Kino sənətimizin əbədi imzası

 

Azərbaycan milli kinosu günündə Xalq artisti Amaliya Pənahovanı anırıq

2 avqust Azərbaycan milli kinosu günüdür, yəni Bakıda hərəkət edən təsvirlərin ilk nümayiş günündən düz 121 il ötür. Bu tarixin 121 rəqəminə gəlib çatması bu tarix qədər çəkisi və xidmətləri olmuş insanların misilsiz əməyinin nəticəsidir.

Aktyor isə... Bəli aktyor kino sənətinin, kinematoqrafın güzgüsüdür. Əslində, tamaşaçı aktyor vasitəsilə rejissoru, prodüseri, ssenari müəllifini, kameramanı, bir sözlə, hamını görür. Hər şey aktyorun özünü ifadə vasitəsi, əsas fikri çatdırmaq imkanı və ən əsası yaşama məktəbindən asılıdır. Məktəb birdir, sadəcə hər aktyora bu məktəbə öz izini qoymağı nəsib etmir. Üstəlik, elə aktyorlar olur ki, zaman dəyişəndə, onlar yeni zamana, hətta cürətlə deyirəm, müasirliyə adaptasiya olmur. Arxivimə göz gəzdirirdim, təsadüfən qarşıma bir video çıxdı. 2015-ci ildə çəkilmiş, amma müəyyən səbəblərdən efirə verilməmiş bir serialdan səhnə idi. Xalq artisti, görkəmli kino və teatr aktrisası, rejissor Amaliya Pənahova çəkilmişdi. Amaliya xanımı fərqli ampulada görürdüm. Evində təsadüfi qonaq olan qızı sorğu-sual edirdi. Bu sorğu-sualda həm mərhəmət  vardı, həm də narazılıq. Niyə narazılıq? Çünki qızı onun evinə oğlu gətirmişdi, kömək məqsədilə. Amma təbii ki, qız bu ailə üçün yad idi, Amaliya xanım o yadlığı yüksək peşəkarlıqla nümayiş etdirirdi, gözləri və mimikaları ilə bu münasibəti çatdırırdı. Səhnə elə bu baxışlar və üz ifadələrinin sayəsində baxılırdı, qısa da olsa, yadda qaldı və inanmıram bir daha yaddaşımdan silinsin. Odur ki, biz kino işçiləri üçün əziz olan bugündə Amaliya xanımı xatırlamamaq mümkün deyil. Qeyd etdim ki, elə aktyorlar var ki, onlar yeni dövrə adaptasiya ola bilmirlər, söhbət pafos, yaxud yaşama məktəbinin pillələrindən getmir. Kinoda ümumiyyətlə, adaptasiya prosesi olmur, kino hərəkəti bədii təsvir vasitəsilə çatdırmaq imkanlarına malikdir. Bu imkanlar dedikdə təkcə işıq, rakurs, kompozisiya quruluşu və digər bədii təsvir vasitələrindən nəzərdə tutulmur, üz və sifət ifadələri, baxışlardan da söhbət gedir. Axı kino iri planları sevir. Amaliya Pənahova iri planların misilsiz ifaçısı idi, o, ekranda mimikaları ilə danışmağı bacarırdı. Səs imkanları isə sadəcə aktrisanın oyununa təkan vermiş olurdu.

Rejissor Adil İsgəndərovun ölməz "Əhməd haradadır?" kinokomediyasında Məsmə epizodik rolu ilə kinoya gələn Amaliya Pənahova kinoda da qala bildi. Şəhər və kənd personajları aktrisanın kino yaradıcılığında növbələşirdi. Əgər aktrisa "Mən mahnı qoşuram" bədii filmində Sonanın anası kimi sıravi kəndli qadını canlandırırdısa, "Mezozoy əhvalatı"nda fərqli xarakterli şəhərli Nərminə personajı diqqətimizi cəlb edir. Əlisəttar Atakişiyevin "Qərib cinlər diyarında" nağıl filmində isə Amaliya xanım hiyləgər cin qadını Zərrini canlandıraraq, Azərbaycan nağıl kinosuna yeni imza qoyur. Əslində, Sovet dövlətinin tərkibindən olmasaydıq, həmin film dünya nağıl filmləri ilə eyni səviyyədə dayana bilərdi. Çünki həmin illərdə Qərbdə kifayət qədər nağıl filmləri çəkilir, dünya ekranına vəsiqə qazanır və sevilirdi. "Qərib cinlər diyarında" isə Sovetlər ölkəsinin sərhədləri ilə məhdudlaşdı, buna rəğmən sevildi. Amaliya xanımın Zərri isə filmin personajları arasında daha parlaq və yaddaqalandır. Qəribi yoldan çıxartmağa çalışan Zərrinin gözlərindən hiyləgərlik yağır, amma Amaliya xanım bu hiyləgərliyi mümkün qədər gizlətməyə çalışır ki, bu da ənənəvi sovet nağıl filmlərinin stereotiplərini sındırmış olur. Yəni tamaşaçı başa düşməlidir ki, aktyor tərəf müqabili ilə körpü yaratmağa müvəffəq olur və yaşamaq məktəbinin bir prinsipi elə budur.            

Amaliya Pənahovanın kino yaradıcılığında "Babək" epik filmində yaratdığı Zərnisə obrazı xüsusilə diqqətçəkəndir. Amma bu barədə kiçik bir haşiyəyə çıxandan sonra danışacağam. Orta əsr tədqiqatçıları yazır ki, Qafqazdan olan xanımlar mərdlikləri və cəsarətləri ilə seçilirdi, onlar lazım gələrsə ərləri ilə bərabər silah götürüb döyüşə atılırdılar. Amaliiya Pənahovanın "Babək" epik filmində yaratdığı Zərnisə personajı məhz həmin cəsarətli xanımların rəmzidir. Ümumiləşmiş sözünü qeyd etməsəm də, Amaliya xanım öz ifası ilə ümumiləşmiş xətt ortaya qoyur. Aktrisa Zərnisəni təkcə güclü, məğrur, eyni zamanda, bic lider qadın olaraq təqdim etmir, ssenaridən gələn məziyyətlərə uyğun olaraq, qayğıkeş ana kimi göstərməyə çalışır. Ümumiyyətlə, Amaliya Pənahova kino personajlarına bir xətli yanaşmayıb, hər dəfə personajların alt qatlarında gizlənən "mən"ləri taparaq üzrə çıxarmağa çalışıb. Qeyd etdiyim kimi, Amaliya xanım kino üçün xarakterik olan iri planlar aktrisası idi, o, istənilən dramatik məqamı gözləri və sifət ifadələri ilə aydın şəkildə çatdıra bilirdi.

Onun, tamaşaçıların sevə-sevə baxdıqları "Arxadan vurulan zərbə" detektivində yaratdığı Ziba obrazını da - burada artıq personaj yox, obraz sözünü işlədirik - xüsusi qeyd etmək lazımdır. Zibanın "Ə bu nə maşındır gətirmisən, başqa maşın tapılmadı mənə?" xitabı ilə Amaliya Pənahova çarəsiz vəziyyətdə qalsa da, çıxış yolu tapmağa çalışan qadının narahatlığını ustalıqla ifadə edə bilmişdi. Bu ifadə film ekranlara çıxandan sonra dillər əzbəri olmuşdu.

Amaliya Pənahovanın kino yaradıcılığında Muradovun arvadı personajı da diqqəti çəkir. Sovet İttifaqının günahlar şəhərinə çevrilmiş Sumqayıt və onun sakinlərinin faciləli həyatından bəhs edən "Mənim şəhərim" bədii filmi dramatik səpgidədir. Zavod direktoru Muradovun (S.Aslan) cinayətkar bandanın əlində oyuncağa çevrilməsi, üstəlik, oğlunun polisə düşməsi qadının əsl faciəsini ortaya qoymuş olur. Amaliya xanım dramatizmi bu dəfə də gözləri ilə təqdim edir. Ekranda gələcəyi şübhə altında olan qadının faciəsini görürük. Çıxış yolu var: zəhər emal edən o sex bağlanmalıdır, amma Amaliya Pənahovanın personajı bu məsələdə hədsiz acizdir. Bununla da Amaliya xanım "Mənim şəhərim"də möhürvuran personaj yaratmağa müvəffəq olur.

2007-ci ildə Amaliya Pənahovanın çəkildiyi "Nəfəs" qısametrajlı bədii filmindəki Ağabəyim personajı aktrisanın gənclərə hər zaman dəstək olmasından xəbər verirdi. Filmə gəldikdə isə, digər kino personajlarından fərqli olaraq, bu filmdə Amaliya xanım oyun texnikasını müəllif kinosunun tələblərinə uyğunlaşdıra bilmişdi. Bir daha burada da qeyd edirəm ki, Amaliya Pənahova üçün kino yaradıcılığında - elə teatrda da - janr sərhəddi olmayıb. Onun ustalığını səciyyələndirən ən vacib amillərdən biri də elə bu idi. O, sadəcə yaşayırdı, kino üçün zəruri olan da elə budur. Yaşamaq, sözsüz fikri çatdırmaq.

 

2009-cu ildə rejissor Rövşən Almuradlının çəkdiyi "Cavad xan" bədii filmində Amaliya Knyaginya Darya personajını yaradır. XIX əsr rus zadəgan xanımını yaratmaq Amaliya xanımın personajlar qalereyasında təzad idi. Həmişə milli personajları yaradan və onlara möhür vuran aktrisa bu dəfə başqa bir millətin nümayəndəsini təqdim edirdi. Əslində, mürəkkəb heç nə yox idi, sadəcə fərq onda idi ki, Amaliya xanım milli ruhlu personajlarının yanına həmin milli ruha qənim kəsilən işğalçı qadını yaratmalı idi. Amma aktrisa bu dəfə başqa bir texnika ortaya qoyur. İstənilən halda Zərnisə, kimi Knyaginya Darya da qadındır və hər şey qadın xətti üzərində cəmlənməli idi. Amaliya xanım bu xətti uğurla təmin edərək, milliyətindən asılı olmayaraq qadın təqdim etmiş olur ki, bu da aktrisanın adaptasiyadan savayı, manevr imkanlarından xəbər verirdi.       

Amaliya Pənahovanın səsi kino üçün tapıntı idi. Filmlərin səsləndirilməsi və dublyajı prosesində yaxından iştirak edən Amaliya xanım hətta rolunu zəif ifa etmiş aktrisanın belə "eyiblərini" misilsiz və özünəməxsus səsi vasitəsi ilə örtmüş olurdu. Odur ki, "dublyaj rolun 50 faizi deməkdir" ifadəsini heç də təsadüf işlətmirlər.  Filmin səsləndirilməsi prosesi bəzən çəkiliş prosesindən də çətin və mürəkkəb olur. "Gün keçdi"nin Əsməri, "Dədə Qorqud"un Selcanı, "Alma almaya bənzər"in Aişəsi, "Var olun qızlar"ın Sonası və daha neçə-neçə personal Amaliya Pənahovanın səsi ilə dilə gəlmişdi və populyarlıq qazanmışdı.

Televiziya kinonun törəməsi, övladıdır. Amaliya Pənahova Azərbaycanın televiziya teatrının inkişafında həm aktrisa, həm də rejissor kimi misilsiz xidmətlər göstərib. "Topal Teymur", "Qapalı orbit", "Ömrün yolları", "Təkan" (həm də rejissor), "Mənim günahım" (həm də rejissor), "Sənsiz" (həm də rejissor) tele-tamaşalarında aktrisa teatr və kino sənətinin vəhdətini təqdim etmiş olur. A.Pənahovanın "Qapalı orbit" tele-tamaşasında yaratdığı Marqaret personajı əslində, var-dövlət içində yaşayan bədbaxt qadındır. Həyat yoldaşı Uolter həyatın mənasını pulda görsə də, Marqaret ona yad olan bu mühitdə özünü tapmağa çalışır. Amaliya Pənahova tele-tamaşanın bir sıra səhnələrində amerikalı qadının faciəsini yalnız sükutla təqdim etmiş olur ki, bu da süjet xəttinin dramatikliyinə təkan vermiş olur. A.Pənahovanın rejissor kimi quruluş verdiyi Şıxəli Qurbanovun "Sənsiz"i ötən əsrin 80-ci illərinin sonunda başlanan Azərbaycan xalqının milli-azadlıq mücadiləsi ərəfəsində hər birimizin ürəyindən xəbər verirdi. "Sənsiz", Sevincin (Amaliya Pənahova) və Tərlanın (Füzuli Hüseynov)  timsalında dünyada repressiyaya məruz qalmış bütün ailələlərin faciəsini əks etdirirdi. Amaliya Pənahovanın məharəti onda idi ki, həm rejissor, həm də aktrisa qismində çıxış elədiyi bu tamaşada hər iki missiyanı dəqiq yerinə yetirə bilmişdi. Amaliya xanım ekranda idi, eyni zamanda, ekranın arxasında dayanaraq, bütün əhvalatı mükəmməl şəkildə idarə edirdi. "Sənsiz" mövzusuna görə Azərbaycan ekranında yeni idi. Düzdür, növbəti illərdə rejissorlar bu və ya digər şəkildə repressiya mövzusuna müraciət etmişdilər. Amma ilk dəfə bu mühüm addımı atan Amaliya Pəhanova oldu, üstəlik, rejissor kimi. Əslində, hər aktyor bu cür çətin missiyanı üzərinə götürərək, uğurlu əsər ortaya qoya bilməzdi. Söhbət təkcə peşəkarlıqdan deyil, eyni zamanda, cəsarətdən gedirdi. Bu tamaşaların hər biri bu gün Azərbaycan Dövlət Televiziyasının Qızıl Fondunda qorunub saxlanılır və bu bütün Azərbaycan xalqının mədəni irsidir.        

 

Amaliya Pənahovanın 1992-ci ildə təsis etdiyi və ömrünün sonuna qədər rəhbərlik elədiyi Bakı Bələdiyyə Teatrında təkcə teatr ənənələri yaşamırdı. Amaliya xanım teatral ustalığı ilə yanaşı, kino ustalığınıda bu teatrda, daha doğrusu, teatrın aktyor və aktrisa heyətinə ötürməyə çalışırdı. Təsadüfi deyil ki, bu gün filmlər və seriallarda çəkilən sənətçilərin arasında Bakı Bələdiyyə Teatrının aktyor və aktrisalarının parlaq imzasını görmək mümkündür. Bu isə bilavasitə teatra rəhbərlik etmiş Amaliya Pənahovanın özündən sonra nəsil yetişdirmək məqsədindən doğurdu.

Əslində, Amaliya Pənahovanın yaratdığı personajlar ayrı-ayrılıqda deyil, bütöv bir personajın müxtəlif personajlarıdır. Qəliz səslənsə də bu, belədir, çünki ustad sənətkarın yaratdığı hər bir personaj o özüdür. Xarakterinə zidd olan personajlar olsa belə Amaliya xanım hər bir kino personajı özününküləşdirməyi bacarmışdı. Bəlkə də elə buna görə rejissorlar ona müraciət edir və onunla çəkiliş meydançasında işləməkdən zövq alırdılar. Hər kəs personaj təqdim edə bilər, amma ona əbədi imza qoymaq hər bir bir aktyorun yükü  imkanı deyil. Kino sənətimizin əbədi imzası Amaliya xanım, milli kino gününüz mübarək! Siz həmişə bizimləsiniz!     

 

Kamran QASIMOV

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin dissertantı

525-ci qəzet.- 2019.- 2 avqust. S. 5.