Şeyxülislam şəxsiyyəti: müdriklik və mötəbərlik

 

Şeyxülislam Allahşükür Paşazadə - 70

 

Məlum olduğu kimi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadənin anadan olmasının 70, şeyxülislamlıq fəaliyyətinin 40 illik yubileyinin qeyd edilməsi haqqında  9 aprel 2019-cu il tarixli Sərəncam imzalayıb.

Prezidentin Sərəncamında Şeyxülislam Allahşükür Paşazadənin bütün həyatı boyu cəmiyyətdə mənəvi-əxlaqi dəyərlərin və milli həmrəyliyin bərqərar olunması yolunda səmərəli fəaliyyət göstərdiyi, yaxın tarixi keçmişdə xalqımızın yaşamış olduğu taleyüklü hadisələr zamanı həm dini rəhbər, həm də ictimai xadim kimi yüksək vətənpərvərlik və əsl vətəndaş mövqeyi nümayiş etdirdiyi qeyd olunub. Sərəncamda, həmçinin, Şeyxülislamın ölkəmizdə beynəlxalq hüquq normalarına və mütərəqqi tarixi ənənələrə əsaslanan dövlət-din münasibətlərinin formalaşması, Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması və təbliği sahəsində səmərəli xidmətlər göstərməkdə olduğu xüsusi vurğulanıb.

Bu əlamətdar yubileylər münasibətilə Şeyxülislam Allahşükür Paşazadə haqqında Novruz Nəcəfoğlunun qələmə aldığı yazını oxuculara təqdim edirik.

Şeyx həzrətlərinin - Qafqaz müsəlmanlarının on ikinci Şeyxülislamı və Qafqaz Müsəlmanları İdarəsinin sədri Hacı Allahşükür Paşazadənin yetmiş yaşı tamam olur. Allah Şeyximizə uzun ömürlər qismət eləsin. Cəsarət edib, əlimə qələm alıb Şeyx həzrətləri haqqında yazıya başlarkən yadıma hədis qədər ibrətli bir kəlam düşdü.

Belə deyirlər ki, bir zamanlar Tanrı yolunda əritdiyi könül şamının işığında qoca Şərqin qədim filosoflarından olan Şeyx Xəraqani söyləmişdi: "Ey ulu Tanrı! Əgər mən sənə cəhənnəm qorxusundan xidmət edirəmsə, məni cəhənnəmlə lənətlə, əgər mən sənə cənnət eşqi ilə xidmət edirəmsə, məni ondan məhrum et. Yox, əgər mən sənə təkcə sənin varlığına görə təmiz məhəbbətlə xidmət göstərirəmsə, onda mənim taleyim sənə necə sərf edirsə, o cür də həll et!"

Hər birimizin yaşadığı ömür keçdiyimiz həyat yolunun mərhələlərindən ibarətdir. Uşaqlıqdan, yeniyetməlikdən, gənclikdən keçən bu yol bəzən nə yazıqlar ki, ya elə yaşa dolmamış, ömürdən qismət payı daha çox olanlarda isə ahıllıqda, qocalıqda, nə vaxtsa, əvvəl-axır bir gün tamamlanır. Aqillik, ağsaqqallıq isə ömrün elə bir zirvəsidir ki, Yaradanın hər bəndəsinə hələm-hələm, heç ömrün ixtiyar çağlarında da nəsib olmur. Cavanlıq bir yana qalsın, bu zirvəyə nəsibi olanlar da olsa-olsa, yaşlananda ona qovuşurlar. Mən də, indi ömrünün yeddinci onunu yaşayan bizim nəslin nümayəndələri də elə eşidib-biləndən, sonralar isə görüb-sevəndən bəri Şeyx həzrətlərini ruhaniliyin və aqilliyin zirvəsi bilmişik.

Mən və yaşıdlarımın çoxu Şeyx həzrətlərini hələ onu görməzdən qabaq adını eşidib-tanımışıq. Bizim cənub bölgəsində uşaqların, yeniyetmələrin diribaşlarının da həvəslə qatıldığı, bəzən günlərlə sürən xeyir-şər məclislərində böyüklərimizin, ağsaqqalların söz-söhbətlərində ürfan əhlindən olan din xadimlərinin ağızdolusu Allahşükür adlı bir həmyerlimizin Özbəkistanda, orada Buxara şəhərində çox nüfuzlu, mötəbər ali islam məktəbində təhsil alan yeganə azərbaycanlı olduğundan danışdıqlarını, iftixarla, öyünə-öyünə qürrələndiklərini, hər dəfə ondan söz düşəndə fərəhlənib, sevincdən gözlərinin necə alışıb yanaraq, çöhrələrinin də allanıb nurlandığını çox görmüşəm və bütün bunları indi də yaxşı xatırlayıram.

Bu o zamanlar idi ki, allahsızlığı, dinsizliyi, bir sözlə, ateizmi öz ideologiyalarından biri hesab edən sovetlər dönəmində bizim cənub bölgəsində, Lənkəranın Çil kəndindən evin əziz-xələf bir oğlu peyğəmbərimizin mübarək kəlamlarından birində buyurduğu kimi, "elm dalınca uzaq bir diyara", o vaxtlar SSRİ adlı bir məkanda bəlkə də yeganə islam-ilahiyyat təhsili verən məktəbdə - Özbəkistanın Buxara şəhərindəki mədrəsədə oxumağa yollanmışdı.

Hələ ki adını eşitdiyimiz, üzünü görmədiyimiz həmyerlimizlə qocalı-cavanlı, kişili-qadınlı bütün cənub bölgəsi fəxr edir, öyünür, adı ilə iftixar duyurduq.

Sonra aradan illər keçəcək, vaxt gələcək, onun adı ilə bir vaxt öz həmyerliləri kimi qürurlanan təkcə cənub bölgəsindəkilər deyil, Qafqazın bütün müsəlmanları fəxr edib öyünəcəkdilər, çünki Şeyx həzrətləri təkcə tutduğu mötəbər mövqeyinə görə deyil, İslam dünyasında yorulmaz, əhatəli fəaliyyəti, böyük nüfuzu ilə bu haqqı qazandı.

Dediyim kimi, Şeyxə hörmət və məhəbbətim, onun şəxsiyyətinə tükənməz ehtiramım elə yeniyetməlik çağlarımdan qəlbimdə kök salıb. Aradan vaxt keçdikcə, ünsiyyətdə olub yaxından tanıdıqca qayğıkeşliyi, diqqəti onu mənə ən əziz adamım kimi, müqəddəs bir varlıq kimi daha da doğmalaşdırıb. Şeyxi bir şəxsiyyət kimi sevir, onu şəxsən tanıdığımdan qürur duyur, cəmiyyətimizdəki nüfuzedici işləri, islam dünyasındakı fəaliyyəti ilə öyünür, gördüyü işlər qədər həm də böyük qayğılarından, əlbəttə, elə mən də narahat olur, hətta bəzən buna üzülürəm...

***

Aradan illər keçib. Şeyx həzrətləri ilə dəfələrlə üzbəüz görüşlərimiz olub. Əlbəttə, ilk görüş daha unudulmaz olur. Və mənim də o vaxtlar çoxları kimi arzum idi ki, Şeyx həzrətlərini - Şeyxülislam Hacı Allahşükür Paşazadəni şəxsən görüb tanıyım...

Qismət belə gətirdi ki, Şeyx həzrətləri ilə ilk dəfə səmada, təyyarədə qarşılaşdıq. O vaxt - ötən əsrin səksəninci illərinin əvvəllərində ölkəmizin cənub bölgəsinin mərkəzi şəhəri Lənkəranda yerli əhəmiyyətli uçuşların tələblərinə cavab verən aeroport tikilib istifadəyə verildi. Hər şeyin təzəsi maraqlı və cəlbedici olur. Həftədə ölkə paytaxtı Bakıya qrafik üzrə bir neçə uçuş yerinə yetirilən aeroportdan bölgənin bütün rayonları, o cümlədən, biz leriklilər də həvəs və məmnuniyyətlə istifadə edirdik.

O zamanlar respublika səviyyəli ictimai-kütləvi tədbirlər çox keçirilirdi və rayon rəhbərliyi, əlbəttə, başda rayonun başçısı (raykomun birinci katibi) olmaqla, həmkarlar, gənclər təşkilatı (komsomol) da daxil olmaqla, bəzən yerli qəzetin redaktoru da belə toplantılara dəvət edilirdi. Bir yaz günündə növbəti belə tədbirlərdən birinə mən də rayon gənclər təşkilatının rəhbəri (komsomolun birinci katibi) kimi dəvətliydim, o zamanlar "Bolluq uğrunda" rayon qəzetinin redaktoru ilə birgə "YAK-40" təyyarəsində Lənkərandan Bakıya uçacaqdıq. Təyyarəyə qalxıb yerimizdə təzəcə oturmuşduq ki, əyin-başlarındakı əba və əmmamələri din xadimləri olduqlarını bəlli edən bir heyət salona daxil oldu. İlk dəfə gördüyüm gənc Şeyxülislam Allahşükür Paşazadə o şəxslərin başında idi. Qolunun üstündən qara kəhrəba köynək astanmışdı, başında isə nəfis toxunulmuş araqçın vardı. Gülümsər nurani çöhrəsi elə ilk baxışdan insanın ruhuna rahatlıq verirdi. Salona daxil olanda içəridəkilərə ucadan verdiyi salamın cavabında ayağa qalxıb yer-yerdən "əleykümsalam" deyən digər sərnişinlərin əksəri kimi, mən də həmin gün bu böyük şəxsiyyətlə ilk dəfə əl tutuşub görüşmək şərəfinə nail oldum.

Qələm əhlimiz, redaktorumuz Həmzə Vəliməmmədov o zamanlar indikindən də dilli-dilavər adamdı. Həmzə müəllim Şeyxülislamla əl tutub görüşməklə kifayətlənmədi, əlbəəl, ünsiyyətə keçib hal-əhval tutdu. Və qısa söhbət əsasında məlum oldu ki, həmin vaxt Qafqaz Müsəlmanları Dini Şurasının sədr müavini kimi Allahşükür Paşazadə və yanındakı heyət qonşu İran İslam Respublikasından səfərdən geri dönərkən yollarını Ərdəbildən salıb Astara keçid məntəqəsindən ötüblər, indi də Lənkərandan Bakıya təyyarə ilə uçurlar...

Zaman keçib, o vaxtdan bəri taleyin qisməti imkan verib, Şeyx həzrətləri ilə dəfələrlə görüşə bilmişəm. Və o görüşlərin hər biri məndə yaddan çıxmayan, maraqlı, məzmunlu, bir kitab qədər dolğun təəssürat yaradıb. Ancaq illər öncə o ilk görüşdə gördüyüm, qarabuğdayı, gözlərindən işıq seli axan, nur simalı, gülümsər çöhrəli Şeyxülislam Allahşükür Paşazadə indiyəcən də qəlbimdə, yaddaşımda eynilə qalıb.

***

El-obaya örnək olmaq da Yaradanın hər insana vermədiyi qismət payıdır. Şeyx həzrətlərinin həyatı, yaşam tərzi örnəkdir. Elə yeniyetməliyi, gəncliyi də. Şeyx həzrətləri Buxarada, o zamanlar Sovetlər Birliyinin ən yüksək dini təhsil verən Ali Ruhani məktəbində oxusa da, eyni zamanda, İslam elmlərinin müdrik məqamlarına yüksələn o vaxtlar adları hələ çox da geniş tanınmayan alimlərdən də öyrənməkdən, faydalanmaqdan qalmayıb.

Lerik rayonunun Zenoni kəndində bir vaxt İslam elmini onun elmi mərkəzlərindən olan İranın Xorasan, Qum şəhərlərindəki ali ruhani məktəblərində oxuyub öyrənmiş, "Qələm" künyəsi ilə tanınan Qulamrza adlı bir mötəbər alim yaşayırdı. Ürfan əhli olan o böyük alim haqqında hələ kiçik yaşlarımdan çox eşitmişdim. Yeniyetməlik çağlarımda isə məclislərdə bir neçə dəfə görmüş, söhbətlərini də o yaşıma xas maraqla dinləmişdim.

Valideynlərimiz: "Odur ey, Allahşükür o boyda Buxara ilə qane olmayıb, Özbəkistandan dönüb Lənkəranda öz evlərinə düşmədən, əzizləri ilə görüşməmiş, Lerikə, Zenoniyə, Şeyx Qələm Axundun yanına elm öyrənməyə gəlir, siz burdan-bura..." - deyərək bizə, dağda-daşda günü ötürüb vaxtın qədir-qiymətini bilməyən həmyaşıdlarıma onu nümunə çəkirdilər.

Ali dini məktəbdə təhsil almasına rəğmən, gənc ruhani Allahşükür Paşazadə o zamanlar tətilə çıxıb Lənkərana, doğmalarının yanına gəldiyi günlərdə hökmən Lerikə gələr, Şeyx Qələmlə də görüşər, ondan dərs alar, elmi biliklərindən faydalanardı.

Lerikin sayılan ziyalılarından, adlı-sanlı kişilərindən olan Şamil İskəndərovu da, yəqin ki, elə o zamanlardan tanıyırmış.

Eşitmişdim, Şeyx Qələm Axundla tələbə Allahşükür Paşazadə Lerikdə Şamil İskəndərovun evinə qonaq düşüb görüşürmüşlər. Görünür, əslində, bu görüşlər o zamanların cavan ruhani tələbəsinin arzusuna uyğun olaraq, onu sevənlər tərəfindən bir dərs kimi gerçəkləşdirilirmiş...

Allahşükür Paşazadə Buxaradan Lənkərana, oradan da Lerikə, Şeyx Qələm Axund da Zenonidən elə həmin ünvana gəlib Şamil müəllimin ocağında görüşürdülər.

Şeyx həzrətləri sonralar Molla Qələmin xatirəsinə həsr etdiyi bir yazısında o illəri özünə xas bir alicənablıqla belə xatırlayıb:

"Bu nəcib şəxsiyyəti mən ötən əsrin yetmişinci illərindən tanımışam. İlk əvvəllər Molla Qələmlə mən Lerikdə və başqa məkanlarda görüşmək imkanına malik olmuşam. Şeyxülislam seçiləndən sonra bu və ya digər mürəkkəb məsələlərin həlli üçün onu idarəyə dəvət edər, yaxud şəxsən yanına gedər, məsələlərə aydınlıq gətirər, dəyərli fikirlərini öyrənərdim".

Zənnimcə, Rəsulullah əleyhissəlamın "Elm dünyanın o başında da olsa öyrənməyə tələs" tövsiyəsinə əməl etməkdə sevimli Şeyximiz Hacı Allahşükür Paşazadə elə o vaxtdan ideal bir nümunədir.

"Sənə elm öyrədəni üzünə təriflə..." kəlamı da burada tam yerinə düşür. Şeyx həzrətləri iftixarla, böyük sevgi və ehtiramla Şeyx Qələm (Qulamrza) axundu öz ustadlarından, müəllimlərindən hesab edir. Şeyx Qələm Axund 1984-cü ildə haqqın rəhmətinə qovuşdu. O təqva əhlinin dəfnində Şeyxülislam Allahşükür Paşazadə ilə birgə, demək olar ki, Azərbaycanın, müsəlman məmləkətlərinin əksər üləması, kitab əhli iştirak edirdi.

Bir qədər əvvəldə adını xatırlatdığım lerikli Şamil İskəndərova da elə o kişinin sağlığında Şeyx həzrətləri neçə illər ərzində çox hörmət-ehtiram göstərmişdi.

Şamil müəllimin hüzr məclisinə də çox mötəbər heyətlə, tanınmış din xadimləri ilə qatıldı. O vaxt mən Lerik rayonunda çalışırdım. Son dərəcə diqqətli, hər şeyin ölçü-biçisini, nizamını çox həssaslıqla incələyib qərarlaşdıran Şeyx həzrətlərinin Lerikə gələcəyi barədə yayılan sorağı əvvəlcədən almışdım. Rayona təşrif edən Şeyx həzrətlərini elə yoldaca qarşılayıb ona qoşularaq İsgəndərovların rayon mərkəzindəki mülklərinə, hüzr məclisinə yollandıq. Şeyx o məclisdə xeyli əyləşdi, əzadarlığa qatıldı, maraqlı, düşündürücü, doymaq olmayan ibrətamiz söhbətlər elədi.

Məclisdən ayrılıb geri dönərkən Şeyxi ötürmək üçün razılığını aldım. Məni öz mindiyi maşınına dəvət edib yanında əyləşdirdi. Biz irəlidə, Şeyxi müşayiət edənlər də arxadan gəlirdilər.

Rayon mərkəzinin çıxışında yolun kənarında qurulmuş bir yas mağarı diqqətini çəkdi. Hüzr məclisinin kimə aid olduğunu soruşmadan sürücüsünə döngəni işarə edərək:

- Buradan keçib mağara yaxınlaş, düşüb hüzr sahibinə başsağlığı verək, - dedi, sonra da mənə tərəf dönərək o nurani çöhrəsi, özünəməxsus işıqlı təbəssümü ilə baxıb, - düz demirəmmi? - soruşdu.

Mən:

- Əlbəttə, düz buyurursunuz, Şeyx

həzrətləri, - deyə cavab verdim, - bu, hüzr sahibi üçün böyük təsəlli, camaatımız üçün isə yüksək diqqət və şərəf olacaq.

Və bunun ardınca hüzr sahibinin kimliyini də söylədim.

Hüzr məclisi bu eldə-obada elə İskəndərovlar kimi sayğıya sahib olan Kərimovlara aid idi, Sadıq Kərimovun qardaşı Xankişi rəhmətə getmişdi.

Yeri gəlmişkən, Şeyx həzrətləri tərəfindən belə bir diqqətin mən illərdən bəri çalışdığım Şabranda da şahidi olmuşam.

Burasını da deyim ki, möhtərəm Şeyx həzrətlərinin Şabrana da dəfələrlə yolu düşüb və hər yerdə gəlişi arzulanan əziz bir qonaq kimi həmişə onun yolunu gözləmişik. Sözüm bunda deyil.

Bir neçə il bundan qabaq Şeyx həzrətləri ətrafında yenə mötəbər bir heyət - akademik Vasif Məmmədəliyev, Hacı Sabir Həsənli, Hacı Salman, qardaşı, Milli Məclisin üzvü Cavanşir Paşazadə (adlarını unutduqlarım məni bağışlasınlar) və digər hörmətli qonaqlarla bizim rayon mərkəzindəki iclas zallarının birində Şabran ictimaiyyətinin nümayəndələri ilə görüş keçirirdi. Görüş başa çatmışdı və qonaqlar şəhər məscidində dindarlarla görüşə, həm də namaza yollanırdılar.

Məscidə gedən yolda yas mağarı qurulmuşdu və o mağarı görən Şeyx dərhal maşınını saxlatdırdı. Şeyxi müşayiət edən maşın karvanı da dayandı. Şeyx həzrətləri tanımadığı, bilmədiyi hüzr məclisinə daxil oldu. Ali ruhani rəhbərin bu qəfil gəlişi məclis əhlini möhkəm təsirləndirmişdi. Şeyx həzrətləri mərhumun  ruhuna "Fatihə" oxuyub doğmalarına başsağlığı verdi. Sonra məscidə gedən Şeyxülislamımız orada moizə oxudu, dua verdi. Məmləkətimizin hər yerində olduğu kimi, şabranlılara da Şeyx həmin gün daha da doğmalaşdı. Söylədiyi kəlamlar yaddaşlara köçdü. Və mənim də yadıma bu məqamda bir hədis düşür: Günlərin bir günü Rəsulullah əleyhissalam  yol gedərkən bir qarının ağır şələni qaldırıb dəvənin belinə qoya bilmədiyini görür. Peyğəmbərimiz tez özünü çatdırıb şələni qaldıraraq dəvənin belinə qoyur. Sonra da qarı nənəyə təşəkkür edib, razılığını bildirir. O Həzrəti tanımayan qarı təəccüblə:

- Ay oğul, - dedi, - gərək mən sənə öz təşəkkürümü bildirəm, amma sən...

Qarının bu sözləri qarşısında Peyğəmbərimiz belə cavab verir:

- Mən bu yolu əliboş gedəcəkdim. Şükür ki, sənə rast gəldim, azacıq da olsa, köməklik göstərib savab yiyəsi oldum.

Rəsulullahı, din böyüklərimizi, keçmişin ali islam üləmasını örnək alan və özü də parlaq nümunəyə çevrilmiş Şeyx həzrətləri də, şübhəsiz, illər boyu yol gedərkən neçə-neçə belə savabların yiyəsi olub.

İmam Həsən (ə) həzrətləri belə nəql edirmiş ki, bir dəfə namaz vaxtı anam xanım Fatimə (ə) namaz üstə sübhə kimi dua elədi. Soruşdum ki, niyə özünə deyil, bütün dua-sənalarını özgələr üçün etdin? Cavab verdi ki, oğlum, əvvəlcə başqa müsəlman qardaş-bacıları düşünmək lazımdır, sonra özünü...

Arzumuzdur ki, Şeyx həzrətləri çox uzun bir ömür yaşasın, inşallah, hələ neçə onillər bundan sonra da dualarını bizlərdən əskik etməsin, o nurlu siması, məlhəm kimi səsi, avazı, dərin hikmətli söhbətlərilə könlümüzü, ruhumuzu sevindirsin, inşallah! Şeyx həzrətlərinin pak qəlbindən süzülüb gələn dua-sənaları özünün də, biz Allah bəndələrinin də hər zaman köməyi olsun! Amin!

 

Novruz NƏCƏFOĞLU

 

 

 525-ci qəzet.- 2019.- 27 aprel.- S.10.-11.