Azərbaycan ədəbiyyatında
Məmməd Səid Ordubadi imzası
XX əsr
Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi,
nasir, şair, dramaturq, ədəbiyyatşünas, tərcüməçi,
böyük ictimai Məmməd Səid Ordubadi çoxşaxəli
fəaliyyəti, zəhmətkeşliyi və novatorluğu ilə
təkcə ədəbiyyat deyil, ümummədəniyyət
tariximizə öz imzasını qızıl hərflərlə
yazmış sənətkarlardandır.
Qədim tarixə, köklü ənənələrə
malik Azərbaycan ədəbiyyatının müəyyən
dövrünü M.S.Ordubadi adı olmadan düşünmək
mümkün deyil. O, istər şeirlərilə şair kimi, istər
romanları (xüsusən, tarixi romanları) ilə nasir kimi,
istərsə də publisistik yazıları ilə jurnalist
kimi XX əsr ədəbiyyatımızın inkişafında
bilavasitə rol oynamışdır.
Ordubadi
"mollanəsrəddinçi şair" kimi
M.S.Ordubadi ədəbi yaradıcılığa 14-15
yaşlarında başlamışdır. Müəllimləri
Mirzə Baxış və Sidqi onda şeirə,
yaradıcılığa olan meyl və həvəsi daha da
artırmışdılar. Bu barədə o, öz xatirələrində
belə deyirdi: "Mən şeir demək və
yazıçı olmağa heç də həvəslənmirdim.
Atamın yazdığı şeirlərin
palçıq içərisinə atılması heç də
yadımdan çıxmırdı. Bir
çox zamanlar anam da buna mane olurdu. Çünki
atamın şeir sənətindən nə kimi fəlakətlər
çəkdiyi onun gözünün qabağında idi.
Lakin məktəb
və şeirləşmə işi özüm də hiss etmədiyim
bir surətdə məni şeir yazmağa öyrətdi".
Ordubadi
aşiqanə parçalardan ibarət olan ilk şeirlərini
Azərbaycan və fars dillərində
yazmışdır. Bu ilk şeirlərə nümunə kimi
aşağıdakı misraları göstərmək olar:
Əzizim,
hicri-qəmin aşiqə müsibət olur,
O sərv
qamətini görməsəm qiyamət olur.
Səfayi-gülşənə
çıxma, xəzanə görsənmə,
O gül
camalı qızıl gül görüb xəcalət olur.
Akademik
İsa Həbibbəyli özünün "Böyük ədəbiyyat
nəhəngi Məmməd Səid Ordubadi" adlı
monoqrafiyasında onun şeir yaradıcılığı
haqqında yazır: "Böyük ədib XIX əsrin
sonlarından etibarən ömrünün axırına qədər
şeir yaradıcılığı ilə məşğul
olmuş, çoxsaylı ictimai məzmuna malik lirik şeirlər
və satirik şeir nümunələri yaratmışdır.
Lakin çox təəssüf ki, Məmməd
Səid Ordubadinin publisistikası kimi, şeirləri də
yazıçının vəfatından sonra toplanılaraq
ayrıca kitablarda nəşr olunmamışdır. 1964-cü ildə çıxan "Əsərlər"inin
birinci cildində verilmiş şeirlər isə Məmməd
Səid Ordubadinin zəngin şeir
yaradıcılığını tam əhatə etmir".
M.S.Ordubadinin
cəhalət və nadanlıq əleyhinə
yazdığı "Ədəbiyyat" adlı ilk mətbu
şeiri Tiflisdə çıxan "Şərqi-rus" qəzetinin
13 iyul 1903-cü il tarixli 31-ci sayında dərc olunur.
1906-cı il Tiflisdə "Qəflət",
1907-ci ildə isə "Vətən və hürriyyət"
adlı şeir kitabları çap edilir. 1906-cı
ilin aprel ayından nəşrə başlayan "Molla Nəsrəddin"
jurnalı gələcək ədibin yaradıcılıq
inkişafına böyük təsir göstərmişdi.
Ordubadinin "Politika aləmindən" adlı felyetonu
jurnalın 2 iyun 1906-cı il tarixli 9-cu
sayında çap edilir və beləliklə, o, jurnalın əsas
əməkdaşlarından biri olur.
O, ana
dilində yazdığı şeirləri "Səid
Ordubadi", yəni "xoşbəxt ordubadlı" təxəllüsü
ilə yazırdı.
Şairin ilk şeirlərindən maarifçi, vətənpərvər
ruhu özünü göstərməyə
başlamışdı. 32 səhifəlik "Qəflət"
kitabına müqəddiməni məşhur publisist Ömər
Faiq Nemanzadə yazmışdı. Həmin
müqəddimə də şairin mollanəsrəddinçilərlə
səsləşdiyini təsdiq edir. Kitaba
daxil edilmiş nümunələrin sadə dili,
yığcamlığı, tərbiyəvi motivlər, milli
ruh mollanəsrəddinçilərin ədəbi
platformasına yaxın idi.
"Qəflət" kitabı bütün orta əsr
boyu da nəzərə çarpan, fəqət XIX əsrdən
başlanıb, XX əsrin əvvəllərində bir qədər
də qüvvətlənən, "dadi-qəflət"
motivinin yeni ədəbi-ictimai mərhələyə
keçid səviyyəsində təqdimatı idi. Ordubadi bu
kitabında geniş mənada artıq qəflət fəlakətindən
qurtuluşun açarının hürriyyətdə
olduğu barədəki düşüncələrini də
gündəmə gətirir. Bu cəhətdən "Qəflət"
XX əsrin əvvəllərində Azərbaycan ədəbiyyatında
qəflət əleyhinə yönəlmiş cəsarətli
kitablardan biridir:
Gəl,
qardaş, ataq qəfləti bilmərrə kənarə,
Bir az da qəflət qala, olmaz dəxi çarə...
Hər
bir işimiz getdi, qalıb qəlbdə həsrət,
Avarə qoyan bizləri qəflətdi, bu qəflət.
Ədəbiyyatşünas İslam Ağayev yazır ki,
"1906-cı ildə M.S.Ordubadinin "Molla Nəsrəddin"
jurnalında yeddi satirası çap olunub. Ordubadi
yaradıcılığında Sabirlə yanaşı, C.Məmmədquluzadənin
də təsiri böyük idi. Amma getdikcə
Ordubadinin şeirləri büllurlaşır və onun satirik
istedadı parlayırdı".
Şairin ilk kitabları hesab olunan "Qəflət",
"Vətən və hürriyyət"də o,
maarifçi kimi diqqət cəlb edir. "Molla Nəsrəddin"
jurnalının təsiri ilə getdikcə Ordubadi
yaradıcılığında inkişaf və dəyişmək
müşahidə olunurdu. Artıq o,
klassik şeir ənənələrindən imtina edərək
satirik poeziyaya üz tutur, xalqı narahat edən, cəmiyyəti
korlayan bir sıra mətləbləri satirik gülüş
vasitəsilə qələmə alırdı. Getdikcə onun poeziyasında tənqidi motivlər
güclənir, feodal üsul-idarəsi, nadanlıq, cəhalət,
Şərq despotizmi başlıca ifşa obyektinə
çevrilir.
O,
şeirlərini bir sıra fərqli imzalarla yazmağa
başlayır. Bəzən açıq, bəzən isə
"Hərdəmxəyal", "Bəhayi", "Məsa",
"Divanə", "Ruhi-reyhan" və s. kimi gizli imzalar
jurnal və qəzetlərin səhifələrində
görünməyə başlayır.
M.S.Ordubadinin "Molla Nəsrəddin" jurnalı ilə
ünsiyyəti, sonralar isə sıx
bağlılığının bir səbəbi də onun hələ
keçən əsrin sonlarında böyük
yazıçı, dramaturq C.Məmmədquluzadə ilə
şəxsi tanışlığı idi. Yazıçı bu haqda
özünün "Böyük ədiblə
görüşlərim" adlı xatirəsində yazır:
"Mən böyük ədibimiz Mirzə Cəlil Məmmədquluzadə
ilə birinci kərə Şürbi Mirzə Cəlilin vasitəsilə
tanış oldum. Gənc olduğum zaman
Naxçıvana getmişdim. Naxçıvan şairlərindən
Bala Əşrəf məni Şürbi Mirzə Cəlil ilə
tanış etdi. Bu tanışlıq mənim
Mirzə Cəlil Məmmədquluzadə ilə birinci kərə
görüşməyim üçün zəmin
yaratdı..."
Daha sonra kitablarının çapı ilə əlaqədar
Tiflisə - "Qeyrət" mətbəəsinə gedib-gələn
Ordubadinin Mirzə Cəlillə həm yaradıcılıq, həm
də şəxsi dostluq əlaqələri möhkəmlənməyə
başlayır. Onun "Molla Nəsrəddin"
jurnalının əməkdaşları ilə
yaxınlığı təkcə Mirzə Cəlillə
yekunlaşmırdı. O, Ömər Faiq Nemanzadə ilə
dostluq edir, Mirzə Ələkbər Sabirin satiralarından bəhrələnirdi.
O dövr
satirik yazarlarının, xüsusən, mollanəsrəddinçilərin
qələminə xas qadın hüquqsuzluğu mövzusundan
Ordubadi də yan keçmirdi. Cəmiyyətdə
tez-tez qarşılaşdıqları, çoxlarının
adi, onların isə ürək ağrısı ilə
qarşıladıqları Şərq qadınının
hüquqsuz, kölə vəziyyətinə, Azərbaycan
qadının acı həyatına qarşı mübarizə
aparan ədib bu halların bilavasitə şahidi idi. Şair cahil, nadan kütlənin azyaşlı
qızları vaxtından əvvəl özlərindən dəfələrlə
böyük qocalarla evləndirməsinə, elmdən, təhsildən
uzaq tutmasına özünün kəskin etirazını
bildirir, bunun gələcəkdəki acı nəticələrindən
söz açırdı. O, bəzən bu və bu kimi
problemləri dilə gətirərkən müxtəlif sənətkarlıq
priyomları işlədir, oxucuda gülüş yaradaraq onu
düşünməyə vadar edirdi. Məsələn,
"Qızı qocalmış övrət ərinə
deyir" satirası da bu səpkidə qələmə
alınıb. On bir yaşlı
qızının ərə getməməsini özünə
böyük dərd sayan ana bu barədə ərinə gileylənir.
Bu, cahillik, nadanlıq, cəmiyyətin
tutulduğu xəstəlik deyilmi?!
Ordubadinin poeziyasında qəzəllər və mənzum
hekayələr də yer tutur. Qəzəllər
sayca çox azdır və heç bir orijinallığı
ilə seçilmir. Mənzum hekayələr
isə onun şeirləri ilə ideya-məzmun
baxımından səsləşir. Bunlardan
"Karvan" alleqorik şəkildə, qalan mənzumələrin
bir qismi isə satirik planda yazılıb. Nisbətən
ciddi mövzulu mənzumələri də az
deyil. "Yurdsuz çocuq", "Vaiz və kəndçi",
"Molla və rəssam", "Kəndə traktor gəlir",
"Tamahkar doktor" kimi mənzum hekayələrində
yaşadığı cəmiyyətin müxtəlif problemləri
özünəməxsus dildə qələmə
alınıb.
O, həm
də lirik şeirlər müəllifidir. "Bahar
çiçəkləri", "Şeir və məhəbbət",
"Borjom", "Bahar", "Ararat dağı",
"Dilican yolunda" kimi poeziya nümunələri təbiət
təsvirləri ilə, pak duyğuların sadə ifadəsi
ilə diqqəti cəlb etsə də, o qədər də
orijinal və yenilikçi deyil.
Dediyimiz kimi, Ordubadi yaradıcılığının
ilk illərindən ömrünün sonuna qədər həmişə
şeir yazmış, poeziya ilə məşğul
olmuşdur.
Onun müxtəlif vaxtlarda "Mollanın yuxusu" (1927),
"Kənd alverçisi" (1929),
"Şeirlər" (1929),
"Köhnə adamlar" (1930), "Mənim şeirlərim"
(1930), "Din əleyhinə
şeirlər" (1937),
"Seçilmiş əsərlər və hekayələr"
(1950) adlı kitablarında satirik şeirləri və mənzum
hekayələri toplanıb.
Bütün
müxtəlif səpkili, fərqli mövzulu və janrlı
şeirləri ilə yanaşı, M.S.Ordubadi Azərbaycan
poeziya tarixində həm də bir şair kimi yaşayır,
özü də mollanəsrəddinçi şair kimi,
"Molla Nəsrəddin" satirik jurnalı ətrafında
formalaşan Sabir üslublu bir şair kimi.
Roman janrının böyük ustadı
Bütün bunlarla yanaşı, M.S.Ordubadinin adı Azərbaycan ədəbiyyatına roman janrının, xüsusən, tarixi romanın ustadı kimi daxil olub. O, özünün vətənpərvərlik ideyalarını, milli düşüncələrini yaradıcılığının sonrakı mərhələsində, nəsr əsərlərində də davam etdirib.
Ədib "İki çocuğun Avropaya səyahəti" adlı ilk romanını 1907-ci ildə yazıb, 1908-ci ilin ilk aylarında "Tazə həyat" qəzetində çap etdirib. Romanda maarifçilik ideyaları təbliğ edilir. Burada o zamankı qabaqcıl Azərbaycan ziyalılarının vətənin geriliyini xalqa başa salmaq, maarif və mədəniyyətə rəğbət oyatmaq arzuları ifadə olunub. Roman məktublar şəklindədir. On məktubda biri müəllifin özü olmaqla, üç gənc iştirak edir. Bu roman Ordubadi yaradıcılığında demokratik ideyaların və realizmin ilk illərdən mühüm yer tutduğunu sübut edir.
1907-1909-cu illərdə qələmə aldığı "Bədbəxt milyonçu, yaxud Rzaqulu firəngiməab" adlı ikinci romanı çox kədərli və təsirli faciə üzərində qurulub. İsa Həbibbəyli həmin roman haqqında yazır: "Bədbəxt milyonçu, yaxud Rzaquluxan firəngiməab" keçən əsrin əvvəllərində meydana çıxmış "kiçik roman" formatındakı Azərbaycan romanının böyük nümunəsidir. Bu əsər Azərbaycan ədəbiyyatında artıq Şərq tipli gedişatın mümkünsüzlüyünü, qərbləşmə meyllərinin çətinliklərini, bütövlükdə yeniləşmə proseslərinin zəruriliyini meydana qoyan ilk romandır. Fikrimizcə, romandakı Rzaquluxan-Balacaxanım xətti əsərə real həyat materialının gətirilməsi ilə yanaşı, müəllifin izlədiyi əsas siyasi qayənin məişət motivi fonunda zahirən arxa plana keçirilməsi məqsədinə də xidmət edir. "Bədbəxt milyonçu" əsərində yazıçının mövqeyi heç də firəngiməablığın birmənalı şəkildə müdafiə olunmasından və ya tənqid edilməsindən ibarət olmayıb, Azərbaycan mühitinin Qərb meylli inkişafının real gerçəkliyi, milli psixologiyanı, təkamül proseslərini nəzərə almadan mümkün olmamasını önə çəkməsi ilə bağlıdır. Bu isə öz növbəsində həm milli ədəbiyyatda, bundan qabaq isə həm də bütövlükdə Azərbaycan ictimai mühitində yeni inkişaf mərhələsinin başlanmasının ifadəsi demək idi".
"Bədbəxt milyonçu" dil, üslub baxımından da maraqlı bir nəsr nümunəsidir. Əsərin dili o qədər də qəliz deyil, sadədir. Bu əsəri gələcək böyük romanların ilk carçısı da hesab etmək olar. Seyid Hüseyn roman haqqında belə bir qənaətə gəlir: "Bədbəxt milyonçu"... bütün həqiqəti ilə bir romandır".
30-cu illərin əvvəllərindən etibarən M.S.Ordubadi musiqili dram sahəsinə xüsusi diqqət yetirir. "Bu da bir möcüzə", "Sədəf", "Neft-pambıq", "Pambıq uğrunda" və s. əsərlər bunlardandır. Elə həmin illərdə M.S.Ordubadi operamız üçün "Dəmirçi Gavə", "Səfa", "Nərgiz", "Koroğlu", "Nizami" və s. kimi bir sıra librettolar yazır.
(Ardı var)
Şahanə MÜŞFİQ
525-ci qəzet.- 2019.- 3 avqust.- S.14.