Rəsul YUNAN

 

1968-ci ildə Urmiya şəhərində dünyaya gəlib. Şair, nasir və tərcüməçidir. 17-18 şeir məcmuəsinin, xeyli sayda tərcümə mətnlərinin müəllifidir.

Nazim Hikməti İranda, Güney Azərbaycanda ən çox tərcümə edən də məhz Rəsul Yunan olub. Fars dilində "Çox nigaranam, siz Leylanı görməmisiz?" adlı romanı var. Fars dilində hekayələr məcmuəsinin, eyni zamanda, dünya ədəbiyyatından tərcümələr antologiyasının tərtibçi-müəllifidir.

2006-cı ildən sonra Azərbaycan dilində yazmağa başlayıb. Hazırda o, Azərbaycan dilində yazan şairlərin ən ünlülərindən sayılır. Dünyada tanınmış ədəbi mükafatın - "Valson"un münsiflər heyətinin üzvi olub. Tehranda yaşayır. Şeriləri ingilis, fransız, yaponbir çox digər dillərə tərcümə edilib.

 

Köynək

 

Yazı köynək edib geyə bilsəydim,

Qayıdardım yenə öz kəndimizə.

Dəstə gül əlimdə anamla birgə,

Səni almaq üçün gələrdim sizə...

 

Yazı köynək edib geyə bilsəydim,

Bilərdim neyləyim məni sevəsən.

Mirvari tökərdim mavi gözünə,

Ayağın altına salardım çimən...

 

Amma heyf, yazdan köynək biçilməz,

Qayçı salmaq olmaz mahnıya, quşa.

Ağacın canında iynə işləməz,

Düymə tikmək olmaz yağan yağışa...

 

Yol

 

Mən yollarda yerimirəm,

Yollar məndə yeriyirlər.

Bu ağaclar, bu tikanlar,

Kollar məndə yeriyirlər.

 

Beynimdə hər yana baxsan,

Teleqraf dirəyi vardır.

Quşlar tel üstə susublar,

Bəlli olan son bahardır.

 

Yollar yeriyirlər məndə,

Səfər etmək istəyirlər.

Məni səndən ayırırlar,

Mənə getmək öyrədirlər...

 

Səni düşünmək

 

Səni düşünmək,

Həyatı düşünməkdir.

Torpaq altında,

Dar-düdük bir qəbirdə

Günəşi düşünməkdir.

Qarlı gecədə

Qıfıllanmamış qapılardan

Qaçmağı düşünməkdir həbsxanada.

Səni düşünmək dəyərlidir.

Ən azı

Adamın qəlbindən

Bir bulaq coşar,

Bir at gələr oradan su içər,

Bir quş gələr orada oxuyar...

 

Həsrət

 

Duman boruları,

Antenlər,

Qarğalar.

Keçmişimdən

Sadəcə bunlar yadıma gəlir,

Pəncərədən

Eşiyə baxdığım günlərdən...

Sizin apartmanız

Uzaqda idi -

Yerlə göy üzü qovuşan yerdə...

 

Qaranlıq

 

Mənim sevgilim

Bir kino ulduzudu.

Bundan belə evim qaranlıqdır,

Göz gözü görməyir.

Göy üzünün ulduzları işıq verməz.

Yer üzündə çox adların

mənası yoxdu

çox məna var ki, adsızdır...

 

Rəsmdə görünməyən paslı piano

 

Yalqız adamın rəsmi

uzun bir küçədir

onun dibində olan

bağlı qapı.

Yalqız adamın rəsmi

rəsmdə görünməyən

paslı pianodur.

Yalqız adamın rəsmi

əsən yeldi r,

solğun ay.

Yalqız adamın rəsmi,

bütün kədərlərin rəsmidir...

 

Qələbəlik

 

Mənə elə gəlir,

Çin məhəllələrində itmişəm.

Hər yer hay-küydü,

Hər yer qələbəlik.

Kaş ki,

Sarı bir əjdaha qarşıma çıxıb,

Məni udsun!

Son qoysun bu itkin düşməyimə.

çətin bir işdir,

Qələbəlikdə yalqız yaşamaq...

 

Göylərdə

 

Mənə qolf ağacı lazımdır.

Ulduzları bir-bir çuxura salmaq üçün.

Sənin eşqin

Məni qanadlandırıb,

Göylərdəyəm indi,

İstəyirəm qolf oynayım...

 

Günəş sırğa salıb

 

Par-par parıldayır

 bu sarı geyimli qız...

Yox!

Qoy belə deyim:

- Günəş rumel çəkib,

sırğa salıb qulağına...

Ancaq belə demək olar:

- Bir qız günəşə qovuşub,

Günəşsə bir yumuşaq gözəlliyə...

 

Dialoq

 

- Ölümdən sonra həyata inanırsan?

- Yox!

- Amma inan!

Səndən sonra diri qaldım,

Qar altından

qurtarılan dağçı kimi!

 

Qalstuk

 

Yavaş-yavaş modernləşirəm,

Masa arxasında

Yemək yeyirəm,

Qalstuk bağlayıram,

Rep musiqisinə

Qulaq asıram,

İnternetdə

Sevdiyim şairləri izləyirəm.

Yavaş-yavaş

Özümdən çıxıram,

Tısbağa balası yumurtadan çıxan kimi.

Yenidən doğulmaq

Komik olmuş olsa,

Çox gözəl həyəcanlı bir şeydir!

 

Yalnız mən bilirəm

 

Yalnız qaranlıq bilir,

Ay qədər işıqlıdır...

Yalnız torpaq bilir

Suyun əlləri

qədər həyat bağışlayandır...

Yalnız ac adam bilir

Çörəyin ən doğru anlamını...

Yalnız mən bilirəm

Sən nə qədər gözəlsən!..

 

525-ci qəzet.- 2019.- 2 avqust. S. 6.