Gümüşü
işığın ardınca, yaxud "Murov qartalı"nın "Komandir"dəki
obrazı
Mətnin gümüşü işıq
gələn tərəfinə
keçmək üçün
öncə kiçik
bir müşahidə
aparıb sətirlər
arasındakı bölgələri
minadan təmizləmək
lazım gələcək. Bu həm də ona görə lazımdır ki, özümüzü bu yazının qəhrəmanı
kimi hiss edə bilək.
Romanın quruluşu mənə Corc Sandersin "Linkoln Bardoda" romanını xatırlatdı. Müsbət bir obraz haqqında
həmin obrazın taleyinə şahidlik edənlərin dilindən
danışılan bir
həyat hekayəsi.
Və onlar bu hekayəni
bir-birindən söz alıb danışırmış
kimi nəql edirlər. "Komandir" həmçinin,
polifonik olmayan və bununla belə, obrazın sadəcə müsbət
tərəflərini deyil,
həm də mövzunun verdiyi etik dəyərlər çərçivəsində yüngülvari yumor və xoşagəlməzlikləri
də oxucuya göstərir. Bir də
bu xüsusiyyətinə
görə mənim yadıma "Linkoln Bardoda" romanını saldı. Müasir dövr ədəbiyyatında
eksperiment kimi sayılacaq bu cür romanlar azdı və az olduğu
qədər də məşhurdur. "Komandir"
məşhur ola bilərmi?
İlk minanı
tapdıq. Mövzunun mahiyyətindəki problemin həlli yazıçıdan asılı
deyil. Roman Qarabağ münaqişəsi
dövrünü və
ondan sonrakı - atəşkəs dövründəki
əməliyyatları sənətə
çevirməyə xidmət
edir, simvollaşdırır,
sənət müstəvisinə
gətirir. Yəni roman təkcə
bədii mətn kimi deyil, həm
də sənədli reportaj kimi də
diqqəti çəkir.
Bu isə bir
qədər romanı
lokallaşdırmağa meyllidir.
Ancaq yazıçı çıxış
yolunu qəhrəmanının
bəşəri duyğularıyla
və apardığı
mübarizənin əsl
səbəbiylə tapır.
Belə ki, münaqişənin ən qızğın anında belə anasını, kəndini xatırlayan kəşfiyyatçı
tez-tez gözünə
görünən gümüşü
işığın ardınca
yurduna - anasının
torpağa qarışdığı
yerlərə getmək
istəyir. Əsas istəyi
budur və o, əsgərlərindən narahat
qaldıqca münaqişələrin
dünya üçün
nə qədər amansız bir gələcək vəd etdiyinin fərqindədir.
İkinci nüans vacib
əməliyyatlardan birində,
Raquf Orucova "Murov qartalı" ləqəbini qazandıran
o çətin kəşfiyyatda
ortaya çıxır.
Erməni uşağın əsir düşməsi,
kəşfiyyatçının əsgərlərinə onu
incitməmələri barədə
verdiyi təlimat yenidən romanı lokallıqdan, pafosdan, yersiz şişirtmədən
qurtarır. Amma həm
də əsgərlərin
içindəki o nifrəti
də gizlətməməyə
çalışan müəllif
Orucovun əsgərləri
ilə keçmiş
hərbçi olan digər erməni əsirin münasibətlərinə
bir neçə dialoqda yer verir.
Mövzu və hadisələrin coğrafiyası ciddilik tələb edir və bu ciddilik
oxucunu yora bilərdi. Hərbi düşərgə, nizam-intizamın sərt olduğu bölgələr,
əməliyyatlar, terminlər
və digərləri.
Gümüşü işığa gedən
yolda növbəti
mina əsərin oxucuda
yaşatdığı situasiya
və yumor qatıdır. Bu mənada Sanders öz romanını metafizik və absurd hadisələrlə
qurtara bilmişdi.
Şərif Ağayar isə
milli geyimdəki zarafatlarla, həm də ən çox hərbi hissələrdə eşidilən
atmacalarla mətni xilas edib. Səfərov və Rəfiyev obrazları arasındakı atmacalar müəllifin özünəxas
yumoru ilə təhkiyənin rəngini
bir az
açır. Bəzən melanxolik,
bəzən yumoristik,
bəzən də gərgin səhnələr
hekayəti monotonluqdan
uzaq tutur. Bununla belə, roman nə qədər müasir eksperimentlərə bənzəsə
də, çağdaş
roman qurğusallığından daha çox düz mətnlərə
- klassik romanlara könüllüdür. Bu
ehtiyatsızlığı mövzununmu üzərinə
ataq? Müəllifin daha öncəki
iki məşhur romanı ilə ("Arzulardan sonrakı şəhər" və
"Ağ göl")
müqayisə etməyimiz
yalnışlıq olardı.
Onsuz da bədii keyfiyyətləri
ilə onlardan geri qalmayan romanın
bir şəhid haqqında olması, vətənpərvər mövzuda,
Qarabağ mövzusunda
yazıldığını nəzərə alıb yuxarıda qeyd etdiyim bəzi etik çərçivələri
qorumaq müəllifi mətnin içində rahat buraxa bilməzdi.
Növbəti mina detallarda olacaq. Öz kürəyini
real hadisələrə söykəyən
mətnin mahiyyətində
ölüm və yaşam fəlsəfəsi
olduğu üçün
yazıçı mifoloji
və metafizik bir neçə detalı işləyib.
Roman ölüm xəbəri ilə başlayır. Və
sona qədər komandir gümüşü
işığı görür,
ona can atır. Gümüşü işıq axirətə
işarədir, yəni
ölümə. Əsərin əvvəli və sonu məhz gümüşü işığın
yaratdığı kölgədir.
Burda da Sandersi xatırlayıram.
Ölümə ironiya və
təhrif verməklə
yazılan romanda həqiqi nüanslara göndərmə etmək
üçün bir neçə xırda və metafizik detallardan istifadə etmişdi. Şərif Ağayar isə
ölümə ironiya
etmir (bu romanda). Bununla belə, ölümü
həm də kədərli bir hadisə kimi də oxucularına təqdim etmək istəmir. Xüsusən də baş
qəhrəmanı şəhiddirsə,
təbii ki qarabağlı yazıçı
bundan qaçacaq.
Növbəti metafizik detal
qara pişik və onun çığırtısıdır.
El arasında (elə komandirin gəldiyi yerdə də) qara pişik
bədbəxtliyə işarədir.
Çığırtı səsi isə
oxucuda xüsusi bir qorxu atmosferi
yaradır. Bu nəyə lazım idi? Deyim: Müharibə mövzusunda
yazılan romanda ön plana çəkilən
əsas kadrlar Raquf Orucov və
onun yaşadığı
həm hərbi, həm məişət ömrüdür. Ənənəvi döyüş səhnələri,
iki düşmən mövqe, silah səsləri yoxdur romanda. Ancaq bir müharibənin
yaşandığına, komandirin
bu müharibənin qurbanlarından biri olduğuna, davam etdiyinə oxucu inanır. Bu inamı onun altşüurunda formalaşdıran
isə elə romanın hər yetmiş səhifəsindən
bir qarşımıza
çıxan pişik
çığırtısıdı.
Deməli, nəsə narahatlıq
var.
Komandirin şəxsi həyatı mətndə tapdalamamağa
çalışdığımız minalardan biridir. Bəzən Orucovun
özünün, bəzən
qardaşının, bəzən
də həyat yoldaşının dilindən
danışılan məişət
həyatı səhnələri
romanın lirik pərdələridi. Bu da oxucudan çox
müəllifin özünə
lazım idi. Kəşfiyyat əməliyyatlarında obrazının davranışları,
hərbi hissədəki
özünə məxsusluğu
məhz onun məişət həyatındakı
yaşadıqları ilə
bağlıdır. Burada da
müəllif yumordan qaçmır, Sevinc adlı obrazın dilindən komandirin şəxsi xarakterini, fərqliliklərini həyat
yoldaşı ampulasında
təqdim edir.
Müəllif və mətn konteksini də keçə bilsək, bəlkə biz də gümüşü işığa
çata bilərik. Bu hissə xüsusilə maraqlıdır. Yazıçı ilə obrazı arasında mənəvi bir bağ var. Bu həm onların ikisinin də Qarabağ müharibəsindən
sonra qaçqın düşməsi, həm də öz sahələrində lazım
olan dəyəri görməmələri ilə
də bağlıdır.
Mətn müəllifdən böyük
deyil, məhz buna görə yazıçı özünü
sərbəst hiss edə
bilib. Bəlkə də bu mətn fərqli coğrafiyada yazılsaydı,
daha başqa cür gedişlər etmək, üslub işləmək olardı.
Burada isə romançı romanın quruluşunu fərqli, eyni zamanda, milli çağdaş ədəbiyyatımız
üçün yeni olan eksperiment etməklə kifayətlənib.
Bundan başqa, əsərdəki
ictimai-sosial göndərmələr
də gözdən qaçmır. Zabilin ayaqqabısı,
yataqxana, hərbi hissədəki komandirə
qədər vəziyyət
və sairə. Bu mövzuların daha geniş təfsilatını "Gülüstan"da
oxumuşduq. "Komandir"in mövzu monotonluğuna rəng qatan xəyali situasiyalar isə oxucunu bəzən bir səhifədə ilişdirir.
Romanda ölüm
səhnəsi yoxdur. Amma ölüm var. Sonuncu abzası isə olduğu kimi yazıb mətnin oxucuya buraxdığı
son ümid payını
da göstərməklə
kəşfiyyatı yekunlaşdırıram:
"Yeddixırmana bənzəyən
dağa tərəf uçanda zirvədə cilvələnən gümüşü
işıq anamın təbəssümüylə gülümsədi. Hardasa uzaqlarda
insan seli çırpınır, dalğalanır,
uğuldayır, ağuşuna
aldığı üç
rəngli qayığı
sağa-sola yellədə-yellədə
tanış bir ünvana aparırdı".
Müəllif və obrazı müharibənin sonlanacağına
inanır.
Obrazlar realdır, yaşayır və kitabın təqdimatında iştirak edirlər. Eksperimental mətndir və bu mövzuda yazılan tamamilə fərqli nümunədi.
Yol təmizdir. Gümüşü işıq olan tərəfə keçə bilərik!
Rəvan
CAVİD
525-ci qəzet.- 2019.- 27 aprel.- S.14.