İkimizin doğum günü
Xəyanət eşqin məhrumiyyətidir
Həyatımızın ən xoş çağını
yaşayırıq, ətrafda
milyonlarla insan gəzişir, küçələr
bahar qoxusuna bürünüb, yazı
hiss etmək, hətta
ona toxunmaq da mümkündür - sənin saçlarına toxunduğum tək...
"Xoşbəxtlik nədir, kimdir, haradır?" suallarının tək bir cavabı var: Sən.
Bütün özəlliyinlə və gözəlliyinlə,
hətta qızmar yay Günəşi kimi qəzəbli olduğun an da, yenə sənsən
dünyanın ən qayğıkeş xanımı
mənim gözümdə.
Həyatımızın ən
xoş çağı,
evlilik xəyallarımızla
birlikdə böyüyən
dünyamız, ömür
cığırında iz
qoymuş yerişimizlə
itirilən kefsizlik duyğusu... Sevinmək üçün gözləmirəm artıq.
Hər şey səndə qeyb olur. Sanki payız küləyi kimi əsir, bütün bədbin düşüncələrimi
səmalara sovurursan.
Axı, sən dünyadakı ən təmizkar qadın, hətta restoranda olarkən masadakı qabları nəm salfetlərlə silib təbəssümləşən
həmin qızsan.
Bir ildir, dünya səsimizə bürünmüşkən, sükut
və hayqırışlar,
az qala,
bütün varlığı
ilə önəmsizləşib
sənin saçlarının
ətrinə qərq olur, xəyallar mənasızlaşır... Məgər sənə
tamaşa edərkən
xəyal qurmaq mümkündürmü? O qədər incə gülürsən, elə
heyrətamiz kədərlənirsən
ki, zərgər dəqiqliyiylə təkrar
etdiyin emosiyalarının
hər halından məmnuncasına mat qalıram
- fərq etmir; küçədə gəzişək,
hansısa məkanda əyləşib söhbət
edək, yoxsa yuxular aləmində qovuşaq. Bəlkə də, sən
zamandan daha axıcısan. Əks halda,
nə üçün
sağollaşdıqdan sonra
birinci əllərin, sonra səsin üçün darıxmağa
başlayıram? Ona görə
ki, sevgi - bütünləşmə istəyidir.
Həyatımızın ən xoş çağında
Şopenin simfoniyaları
kimi xoş səsinlə çağırırsan
məni, tələsik,
ancaq özünü itirmədən, sözləri
ardıcıl, muncuq kimi dodaqlarına düzərək deyirsən
ki, sən məni çox sevirsən, düşünə
biləcəyimdən, hiss edəcəyimdən,
sevəcəyimdən də
çox...
Bir halda ki, özəl günlər, dəqiqə
və saniyələr,
xatirə və hisslər mükəmməldir,
birlikdə keçirdiyimiz
bütün zaman dilimləri həyatımızın
ən xoş çağı deyilmi?
Sayəndə sevgisizliyə nifrət edirəm. Yaxınlıqda kimsə ayrılıqdan
bəhs etdikdə əhvalım təlx olur, rəngim, ömrünün sonu ilə görüşə
tələsən sarımtıl
yarpaq kimi öləziyir, istəyirəm,
siqardan-filan yandırıb
damağıma söykəyim,
bozarmış səmanın
ənginliklərinə diqqət
kəsilib fikrimi dağıdım... susuram,
xatırlayıram ki, mənə siqar çəkmək qadağandır
- sevgi tərəfindən.
Xəyanət eşqin məhrumiyyətidir.
Bilirsənmi mənim üçün necə birisən? Gəl, azacıq
səndən bəhs edim. Sən, həmin qızsan ki, məni monoton
dünyanın zil qaranlığından xilas
edib nurlar dünyası ilə tanış etdin və o gün-bu gündür, ruhumdakı ən müdhiş əzab yanğısını da unutmuşam. Mənim "sənim" var və doğrusu, Nəsimiyə haqq qazandırmağa başlamışam
- Sən ikinci cahanımsan...
Varlığımdan usanıb tənhalığın
naməlum künc-bucağında
bükülü qaldığım
zaman (bu həmin vaxtlardı ki, hətta ən yaxın dostlarım depressiv vəziyyətimlə barışmağa
məcbur qalıb hüznümə məğlub
olmuş, "Rahat buraxın onu, qərar özünündür"
- demişdilər) öz
kədərilə mənim
bəşəri qəzəbimi
ovutmağı bacaran qadın sən idin. Sən həmin qızsan
ki, sadəcə gülüşünlə ağlımdakı
ən qəddar fikirlərin könlünü
almağa müvəffəq
olmusan. Tanıdığımdan bəri şəhərin
hansı küçə-prospekti
olur-olsun, qarşıma
çıxan heç
bir xanımın diqqətimi oğurlaya bilməməsinin yeganə
səbəbi də sənsən. İndi düşüncələrim
vahid bir nöqtəyə cəmlənir
ancaq. Saçları və səsi
sənə bənzəyən
bütün qadınlara
qəzəblənirəm; onlar
uzunsaçlı və
bəzənmiş yalançılardır.
Onlar Tanrının uğursuz əl işləridir.
Sanki Allah səni yaratmaq
üçün səy
göstərmiş və
sonunda - bunu bacardığı an, təsadüfən
səni mənim qarşıma çıxarmışdı...
Hərçənd ki, sən təsadüflərə inanmırsan.
Mənim üçün nə qədər önəmlisən? Gəl, bunu
birlikdə təyin edək. Məsələn, səhər və
axşamlar, Vaqner, yaxud Maksı dinləyərkən, mənə
özümü xatırladan
səndən başqa
kimim var? Səki ilə gedərkən körpə
uşaqlar gördükdə
səndən başqa
kim məni
çağırsa, gülümsəyərəm?
İmtahanlardan təngə gəldiyim
zaman kimin təkidi ilə kitabları ən əziz doğmalarım kimi sevirəm? Kimə görə qazanıram uğurlarımı və
ya kimlə qururam fövqəl xəyallarımı? Kimə
pıçıldayıram ən məhrəm eşqimi, özü də hər gün, hər saniyə, az
qala, hər an... Hətta susarkən belə - sənə görə narahatlıq keçirdiyimi
büruzə vermirəmmi?
Kim telefonlarıma cavab vermədikdə təlaşlanıram? Kimdir mənim
ən xoş günlərimin unudulmaz hədiyyəsi? Yeri gəlmişkən,
məndən fərqli
olaraq sən hədiyyə etməyi çox gözəl bacarırsan. Kimdir bizim
kiçik şamdan evimizin sönməz alovu? Kimdir mənim xoşbəxtlik
səltənətim?
Gəl,
bütün bunlara birlikdə qərar verək və işdir, əgər görsən ki, səndən qeyri, uğrunda xoşbəxtliyimdən
imtina edə biləcəyim biri mövcuddur, o zaman, çıxıb get və istədiyin bütün uzaqlıqlardan
cəzalandır məni.
İşdir, xəbər
tutsan ki, əllərinə toxunarkən
çəhrayı, şirin
pambıqtək yumşaq
barmağındakı üzüyə
baxmaq daha riqqətləndirmir məni,
götür həmin halqanı, məni oraya həbs et. Əgər şübhələnsən ki,
birlikdə olduğumuz
anlarda təbəssümüm
sıxılır və
nikbinlikdən ayrı
düşmüş sərgərdana
dönürəm, qərar
sənindir: bəlkə,
məni eşqin cənnətindən didərgin
salasan? Və ya cümlələrimdə
zərrəcə saxta
ifadə tapsan, ən gerçək, ölümtəhər kəlmələrlə
cavabımı qaytarmağa
necə baxırsan?
Bu gün, həyatımızın
ən xoş anı, sənin, yoxsa bizim doğum
günümüzdür? - Məncə,
bizim...
Tanrı dünyanın meri kimi məni seçsəydi, yəqin,
səni zamanın özünə, xatirələrimizi
qeyd dəftərçəsinə,
günlərisə həyatımıza
çevirərdim. Heç düşünə
bilərsənmi indi necə xoşbəxt və inanılmaz dərəcədə həyəcanlıyam?
Yoxsa sanırsan ki, səni gözlətdiyim saatların çəkdirdiyi
vicdan əzabını
yadırğamışam? Əsla, sevgilim, bu, mümkün
deyil.
Əgər hansısa bədbəxt
təsadüfdən dolayı
yaddaşdan məhrum qalsaydım, təkrar səni sevmək, hərflərinə eşq
hopmuş məktublarla
evinizin mənə doğma olan divarlarını bəzəmək,
ilıq əllərindən
tutmaq üçün
bütün elmi ehkamların altını üstünə çevirər,
səni yenidən kəşf edərdim, həyatımın əziz
yoldaşı!
Bu gün bizim doğum günümüzdür. Varlığımız mübarəkdir, "zəhləmgetmiş"im,
ən səssiz hənirtisindən tanıdığım
sevgilim. Sən olmasaydın,
dünya dağılmazdı,
məhv olmazdı insanların həyatı,
heç nəhəng
dövlətlər də
yoxluğundan dolayı
üzülməyəcəkdi. Ancaq indiki Mirçingiz qətiyyən
olmayacaqdı. Vücudu
ilə eyni, fəqət bədbinlər
hökmdarına dönmüş
bədbəxt bir məxluq olacaqdı... Sənin gülüşünə gecikəcəkdim,
sevgilim. Axı, bilirsən, mənə gecikməməyi də sən öyrətmisən
- mən sənə pendirli pizzanı sevdirdiyim kimi...
Həyatımızın ən xoş
çağını yaşayırıq, ətrafda milyonlarla xatirə gəzişir, küçələr
eşq qoxusuna bürünüb. Səni hiss
etmək və hətta toxunmaq da mümkündür -
baharın özü kimi.
Mirçingiz AĞAZADƏ
525-ci qəzet.- 2019.- 27 aprel.- S.16.