"İki dollara aldığım kitab,
sən demə, qiymətsiz bir xəzinə
imiş"
"Kitabi-dədə qorqud"un
yeni nüsxəsinin sahibi vəli məhəmməd xocayla
söhbət
Türkiyə səfirliyinin Mədəniyyət
və Tanıtma müşavirliyinin dəstəyiylə
Bayburt şəhərinə
- 25-ci Bayburt Dədə
Qorqud festivalına gedərkən son aylarda Türk ədəbiyyatı
gündəmini məşğul
edən "Kitabi-Dədə
Qorqud"un yeni nüsxəsinə də yer veriləcəyini
təxmin edirdim. Hətta yeni nüsxənin sahibi Vəli Məhəmməd Xocanın
da dəvətli olacağı gözlənilən
hadisə idi.
İranın Türkmən Səhra bölgəsindən olan Vəli Məhəmməd
Xoca ilə bağlı məlumatları
hələ Bayburta getmədən öncə
- Türk dünyasının
ortaq ədəbiyyat dərgisi "Qardaş qələmlər"in son sayındakı
müsahibəsindən əldə
etmişdim. "525-ci qəzet"in
20 iyul sayında isə həm yeni nüsxə, həm Xocanın müsahibəsi, həm də Türk dünyasının ayrı-ayrı ölkələrindən
olan professorlarının
bu yeni tapıntı
və dastanın
13-cü boyuyla bağlı
məqalələri haqqında
geniş bir yazı ilə çıxış etmişdim.
Dədə Qorqudun adına, sözünə
həsr olunmuş tədbirə qatılarkən
həmin məqaləni
aparmamaq doğru olmazdı. Axı bir türk milləti,
Türk dünyasının
önəmli bir qolu olaraq bu
mühüm məsələnin
Azərbaycana və onun tarixinə də aidliyi var. Özü də yeni nüsxənin 17-18-ci əsrlərə, yəni
son dövr Azərbaycan
türkcəsinə və
17-18-ci əsrlər Güney
Azərbaycan coğrafiyasına
məxsusluğu iddia olunur.
Beləcə 21-25 iyul tarixlərində
Bayburtda Dədə Qorqud havasını ciyərlərimizə çəkir,
dünyanın dörd
bir yanından Türkiyənin bu kiçik şəhərinə
təşrif buyurmuş
professorların, qorqudşünasların
maraqlı yanaşmalarıyla
tanış olurduq.
Bayburta Dədə Qorqud gəlib
Ancaq etiraf etmək gərəkirsə,
səfərimin ən
yadda qalan və ən çox həyəcanlandıran,
sevindirən tanışlığı
Dədə Qorqudun Türküstan/Türkmən-Səhra
nüsxəsinin sahibi,
el ağsaqqalı Vəli
Məhəmməd Xoca
oldu.
Onu ilk dəfə
"25-ci Bayburt Dədə
Qorqud Beynəlxalq Mədəniyyət və
Sənət festivalı"
çərçivəsində Şair Zehni Kültür Mərkəzində
baş tutan Beynəlxalq Dədə Qorqudun izində-sözündə
simpoziumunda gördük. Protokol çıxışları
arasında ona da söz verdilər.
Son dərəcə təvazökar, sadə, mülayim görünüşə
sahib Xocanın çıxışa
da o cür sadə və səmimi oldu. Nüsxəni özünün tapmağına baxmayaraq, onu Türk dünyası
ədəbiyyatına türkiyəli
alimlərin qazandırdığını
deyən Vəli Məhəmməd Xoca bunun üçün hər kəsə təşəkkürlərini çatdırdı.
Özümlə apardığım "525-ci qəzet"in
bir sayı Azərbaycandan simpoziuma qatılan və orada moderatorluq edən professor Əli Şamildə vardı. Ancaq təəssüf
ki, gərgin və sıx proqramın içərisində
simpoziumda axıra qədər qalmaq imkanımız olmadığından
Xocayla görüşə
bilmədik. Və mən
onun da adı
keçən məqaləmi
özünə təqdim
edə bilmədim.
Bunu özümə
problem etdiyimi və Xocayla görüşməyi
çox arzuladığımı
görən bələdçimiz
Fateh bəy onunla digər tədbirlərdə də
görüşəcəyimizi, arzuladığım reportaj
üçün imkan
yaradılacağını dedi.
Ondan sonra qatıldığımız hər
tədbirdə gözüm
Vəli Məhəmməd
Xocanı axtardı.
Onu ikinci dəfə bir sərgidə gördüm. Festival çərçivəsində
Türk Dünyası
Yazarlar və Sənətçilər Vəqfi
(TÜRKSAV) tərəfindən tarixi
Taşhanda açılan
Türk Dünyası
Karma Rəsm sərgisinə
təşrif buyuranlar
arasında bu nurani el ağsaqqalı da vardı. Onu uzaqdan görəndə
həm özünün
nuraniliyi, təmkinli yerişi, davranışı,
həm də ətrafındakı sevgi və sayğı seli sayəsində elə zənn edirdin ki, festivala
1300 illik tarixin arxasından Dədə Qorqudun özü qatılıb.
Sərgiyə toplaşan hər kəsin marağı, diqqəti Xocaya yönəlmişdi. O, televiziyalara müsahibə verir, onunla şəkil çəkdirmək istəyənlərə
sevgiylə gülümsəyirdi.
Əlyazmanın tapılması tarixini
bəlkə də artıq neçənci dəfə eyni şövqlə, eyni həyəcanla, eyni sevgiylə ən xırda detalına qədər danışırdı.
"Kitabxanamda 132 əlyazma var..."
Dedi ki, artıq uzun illərdir türk və türkmən dilli kitabları, əlyazmaları
toplayır: "Onların
sürətlərini çıxarıb
tədqiqatçılara yönləndirirəm.
Türk ədəbiyyatına
aid kitabxana qurarkən
bütün dostlarıma
"harda əlinizə
türkcə əlyazma,
qədim kitab keçərsə, mənə
deyin"- deyə tapşırmışdım. Əlyazma və
daş basqılar kitabxanamı 15 ildir ki qurmuşam. Orada Türk ədəbiyyatıyla
bağlı önəmli
əlyazmalar, kitablar toplamışam. Bu günə kimi yığdığım 132 əlyazmam
var.
Bu əlyazmanı da
qaldığım şəhərdən
500 kilometr uzaqda yaşayan dostumdan kitab almağa gedərkən tapdım. Bir neçə
kitab almaq üçün Tehrana getdim. Ravi adlı
həmin kitabçı
dostumdan kitablar alıb geri qayıdırdım. Təsadüfən
bir nəfər mənə əlində qədim bir kitab olduğunu dedi. Mənsə, sadəcə əlyazmalarla
maraqlandığımı dedim. O da bunun
əlyazma olduğunu,
10 dollara satdığını
dedi. Ravi ona
baxdı, "bu, bəlkə sənə lazım olar" - deyib mənə göstərdi. Ravi türkcə bilmirdi.
Mən də türkcə olduğu üçün
maraqlandım. Danışıb kitabı iki dollara aldım, amma nə olduğunu
öncə anlamamışdım.
Fikrimdə sadəcə kolleksiyama
yeni bir türkcə əl yazma qatıldığı
var idi".
"Zibilliyə atacaqdım..."
"İlk göstərdiyim tədqiqatçılar bunun Dədə Qorqudu məsxərəyə qoyan, ona tamamilə zidd bir kitab olduğunu dedilər, atmağımı məsləhət gördülər. Mənsə, atmadım, sürətlərini çoxaldıb digər türkoloqlara, alimlərə göndərməyə davam etdim. Çoxu nə olduğunu anlamamışdı.
Əsəri 2018-ci ilin dekabrında tapdım. Tədqiqatçılar əsərin 200-300 illik olduğunu söylədilər.
Artıq usanmışdım, onlar mənə "zibilliyə
at" deyirdilər. Ən çox da ona
görə ki, kitabda Dədə Qorqudun lağ obyektinə çevrildiyini
düşünürdülər. Əgər kitab Şahruz Ağ Atabəyin diqqətini çəkməsəydi,
zibilliyə atacaqdım.
O, bu kitabın Dədə Qorqud olduğunu və mühafizə edilməsi gərəkdiyini dedi. Mənim iki dollara aldığım
və zibilliyə atmağı düşündüyüm
kitab, sən demə, qiymətsiz bir xəzinə imiş (gülür)".
"Bu, Dədə Qorqudun mənə hədiyyəsidir"
"Əlyazmaları toplayarkən atam mənə "türk və türkmən ədəbiyyatında Dədə
Qorqud kimi bir alim olmadı,
olmayacaq da"- demişdi. Atamın sözləri hər
zaman ağlımda idi. Bir gün qismət
oldu ki, Qazaxıstanda Ceyhun (Sır Dərya) çayının kənarında
Dədə Qorqudun məzarı olduğunu öyrəndim və ziyarət etdim. Belə bir insanın qəbrinin pis vəziyyətdə olmasına
çox ağladım.
Qəzetə müsahibə verib
diqqəti cəlb etdim. Sonrakı gedişimdə isə
oraların təmir edildiyini gördüm.
Bu gün bu
kitabı tapmağımı
Dədə Qorqudun bir hədiyyəsi olaraq qəbul edirəm. Çünki vaxtilə mən
onu ziyarət edib ruhuna dualar
oxumuş, məzarıyla
maraqlanmışdım.
Bildiyimiz kimi, "Kitabi-Dədə
Qorqud" dastanının
iki nüsxəsi Avropadadır. Sevinirəm ki, heç
olmasa, üçüncü
nüsxə Türk torpaqlarında qalacaq.
Mənsə, əlbəttə, bundan sonra da
bu işimi davam etdirəcəyəm".
"Mənə qəzetinizdən
verməyəcəksiz deyə
narahat olmuşdum"
Müsahibədən sonra insan selinin
arasından birtəhər
keçib Xocaya yaxınlaşdım. Özümü tanıtdım. Gördüm
ki, mən danışarkən gözləri
əlimdəki "525-ci qəzet"dədir.
- Xocam, bu, mənim Azərbaycanda çalışdığım "525-ci qəzet"dir. Buraya gəlmədən öncə Dədə Qorqudun yeni nüsxəsi haqda yazı yazdım. Məqaləmdə sizdən də bəhs etdim, sitatlar gətirdim. Bu qəzeti də buraya sizin üçün gətirmişəm.
Xocanın sevinci gözlərindən oxunurdu. Dərhal qəzeti əlimdən alıb məqaləni axtardı:
- Dünən simpoziumda sizin qəzetinizi Əli Şamil müəllimdə gördüm. Dedilər ki, məqaləniz yayımlanıb. Baxdım, şəklinizi də gördüm (gülürük). Sizi axtardım, ancaq getmişdiniz. Qəzetinizdən mənə verməyəcəksiniz, sizi yenidən görə bilmərəm deyə narahat olmuşdum. Təşəkkür edirəm ki, bu nüsxəyə bu cür maraq göstərmisiniz. Dədə Qorqudun yeni nüsxəsini mən tapdım, amma onu elmə, ədəbiyyata Türkiyə qazandırdı. Görürəm ki, Azərbaycan da ona biganə qalmayıb. Məqalənizi elə bu gün məmnuniyyətlə oxuyacağam. Sizə və qəzetinizə uğurlar arzulayıram, Dədə Qorqudun müqəddəs ruhu daim sizinlə olsun!
Şahanə
MÜŞFİQ
Bayburt-Bakı
525-ci qəzet.- 2019.- 7 avqust.- S.7.