçün yox, tər-təmiz olduğu üçün susar, qızarmaz, bozarmaz heç bir ittihamın qarşısında. Biz də heyrətdən deyərik ki, ilahi, necə də dözə bildi - əla, əhsən və sairə. Halbuki dözməyib, sadəcə
həqiqət payı
yoxdu sənin ittihamının. Elə bil
akademikə savadsız
demisən, nə incitsin ki onu?
"Sən döyərsən,
məən?" - deyə
bəzən uşaqlar
çıxar qarşımıza
küçədə, məhlədə,
tində və sairə. Sinələrini qabağa verib
meydan oxuyarlar bizə. "Əlbəttə sən!"
- dərhal müdrikcə, gülə-gülə
cavab verərik hamımız; Nə kefimiz pozular, nə paqonumuz düşər. Əksinə,
ləzzət eləyər
onların bu cəsarəti, əyilər,
yanaqlarından çimdik
götürər, qollarının
əzələsinə də
toxunarıq əlimizlə:
"Ay aman, bunun muskuluna bax". Böyüklük eləmək çətin
gəlməz belə məqamlarda. Nədən ki,
uşağın bizi döyə bilmə ehtimalı yoxdu, həqiqət payı sıfıra bərabərdi
o cürətdə, o meydanoxumada.
Di gəl, eyni
vəziyyət bir tay-tuşumuzla yaşansa necə?
Hamısı həqiqətin işləridi,
həqiqətin; çılpaq
halını sevmərik
deyə naəlac dondan-dona girər yaxamızı tutmaqçün:
gah böhtan, gah təhqir cildində çıxar qarşımıza, kəsər
nəfəsimizi, gah da bir-iki udum
gülüşlük zarafatın
içində gizlənər
- torbada gizlənən
pişik kimi.
Başını kəsəcəm, deyər
uşaq, gülərik,
başını kəsəcəm,
deyər böyük əsərik. Demək ki, sözün
gücü-zadı yoxdu,
inanma, güc də, qüvvət də sözdəki həqiqətdi. Qadının
kişi söyüşü də
eyni səbəblə,
incitməz bizi. Ananın
"canıvı alacam"ı
da eyni səbəblə,
olmaz vecimizə.
Təhqirdəki həqiqət payıdı
bizi incidən, vəssəlam!
Odur, bir
gün buyurmuşdu imam Əli: elə güclü
(oxu: təmiz, aydın, qüsursuz)
olacaqsan ki, heç nə, heç kim, heç bir təhqir, heç bir ittiham sakitliyini
poza bilməsin!
İlqar Kamil
525-ci qəzet.- 2019.- 27 aprel.- S.19.