Keçidlər
Hekayə
I. Gecə...
Günəş hündür binaların arxasında yavaş-yavaş
qürub edir. Artıq göy
üzünün ixtiyarı
gecədədir. Ətrafı işıqlandıran küçə
lampaları, gecənin
gəldiyini bütün
şəhərə car çəkir.
Bir azdan şəhərə sükut çökəcək,
metro çıxışları susqunlaşacaq, şəhər
meydanları lala dönəcək. Bu gecə də yer üzü ilə göy üzünün vəhdəti
bir-birini tamamlayır.
Ulduzlar isə artıq göy üzündə görünməyə başlayıb.
Qadın
həyası ilə qaranlıq səmada ay öz yerini almadadır. İnsanlar bir-bir
evlərinə çəkilir.
Bütün şəhər gecənin
əsarətində mürgüləyir.
Evsiz-eşiksiz küçə adamları özlərinə
gecəni keçirmək
üçün sığınacaq
axtarır. Və budur,
şəhər ölüm
səssizliyinə bürünüb.
Ara-bir bu səssizliyi küçə itlərinin
hürüşməyi aradan
qaldırır, sanki itlər gecənin səssizliyinə musiqi bəstələyir. Səkilər insan addımını, kimsəsiz küçə
heyvanların kiçik
və ürkək addımına dəyişir.
Artıq şəhər
böyük bir boşluq içində gecə ilə tək başınadır...
II. Darıxmaq...
Elə bil gecənin köynəyinə,
göy üzünə
pessimist duyğular toxunub. Səma ki
əyninə qara donunu geyindi, insanlar özlərini tənhalığın, yalnızlığın
ovcunda tapır. Bəlkə də elə bunun üçün ən çox gecələr darıxırıq.
Yəqin ki, çətin olur gündüzlər izdihamın içində
itirdiklərimizin dəyərini
anlamaq. Darıxan adamlar özlərini göy üzündəki
ay kimi hiss edir, yüzlərlə ulduz arasında tənha qalmaqdır ayın qisməti...
Darıxmaqla gecənin qarşılıqlı
əlaqəsi insanın
bütün hisslərini
iflic edir. Hər şeyə
rəğmən bir müddət sonra darıxmaq üçün
gecənin gəlişini
səbirsizliklə gözləyirsən.
Sanki darıxan sadəcə insanlar deyil, əşyalar belə tutqun gecənin vahiməsində
darıxır. Parklarda uşaq
yelləncəkləri körpələr,
dayanacaqlar insan nəfəsi, küçələr
isə əl-ələ
verib gəzişən
sevgililər üçün
darıxır. Payızın yağışı, qışın
qarı, baharın rəngarəngliyi kimidir gecənin darıxmağı.
Hər şey öz vaxtında, öz yerində gözəldir...
III. Musiqi və Üsyan...
Səssizliyin pərdə arxasında böyük üsyanlar yaşanır. Etirazlar səngimək bilmir.
İnsan
daxilən azadlıq hissini daha yaxından
duymaq istəyir.
Ən böyük aclıq mənəviyyatın, ruhun
aclığıdır. Gecələr ruhumuzun qidası
olaraq köməyimizə
musiqilər çatır.
Çünki onlar bizim ifadə edə bilmədiyimiz bütün
hissləri, notlar vasitəsilə kamuflyaj edilmiş bir halda ruhumuza ötürür. Musiqi gecənin
ən yaxın dostlarından biridir.
İnsanlar müxtəlif olduğu
kimi, onların musiqi ehtiyacları da müxtəlif olur: Rok, Caz,
Pop, Klassik və s.
Musiqi dinləmək
darıxmağı bir
qədər yüngülləşdirir,
bir növ ağrı kəsici vasitə kimi istifadə olunur.
Mənim
üçün gecənin
əvəz edilməz
musiqiləri bunlardır:
1.Mark Eliyahu - Drops, Through me
2.Pilli Bebek - Olsun, Delilik, Fotoğraf, Kızım, Haram geceler və s.
3.Paolo Nutini - İron Sky
IV. Sərxoşluq...
Ay və ulduzlar öz yerini aldı. Darıxmaq hissi içimizdə
ixtiyarsız şəkildə
baş qaldırdı.
Səssizliyin səsini musiqi
pozdu. Sanki bu gecə hələ
də çatışmayan
nə isə var. Təbii ki, bu, içkidir, içkisiz gecəni təsəvvür etmək
belə çox çətindir. Darıxmağın zirvəsinə çatmaq
üçün ulduzlardan,
aydan, qara donlu səmadan zövq almaq üçün içki
vacib nüansdır.
Musiqi ilə sadəcə ruhumuzun aclığını
ödəyə bilərik,
gecə üçün
mütləq damaq dadımıza uyğun, zövqümüzü oxşayacaq
içki olmalıdır.
Gecə üçün içki
seçimi etmək, olduqca məsuliyyət tələb edən və çətin məsələdir. İçki seçərkən nələrə
diqqət edilməlidir?!
İlk öncə gecənin nə dərəcədə
kədərli olduğuna
qərar vermək lazımdır. Unutmağımı istəyirsən, xatırlamaqmı?!
Bu sualın cavabını
bilmədən, buna
tam əmin olmadan, tələskənlik edib seçim etmək məcburiyyətində qalmayın...
V. Yeni gün və
yeni ümid...
Günəşin ilk
şüaları şəhərin canına istilik
ötürür. Bu,
artıq yeni bir günün başlanğıcı, yeni bir ümid
deməkdir. Susqun metro
çıxışları yenidən öz
səs-küyünə qovuşur, şəhər
meydanları insanla dolub
daşır. Parklarda körpələr, dayanacaqlarda insanlar, şəhərdə
əl-ələ gəzişən sevgililər yeni bir günün
ümid ətrinə sarılmış
sabahında görünməyə başlayır. Saatın əqrəbləri
insanları qovmaqla məşğuldur. Gecədən
səhərə bir qədər
darıxmağın yaratdığı can
sıxıntısı, içkidən yaranan
baş ağrıları,
ağlımızda isə musiqisinin incə
notları qalıb. Gecədən səhərə sağ çıxa bildiksə, günəşin
istisini, şüalarını
üzümüzdə hiss edə bildiksə
bu o deməkdir ki, heç nə üçün gec deyil. Necə deyərlər, ümid
hər zaman mövcuddur...
Kənan
İSMAYIL
525-ci qəzet.- 2019.- 10 avqust.- S.14.