Yandım oda gülə-gülə,

 

Əriyirəm gilə-gilə

Göz yaşlarım döndü gölə

Harada eylədim günah

Qaytar mənə məni, Allah.

Qəribədi taleyim çox,

Hədəfləyib məni bir ox,

Səndən özgə gümanım yox,

Gətirmişəm sənə pənah,

Qaytar mənə məni, Allah.

Kədər məni məndən alıb,

Qaranlıq zindana salıb,

Tək ümidim sənə qalıb,

Qoy çəkməyim bir belə ah,

Qaytar mənə məni, Allah.

Yandım, yandım bu qüssəyə

Bəxtim məndən küsdü niyə?

Əzablarım bitsin deyə

Bu talesiz bəndənə bax,

Qaytar mənə məni, Allah.

 

Düşündünmü

 

Payızda güllər solanda,

Saçını yellər yolanda,

Çətində darda olanda,

Heç sən məni düşündünmü?

Hərdən xəyala dalanda.

Gözlərim yaşla dolanda,

Kimsəsiz, tənha qalanda,

Heç sən məni düşündünmü?

Yuxuların qarışanda,

Xatirələr alışanda,

Küsülülər barışanda,

Heç sən məni düşündünmü?

Yaz gəlib güllər açanda,

Günəş yerə nur saçanda,

Xoşbəxtəm dediyin anda,

Heç sən məni düşündünmü?

Unutdun verdiyin andı,

Qəlbim kül olunca yandı,

Aylar ötdü, il dolandı,

Heç sən məni düşündünmü?

Elində şənlik görəndə

Duyğuların dillənəndə

Hardasa gülşən görəndə

Heç sən məni düşündünmü?..

 

 

Gülşən ALLAHVERDİYEVA

 

525-ci qəzet.- 2019.- 27 aprel.- S.23.