Dəniz dənizdə batır  

 

Esse

 

 

Yer üzünün birinci möcüzəsidir dəniz... Sözün bütün mənalarında möcüzə. Baxıram və düşünürəm bu qədər su necə yerləşib dünyaya?! Niyə çıxmır məcrasından?! Torpaq niyə çəkmir canına bu suyu?! Ayın dənizlə nə işi?! Aya baxıb qabarır, çəkilir, niyə?! Küləyin bu boyda suya necə gücü çatır axı?! Dalğalar qayalara çırpılanda üstümə sıçrayan damlalar niyə belə soyuqdu?!

 

Mənim coğrafiyadan xəbərim var, amma dəniz yenə də möcüzədi axı. İnsanı bu qədər əks etdirən ikinci bir təbiət hadisəsi yoxdu, məncə. Dəniz insanın güzgüsüdü... Necə ovqatda olursan ol, dəniz hər  halına cavab verəcək. Sevgilinlə əl-ələ tut gəz sahilində, gizlədəcək səni hamıdan... Ya da lap ləpədöyəndə otur ayaqlarınla çırp suları, anındaca uşağa döndərəcək səni. Yaşamaq istəyirsən, lap yaxşı, buludların sudakı əksinə bax, həyatın necə gözəl olduğunu dərk edəcəksən. Yox, istəmirsən?! Ölmək düşüb könlünə?! Dəniz ən gözəl fürsəti, ən izsiz ölümü bəxş edəcək sənə. Hələ heç kəsin ölüm sevdasını cavabsız qoymayıb o... Sularında neçə-neçə ömürləri ən gözəl sonlara yetirib. Gir qucağına, unut dünyanı, unut və səssizcə get. Bir yosun kimi, ya da balıqqulağı kimi dənizin tərkibi, canı ol. Amma özünü yaxşı apar, dalğalar səni qovmasın... 

Dəniz sakitləşib, dalğalar yatıb,

Bir uzaq adada qalmağım gəlib.

Üzüqoyulu düşüb qumlu sahilə

Dünyadan xəbərsiz olmağım gəlib.               

Aman Allah bu buludlar kimindi?

O səs hardan gəlib, haraya getdi?!

Bir ömür vermişdin şair olmağa,

O da vaya düşdü, haraya getdi... 

Vaqif  Səmədoğlunun da  şeiri dəniz kimidi elə... Hər halının, hər ovqatının əksidir. Hər halının deyəndə ki, axı insan kefindən şeir oxumaz?! Şeir istəyirsənsə, qəmlisən deməli?! Dünyadan bezdiyin, adamlardan yorulduğun, özünü daşımaqdan usandığın üçün üz tutursan şeirə. Vaqif Səmədoğlunun misraları elə incə-incə sığal çəkir ki, başına. Sakitləşirsən, həyatın faniliyinə bir daha əmin olursan, ona görə... Mübarizə havayı işdirsə, niyə yorasan ki, özünü?!

Dəniz dəniz suyundan

təngə gəlib deyəsən,

coşub sahilə vurur

özünü dalğa-dalğa.

Qayalar qorxa-qorxa

Baxırlar sağa-sola,

Dalğalar əl-qol atır

Dəniz dənizdə batır...

İnsan möcüzə qarşısında aciz olduğu üçün inanır hər şeyə. Yer Allahı, göy Allahı, dəniz Allahı, bilim daha nələrin Allahlarını özünü heç saydığı üçün, ya da gözəgörünməzə tapınmaq, hər şeyi ondan istəmək üçün uydurub. Dənizin sahilində durub "Mən burdayam, İlahi" oxuyuram. Dilini bildiyim - bilmədiyim yüzlərlə adam ötür yanımdan, amma tənhalıq hissi bir an əl çəkmir yaxamdan... Şeirlər qəhərləndirir, söz dənizə atılmaq həvəsini artırır. Şair elə belə olar - deyirəm özümə. Bircə misrasını o birisindən seçmək, ayırmaq olmur. Az qala hər vərəqi qatlayıram, hər şeiri dua kimi üçkünc büküb cibimə qoymaq istəyirəm. başa düşürəm ki, bizim hamımızın bildiyimiz, müqəddəs kitabların anlatdığı Allahdan fərqlidi Vaqif Səmədoğlunun şeirlərindəki Allah. şair ondan heç istəmir... Heç kimdən heç istəmir:

barım var, barxanam

Ömür yükü bağlamağa.

Allah, məni yarı öldür,

Yarı saxla ağlamağa...

Hər vərəqdə ölüm, hər misrada heçlik, ümidsizlik, mücərrədlik ürəyi partlamağa gətirir:

Bilirəm,

yer üzündə bütün izlər

ömürdən gedir,

dəniz belə gözdən itir.

Bilirəm,

Yer üzündə

Bir yol da salınmadı

insan gözündən.

Tapılmadı itənlər.

Mənsə gah həyata,

Gah ölümə səbəb gəzirəm.

Yaşayıram, dözürəm.

Bir misra da, bir gecə ... 

, ümid verən, yaşamaq həvəsi yaradan təkcə budur; daha bir misra. Yaşamaq dözməkdi, bu, dəqiqdir. Özünə dözmək, düşüncələrinə dözmək, səni kərpic-kərpic sökən ağrılara dözməkdi həyat. Amma Vaqif Səmədoğlu poeziyasının unikallığı "çıxış yolu" göstərməsidi:

Dünyada səndən başqa

Kimsəm yox idi bəlkə.

Amma sən sağ qaldın,

Sağ qaldın yad olmaqçün.

İndi özündən küs,

Mənim min imanım var dünyada...

Uzaqda bir külək var,

Küləyin üstündə bayraq...                 

Cild-cild fəlsəfə kitablarının deyə bilməyəcəyini açır bu şeir. Əgər o adam sağ qalıbsa sağ ikən yad olubsa, deməli, heçliyə gəlib çatmısan... "Özündən küs" deyib acıq çıxırsan öz aləmində, amma dəqiq bilirsən ki, indən sonra uzaqdakı küləkdən onun üstündəki bayraqdan savayı heç nəyin yoxdur...

Çoxdanmı çıxmışam yadından?

Mən heç,

Bəs neçin unutdun

Xəzərin üstündəki taya buludları?

Ölümdən qorxmuram, gülüm,

Qorxuram sənsiz sağ qalacağımdan,

Qorxuram yaman...

Yer üzündə ölümdən daha dəhşətli sonlar var şairdən ötrü. Axı ölüm Allah əmridirsə, tabe olmaqdan savayı yol yoxdur. Ayrılıq isə daha dəhşətlidir. Gedən üçün , qalan üçün ... Getmək qalmaq sözləri ayrı-ayrı adamlara aiddirsə, deməli, ortada buzxana var. Tənhalığın buz soyuğuna hələ heç kim tab gətirə bilməyib. İsti nəfəs arzusu həmişə var...

Sabahdan axşamacan, gözüm yolda.

bir yoldaş gözləyirəm,

qız gözü.

kağıza yapışan söz,

ki bir baxt.

Sabahdan gözüm yolda.

bir Günəş möhürləyən səhər,

axşam imzası gözləmirəm.   

Qəribədi, Vaqif Səmədoğlu şeirini hansısa "şünaslıq" qaydaları ilə, ya da "izmlər" daxilində təhlil etmək istəmir adam. Ümumiyyətlə, təhlilə gəlmir bu şeirlər. Tənhalıq şairinin hər sözü təsəllidi, hər şeiri çiyninə qonmuş dost əli kimidir. yuxarıda gətirdiyim misraların məndən ötrü gözəlliyi "gözləmirəm" deyən adamın, hər şeyə inamını itirmiş qəhrəmanın gizli bir gözləntisidir. Əslində, baxtın açılmasını da, qız sözünü , kağıza yapışan kəlməni , günəşi , axşamı da gözləyir şair bunları boynuna almadığı üçün misralar ŞEİR olur. bu şeirlərin məziyyətlərindən danışsaq, mənim düşüncəmdə birinci yerdə şairin söz duyğusudur. Vaqif Səmədoğlunun bircə şeirində belə söz tıxacına rast gəlməzsən. Az sözlə çoxu demək, hətta bəzən "susaraq" danışmaqdı onun lirikasının özəlliyi. "Yaxşı dedimmi?" yox, "heç demirəm, özün anla" düşüncəsi...

Ah çəkməyə bir yer

olmalıdır axı bu dünyada!

Səni aclıqdan qurtarıb

Sonra oduna doğranmış tut ağacını

Yada salmaqçün

Bir künc olmalıdır axı

Bu gen dünyada! 

Şair heç bir böyük idealları başına vurmur, "belə ol, elə ol, yaxşı adam ol, yaxşılığı unutma" - deyib sıxmır ürəyini. Sadəcə səni aclıqdan qurtarmış tut ağacının doğranmasını yadına salmaqla ən ciddi, ən böyük tərbiyəni verir...Axı həyat, yaşamaq böyük yox, ən gözəgörünməz "hadisələrdən" asılıdı. Tut ağacını xatırladığın üçün adamsan, gen dünyada küncün olmadığı üçün tənhasan... Hər şeyin var, amma heç nəyin yoxdu - düşüncəsini anladır Vaqif Səmədoğlu. bunları anlayıb axıracan dərk etsən, beşəlli yapışmayacaqsan dünyadan.

yaman ağırmış hər gün,

Bir ömrü yüz paya bölmək.

Dəniz sahilində durub,

Dəniz həsrətiylə ölmək...

Həyat elə budur, dəniz sahilində dəniz həsrətiylə yaşamaq, ya da ölmək. Amma heç təsəllisi yoxdurmu şairin?! Kitabı vərəq-vərəq edirəm, az qala söz-söz sökürəm şeirlərini, tapa bilmirəm. Birdən "Bəxt üzüyü”ndə ki Tanrıbəy dayının yağışı yadıma düşür... "Bu ağacları sulayın" deyib hamıya ağız açan köməksiz, əlil bir qocanın  qonşuların mənasız bir üzükdən ötrü düşmən olduğunu görüb hər şeydən əlini üzdüyü vaxtda yağış yağmağa başlayır... Hə, "bulvardakı söyüdləri sulayan" həmişə olacaq...

Şairin 80 yaşı tamam olacaq iyun ayında... Amma mənə elə gəlir ki, Vaqif Səmədoğlu hər gün doğulur, ipdə uşaq paltarı yellənəndə, ya da qağayı dəniz üstündə qanad çalanda, onu axtaranda yenidən gəlir dünyaya... Yubileyin mübarək, Şair! Səni düşünürəm! Dənizdən salamlarım var...

 

 

PƏRVİN

 

525-ci qəzet.- 2019.- 27 aprel.- S.15.