Polina Dessiatnitçenko
və böyük eşq yolu
Səhər
tezdən şəbəkəyə daxil olan kimi Feysbukun xəbər
lenti məni qeyri-adi bir sürprizlə qarşıladı... Zərif,
incə, göyçək bir xanım Kürdəxanıda
tarzən-pedaqoq Vamiq Məmmədəliyevin həyət evinin
eyvanında əyləşıb tar çalırdı və
onun özü kimi zərif barmaqları tarın pərdələri
üzərində gəzdikcə "Nəva"
muğamının tanış, ləngərli melodiyaları
bahar nəsimi kimi virtual dünyanın sərhədlərini
aşıb əyləşdiyim otağa daxil olur, ruhuma hakim kəsilirdi.
Kimdir axı bu xanım? Niyə mən onu
tanımadım? Nə üçün
onun çalğısının cazibəsindən
çıxa bilmirəm?
Videogörüntünü
altındakı yazıya baxıram və heyrətim
dönüb olur, necə deyərlər, "heyrətin
kvadratı":
Polina
Dessiatnitçenko (amma mənim heyrətimi daha mükəmməl
bir səviyyəyə qaldıracaq hadisə hələ qabada
imiş!).
Sonrakı
hadisələrin ssenarisi artıq mənim iradəmin sərhədlərindən
kənarda cızılırdı: Vamiq müəllimə zəng
elədim və öyrəndim ki, tarımızla belə dərin
ülfət bağlayan bu xanım Kanadada yaşayır, iki ildən
çoxdur ki, muğamlarımızın həm elmi, həm də
praktiki tədqiqi ilə məşğuldur; ötən
müddət ərzindəki
çalışqanlığının nəticəsi olaraq
klassik muğamlarımızın demək olar ki, böyük əksəriyyətini
tarda ifa edə bilir və onlardan dördünü ona məhz
Vamiq müəllim öyrədib...
İnadkarlığım nəticəsiz qalmadı,
İsmayıllıda istirahət edən bu xanımın bu dəfə
öz səsini telefonda da olsa eşitmək mənə nəsib
oldu və heyrətim də özünün "pik"
nöqtəsinə bu zaman çatdı.
-
Dobrıy den, xanım. Ya jurnalist-iskusstvoved.
Xoçu poqovorit c Polina xanım.
- Salam,
sizi eşidirəm...
- Mne nujno
Polina xanım
- Polina mənəm,
sizi eşidirəm.
- ... Siz bizim dildə danışa bilirsiniz?
- Əlbəttə, bilirəm. Sizi eşidirəm.
Hiss etdim
ki, bu qısaca dialoq Polina xanımı bircə anın
içindəcə mənə doğmalaşdırdı.
Nə üçün? Burada nə var axı?
Məgər bizlərdən də başqa
xalqların musiqi alətlərində çalmağı
bacaranlar azdırmı? Elə xarici sənətçilər
arasında da bizim musiqi xəzinəmizdən bəhrələnənlər
kifayət qədərdir. Rus bəstəkarı Qlinka
"Qalanın dibində" mahnımızın melodiyalarını
"dədəsinin malı kimi" fars kompozisiyası adı
ilə (?) özünün əsas əsəri olan "Ruslan
və Lyudmila" operasının partiturasına daxil edib;
dünya şöhrətli kinorejissor A.Tarkovskinin
"Stalker" filminin ən vacib epizodlarında fon musiqisi
bizim "Bayatı Şiraz" muğamımızın
spesifik improvizasiyalarıdır; S.Paracanovun çəkdiyi
"Aşıq Qərib" filmində kadrarxası musiqisinin
böyük hissəsi xalqımızın aşıq musiqisi
və Alim Qasımovun oxumaları ilə "doydurulub". Hətta
belə bir versiya da var ki, Baxın məşhur "Tokkata"sı
"Bayatı Şiraz"ın Avropa stilində
kopyalanmış versiyasıdır...
Amma yox, Polina xanımla bağlı məsələyə
bu rakursdan baxmaq olmaz. Muğamlar Azərbaycan xalqının ruhunu, daxili
dünyasını, hətta mən cəsarət edib deyərdim
ki, düşüncə tərzini səslərin ilahi
harmoniyası ilə ən mükəmməl tərzdə əks
etdirən, onun bir xalq olaraq xarakterinin formalaşmasında rol
oynamış magik qüvvəyə malik kompozisiyalardır, təmiz
Şərq mədəniyyəti faktıdır və başqa
bir mədəniyyətin yetişdirdiyi, fərqli milli-etnoqrafik
mühitdə böyümüş gənc bir xanımın
onlara bu sayaq təslim olmasının, yeni bir mədəniyyətin
daşıyıcısına çevrilmək istəyinin nə
isə başqa motivləri də olmalıdır. Xalqımızın ruhu ilə bağlı hər
şey - onun sevinci, qəzəbi, həsrəti, heyrəti... və
nə yazıq ki, düşmənə nifrəti də
muğam "rəngindədir". Bəs
Azərbaycandan çox-çox uzaqlarda yaşayan bu
xanımın ruhumuza marağının, dilimizə hörmətinin,
sevgisinin mayasında nə dayanır, görəsən? Bu "nə" və "nə isə"lərə
mən Polina xanımla 4 gün sonra baş tutan
görüşümüzdə cavab axtarmağa
çalışdım.
- Salam,
Polina xanım. Mümkünsə
özünüz barədə danışın. Harada doğulub boya-başa
çatmısınız? Niyə məhz
Kanada?
- 1988-ci
ildə Rusiyanın Belqorod şəhərində
doğulmuşam. Valideynlərim əslən
Xarkov şəhərindəndirlər.
10 yaşım olanda ailəliklə Kanadaya
köçmüşük Toronto şəhərində
kosservatoriyanı fortepiano sinfi üzrə bitirmişəm. Mən hələ orada təhsil
alanda sizin həmyerliniz dirijor İsmayıl Hacıyevlə tanış oldum. O, "İpək yolu"
adlı bir kamera orkestri yaratmışdı və mən də
o orkestrdə fortepiano çalırdım. Bir dəfə
iş elə gətirdi ki, biz Azərbaycandan gəlmiş
muğam üçlüyü ilə birlikdə
çıxış edəsi olduq. Güllü
Mustafayevanı tarda Sahib Paşazadə, kamançada Munis
Şərifov müşayiət edirdilər. Muğam sənəti
ilə ilk dəfə onda tanış oldum
və bu müsiqi özünün bənzərsizliyi,
qeyri-adiliyi ilə məni cəlb etdi. Konservatoriyanın
bakalavr pilləsini mən 2 ixtisas - antropologiya və musiqi
ixtisasları üzrə bitirdim və məsələnin bu tərəfi
məni musiqinin insanın həyatında yeri, onun yaşam və
düşüncə tərzinə təsiri ilə
bağlı araşdırmalara sövq etdi.
Bilirsinizmi,
musiqi mənim fikrimcə, həmişə və hər yerdə
insanın söz və digər vasitələrlə
çatdıra bilmədiyi hisslərin, mətləblərin,
hətta bir az irəli gedib demək istəyirəm
ki, düşüncələrin səslərin qeyri-adi
kombinasiyaları ilə ifadəsidir. Başqa
cür desək, musiqi spesifik nitq formasıdır və onu elmi
müstəvidə araşdırmaq da çox
maraqlıdır. Beləcə, məndə
etnomusiqişünaslığa böyük maraq yarandı və
həmin ixtisas üzrə doktoranturaya daxil oldum. Mövzu seçəndə isə sizin muğam sənəti
üzərində dayandım, bu janrın həm instrumental, həm
də vokal ifaçılığı müstəvisimdə
inkişaf, təkamül yollarını araşdırmağa
başladım.
- Niyə
məhz muğam sənətini seçdiniz?
- Bunu
sözlə ifadə etmək mənim üçün bir qədər
çətindir... Mən həmişə hiss edirəm ki, Azərbaycan
muğamları insanın hiss və duyğu aləminin ən
dərin qatlarını, spekrtlətini mükəmməl tərzdə
əks etdirən kompozisiyalardır. Onların dili çox zəngin
və nüfuzedici olduğundan insanın ruhuna sirayət edib
onu bir növ özünə tanıdır, sanki onun yenidən
doğuluşuna səbəb olur...
- Bəs
tarda ifa etməyiniz necə oldu, bunu elmi işinizlə
bağlı müəyyən eksperimentlər aparmaq
üçünmü öyrəndiniz, yoxsa daxildən gələn
təbii istəklə?
- Həm
ona, həm də buna görə (gülür). Mən
muğamların instrumental ifalarının
yazılarını tapıb dinlədikcə
görürdüm ki, bu melodiyaları bütün dərinliyi
və incəliyi ilə ifadə etməyə tar qədər
gücü çatan ikinci bir alət yoxdur. Tar çox
mükəmməl, həm də imkanları tükənməyən
çox mürəkkəb musiqi alətidir.
-
Tarın sirlərinə müəyyən qədər bələd
olan adam kimi sizinlə tam razıyam. Tarda ən mükəmməl ifa texnikasına yiyələnmiş
ustad tarzən də könül xoşluğu ilə deyə
bilməz ki, mən tarı fəth etdim, o, sözün tam mənasında
mənə təslim oldu.
- Mən
hələ Azərbaycana gəlməmiş Kanadada yaşayan Məhəmməd
Amanallahi adlı cənubi azərbaycanlı ilə tanış oldum. O, bir vaxtlar Bakıda oxuyub,
Ramiz Quliyevin tələbəsi olub, indi isı Kanadada bizneslə
məşğuldur. Ondan xahiş etdim ki,
muğam ifçılıgının heç olmasa əlifbasını
mənə öyrətsin.
3 ay mənimlə
məşğul oldu və mənim ürəyimdəki həvəs
böyuk bir eşqə çevridi, Beləcə, bu eşqin
ardınca düşərək bir də baxıb
gördüm ki, Bakıdayam, özüm üçün tar,
onun dilini öyrənmək üçün ustad, Azərbaycan
dilini öyrənmək üçün müəllim
axtarıram.
- Kimləri
tapdınız? Kimlər sizin əlinizdən
tutdu?
- Ramiz
Quliyev, Elxan Mansurov, Elxan Müzəffərov, Vamiq Məmmədəliyev,
Aslan Məmmədov muğam
ifaçılığının sirlərini mənə təmənnasız
öyrətmək missiyasını məmnuniyyətlə
öz üzərlərinə götürdülər. Sağ
olsunlar. Mən bunu heç vaxt unutmaram.
-
Hansı muğamları tam şəkildə ifa edə
bilirsiniz?
-
"Mahur hindi", "Çahargah", "Rast",
"Şur", "Nəva", "Bayatı kürd",
"Şahnaz", "Zabul Segah", "Bayatı
Şiraz", "Humayun" muğamlarını ifa edə
bilirəm. O biri muğamlardan da müəyyən hissələrini
ifa edə bildiklərim var. Amma muğamlarınızın
hamısını mütləq öyrənəcəm.
- Bəs
fortepianoda necə, muğam ifa eldirsiniz?
- Xeyr,
düşünürəm ki, bu alətin imkanları
muğamın məzmununu ifadə etmək üçün
yetərli deyil.
-
Bilirsinizmi, Polina xanım, mən də muğamı çox
sevirəm. O, demək olar ki, mənim həyat tərzimin bir
parçasına çevrilib, ona görə də son vaxtlar
bu barədə çox fikirləşirəm və məndə
muğamın mənşəyinə dair qəribə bir fikir
əmələ gəlib. Bəzən belə
fikirlər səslənir ki, muğam folklor nümunəsidir.
Amma mən fikirləşrəm ki, muğam sənəti,
daha doğrusu, bu sistemin sxemi hansısa bir kəsin, şəxsin
təfəkkürünün məhsulu deyil - bu melodiyalar nə
vaxtsa bizə yaxın fəzaya kosmosdan daxil olub və sadəcə
olaraq duyma hissi çox yüksək olan seçilmiş
insanlar adi insanlardan fərqli olaraq onları eşidir və
göydən yerə endirirlər. Bu mənada
muğam mənin fikrimcə, Yaradanın Azərbaycan
xalqına göndərdiyi töhfədir, daxili aləminin təmizliyinə
görə ona verdiyi mükafatdır.
-
Muğamın sirli bir nəsnə olması fikrinizlə
razıyam. Doğrudan da insan onu ifa edəndə
də, dinləyəndə də özünü qeyri-adi məkan
və zaman parametrlərində hiss edir. Amma
bir məsələ də var ki, vəyhi eşitmək və
qəbul etmək yalnız peyğəmbərlərə xas
olan bir xüsusiyyətdir. Mən
muğamı tədqiq edəndə belə bir fikirlə də
qarşılaşdım ki, muğam ifa edən ifaçı
bir növ merac edir, ruhən kosmosda olur. Məncə,
burada ifrata varma var - peyğəmbərlərə şərik
qoşmaq olmaz.
- Ola
bisin, həmin sitat təhrif olunub, orada sadəcə
"sanki" sözü unudulub. Amma mən
başqa şey deyirəm. Mən demirəm
ki, muğam melodiyaları Yaradanın səsidir. Xeyr. Demək istədiyim budur ki,
onlar ilahi bir nurun işığında yaranıb bizə
göndərilib.
- İlahi dəyəri olan şeyə toxunmaq, ona nə
isə əlavə etmək olmaz axı. Muğam isə
improvizasiya sevir, hər bir yaradıcı ifaçı ona nə
isə yeni bir çalar əlavə edir, onu zənginləşdirir.
Bu isə sizin məntiqinizə bir az
düz gəlmir.
- Mən
demirəm ki, muğam bizə toxunulmaz nəsnə kimi göndərilib.
Mənim dediklərim onun səs quruluşuna, yəni
lad sisteminə aiddir. Bütün əlavələr,
zənginləşdirmələr bu sistemə tabedir. Başqa sözlə desək, muğam sanki Yaradan tərəfindən
kodlaşdırılan səs mətnidir. Bu
kodları açıb mətni zənginləşdirmək
insanlara həvalə olunub. Bunun öhdəsindən isə
həmin kodların dilini bilən seçilmiş insanlar gələ
bilər - Bəhram Mansurov, Hacı Məmmədov, Ramiz Quliyev,
Xan Şuşinski, Yaqub Məmmədov, Qədir Rüstəmov...
kimi qüdrətli sənətkarlar...
-
Adlarını çəkdiyiniz sənətkarları mən
də yüksək dəyərləndirirəm. Bilirsinizmi, biz sizinlə söhbətin mistika və
reallığın sərhədi deyilən məqamındayıq.
Bəlkə də muğam sənətinin mahiyyətinin
dərk olunduğu məqam elə bu məqamdır - iki keyfiyyətin
təmas nöqtəsi.
- Demək
istəyirsiniz ki, muğam haqqında yalnız rasional tərzdə
düşünmək yetərli deyil?
- Bəli,
muğam dünyası sirlərlə doludur. Lakin
onun mahiyyətinin mistik tərəfləri barədə də
dəqiq fikir söyləmək üçün
inandırıcı arqumentlər lazımdır.
- Həmin
arqumentlərdən bəzilərini sadalaya bilərəm;
özünüz də bilirsiniz ki, 7 əsas Azərbaycan
muğamı var. Soruşuram, niyə məhz yeddi? Niyə bu yeddi muğamı yaradan düha səkkizincini,
doqquzuncunu... yaratmadı? Diqqət yetirək - bir oktava
daxilində yeddi əsas səs var, işığın
spektri, səma hadisəsi olan göy qurşağı yeddi rəngdədir;
qədim inanclara görə vəfat etmiş şəxsin ruhu
yeddi gün öz məzarının yanında dayanır; həftənin
yeddi günü, dünyanın yeddi möcüzəsi... Sizcə, bunlar təsadüfidirmi? Xeyr, məncə, burada ilahi bir qanunauyğuluq, sakral
məna var.
- Biz
söhbəti elmi bir simpoziumun marağında olan bir müstəviyə
gətirdik, amma burada iki nəfərik (gülür) və bu
mövzuda kon-kret bir nəticəyə gəlmək bizə o
qədər də asan olmaz. Mən hal-hazırda
Harvard Universiteti ilə əməkdaşlıq edirəm və
muğam haqqında yazmaq istədiyim bir kitaba material
toplayıram. Sizinlə bərabər
toxunduğunuz bu məsələləri orada mütləq nəzərə
alacam.
- Bilmək
olar kitab hansı problemləri əhatə edəcək?
- Onun
ümumi istiqamətini belə ifadə etmək olar: Muğam
eşq kimi. Eşq məhəbbət və
sevgidən böyük anlayışdır, bizi təsəffüv,
irfan ünvanına aparan sonsuz bir yoldur. Kim
bu yolun yolçusu olursa, o, ancaq irəli getməlidir və
heç vaxt bu yoldan geri çəkilə biməz.
- Bayaq
dediniz ki, elmi işinizdə muğamın inkişaf mərhələlərini
araşdırmısınız. Sizcə, o,
hal-hazırda öz tarixinin hansı mərhələsini
yaşayır?
- Əgər muğama əbədi bir yol kimi
baxırıqsa, onu mərhələlərə bölmək
düzgün olmaz, çünki əbədiyyət
bütövlük deməkdir. Amma
ifaçılığın texniki təkamülü ilə
bağlı mərhələlərdən danışmaq olar.
-
Doğrudur, Sevgi - elə sevgidir. Amma hərə onu bir cür
yaşayır, heç kimin sevgisi başqa sevgini
təkrarlamır.
- Mənə elə gəlir ki, muğamın mahiyyəti elə onun ifadə tərzinin xarakterini də müəyyən mənada diktə edir. Bu mənada məni Əhməd Bakıxanov məktəbi və bir də Bəhram Mansurovun üslubu ilə bağlı olan klassik ifa tərzi daha çox cəlb edir. Hər muğamın öz ritm qəlibləri var və o, bu ritm axarında sanki cümlə-cümlə, sözbəsöz danışır. Təəssüf ki, dinlədiyim gənc ifaçıların böyük bir qismi öz texnikalarını virtuozluq kimi qələmə vermək üçün özləri də bilmədən bu qanunauyğunluğu pozur və fərqinə varmırlar ki, muğamın ayrı-ayrı hissələrini qammaya çevirirlər. Əlbəttə, bu, mənim subyektiv fikrimdir.
- Haqlısınız. Bu, ondan irəli gəlir ki, onlar Hacı Məmmədovun "qızıl tarazlıq" qanununa əməl etmirlər.
- O, nə qanundur ki?
- Bu qanunun Hacı müəllim haqqında yazdığım yazıda sözlə belə ifadə etmişəm; "Texnika baxımından nə qədər mükəmməl ifaçı olsan da, bu virtuozluq çalınan əsərin ruhunu bütövləşdirməyə xidmət etmirsə - bir qara qəpiyə də dəyməz və əksinə - muğamın tələb etdiyi virtuozluğa tam yiyələnməyən tarçalan heç bir vəchlə özünü tarzən hesab edə bilməz".
- Razıyam, muğamın məzmununu texniki hay-küyçülüyə qurban vermək olmaz. Vokal muğam ifaçılığında isə Hacıbaba Hüseynovu yüksək qiymətləndirirəm. O, oxuduğu qəzəlləri nəinki sözbəsöz, hətta durğu işarələrinə qədər dinləyiciyə çatdırmağı bacaran sənətkardır.
- Mən də bu yaxınlarda belə bir fikrə gəlmişəm ki, hər bir muğam durğu işarələri olan mətndir və onların məzmununun qavranılması bu işarələrin öz yerində və düzgün işlədilməsindən çox asılıdır. Bu mövzuda bir yazı yazmaq fikrim də var.
- Çox maraqlı və orijinal mövzudur. Sizə uğurlar arzulayıram.
- Məni qabaqlamağa çalışmayın, Polina xanım (gülüşürük). Bilirəm ki, ildə bir neçə dəfə Azərbaycana gəlirsiniz - böyük Eşq yolunun yolçusu kimi. Bu yolda sizə ancaq xoşbəxt anlar yaşamağı arzulayıram.
P.S. Söhbət vaxtı müsahibimin bəzi
məqamlarda fikirlərini bizim dilimizdə ifadə etməkdə
çətinlik çəkdiyini görüb dedim ki, belə
olanda rusca danışsın. O gülümsədi,
bir neçə dəfə bəzi ifadələri, cümlələri
öz ana dilində dedi, amma söhbətin ağırlıq mərkəzini
bu dilin üzərində qurmadı, sonadək mənimlə
Azərbaycan dilində danışdı. Mən bunu Polina
xanımın dilimizə və onun timsalında xalqımıza,
mədəniyyətimizə hörməti kimi qiymətləndirdim
və yəqin ki, siz də, hörmətli oxucular.
Əlisəfdər
HÜSEYNOV
525-ci qəzet.- 2019.- 10 avqust.- S.13.