Rəsul Rza və Maqsud Şeyxzadə poeziyada qoşa zirvə kimi

 

YAXUD MƏŞHUR POETİK BİOQRAFİYALAR MÜQAYİSƏLİ TƏHLİL MÜSTƏVİSİNDƏ

 

 

(Əvvəli ötən sayımızda)

Vladimir Mayakovski poeziyasına münasibət R.Rza və M.Şeyxzadə yaradıcılığındakı mühüm poetik həmahənglik nöqtələrindən biridir.

 

R.Rza və M.Şeyxzadə formalaşmaqda olan yeni sosialist gerçəkliyinin ilhamlı tərənnümçüləri kimi şeiriyyət aləminə daxil olurlar. Yeni epoxanın söz sənəti qarşısına qoyduğu tələblər çətin və məsuliyyətli idi; yeni ədəbiyyat yalnız məzmunca yox, şəkilcə və formaca da tam yeni olmalı idi. İyirminci illərdən başlanan proletkultçuluq hərəkatı otuzuncu illərdə geniş vüsət almışdı. Hətta Puşkini də müasir ədəbiyyat gəmisindən atmaq istəyənlərin həmlələri böyük şairin vəfatının 100 illiyi münasibətilə keçirilən genişmiqyaslı tədbirlərin təsiri ilə bir qədər səngisə də, ümumilikdə klassik bədii dəyərlərin inkarı prosesi davam edirdi. Həmin dövrdə Mayakovski poetik sistemini milliləşdirmək tendensiyası məhz bu səbəbdən geniş vüsət almışdı. Yeni ictimai-siyasi münasibətlərin təsiri və təzyiqi nəticəsində ilk əvvəl yeni dövrün bədii inikas imkanı kimi yalnız sərbəst şeir sistemi düşünülürdü. Gənc şairlər əruzu yaxına buraxmamaqla kifayətlənməyib, heca sistemindən də yan keçmək istəyirdilər. İyirminci illərin sonu və otuzuncu illərin əvvəllərində, demək olar ki, əksər şairlərin sərbəst vəznə müraciəti bu ehtiyacdan doğulmuşdu. Bütün yaradıcılıqları boyu yalnız milli-ənənəvi şeir sisteminə bağlılıqları ilə seçilən S.Vurğun, M.Müşfiq, Q.Qulam, H.Alimcan, Aybek, Mirtemir və başqa şairlərin sərbəst şeir yönündəki eksperimentləri dövrün ədəbi ab-havasına, poetik dəbinə uyğunlaşmaq, zamanla ayaqlaşmaq zərurətinin estetik ifadəsi idi. R.Rza və M.Şeyxzadə isə bu yolun böyük poeziya yoluna çevrilməsində gərgin əməyə qatlaşıb, böyük cəsarət nümayiş etdirdilər.

M.Şeyxzadənin və R.Rzanın V.Mayakovski yaradıcılığına münasibəti, bu sahədəki ardıcıl bədii axtarışları milli şeir hüdud-larını aşaraq, Sovetlər Birliyinin bütün türkdilli məkanında geniş əks-səda doğurur. Onlar V.Mayakovskinin poetik sistemini milli zəmində yenidən yaratmağı ənənəvi şeir sisteminin ifadə və inikas imkanlarını genişləndirmək işi ilə üzvi surətdə birləşdirirlər. Bu cəhətdən V.Mayakovskinin Azərbaycan və özbək dillərinə tərcüməsində R.Rza və M.Şeyxzadənin xidmətləri əvəzsizdir. R.Rza V.Mayakovskinin "Lenin", "Şalvarlı bulud" poemalarını və şeirlərini Azərbaycan dilində uğurla səsləndirmişdi. M.Şeyxzadə isə böyük şairin "Lenin" və "Yaxşı" poemalarını, lirikasını özbək dilinə çevirmişdi. V.Mayakovski poeziyasının qədim və milli ənənələrlə zəngin şeiriyyət mühitlərinə daxil olması Qərb və Şərq söz sənətinin bu qədər yaxından və bu dərəcədə ilk dəfə təması idi. Özbək və Azərbaycan poeziyasının dərin qatlarına sirayət edən bu təmas bəlkə də ilkin uğurlu və ən dərin Avrasiya estetik sintezi idi. Bu sintez yalnız otuzuncu illərdə bədii zövq və dünyagörüşlərinə güclü təsir etməklə öz estetik hərəkətini dayandırmadı. Milli poetikamızdakı bu ciddi yeniləşmənin əks-sədası sonrakı onilliklərdə də özünü büruzə verir, milli şeirin vəznindəki, metaforik düzümündə, zəngin və əlvan ahənglərində, bədii biçimindəki təzəliklərdə qabarıq surətdə nəzərə çarpır.

Ustad X.R.Ulutürkün yazdığı kimi, Şeyxzadə şeiriyyəti yalnız qafiyə xüsusiyyətlərinə görə deyil, həm də vəzninə, ahənginə, ritmik çevikliyinə, ən başlıcası poetik ruhuna görə Mayakovski poeziyasına yaxındır. Şair əsərlərini ciddi təhlil əsasında müəyyənləşdirmək olar ki, M.Şeyxzadə V.Mayakovskinin şeir və poemalarını özbək dilinə çevirmə əsnasında yaradıcılığı dünya poeziyası tarixində tam yeni bir mərhələ olan böyük sənətkarın poetikası sirlərinə dərindən bələd olmuş, onun bədii yeniliyinin və özəlliyinin mahiyyətinə yaradıcı surətdə yanaşmışdır. (Bax: Xəlil Rza. Maqsud Şeyxzadə. Bakı 1978, səh. 17). Maraqlıdır ki, M.Şeyxzadənin yalnız sərbəstdə yazdığı şeirlərində deyil, heca vəznindəki əsərlərində də V.Mayakovski ruhu qabarıq tərzdə nəzərə çarpmaqdadır. Məhz buna görə də Şeyxzadə irsində heca vəznindəki şeirlər üstünlük təşkil etsə də, biz onun Mayakovski yolunun yolçusu olduğunu vurğulayırıq. Çünki Mayakovski təsiri və ruhu görkəmli özbək şairinin sərbəst şeirlərində necə aydın görünürsə, hecadakı əsərlərində daha dərin mövqeyə malikdir. Burada iki böyük sənətkatın mənəvi təması zahirən, şəklən o qədər aydın nəzərə çarpmasa da, bədii təsvir vasitələrinin, mübaliğə və teşbehlərin, poetik məcaz və bənzətmələrin ruhunda, canında duyulmaqdadır. Məsələn:

Milyon-milyon qozalar

Qalxıb yumruqlar tək.

Cahangirlər aləmin

Qorxudub ürküdəcək.

Etiraf edək ki, milyon-milyon ağappaq qozaları - yumruqlar kimi mənalandırmaq, bununla kifayətlənməyib, bu gözəl və zərif gözəlliyin cahangirlər dünyasını qorxudub-ürkütməsini vurğulamaq yalnız bədii təxəyyülün gücü ilə reallaşan bir iş deyil. Burada böyük Mayakovskinin dəst-xətti, sənətkar arsenalından gəlmə nüans və əlamətlər göz qabağındadır. Başqa bir misal:

Dağların zirvəsində

Günəş solğun bir lalə.

Guya aləm meyini

Qaldıran bir piyalə. 

Bu misralardakı epitetlər də üslub inqilabçısının dünyaya baxış bucağına uyğunluğu ilə nəzər-diqqəti çəkir. Yəni "Günəş-solğun lalə" metaforası yalnız misilsiz inqilab nəğməkarının poetik ehtirasları və cəsarəti ahəngində köklənmə nəticə-sində doğula bilərdi. Daha bir nümunə:

Sən torpağın ustası:

Qazır, eşir, çapırsan.

Bir sehkar sayağı

Qaradan tapırsan

yaxud

 

Sən pambığın şairi,

Mən şeirin bağbanı.

Şair cəsarətlə əməkçi insanı, əkinçini şairə, şairi isə dünyanı gözəlləşdirən, zənginləşdirən əkinçiyə, bağbana bənzədir. Bax elə bu təşbeh və bənzətmələrin məğzində də böyük rus şairi ilə ruhdaşlıq, ustad Mayakovski ilə ahəngdaşlıq hiss olunmaqdadır. Məşhur özbək ədəbiyyatşünası, professor Azad Şərəfiddinov bu iki sənətkarın yaradıcılıq əlaqələrinə toxunaraq, aşağıdakıları yazmışdır: "30-cu illərin ortalarından etibarən Mayakovski yaradıcılığına daha da dərindən nüfuz etmək, onun əsərlərini çevirmək nəticəsində Şeyxzadə poeziyasında yeni xüsusiyyətlər əks etməyə başladı.

 

O, indi öz ustadından təkcə bəndlər yaradıb qurmaq, misraları sıralamaq sirlərini deyil, eyni zamanda, özünəməxsus ifadə tərzini, tamamilə yeni obrazlar formalaşdırmağı öyrəndi. Bax elə Mayakovskidən öyrənməyin, poetik mədəniyyət incəliklərini mənimsəməyin ən çətin və mürəkkəb tərəfləri də bunda idi. Məlumdur ki, Mayakovski poeziyaya tam yeni obrazlar dünyasını gətirdi. Onun poetik surətləri gözlənilməz olub, ilk baxışda, hətta qeyri-təbii duyulurdu. O, gündəlik həyat hadisələrindən və təfsilatlarından poetik obraz yaratmaqda intensiv istifadə etdi, hər bir bədii detalı dövrün mühüm cəhət və əlamətlərini ifadə edən ədəbi vasitəyə çevirdi. Mayakovski şeirlərində güclü mübaliğə əsasına qurulmuş surətlər üstünlük təşkil edir. Bunların hamısı mövcud həyat və mühiti mübaliğədar tərzdə, özünəməxsus şəkildə əks etdirməyə, əsər realizmini və gerçəkliklə bağlılığını gücləndirməyə yönəlmişdir. M.Şeyxzadə Maya-kovskidən öyrənmənin ikinci mərhələsində məhz bu məsələlərə - poetik obraz yaratma pirinsiplərini mənimsəməyə ciddi fikir verdi.

 

Bu yaradıcı öyrənmənin nəticəsində şairin lirikasında həyatın təhlili dərinləşdi, poetik hissiyat və emosiyalar zənginləşdi, bədii orijinallıq daha da gücləndi" (Özbək sovet ədəbiyyatı tarixi. Daşkənd, 1990, səh. 326). Maqsud Şeyxzadənin həmin dövrdə yazılmış bir çox şeirləri yuxarıda deyilənləri təsdiq edir. O illərin lirikasına mənsub uğurlu nümunələrdən birində - "Qaravul" şeirindəki emosional və ob-razlı sətirlər diqqəti özünə cəlb edir: "Nəqş edib nəğməni zülmət qoynuna, Süd kimi yolları içməkdə gözü, Kolxoz köhləninin qonub boynuna, Dəmir tək cingildər nəğmənin sözü. Gözündə yuxunun busələri yox, Üfüqə göz dikib birdən sorar o: - Kim o? Kim o? Kim o?..." Bu misralardakı poetik ahəng, ritmik ardıcıllıq, qafiyə və bənd quruluşu böyük rus şairinin şeiriyyətindəki özünəməxsusluqlardan xeyli fərqlidir. Bu parça və ümumən şeir sərbəst vəzndə deyil, əksinə, hecada, özü də onun ən geniş yayılmış on birliyində yazılmışdır. Amma zülmət qoynuna nəqş olunmuş nəğmə, süd kimi yolları içən göz, köhlən boynunda dəmir tək cingildəyən nəğmə, gözündə yuxunun busələri kimi epitet və metaforalar Mayakovski qələmindən çıxmış məşhur obrazları andırır. Əgər R.Rza daha çox sərbəst şeirdə Mayakovski ruhunu və poetik təcrübəsini, onun estetik dünyagörüşünü yaradıcı şəkildə nümayiş etdirirdisə, M.Şeyxzadə bu mənəvi-estetik həmahəngliyə heca poetikası daxilində, ənənəvi şeir müstəvisində nail olmağa can atırdı.

Maqsud Şeyxzadə və Rəsul Rza yaradıcılığının başlanğıcındakı bədii paralelliklər, ilkin mərhələlərindəki uyğun nöqtələr iki qardaş poeziyanın baş yollarının həmahəngliyindən, eyni etno-poetik sistemin hasiləsi kimi reallaşmasından xəbər verir. Onların təkcə otuzuncu illərdəki bədii axtarışlarında deyil, sonrakı ədəbi dövrlərdə də bir-birini tamamlayan, oxşar ədəbiyyat yollarından keçib getdiklərini müşahidə edirik. 40-cı illərdəki ehtiraslı vətənpərvərlik və sülhə çağırış lirikasında da, 50-ci illərin ortalarından başlayan yaxın keçmişin yenidən dəyərləndirilməsi ruhu ilə yoğrulmuş səmimi izhar və etiraf lirikasında da, nəhayət, altmışıncı illərdən vüsət alan milli özünəqayıdış və özünütəsdiq lirikasında da R.Rza və M.Şeyxzadə özlərinin misilsiz tarixi missiyalarına, söz sənətinin və talenin güvənclə yalnız onlara bəxş etdiyi imkanlara müvafiq tərzdə qələm çaldılar. Xüsusən, 60-cı illərdə bu iki böyük sənətkar sanki bu zamanlara sağ-salamat gəlib çatdıqlarına və öz nəsildaşlarının, demək olar ki, barmaq ilə sananan nümayəndələri olduqlarına görə, on qat, yüz qat artıq ağrı və məsuliyyət ilə yazıb-yaratdılar. M.Şeyxzadə və R.Rzanın bu dövrdə ərsəyə gətirdiyi, nəşr etdirdiyi əsərlər, kitablar məhz belə söyləməyə ciddi əsas verir.

 

 

Yaşar Qasımbəyli

 

525-ci qəzet.- 2019.- 27 aprel.- S.18.