Tatar şairi Razil Vəliyevin
"Payız yağmurları" kitabı təqdim edildib
Azərbaycan
Yazıçılar Birliyinin "Natəvan" klubunda
Tatarıstanın Xalq şairi, Tatarıstan Respublikası
Dövlət Şurasının deputatı, Tatarıstan
Dövlət Şurasının Komitə başqanı,
Dövlət Mükafatı Laureatı, görkəmli ictimai
xadim və dövlət xadimi Razil Vəliyevin "Payız
yağmurları" adlı şeirlər məcmuəsinin Azərbaycan
dilində nəşrinin təqdimat mərasimi keçirilib.
Təqdimat
mərasimində Milli Məclisin deputatları, türkoloqlar,
şairlər və yazıçılar, QHT və KİV
nümayəndələri iştirak ediblər.
Tədbiri
giriş sözü ilə açan Millət vəkili Qənirə
Paşayeva şairin Azərbaycanda nəşr edilən
"Payız yağmurları" kitabının ilk
olduğunu vurğuladı: "Kitabda şeirlər iki dildə,
Azərbaycan və tatar dilində verilib. Şeirlərin tərcüməsi şair-publisist
Həyat Şəmiyə
məxsusdur. "XAN" nəşriyyatında çapdan
çıxan kitabın
layihə rəhbəri
və baş redaktoru Azərbaycanda Atatürk Mərkəzinin
şöbə müdiri
Əkbər Qoşalıdır.
Kitabın məsləhətçiləri
millət vəkili, AMEA-nın həqiqi üzvü Nizami Cəfərov və Tatarıstanda yaşayan soydaşımız İsmət
Orucəliyev, rəyçiləri
isə millət vəkili Cavanşir Feyziyev və mənə məxsusdur".
Kitaba "Ön
söz"ü yazıçı-publisist,
"Ustad" jurnalının
baş redaktoru Şəmil Sadiq yazıb.
Tədbirdə Azərbaycan Atatürk
Mərkəzinin şöbə
müdiri, tədbirin təşkilatçısı, şair Əkbər Qoşalı, AYB-nin katibi Rəşad Məcid, jurnalist Azər Həsrət, Etibar Babayev, yazıçı Yunus Oğuz, tərcüməçi
Ramiz Əsgər, Əli Şamil və digərləri çıxış edərək
şairin yaradıcılığı,
şeirləri haqqında
fikir bildiriblər.
Xalq şairi
Razil Vəliyev də çıxış
edərək kitabın
Azərbaycanda işıq
üzü görməsində
zəhməti keçən
hər kəsə təşəkkürünü bildirib.
Tədbirin sonunda Tatarıstanın
xalq şairi, eyni zamanda, bu
ölkənin Dövlət
Şurasının Maarif,
Mədəniyyət, Elm və
Milli münasibətlər
komitəsinin rəhbəri
olan Razil Vəliyev hər iki ölkə arasında mədəni əlaqələrin genişlənməsində
gördüyü işlərə
görə millət vəkili Qənirə Paşayevanı, Tatarıstanda
yaşayan soydaşımız
İsmət Orucəliyevi, şair Əkbər Qoşalını,
kitabın tərcüməçisi,
şair Həyat Şəmini fəxri fərmanlarla təltif edib. Eyni zamanda, onun kitabının nəşrində
iştirak etmiş hər kəsə - Əkbər Qoşalıya,
tərcüməçi Həyat
Şəmiyə, Şəmil
Sadiqə və digərlərinə təşəkkürnamələr
verib. Q.Paşayeva Razil Vəliyevə
təşəkkürnamə və xatirə hədiyyəsi təqdim edib.
Qeyd edək
ki, Razil Vəliyev Azərbaycana Millət vəkili Q.Paşayevanın dəvəti
(ABAİB, DGTYB və RHİMİB-in təşkilatçılığı) ilə təşrif buyurub.
Kitab Azərbaycanın
aparıcı kitabxanalarına,
tatar ədəbiyyatına
dair tədqiqatlar aparan alimlərə paylanacaq.
Tatarıstan Respublikasının Qabdulla
Tukay adına Dövlət və Musa Cəlil adına Respublika Mükafatı laureatı, Rusiya Federasiyasının Əməkdar
mədəniyyət işçisi,
Tatarıstan Respublikasının
Əməkdar mədəniyyət
işçisi Razil Vəliyev 2000-ci ildən Tatarıstan Respublikasının
Milli Kitabxanasının
Qəyyumlar Şurasının
başçısıdır. 2009-cu ildə "Tatmedia" ASC-nin Direktorlar Şurasında Dövlət Şurasının
nümayəndəsi, Tatarıstan
Dövlət Şurasının
mədəniyyət, elm, təhsil
və milli məsələlər komitəsinin
sədri təyin edilib.
Gənc şairin yaradıcılığı
sovet şairi Lev Oşaninin diqqətini cəlb edib. Bu məşhur
şəxsiyyətlə söhbətlər
Vəliyevin ədəbi
istedadına təzə
notlar bəxş edib: o, mahnı mətnləri yazmağa başlayıb. Müəllif, eyni zamanda,
dramaturgiya janrında qələmini sınayıb.
Razil Vəliyevin pyesləri Tatarıstanın teatr mədəniyyətində ciddi
iz qoyub. Bu əsərlərdə müasir cəmiyyətin problemli məsələləri
qaldırılıb, onları
tamaşaya qoymaq asan, bu tamaşalara
baxmaq maraqlıdır.
Razil Vəliyev
ədəbi yaradıcılığının
əvvəlində "Yalkın"
("Alov") jurnalının
ədəbi işçisi
kimi fəaliyyətə
başlayıb. Həmin dövrdə o, uşaq
ədəbiyyatı ilə
işləyirdi. Balacalar üçün
bir neçə kitab buraxıb, dünya klassiklərinin nağıllarını tatar
dilinə tərcümə
edib. R.Vəliyev nəsr sahəsində
də tanınmış
müəllifdir. Onun "Yaşamaq
istəyirəm!" adlı
povesti bir neçə dilə tərcümə edilib və Moskvada nəşr olunub.
1982-ci ildə bu əsər tatar şairi, Sovet İttifaqı Qəhrəmanı
Musa Cəlil adına
Tatarıstan Muxtar Sovet Sosialist Respublikasının Mükafatına
layiq görülüb.
Razil Vəliyev
həm də ictimai fəaliyyətlə
məşğuldur. O, bir neçə il
Naberejnıye Çelnı
Yazıçılar İttifaqının
katibi olub. Onun həmin vəzifədə
işlədiyi dövrdə
tatar yazıçılarının
əsərləri mətbuatda
çap edilməyə
başlayıb, o, ədəbi
görüşlər və
disputlar təşkil edib. Sonrakı dövrdə Vəliyev
SSRİ Yazıçılar İttifaqının İdarə
Heyətinin üzvü
və Şəhər
Sovetinin deputatı seçilib.
R.Vəliyevin adı Tatarıstanın hüdudlarından kənarda
da məşhurdur. O, beynəlxalq
simpoziumlarda çıxış
edir. 1993-cü ildə Razil Vəliyev ABŞ Bioqrafiya İnstitutunun versiyasına
görə XX Əsrin
Adamı seçilib.
Şahanə
MÜŞFİQ
525-ci qəzet.- 2019.- 2 avqust. S. 4.