Ziyalılığımızın Nizami Cəfərov ünvanı

 

Hər bir millətin inkişaf səviyyəsi və taleyüklü problemləri, arzu və istəkləri, qayğıları və çətinlikləri onun yetirdiyi ziyalılarının əsərlərində yaşayır.

Yaxından, çox yaxından tanıdığım üçün qürur hissi keçirirəm ki, yaşadışımız dövrdə xalqımızın yetirdiyi barmaqla sayılası ziyalılar içərisində Nizami Cəfərov ünvanı da var.

Ziyalılığımızın Nizami Cəfərov ünvanı ilə ötən əsrin 80-90-cı illərindən tanışam. Bakı Dövlət Universiteti Tarix fakültəsinin dekanı olaraq Sovet dövrü üçün çətin islahatlar proqramı həyata keçirirdim. Türk xalqlarının tarixini, qədim türk dillərini, əski əlifbanı, bir sözlə, türkçülüyü tarixçi tələbələrə olduğu kimi öyrətmək lazım idi. Böyük türkçümüzdostum Tofiq Hacıyev müdiri olduğu kafedra ilə birlikdə mənə dəstək olurdu. Söhbətlərimizin birində Tofiq müəllim mənə bildirdi ki, o zaman "Ədəbiyyat və İncəsənət" qəzetində çalışan bir gəncin gələcəyinə böyük ümidlər bəsləyir, onu fakültəmizə dəvət etsiniz yaxşı olar.

Nizami Cəfərovla ilk tanışlığım belə başlandı. Çox keçmədən əmin oldum ki, böyük türkçümüz Tofiq Hacıyevin gələcəyinə böyük ümidlər bəslədiyi Nizaminin, həqiqətən də böyük gələcəyi var...

... İndi o illərdən az qala 40 il keçir. Bütün bu illər ərzində yaxın dostluq münasibətlərimdə, həyatın sınaq anlarında dönə-dönə əmin oldum ki, Nizami Cəfərov ünvanı xalqımız üçün çox gərəkli olan əsl ziyalılıq ünvanıdır. Belə ziyalılar hər deyəndə yetişmir...

Sonralar Nizami Cəfərova olan ümid və hörmətim getdikcə artdı və bu günartmaqda davam edir. Nə üçün?

Nizami böyük alimdir. Daim mütaliə edir, yazır, yaradır, milli-mənəvi sərvətlər xəzinəmizi nadir yaradıcılıq inciləri ilə daha da zənginləşdirir, əldə etdiyi adlara, rütbələrə, tutduğu vəzifəyə deyil, zehninə, zəkasına, biliyinə, yazdığı və yazacağı əsərlərə güvənir!

Nizami xeyirxah ziyalıdır, daha doğrusu, əsl insandır. Ona müraciət edən gənc ədəbi qüvvələrə ancaqancaq yaxşılıq edir, köməyini əsirgəmir, kimisinə yol açır, kimisinə dəyərli məsləhətlər verir, kimisinin də əsərinə ön soz və rəy yazır. Bir sözlə, durmadan yaxşılıq edir. Kiməsə əngəl törətmək, kiminsə yolunu bağlamaq, bir sözlə, pislik və bədxahlıq Nizami düşüncəsinə yaddır. Budur əsl ziyalılıq! Nizami vaxtilə ona edilən yaxşılıqları, ona yol açan müəllimləri ? əsl kişiləri unutmur. Bununla bağlı Nizaminin böyüklüyünü təsdiqləyən iki anı heç zaman unutmuram. Akademiyaya müxbir üzvlük və həqiqi üzvlük seçkiləri zamanı böyük dilçimiz və ləyaqətli insan olan Ağamusa Axundova "rəqiblər" meydana gəlməyə başlamışdı. Nizami Cəfərovu da qurdalamağa başlamışdılar. Necə oldusa "parta yoldaşım" Nizamidən bu məsələylə bağlı fikrini soruşdum. Çox qətiyyətlə: "Qağa, mən heç öz müəllimimin qabağına keçərəmmi. Qələt eləyirlər" - deyə, cavab verdi.

Nizami Cəfərov eyni məsələdə böyük türkçümüz Tofiq Hacıyevlə bağlı da həmin qətiyyətlə öz mövqeyini ortaya qoydu: "Tofiq Hacıyev mənim sevimli müəllimimdir. Onun adı olan yerdə mən yoxam!"

Həyatın bu iki anı mənim Nizami Cəfərova olan ehtiramımı daha da artırdı. Nizami Cəfərov çox çətin anlarda dara düşənlərin arxasından nəinki qaçan deyil, əksinə, belə anlarda daha böyük mərdlik, qətiyyət nümayış etdirən ziyalımızdır.

... Bir nəfər istedadlı alimimiz düşmən əsirliyində olanbaşqa heç bir yerdə olmayan qiymətli ilk mənbəni ələ keçirərək böyük sənətkarlarımızdan birinin doğum tarixini dəqiqləşdirməyə cəhd göstərir.

Müqabilində yüzlərlə tanınmış adamlarımız həmin alimə qarşı cinayət işi qaldırmağa çalışır, durmadan müxtəlif instansiyalara yazırlar: "Bu alimin düşmən arxivinə necə yol tapdığını araşdırmaq lazımdır!!!" Hamı susur. Nizami Cəfərov isə susmur, öz sözünü deyir: Alimi yeni fikir söylədiyi üçün damğalamaq olmaz!

Mən Nizami Cəfərovun bu hünərinə lap çox sevindim (Çünki cəsarətli və xeyirxah addımlar atarkən atəşə tutulmaq həyatımın ayrılmaz reallığıdır!)

Nizami Cəfərovun ailəsi daşnakların və qaniçən İosif Stalinin əlilə həyata keçirilən sürgün həyatının bütün müsibətini yaşayıb. Soyqırıma məruz qoyulmaq üçün səfalı Vedi yaylaqlarından isti Mil-Muğan düzünə sürgün olunan atası Qulu kişi onları sürgün yerinə gətirən yük qatarının dəmir yolu relsinin üzəri ilə Ağstafaya qədər - doğma yerlərin sərhədinə qayıtmışdır. Oğluna arzu-kamla böyük Nizaminin adını vermişdir.

Nizami sağ ol ki, böyük Nizaminin adını şərəflə daşıyırsan. Sən də Azərbaycan ziyalılığının tarixində bir təkrarsız Nizami Cəfərov ünvanı yaratmısan! Ünvanında yeni-yeni uğurlar yurd salsın! Birona görə sağ ol və 100 yaşa ki, 20 ildir Milli Məclisdə mənim parta yoldaşımsan. Nə yaxşı ki, Milli Məclisdə mənim parta yoldaşım sənsən! Ən çətin, ürəyi dolu anlarımda bölüşə bildiyim və məni başa düşən ziyalı dostum kimi də sənə minnətdaram! Yaşa, yarat Nizami!

 

Yaqub Mahmudov, akademik,

Əməkdar elm xadimi, Dövlət Mükafatı laureatı

 

525-ci qəzet.- 2019.- 10 avqust.- S.9.