Türk dünyasının iki
böyük insanının dostluq hekayəsi
Vilayət Quliyevin
"Atatürk və Əhməd Ağaoğlu" kitabı
haqda qeydlər
Tarix nə qədər arxada qalırsa-qalsın, öz
metafizik yaddaş qanunauyğunluqları ilə elə bir əbədi
yaşamaq hüququ qazanır ki, biz onu həmişə
öndə görürük. Və öz
araşdırmalarında bu həqiqətə (metodologiyaya!) əsaslanmaq
hər tədqiqatçının deyil, yalnız tədqiqatçı-mütəfəkkirin
yoludur ki, Vilayət Quliyev əlinə qələm
aldığı 1970-ci illərdən məhz bu yolla gedir... Onun üçün ədəbiyyatın, mədəniyyətin,
ictimai fikrin, eləcə də bu dəyərlərə xidmət
etmiş hər bir şəxsiyyətin tərcümeyi-halı
təkcə arxiv sənədlərində, yaxın
adamların xatirələrində qalmır, həm də cəmiyyət
irəli getdikcə qarşısına çıxıb ona əbədi
həqiqətin dərslərini deyir.
Görkəmli ədəbiyyatşünas, publisist, tərcüməçi
və diplomat Vilayət Quliyevin, demək olar, bütün əsərləri,
ilk növbədə, zəngin mənbələrə əsaslanır. Ancaq
vurğulamaq lazımdır ki, müəllif həmin mənbələri
oxucuya sadəcə təqdim eləmir, onların
daşıdığı həyat enerjisinin
rekonstruksiyasına daha çox diqqət yetirməklə
insanın əqidə, münasibət və
ehtiraslarının canlı tarixi mənzərələrini
yaradır, keçmişlə bu günü bir-biri ilə
bağlamağa çalışır.
Yeni əsəri
"Atatürk və Əhməd Ağaoğlu"nun ilk
cümlələrində Makedoniyalı İsgəndərlə
Atatürkün müqayisəsini verən müəllif tamamilə
haqlıdır ki, Atatürk də cahanşümul sələfi
kimi dövrünün ağıllı adamlarını, nəinki
Türkiyə, ümumən türk dünyası
ziyalılarını başına yığıb onlarla məsləhətləşir,
bütün dünya türkləri üçün
qurtuluş yolları arayırdı. Təbii ki, öncə
Türkiyənin taleyi gəlirdi...
"Atatürk
vətənləri bolşevik işğalına
uğradığından qardaş Türkiyəyə üz
tutmaq məcburiyyətində qalan Məhəmməd Əmin Rəsulzadə,
Əhməd Ağaoğlu, Əlibəy Hüseynzadə,
Əhməd Cəfəroğlu, general Mehmet Nuri Berköz kimi
Azərbaycan ziyalılarını, ictimai-siyasi və hərbi
xadimlərini də yaxşı tanıyırdı. Zəruri məqamlarda Cümhuriyyət Türkiyəsinin
ideoloji, elmi-mədəni tələbatlarının təmin
olunması, milli maraqlarının qorunması baxımından
onların bilik və bacarıqlarından, intellektual
potensialından yararlanmağa
çalışmışdı".
Lakin Əhməd Ağaoğlunun yeri müstəsna idi. Özünü heç bir
türk (və türkçülük) mücahidindən
aşağı saymayan, təbiət etibarilə
çılğın, həmişə liderlik iddiasında
olan bu şəxsiyyət, ideoloji döyüşlər cəngavəri,
tarixin şahidliyindən də bəlli olduğu kimi,
Atatürkün siyasi nüfuzu, rəsmi mövqeyi ilə əlüstü
razılaşmaqdan daha çox, onunla hesablaşmağa
üstünlük verirdi. Çünki
Atatürkdən yaşlı və təcrübəli olan
Əhməd Ağaoğlunun daxilində qaynayan qeyri-məhdud
hissiyyatlar Atatürkün hərbçi-rəsmiyyətçi
(sonralar isə dövlət qurucusu)
soyuqqanlılığı ilə üst-üstə
düşə bilməzdi.
Vilayət Quliyev Atatürklə Əhməd
Ağaoğlu arasındakı münasibətlərin tarixini
"Addım-addım Atatürkə doğru" ilə
başlayıb, "Cümhuriyyət düşüncələri,
yaxud yeddi ay Atatürksüz"lə bitirir. Və qeyd etmək
lazımdır ki, 1920-ci illərin əvvəllərindən
1930-cu illərin sonlarına qədər davam edən bu
dövr yüzlərlə görkəmli şəxsiyyətin
münasibətlərinin taleyinin həll olunduğu, başda
Atatürk olmaqla, çoxlarının tarixi missiyalarına
nöqtə qoyulduğu, ancaq Türkiyə Cümhuriyyəti
tarixinin başlandığı və bərqərar olduğu
dövrdür.
Həmin dövrün - Cümhuriyyət quruculuğu
tarixinin şəriksiz qəhrəmanı, şübhəsiz,
dahi Atatürkdür. Lakin heç vaxt güman etmək olmaz ki, həmin
quruculuq tarixi, nə qədər böyük siyasi iradə
sahibi olsa da, yalnız Atatürkün milli mücadilə tərcümeyi-halı
ilə məhdudlaşır... Yeri gəlmişkən, Səməd
Ağaoğlu "Atamın dostları"nda (bu kitabı da
Azərbaycan dilinə Vilayət Quliyev çevirib nəşr
etmişdir) yazır ki, Böyük Millət Məclisində
öz məşhur nitqini söyləyərkən fasilədə
Əhməd Ağaoğlunun nitq barədə rəyini
soruşur. Və Əhməd bəy
üstüörtülü, ancaq aydın hiss ediləcək
bir tərzdə bildirir ki, natiq milli mücadilə tarixində
başqalarına az yer verir... Əlbəttə, o dövrün şərtləri
daxilində Atatürk ona görə haqlı idi ki,
Cümhuriyyət quruculuğunun monolit siyasi-ideoloji
bütövlüyünü təmin etmək, hər cür kənar
müdaxiləyə müqavimət göstərməyə
qadir bir dövlət orqanizmi yaratmaq lazım gəlirdi.
Ancaq Əhməd Ağaoğlu da öz
prinsipiallığında haqsız deyildi... Hələ onu
demirik ki, birinci şəxsin - Qurtuluş Savaşı öndərinin
qarşısında çəkinmədən bu prinsipial
mövqeni müdafiə etmək və dilə gətirmək
də hər adamın öhdəsindən gələ biləcəyi
asan məsələ sayılmamalıdır...
"Atatürk
və Əhməd Ağaoğlu"da hadisələr xronoloji
ardıcıllıqla verilsə də, müəllif həmin
ardıcıllığın dramatik məqamlarını
ön plana çəkir: ...Ankaraya - çoxdan gözlənilən
görüşə... Və "İrşad heyəti"
ilə Qarsa... Paşaların yanında paşalara
qarşı... Əhməd bəyə müxalifətçilik
təklif olunur... Partiya quruculuğu zəminində fikir
toqquşmaları... Qalmaqallı İzmir gəzisi...
Böyük adamın kiçik qisası... Sərbəst Firqənin
bağlanması... Tənha müxalifətçi... Ailə
dostu Atatürk... Və beləliklə, əsər
bütün informativ zənginliyi, təfsilat-təfərrüat
miqyası ilə yanaşı, elə bir epik mükəmməllik
qazanır ki, müraciət olunan heç bir lad-məlumat həmin
mükəmməlliyin hüdudlarını aşıb
Atatürklə Əhməd Ağaoğlu arasındakı
münasibətlərin harmoniyasına xələl gətirəcək
dərəcədə yad və ya təsadüfi səslənmir.
Əksinə, Atatürk və Əhməd
Ağaoğlu münasibətləri Vilayət Quliyevin son dərəcə
peşəkar (və hər cəhətdən ilhamlı) təqdimatında
bitkin bir simfoniya təəssüratı yaradır.
Siyasi və dövlətçilik həyatının
müxtəlif məsələləri ilə bağlı bəzən
Atatürklə mübahisə aparan, bir sıra məqamlarda hətta
ondan acı sözlər eşidən Əhməd
Ağaoğlu bu böyük insanın ölüm xəbərini
eşidəndə olduqca sarsılmışdı. Həmin acı günlərdə
sonsuz kədər və ələmini dilə gətirərək
yazmışdı: "Atatürkün vəfatı məni təsəvvür
edilməyəcək dərəcədə sarsıtdı.
...Özümü dərin və qaranlıq bir uçurumun kənarında
gördüm, başım fırlandı. Onsuz həyat mənə boş və
acı gəldi. Onun içimdə bu qədər
yaşadığını əsla təsəvvürümə
gətirə bilməzdim. Bu günün özündə
belə Onun ölümünə inana bilmirəm..."
Əhməd
bəyin həyatının son savaşı,
Atatürk-Ağaoğlu münasibətlərinin son akkordu olan
mübarizəni müəllif belə təsvir edir:
"Atatürkün ilke (prinsip) və inqilablarına
müxalif qəzetlərin, məcmuələrin səhifələrində
türk millətinə ikinci həyat gətirmiş
böyük bir insanın şəxsiyyətini, əməl və
mübarizəsini təftiş, təhrif, bəzən hətta
təhqir edən qərəzli yazılar, az da olsa,
görünməyə başlamışdı. İsmət
İnönünün cumhurbaşkanı postuna yiyələnməsi
ilə "Dövri-İsmət gəldi!" deyə məddahlıq
üçün yeni büt tapanların əl-qolu
açılmışdı. Belə şəraitdə
xəstəliyinə, güc və enerjisinin tükənməsinə
baxmayaraq, Əhməd bəy mətbuat aləminə
qayıtmağı, Atatürk əleyhdarları ilə fikir
mücadiləsi aparmağı özünün mənəvi
borcu saymışdı. Türk dünyasının
böyük oğlunun adına və əməllərinə
qara yaxmağa çalışan bəzi muzdlu qələm
qoçularına: "Napoleon öləndən sonra heç
bir fransız onun əleyhinə yazı yazmağı
ağlına gətirməmişdi", - deyib onları
utandırmağa çalışmışdı. Türk millətini, Atatürk daxil, bütün
öz böyük insanlarına sayğı və sevgi ilə
yanaşmağa səsləmişdi".
Etiraf edək ki, bu sətirlər Əhməd
Ağaoğlunun şəxsində bir siyasətçinin
deyil, bir dastan qəhrəmanının obrazını
canlandırır.
Ümumiyyətlə, böyük tarixi şəxsiyyətlərin tərcümeyi-halına səmimi-intim nəzər nöqtəsindən yanaşmaq nə qədər çətindirsə, bir o qədər də önəmlidir. Və bu paradoks tələb edir ki, həmin yanaşmalarda nə şəxsiyyət "zədələnsin", nə də onun fərdi aləmi, gərgin (və mürəkkəb) siyasi-ideoloji mübarizələrdə keçirdiyi psixoloji yaşantıların təsvirindən tamamilə qaçılmaqla şəxsiyyəti şəxsiyyət edən insani başlanğıc unudulsun. Vilayət Quliyev tarixi şəxsiyyətlərin publisistik obrazını yaratmaqda, heç şübhəsiz, böyük məharət sahibidir. Və bu məharət ən çox ondan irəli gəlir ki, müəllifin tədqiqatçı-publisist istedadı onun psixoloji analiz (və təqdim) maneralarının çoxçalarlılığı ilə bilavasitə səsləşir.
Vilayət Quliyev tarixi şəxsiyyətlərin həyatına, eləcə də tarixi hadisə- münasibətlərə bir mənbəşünas-bioqraf kimi daxil olsa da, apardığı təhlillərdən çıxardığı nəticələr, verdiyi ümumiləşdirmələr "arxiv" üslubunun statistik neytrallığından tamamilə uzaq olub, ümumən dövr, zaman, həmin dövrün, zamanın insan xarakterləri, hadisə-münasibətlərin mahiyyəti barədə olduqca canlı etik-fəlsəfi mühakimələrə qədər o dərəcədə şaxələnir ki, tarix müasirləşir, bu gün baş vermiş kimi, isti təəssüratları ilə görünür.
Əlbəttə, Əhməd Ağaoğlunun tərcümeyi halı öz-özlüyündə nə qədər zəngin olsa da, Atatürklə münasibətləri onun xarakteri barədə daha dolğun təsəvvür yaratmaq baxımından xüsusi əhəmiyyət daşıyır. Və müəllifin həmin münasibətlərin hərtərəfli və obyektiv tədqiqindən gəldiyi ən mühüm nəticələrdən biri də budur ki, "Mustafa Kamal Atatürk dövrünün böyük hərbi və dövlət xadimi, İstiqlal Savaşının Qazisi, Cümhuriyyət qurucusu olmaqla bir sırada, həm də qüdrətli fikir adamı, yenilik və islahat carçısı idi. Xüsusilə həyatının son illəri türk insanının inkişafının qarşısını alan, ona qlobal, ümumbəşəri miqyaslara çıxmağa imkan verməyən "orta idrak"ın keyfiyyətcə daha yüksək milli mədəni-mənəvi mərhələ ilə əvəzlənməsi uğrunda mübarizədə keçmişdi. Aralarındakı bütün mübahisələrə, fikir toqquşmalarına baxmayaraq, Əhməd Ağaoğlu həmin mübarizədə onun ən sadiq müttəfiqlərindən biri idi"...
Şübhə etmirəm ki, görkəmli ziyalımız, böyük düşüncə və təfəkkür sahibi Vilayət Quliyevin bu əsəri də milli ictimai fikir tariximizin mükəmməl mənbələrindən birinə çevriləcəkdir.
"Atatürk və Əhməd Ağaoğlu" kitabı, heç şübhəsiz, bu il anadan olmasının 150 illiyi qeyd edilən böyük türkçü və böyük fikir adamı Əhməd Ağaoğlunun yubileyinə Azərbaycan ədəbiyyatşünaslığının, milli tarixi-ictimai fikrin diqqətəlayiq töhfələrindən biridir.
Kitabın Mustafa Kamal
Paşanın - böyük Atatürkün öndərliyi ilə
Türkiyəni bir dövlət kimi dünya xəritəsindən
silməyə çalışan güclərə
qarşı türk İstiqlal Mücadiləsinin - Qurtuluş
Savaşı başladılmasının 100 illiyinə təsadüf
etməsi də onun başqa bir məziyyəti
sayılmalıdır.
Nizami
CƏFƏROV
525-ci qəzet.- 2019.- 3 avqust.- S.7.