Elm fəadilərinin
sığınacağı
Azərbaycan Milli Elmlər
Akademiyasinin Naxçivan Bölməsi
Elm tarixi, həm təbii, həm də ictimai elmlər də
daxil olmaq üzrə elmi məlumat və elmin
inkişafının araşdırılmasıdır.
Elm, gerçək dünyadakı hadisələrin
müşahidə edilməsi, açıqlanması və
uzaqgörənliyini vurğulayan, elm adamları tərəfindən
edilən, təbii dünya haqqındakı təcrübi, nəzəri
və praktik məlumatların bir bütünüdür. İngiliscə
bir söz olan və ilk dəfə William Whewel tərəfindən
istifadə edilən scientist (elm insanı) nisbətən
yaxın bir tarix olan XIX əsrdən istifadə edilməyə
başlanmışdır. Daha əvvəl,
araşdırmaçılar özlərini "təbii
filosoflar" olaraq adlandırırdılar.
Bu ali peşə ilə məşğul olan elm cəngavərləri
bütün ömürlərini kitaba, biliyə, texnologiyaya,
insanı, təbiəti, tarixi, təkamülü, səmanı,
coğrafiyanı, fauna-floranı və s. öyrənməyə
adayırlar. Elmlə məşğul olan alim- tədqiqatçı
kimi tanınan bu insanlar nəinki bütün günü
keçmişi, müasir dövrü, həm də gələcəyi
düzgün dərk edib analizlər, təhlillər aparıb
yekun nəticəyə gəlməyi bacaran şəxslərdirlər.
Naxçıvan Muxtar Respublikasında da bu ali yolda irəliləyən,
elmin ziyası altında toplaşan insanlar var. Mən
özümün də əməkdaşı olduğum, hər
gün orada görülən işlərin bir
parçasına çevrilib Azərbaycan elminin
inkişafında xidmət göstərdiyim və bundan
qürur duyduğum Azərbaycan Milli Elmlər
Akademiyasının Naxçıvan Bölməsi barəsində
danışmaq istəyirəm. Adından da
göründüyü kimi, Azərbaycanın ayrılmaz cənnət
güşələrindən biri olan Naxçıvanın
qoynunda yerləşən bu elm ocağı öz nəzdində
bir çox institut və təşkilatları birləşdirir.
Qızğın elmi fəaliyyətin həyata
keçirildiyi bu institutlarda yaşlı nəsillə
çiyin-çiyinə gənc alimlər, mütəxəssislər
də fəaliyyət göstərirlər. İlk
baxışdan səssiz görünən, sanki uzun bir
yuxudaymış təsiri bağışlayan bu elm
ocağı qoynunda bir çox elmləri mühafizə edir.
Ədəbiyyatşünaslar, tarixçilər,
dilçilər, kimyaçılar, bioloqlar, astro-fiziklər, rəssamlar,
memarlar, musiqişünaslar bütün günlərini,
ömürlərini aid olduqları elmi istiqamətin
inkişafına dair nəzəriyyələrə, yeniliklərə
həsr edirlər. Xatırlayıram ki, mən
orada işə başladığım zaman çox gənc
idim. Ancaq öz sahəmlə bağlı
bir çox tədqiqatlar aparmaq istəyirdim. Azərbaycan Milli Elmlər Akademiyasının
Naxçıvan Bölməsində bu hədəfimə gedən
yolda mənə stimul olacaq çox şeyin mövcud
olduğunu gördüm. Doğrudan da illər
keçməsinə baxmayaraq, fəaliyyətimə nəzər
saldıqda dərk edirəm ki, bunda çox
çalışmağımla birgə, həm də işlədiyim
qurumda elmə, biliyə, gənclərə göstərilən
böyük qayğının rolu var.
Gənclərə böyük qayğı ilə
yanaşan ağsaqqal alimlərimizin təcrübəsi,
uzaqgörənliyi ilə bu günlərə addımlayan bir
çox gənc kimi, mən də muxtar respublikanın bir
çox cəhətdən inkişafına stimul verəcək,
Azərbaycan elmini dünyaya inteqrasiya edəcək bir çox
tədqiqatçının yetişdiyini görürəm.
Ölkəmizdə ictimai-siyasi həyatın,
iqtisadiyyatın, maddi və mənəvi mədəniyyətin,
texnologiyanın bütün istiqamətlərində nəhəng
quruculuq işləri gedir. Milli özünüdərk və
özünütəsdiq istiqamətində gedən bu
böyük proses elm və təhsil sahələrindən də
yan keçməmişdir. Xüsusilə bu
inkişafın treyektoriyasında və daim qabaqcıl müvvəfəqiyyətlərin
məkanı olan Naxçıvan elm sahəsində də bir
çox yeniliklərə imza atmışdır.
Qeyd edim
ki, Azərbaycan Milli Elmlər Akademiyasının
Naxçıvan Bölməsi Ümummilli liderimiz Heydər
Əliyevin 7 avqust 2002-ci il tarixli "Azərbaycan
MEA Naxçıvan Bölməsinin təsis edilməsi
haqqında" sərəncamına müvafiq olaraq
yaradılmışdır.
Bölmənin
yaradılması zəruriliyindən bəhs edən
Ümummilli lideri Heydər Əliyev müşavirədəki
nitqində demişdir: "Mən bununla Naxçıvan Muxtar
Respublikasının indiyə qədər çox az öyrənilmiş,
qədim tarixinin, mədəniyyətinin, elminin, ədəbiyyatının
yenidən dərindən araşdırılması və onlar
haqqında elmi əsərlərin, populyar kitabların, yaxud
başqa nəşrlərin hazırlanması məqsədi
daşıyıram. Eyni zamanda,
Naxçıvanın özünəməxsus təbiəti,
təbii sərvətləri, torpağı, təbii abidələri
də təəssüf olsun ki, indiyə qədər
lazımi dərəcədə öyrənilməyib, bəlkə
də düz olardı deyim ki, heç öyrənilməyib.
Bunlara, mənim irəli sürdüyüm məsələlərin
öyrənilməsinə böyük ehtiyac var".
Azərbaycan
Milli Elmlər Akademiyası Rəyasət Heyətinin "Azərbaycan
Milli Elmlər Akademiyasının Naxçıvan Bölməsinin
təşkil edilməsi haqqında"; 26 avqust 2002-ci il
tarixli qərarına əsasən, Bölmə tərkibindəki
institutlar Naxçıvan Regional Elm Mərkəzi,
Naxçıvan Elmi-Tədqiqat Bazası və Şamaxı
Astrofizika Rəsədxanasının Batabat və Ağdərə
stansiyalarının əməkdaşlarından təşkil
olunmuşdur.
Sərəncama
müvafiq olaraq, Azərbaycan Milli Elmlər Akademiyası
Naxçıvan Bölməsində 6 elmi tədqiqat institutu -
Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutu; İncəsənət,
Dil və Ədəbiyyat İnstitutu; Təbii Ehtiyatlar
İnstitutu; Bioresurslar İnstitutu; Batabat Astrofizika Rəsədxanası
və Əlyazmalar Fondu yaradılmışdır.
Ali amal uğrunda birləşən bir çox alimin və
mütəxəssisin fəaliyyət göstərdiyi Azərbaycan
Milli Elmlər Akademiyasının Naxçıvan Bölməsi
bu gün öz fəaliyyətinin parlaq zirvəsini
yaşayır.
Belə
ki, tədqiqatçılarının 292 monoqrafiyası, 859
kitabı, 394 dərslik, dərs və tədris vəsaiti, 25
minə yaxın məqalə və tezisi nəşr
edilmiş, 70-dən çox patent alınmışdır.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin təsis
etdiyi "Naxçıvan", AMEA Naxçıvan Bölməsinin
"Xəbərlər" və "Axtarışlar"
jurnalları, Naxçıvan Dövlət Universitetinin və
"Naxçıvan" Universitetinin "Elmi əsərlər"i,
Naxçıvan Müəllimlər İnstitutunun "Xəbərlər"
jurnalı həm beynəlxalq kod almış, həm də Azərbaycan
Respublikası Prezidenti yanında Ali Attestasiya
Komissiyasının qəbul etdiyi dövri nəşrlər
siyahısına daxil edilmişdir.
2019-cu ildə alimlərimizin uğurlu tədqiqatları,
fundamental elmi nəşrlərlə davam edir.
Muxtar
respublikada son illərdə təhsilin davamlı
inkişafını təmin edən sərəncamların
imzalanması, güclü təhsil infrastrukturunun, maddi-texniki
bazanın yaradılması yüksəkixtisaslı kadr
hazırlığı işinin yeni müstəvidə
aparılması, elmin istesalata tətbiqi, yeni staruplara start
verilməsi kimi əhəmiyyətli innovativ tədbirlər
silsiləsi Naxçıvanımızda elmin inkişafına
münbit və güclü şərait yaradır.
2003-cü
ilin yanvarında 139 əməkdaşla, o cümlədən,
51 elmi işçi ilə fəaliyyətə başlayan AMEA
Naxçıvan Bölməsində bu gün 259 nəfər
(bunlardan 98-i elmi işçidir) əməkdaşla fəaliyyətinini
davam etdirir.
Bölmədə
AMEA-nın həqiqi üzvləri,
müxbir üzvləri, elmlər doktorları, fəlsəfə
doktorları, doktorantlar, dissertantlar və elmi işçilər
elmi fəaliyyətlə məşğuldur. Bölmə
nəzdində müvafiq ixtisaslar üzrə müdafiə
şurası fəaliyyət göstərir. Şuranın fəaliyyəti dövründə həm
Muxtar Respublikada yaşayan, həm də Azərbaycanın
müxtəlif regionlarından çox sayda dissertant tarix,
arxeologiya və iqtisadiyyat elmləri üzrə dissertasiyalar
müdafiə etmişdir. Bölmə əməkdaşlarının
2 nəfəri AMEA-nın həqiqi üzvü, 4 nəfəri
AMEA-nın müxbir üzvü, 6 elmlər doktoru, 55 fəlsəfə
doktoru olaraq fəaliyyət föstərir ki, bu da elmi
işçilərin 68,4%-ni təşkil edir. Əməkdaşlardan
6 nəfər professor, 40 nəfər dosent elmi adını
almışdır.
Naxçıvan
Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov AMEA
Naxçıvan Bölməsi barədə deyib: "Azərbaycan
Milli Elmlər Akademiyası Naxçıvan bölməsi
yaranmış şəraitdən məqsədyönlü
istifadə etməli, elmi araşdırmalar nəticəli
olmalı, onların praktikada tədbiqi işinə diqqət
artırılmalı, muxtar respublikanın tarixi,
arxeologiyası, təbii sərvətləri və onlardan
istifadə imkanları barədə tədqiqatlar davam etdirilməli,
fundamental nəşrlər hazırlanmalıdır".
AMEA
Naxçıvan Bölməsi ABŞ, Fransa, Polşa,
Türkiyə, Rusiya, İran, Gürcüstan və
Qazaxıstan elm və təhsil müəssisələri ilə
sıx elmi əlaqələr çərcivəsində bir
çox elmi naliyyətlərə imza atıb. Bölmənin əməkdaşları
dünyanın Oksford, Dallas, Kyoto, İslamabad, Berlin, Hamburq,
Turin, Zaqreb, Qahirə, Budapeşt, Vyana, Astana, Aşqabad, Ankara,
Qaziantep, Antalya, İstanbul, Qars, Tbilisi, Tehran, Təbriz, Urmiya,
Batumi, Moskva, Sankt-Peterburq, Novosibirsk, Kiyev, Tokio və bir
çox şəhərində keçirilən 439 beynəlxalq
elmi simpozium və konfranslarda çıxış edib,
yüksək nəticələrlə geri qayıdıblar.
"Bölmədə
2 cilddə "Naxçıvan Ensiklopediyası",
"Naxçıvan abidələri ensiklopediyası",
"Naxçıvan tarixi atlası", 3 cilddə
"Naxçıvan tarixi", "Naxçıvan
teatrının səlnaməsi", 3 cilddə
"Naxçıvanın folkloru antologiyası", "Dədə
Qorqud yurdu-Naxçıvan" tarixi-coğrafi və etnoqrafik
atlası, "Naxçıvan Muxtar Respublikasının təbii
sərvətləri: hazırkı vəziyyət və perspektivlər",
2 cilddə Naxçıvan Muxtar Respublikasının
"Qırmızı kitabı", "Naxçıvan
Muxtar Respublikasının ampeloqrafiyası",
"Naxçıvan Muxtar Respublikasının dərman bitkiləri",
2 cilddə "Naxçıvan coğrafiyası" kimi
fundamental nəşrlər işıq üzü
görmüşdür. Bölmənin əməkdaşlarının
tərcümə etdikləri Nemətullah Naxçıvaninin
təfsirinin I və II cildi nəşr olunmuşdur.
Ümumiyyətlə, Bölmənin fəaliyyəti
dövründə əməkdaşların 208
monoqrafiyası, 200 kitabı, 26 metodik vəsaiti, 8034 elmi məqaləsi
və konfrans materialı, 209 tezisi, 21 xəritəsi çap
olunmuşdur. Əsərlərdən 18
monoqrafiya, 18 kitab, 1709 məqalə və konfrans materialı,
67 tezis xaricdə nəşr olunmuşdur. Elmi
məqalələrdən 202-si yüksək nüfuzlu impakt
faktorlu jurnallarda çap olunmuşdur. Əməkdaşların
210 əsərinə istinadlar qeydə
alınmışdır.
Beynəlxalq
Seleksiya Mərkəzi İCRADA-dan alınmış arpa
nümunələrindən yerli şəraitə uyğun,
quraqlığa, şaxtaya, yatmaya və xəstəliklərə
davamlılığı, yüksək məhsuldarlığına
və dənin keyfiyyətinə görə kütləvi
seçmə aparmaqla arpanın Qılçıqlı-85 və
noxudun Qaraca-85 sortları yaradılaraq Azərbaycan
Respublikası Kənd Təsərrüfatı Nazirliyi Seleksiya
Nailiyyətlərinin Sınağı və Mühafizəsi
üzrə Dövlət Komissiyasına təqdim edilmiş.
Sortlar Respublikanın 8 müxtəlif rayonlarında sınaqdan
keçirilərək müsbət və yüksək
göstəricilərinə görə sort adını
doğrultmuş və rayonlaşdırılması qərarlaşdırılaraq
patent və sertifikat verilmişdir.
"Naxçıvan
Muxtar Respublikası ərazisindəki tarix və mədəniyyət
abidələrinin qorunması və
pasportlaşdırılması işinin təşkili
haqqında" müvafiq Sərəncama əsasən, Azərbaycan
Milli Elmlər Akademiyasının Naxçıvan Bölməsi
əməkdaşları tərəfindən Naxçıvan
Muxtar Respublikası ərazisində 1200 dən çox tarix və
mədəniyyət abidəsi aşkar olunmuş və
pasportlaşdırılmışdır. Bu abidələrdən
57-si dünya, 485 isə ölkə əhəmiyyətli tarix
və mədəniyyət abidəsidir.
"Bölmə
əməkdaşlarından 3 nəfər "Əməkdar
elm xadimi", 1 nəfər "Əməkdar müəllim",
1 nəfər "Əməkdar jurnalist" fəxri
adına, 7 nəfər "Tərəqqi" medalına, 3 nəfər
Prezident mükafatına, 1 nəfər isə "Prezidentin fərdi
təqaüdünə" layiq görülmüşdür.
Əməkdaşlardan 3 nəfər Azərbaycan
xalqının Ümummilli lideri Heydər Əliyevin anadan
olmasının 90 illiyi ilə əlaqədar Naxçıvan
Muxtar Respublikası Ali Məclisinin "Qızıl
medal"ına layiq görülmüş, bir nəfər Naxçıvan
Muxtar Respublikası Ali Məclisinin Fəxri Fərmanı ilə,
iki nəfər "Naxçıvan Muxtar Respublikasına xidmətlərinə
görə" nişanı ilə təltif edilmişdir.
Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin Sərəncamına
əsasən, "Naxçıvan tarixi" çoxcildliyi, akademik
İ.Hacıyevin "Naxçıvan Azərbaycanın
dövlətçilik tarixində" monoqrafiyası elm sahəsi
üzrə Naxçıvan Muxtar Respublika mükafatına, həmçinin,
AMEA-nın müxbir üzvü F.Səfərlinin
"Tarixi mənbələrdə Nuh peyğəmbər",
AMEA-nın
müxbir üzvü H.Q.Qədirzadənin "Dünya və
insan: başlanğıcın sonu, sonun
başlanğıcı" kitabları Ali Məclis Sədrinin
mükafatına layiq görülmüşdür.
Naxçıvan Muxtar Respublikasında elmə göstərilən
qayğı elmi inkişaf etdirməklə bərabər, beynəlxalq
əhəmiyyətə və xüsusi geostrateji imicə malik
olan Naxçıvan Muxtar Respublikasının hərtərəfli
öyrənilməsinə də geniş imkanlar
açmışdır. Bu gün, Azərbaycan Milli Elmlər
Akademiyasının Naxçıvan Bölməsində
bütün bu tələblərə cavab verəcək elmi fəaliyyətlər
həyata keçirilir, güclü elmi potensiala malik kadrlar
yetişdirilir.
Nərgiz İSMAYILOVA
AMEA Naxçıvan Bölməsinin əməkdaşı,
Filolgiya üzrə fəlsəfə doktoru
525-ci qəzet.- 2019.- 10 avqust.- S.12.