UZAQ VƏ YAXIN MEKSİKA
(Əvvəli
ötən şənbə sayımızda)
Cənuba səfər edən nəsli əvəz edən
hər sonrakı nəsil şimala səfər etməli olur. Birinci nəsil
Meksikada qışı keçirən monarxların törəməsidir.
Şimala doğru miqrasiya ərzində dişi
monarxlar sonrakı nəsil üçün yumurta qoyurlar.
Bir illik siklə ümumən dörd nəsil cəlb
olunur. Hər bir siklin bütöv həyatı
isə 5-7 həftədən ibarət olur. Onlar şimala doğru uçarkən süd şirəli
ağaclarda oturub dincəlir və qidalanırlar. Kəpənəklər
valideynlərinin ötən il yaşadıqları
elə həmin ağacda özlərinə məskən
tapırlar. Vaxtilə nənə kəpənəyin
rahatlandığı ağacda indi onun nəvəsi istirahət
edir. Monarx kəpənəkləri təbiətin
möcüzəsi adlandırmaq olar, onlar ağaclara, meşəyə
xüsusi gözəllik verirlər, həm də tozlanmaya
böyük köməklik göstərirlər. Havada isə onlar, elə bil ki, şamanların
ekstazındakı hərəkətlərini andıran bir
ritual rəqsi edirlər.
Köçəri quşlar və digər həşəratlar
da uzun səfərlər vaxtı böyük əziyyətlərlə
qarşılaşırlar. Hind qazları Rusiyanın Uzaq
Şimalından yayın sonunda Hindistana qayıdanda Himalay
dağlarının üstündən keçirlər, bu vaxt
4 min metr hündürlükdə uçmaqla, çox seyrək
hava ucbatından böyük əzablara düçar olurlar.
Bir andaca yaşıllığı bütünlüklə məhv
etdiyinə görə ərəblərin "boz
şeytan" adlandırdıqları çəyirtkələr
Afrikanın şimalından Fransanın cənubuna yollanarkən
uzaq məsafədən ibarət olan Aralıq dənizinin
üstündən keçəndə yorulub, su
dalğaları üzərində dincəlməli olurlar, bu
vaxt irəlidə uçan dəstə suyun səthinə
oturur, arxadakı dəstə təyyarə meydanındakı
uçuş zolağı kimi onların üstünə
düşür və həm də ac olduqlarından kannibalizm
qaydasında öz növ qardaşlarını yeməklə
aclıqlarına son qoymaqla yanaşı, uzaq səfəri
davam etdirmək üçün dincəlmək imkanı da
qazanırlar. Böyük dəstənin əsas
hissəsinin salamat qalması üçün nisbətən
kiçik qrup könüllü surətdə özünü
qurban verir. Kəpənəklər isə
yırtıcı olmayıb, vegeteriandırlar, ancaq onlar daha zərif
bədənə malik olsalar da, xeyli böyük məsafəni
uçub qət etməli olurlar.
Şərq şairləri uzun əsrlər boyu pərvanəyə,
bu gecə kəpənəyinə sayı hesaba gəlməyən
misralar qoşmuşlar, onun özünü oda atmasını
qeyri-adi fədakarlıq nümunəsi kimi qələmə
vermişlər. İngilislər bu kəpənəyi
"moth" adlandırırlar, onların sürfələri
olan və şkafda saxlanılan paltarları yeyib
dağıdan güvə də belə adlanır. Əgər həmin şairlər Mexiko
yaxınlığındakı meşədə nəql
etdiymiz canlı gözəlliyi görsəydilər, yəqin
ki, ilhamlarını adi bir cazibə səhnəsi də
yaratmağa qadir olmayan pərvanənin deyil, həqiqi fədəkarlıq
nümunəsi olan həmin kəpənəklərin vəsfinə
həsr edərdilər. Lakin şairlərə
də öz ilham pərilərinə görə sərt
münasibət bəslənilməsi düzgün deyildir,
onlar çox vaxt reallığa məhəl qoymur, virtual aləmin
araşdırılmasına, dərk edilməsinə meyl edirlər.
Axı şair psixikanın xüsusi
mövcudluğudur, o, dünyanı fərqli qaydada hiss edir, ətrafa,
yaşadığı mühitə məhz öz
baxışı ilə baxır. Şairlər
daim poetik metaforalara üstünlük verirlər, buna görə
də onlardan hansısa bir matematik dəqiqliyi tələb etmək
lüzumu da yoxdur. O, fakt arxasınca qaçmır,
obraza, duyğuya, şifahi söz konstruksiyalarına önəm
verir. Şeirlərdəki obrazı biz poetik
metafora kimi qəbul etsək, şairi
anlamamağımızın özü də yoxa
çıxardı. Bu yaradıcı insan
təsvirin həqiqətə güzgü əksi kimi uyğun
olmasından daha çox, sözdə, sətirdə saitlərin
və samitlərin bir-birini əvəz etməsinə,
onların ritm yaratmaq xüsusiyyətinə, gücünə
daha çox fikir verir. Gənc şair
dostumun dünyabaxışına, özünəməxsusluğu
ilə seçilən və ümumbəşəri dəyərlərə
həsr edilən yaradıcılığına uzun illər ərzində
nəzər yetirdikcə, mən yuxarıda ifadə etdiyim
qnoseoloji, konqitiv qənaətə gəlməli oldum.
Meksikada
müşahidə etdiyim kəpənək dünyası bir qədər
mətləbdən uzaqlaşmağa şərait yaratdısa,
bu da, həmin zərif canlıların yaratdığı
möcüzəli təəssüratın hesabına
yazılmaqla izah edilə bilər və seyr etdiyin səhnəyə
vurğunluq, yazının çərçivəsindən kənara
çıxmağı heç də məzəmmətə
layiq qəbahətlər siyahısına daxil etməyə
imkan vermir, bəlkə də bu sərbəstliyə müəyyən
qədər haqq qazandırmış olur.
Mayyalar və
asteklər
Kolumba qədərki dövrdə Meksika hinduları iki
qüdrətli dövləti - Mayya və Astek dövlətlərini
yaratmışlar və onlar bu xalqın, ölkənin tarixində
xüsusi yer tuturlar.
Mayyalar bizim eranın 250-900-cü illərində Orta
Amerika klassik dövrünün yaxşı tanınan bir
sivilizasiyası olmuşdu. İndiki Cənubi
Meksikada, Qvatemala, Şimali Beliz və Qərbi Hondurasda mayya
görkəmli mövqeyə çıxmışdı.
Əvvəlki sivilizasiyaların
ixtiralarını və ideyalarını vərəsə kimi
götürən Olmek və Tenoçtitlan, astronomiya təqvim
sistemini, heroqlif yazısını və mərasim
arxitekturasını, buna piramida məbədləri də daxil
idi, xeyli inkişaf etdirdi. Tropik
yağışların meşə zonası kənd təsərrüfatı
üçün təmizlənirdi və yağış suyu
çox sayda rezervuarlara yığılıb
saxlanırdı. Onlar həmçinin, digərləri
ilə, uzaq məsafədəki xalqlarla ticarət aparır,
yolları cəngəlliklərdən və bataqlıqlardan təmizləyirdilər.
Adamların əksəriyyəti fermer idi, bu vaxt
mərkəzlər geniş mənada mərasim təyinatlı
olmaqla yanaşı, həmçinin, siyasi əhəmiyyət
daşıyırdı, keşişlər elitası və
kübarlar kənd üzərində ağalıq edirdilər.
Mayya sivilizasiyası 900-cü ildən tənəzzül etməyə
başladı, bunun səbəbləri dəqiq məlum olmasa
da, bir sıra alimlər bunu bir neçə il
davam edən sərt quraqlıqla izah edirlər. Mayyalar
yağışın yağması üçün allahlara hətta
insan qurbanları da verirdilər. Allahları
rəhmə gətirmək üçün onlar digər pəstəhalara
da əl atırdılar. Kişi cinsindən
olanlar özlərini ayaqlarından asıb, xeyli bu vəziyyətdə
qalırdılar ki, ilahi qüvvənin xalqa yazığı gəlsin,
yağış yağdırsın. İndi isə
Çapultepek parkında turistlərdən pul yığmaq
üçün dörd kişi çox
hündür dirəyin başından özlərini kəndirlə
ayaqlarından asıb, dirəyin dövrəsinə
fırlanırlar. Əcdadların
yağış yağması naminə bu qaydada allahlara
yalvarışı, indi pul qazanmaq üçün turistlərə
birbaşa müraciət formasına keçmişdir.
Meksikanın milli siyasətinin təsiri altında uzaq
Mayya mərkəzləri isə indiyədək inkişaf edirlər.
Asteklər XV-XVI əsrlərdə ən güclü
xalq olmuşdu.
Bu xalqın yaratdığı dövlət bir əsrdən az ömür sürmüşdü, onun
qısa müddətli mövcudluğu SSRİ-nin uğursuz
tarixini yada salır. Onların baş şəhəri
Tenoçtitlan regionunun ən sıx əhalisi olan şəhəri
idi. Onlar böyük və güclü
despotik dövlət qurmuşdular, möhkəm hərbi
gücə malik idilər. Mərkəzi Meksikanın, demək
olar ki, bütün əhalisini özlərinə tabe
etmişdilər, əslində, onlara təzminat verən
400-500 kiçik dövləti idarə edirdilər. Müharibələrdə əsir götürülən
adamlar Astek allahlarına qurban verilirdi. Asteklər
özlərinin kənd təsərrüfatı ilə məşhur
idilər, yararlı torpaqların hamısını becərirdilər,
irriqasiya tətbiq edirdilər, bataqlıqları qurudur və
göllərdə süni adalar yaradırdılar. Onların daha yaxşı çalışan
hökmdarı II Montesuma idi. Onlar heroqlif
yazısından istifadə edirdilər, mürəkkəb təqvim
sisteminə malik idilər, məşhur piramidalar və məbədlər
tikmişdilər. Astek imperiyası, nəhayət,
1521-ci ildə Kortesin başçılığı
altında olan ispan konkistadorları tərəfindən məhv
edildi.
Meksika ərazisində mövcud olmuş iki güclü
dövlət böyük inkişaf səviyyələrinə
çatmalarına baxmayaraq, biri təbiətin
amansızlığının, digəri isə
avropalıların qaniçənliyinin qurbanı olmaqla, tarixdən
silinmək kimi Troya və Karfagenin acı taleyini təkrarən
yaşamalı olmuşdular.
Mexikoda mədəniyyət və əyləncə
Mexikoda "mariaçi" adlanan musiqiçilərə tez-tez rast gəlmək olur. Onlar 3-12 nəfərdən ibarət olan bir qrup şəklində xırda məbləğə, bir neçə pesetə küçələrdə çıxış edirlər. Burada öküz döyüşü də çox populyardır. Öküzlər üçün şəhərdə olan arena - "Plasa de-Torros" dünyada ən böyük olmaqla, 60 min tamaşaçı tutur.
Mexikonun cənub kənarında olan "Soçimilko" kanalları özlərinin üzən "çinampas" bağları ilə məşhurdur. Suda çiçək və tərəvəz yetişdirilməsi sənətini meksikalılar öz əcdadları olan asteklərdən əxz etmişdilər.
Soçimilko şəhər sakinlərinin və qonaqlarının sevimli istirahət yeridir. Bu kanallarda ancaq qız adları daşıyan iri qayıqlar üzürlər. Onların bəzilərində xörək bişirib hazırlayan aşpazlar çalışır və onlar yaxınlaşdıqları qayıqlardakı istirahət edənlərə pulunu almaqla, çox növdə xörək verirlər. Biz belə qayıqların birində kanalda gəzdik və bu ekzotik əyləncədən həzz aldıq. "Mariaçilərin" olduğu qayıqlar da gəzintiyə çıxmış adamların qayıqlarına yan alıb, təklif edildikdə həmin qayıqlara keçir və müəyyən haqq müqabilində onları milli musiqi nümunələrinin sədalarına qonaq edirlər.
Soçimilko asteklərin bitkiçilikdə əldə etdiyi böyük nailiyyətlərdən biri olmaqla, bu gün onların törəmələrinin yaratdığı əyləncə parkı kimi xidmət göstərir.
Hinduların əkinçilik məhsulları
Hinduların, bəşəriyyəti özlərinin bitkiçilik növündən olan ərzaq məhsullarında ibarət qiymətli töhfələri ilə təchiz etməsi isə ölçüyə sığmazdır və bu gün də istehlak etdiyimiz qarğıdalıya, paxlalı bitkilərə, kartofa, pomidora, bibərə, boranıya və digər çox sayda tərəvəz bitkilərinə görə biz hindulara, o cümlədən, mayyalara borcluyuq.
Kolumba qədərki dövrdə Karib dənizi hövzəsində, o cümlədən, Meksikada qarğıdalı, kartof, pomidor, paxlalılar, bibər, balqabaq və digər bitkilər becərilir və onların məhsulları istehsal edilirdi. Hindular təkcə bitkiçiliklə sadəcə məşğul olmurdular, həm də ayrı-ayrı növlər üzərində seleksiya aparırdılar ki, bunu da əsl elmi kəşf adlandırmaq olar. Qarğıdalının yabanı ot növündən bol qida mənbəyinə çevrilməsi sahəsində hinduların apardığı iş həqiqətən də təqdirəlayiqdir.
Qarğıdalı (mais) indi hündür boylu bitki olsa da, başlanğıcda tropik ot bitkisi olmaqla, barmaq boyda idi və üzərində 10-12 dəni olan dişiciyə - qıçaya malik idi. Hələ 10 min il bundan əvvəl hindular bu bitkini öyrənməyə başladılar, dəninin yumşaq və bərk olduğunu da gördülər. Çox uğurlu təcrübə, həqiqi seleksiya işi apararaq, özlərinin kəşfi hesabına indi boyu 3 metrə çatan, qıçasında 80-100 dəni olan mədəni qarğıdalı yetişdirməyə başladılar. Qıçanın uzunluğu indi 50 sm-ə, çəkisi isə 0,5 kq-a çatır. Əslində, qarğıdalını qədim meksikalıların - hinduların icadı saymaq olar.
Mərkəzi Amerikanın hindularının istedadı və zəhməti hesabına yabanı, az məhsuldar bitki, yüksək məhsuldarlığa malik olan mədəni bitkiyə və əsas qida taxılına çevrildi. Yəqin, buna görədir ki, onu həm də hindu qarğıdalısı adlandırırlar. Bitkinin indiki sortları mülayim regionlar üçün yararlıdır və uğurla becərilir, həm də quraqlığa nisbətən davamlılığı ilə seçilir. Dəni bir sıra xalqlar üçün əsas qida mənbəyi olmaqla yanaşı, həm də gövdəsi ilə birlikdə mal-qara yemi kimi də istifadə olunur. Ondan un, kraxmal, patka, spirt və kağız hazırlanır. ABŞ-da və Çində, əsasən, mal-qara yemi kimi istifadə olunur, mal-qaranın əti və südü isə insanlar tərəfindən qida kimi istehlak olunur.
(Ardı var)
Telman ORUCOV
525-ci qəzet.- 2019.- 27 aprel.- S.22