Dənizin kollaj
düşüncələri
Mən
on bir il qabaq yaxın qöhumların məclisində
eşidəndə ki,
üç yaşlı
Dəniz kitab oxuyur, hekayələr, şeirlər yazır, ana dilindən savayı, rus və ingilis dillərində danışır,
əsla təəccüblənmədim.
Çünki Dənizin
ədəbiyyatşünas anasına, tarixçi atasına kifayət qədər bələd idim və bilirdim
ki, atası Kamran Ordubadda orta məktəbi Azərbaycan dilində bitirsə də, bu gün tarixin
ənginliklərini rus,
ingilis mənbələrində
incələyir, rus dilində yazır. Demək, fenomen uşaq fenomen ailədə dünyaya göz açıb, burda təəccüblü nə
var ki?
Mən beş il qabaq xəbər tutanda ki, atası Dənizin ilk qələm təcrübələrini kitab halında təqdim edib, nəinki heyrətlənmədim, hətta bu, mənə təbii göründü. Ruhlandırılan uşaq ürəkli, qanadlı böyüyür.
Bugünlərdə isə artıq on dörd yaşını aşırmış Dəniz mənə yeni kitabını bağışladı: "Kollaj düşüncələr".
Və hiss elədim ki, məqsədi yeni kitabını paylamaq yox, bu topluya toplanmış qələm təcrübələri haqqında rəy bilməkdir. Bu orijinal tərtibatlı kitabça haqqında fikrimi Dənizin özünə də söyləyə bilərdim, amma gənc müəllif tərəfindən üç dildə yazılmış bu hekayə və esseləri oxuyandan sonra hiss elədim ki, bu ədəbi nümunələr haqqında oxucularla paylaşmağa da sözüm var.
Əvvala, faktın özü maraqlıdır: Dəniz öz yeni kitabına müxtəlif illərdə üç dildə - Azərbaycan, rus və ingilis dillərində qələmə aldığı esseləri, hekayələri, şeirləri toplayıb. Əgər sənin xalqının yeniyetmə bir nümayəndəsi üç dildə sərbəst yaza bilirsə, buna necə sevinməyəsən, belə bir məktəblinin kitabına necə biganə qalasan?
Kitabçanın adından başlayaq:
"Kollaj düşüncələr".
Axı, nədi bu kollaj?
Oxucularını niyə dağa-daşa
salırsan, Dəniz bala? Şəxsən
mən bu "kollaj"ın mənasına
varmaq üçün
Azərbaycan, rus və ingilis
dillərində internetə baş vursam da, tam
aydın bir nəticə hasil
edə bilmədim... Sənin bir prizmadan baxdığın foto-örnəklər
bu kollaja uyğun gəlsə də, düşüncələrini
"kollaj" adıyla qəbul edə
bilmədim. Axı, əslində, sən çox
sadə yazırsan. Hətta "Su"
adlı esseni dərsliklərə də salmaq olar. Bu
səmimi, duzlu yazıda həm də ekoloji problemlər gündəmə gəlir.
Artıq təbiət elə amansızlıqlara məruz
qalıb ki, bəşəriyyəti
içməli su problemi
düşündürür. Yəqin xəbərin
var, su bizim
folklorumuzdan qırmızı xətt kimi keçir: "Su girdi qaba,
oldu içməli", "Su axar çuxurunu
tapar", "Qanı suyla
yuyarlar", "Su sənəyi
suda sınar", "Aydan
arı, sudan duru",
"İslanmışın sudan nə qorxusu". Və s. Hətta "saman altdan su
yeridən"lər də
var...
Bax, su haqqında bu qəbildən deyimlər də cəm halında, etiraz etməsən, deyərdim ki, kollaj nümunəsidir.
Və bizim yazılarımız folklordan gələndə, ağız ədəbiyyatından qaynaqlananda qanadlı olur. Hər halda "kollaj" düşüncələrlə oxucuda yazılarına qarşı maraq oyatmaq istəmisənsə, bu, başa düşüləndi. Oxucu "ovlamaq" çətindi, axı... Yeri gəlmişkən, "Ov" hekayən haqqında. Maraqla oxudum və mənə elə gəldi ki, hansısa cizgi filminə yenidən baxdım. Sözün açığı, sənin bütün yazılarında cizgi filmlərinin təsiri duyulur. Amma artıq "həyata qayıtmaq" zamanıdır.
Və mənə elə gəlir ki, Dəniz rus dilində qələmə aldığı "Tma i rassvet" povesti ilə cizgi filmləri dünyasını yeni axara dəyişib. Sırf həyat axarına. Burda da o, kollajlar yarada biləcəkmi? Bunu, əlbəttə, qarşıdakı illər göstərəcək. Anası Güldəniz xanımın dediyinə görə, Dənizin yazıçılıq iddiası yoxdur. Göz həkimi olmaq arzusundadır. Mən istərdim ki, Dəniz bu müstəvidə də valideynlərini heyrətləndirsin. "Göz izi"ni də görə bilsin...
Məmməd ORUC
525-ci qəzet.- 2019.- 10 avqust.- S.9.