Bayburtda addım-addım...  

 

 

 

Bu uzun yolun bizi dünyanın ən ecazkar, əsrarəngiz, tarix qoxulu şəhərinə apardığını bilmirdim. Türkiyənin Azərbaycandakı Mədəniyyət və Tanıtma Müşavirliyinin dəstəyiylə 25-ci Beynəlxalq Bayburt Dədə Qorqud festivalının adını tutub gedirik. 12 saatdan sonra Ərzuruma ayaq basanda bizi qarşılayan Kuzeydoğu Anadolu Kalkınma Ajansının (KUDAKA) əməkdaşları Mehmet Öksüzər və Fateh Baltacının müşayiəti ilə maşına minib yola çıxarkən gözlərimin yuxusuzluqdan qapandığını hiss edirdim. Amma maşının pəncərəsindən təsadüfən diqqət etdiyim mənzərə kirpiklərimi geniş-geniş açmağıma səbəb oldu. Göz işlədikcə sıralanan dağlar, cəmi on metr qabağı belə görməyə izin verməyən dolanbaclar, pəncərənin bitişiyindəymiş kimi hiss etdirən, nəfəsini boğazında düyümləndirən uçurumlar təbiətin gözəlliklə vahimənin çuğlaşmasından yaratdığı məkana doğru getdiyimizin ilk "müjdəçiləri" idi. Həmişə elə olmurmu? Hər gözəllikdə bir az da vahimə, vəhşilik gizlənməyibmi? Beləliklə, yaşılın bütün çalarlarını yerində, mavinin bütün tonlarını isə göyündə toplayan Ərzurum- Bayburt yoluna xoş gəlmişik!

 

Daxmadan asılan al bayraq

 

Hələ otelimizə çatmadan Mehmet bəy Bayburtla bağlı məlumatlar verməyə başlayır. Deyir ki, Bayburt Türkiyənin ən kiçik və əhalisi ən az olan şəhəridir. Cəmi 40000 əhalisi olan şəhər insanlarının milli kimliyinə, soykökünə sıx bağlılığı ilə seçilir. Çünki az qala, Türkiyənin hər yerində, hətta dünyanın bir çox ölkələrində "Bayburtlular dərnəkləri" fəaliyyət göstərir. Ərzurumla Trabzonun arasında yerləşən bu şəhər təbii mənzərəsi, qədim tarixi abidələri, səfalı təbiəti, son illərdə ənənəvi olaraq keçirilən Dədə Qorqud festivalları ilə turistlərin ən çox ziyarət etdiyi şəhərlərdən biri olsa da, özünün qapalılığını qoruyub-saxlamağı bacarıb.

Budur, artıq Bayburtdayıq. Acgözlüklə şəhərə baxıram. İlk gözümə dəyən yarıuçuq, köhnə daxmanın pəncərəsindən asılmış Türkiyə bayrağı olur. Türklərin öz bayraqlarına sevgisini, sayğısını onsuz da bilirik. Amma adi insanların bu şiddətdə vətən sevgisi, bayraq məhəbbəti bizi həm heyrətləndirir, həm də sevindirir.  Beləcə, dağların qoynundakı bu ecazkar şəhərlə ilk tanışlığım dərin hisslərlə yaddaşımın ən gözəl yerinə həkk olunur.

 

Dünyanın başladığı qala... Saat qülləsi

 

Otelə çatmağımıza az qalmış təpənin üzərində - Bayburtun ən hündür yerində ucalan, sanki şəhəri özünün vahiməli əzəmətiylə mühafizə edən qala diqqətimizi çəkir. Anadolunun şimal-qərbində, Çoruh çayının aşağı vadisində, dəniz səviyyəsindən 155 metr yüksəklikdə yerləşən Bayburtu tarixin çox böyük bir dövründə beləcə hifz edib bu qala. 

Onu da qeyd etməliyəm ki, bəzi mənbələrdə Bayburtun tarixinin hətta miladdan əvvələ dayandığı qeyd olunur. Qara dənizi Bəsrə körfəzinə bağlayan ticarət yollarının üzərində yerləşdiyi üçün bura daim bütün dövlətlərin diqqət mərkəzində olubsanki Osmanlı dönəmindən necə varsa, elə də qorunub-saxlanılıb.

Qalayla maraqlandığımızı görən bələdçimiz Fateh bəy deyir ki, Bayburt qalası əhalinin fəxr yeridir. Türkiyənin ən önəmli on qalasından biridir. Onlar ulu babalarının, nənələrinin rəvayətlərinə, nağıllarına söykənərək dünyanın məhz Bayburt qalasından başladığını iddia edərlər. Bu yerdə Bayburtun türklərin ən qədim dastanı olan "Kitabi-Dədə Qorqud"dun bir neçə yerində adının keçməyini xatırlayıb özümü 1300 illik tarixi adlayıb keçmişə düşmüş kimi hiss edirəm.

Səfərimizin sonrakı günlərində Fateh bəy verdiyi sözə əməl edib bizi Bayburt qalasına apardı. Buradan bütün şəhər ovcunun içindəymiş kimi görünür. Deyir ki, 1054-cü ildən başlayaraq Səlcuq türkləri bu şəhərə hücumlar təşkil ediblər. Vaxtilə inşa edilən və sıldırım qayalar üzərində yerləşən nəhəng Bayburt qalası bu hücumlardan qorunmaq üçün çox əlverişli bir məkan olub. 1071-ci ildə baş verən Malazgird döyüşündən bir il sonra şəhər Səlcuq imperiyasının nəzarəti altına keçib. Türklərin şəhərə hakim olmasından sonra qala yenidən, bu dəfə daha əzəmətli bir şəkildə inşa olunub. Qala qapısına çatmadan geriyə baxanda, şəhərin möhtəşəm mənzərəsini, hətta hər bir küçəsini görmək mümkündür.

Tam mərkəzdə Bayburtun rəmzi hesab olunan Saat qülləsi ucalır. 1924-cü ildə tikilən qüllə yolun tən ortasında yerləşdiyindən hardan baxsan görmək mümkündür. İllah da ki, şəhərin mərkəzindəki otelimizin eyvanından... Burada otellər və binalar hündür deyil. Ən çoxu 4-5 mərtəbəli. Ona görə də bütün şəhəri, ən uzaqdakı evlərinə qədər görmək mümkündür. Bizim də otağımız otelin 4-cü mərtəbəsində- şəhərə görə ən yüksəkdə yerləşirdi. Bütün Baybur gözümüzün önündə idi: uzaqdakı məscid, otelin qarşısından axıb şəhəri ikiyə bölən Çoruh çayı, qala, saat qülləsi, ən uzaqdakı təpənin başında yellənən al bayraq...

 

Qarabağla ortaq taleli şəhər

 

Bayburtu bizə doğmalaşdıran bir səbəb də onun keçmişimizi andıran tarixidir. Şəhəri gəzərkən qarşımıza yanmış, uçulmuş binalar çıxır. Öyrənirik ki, bunlar erməni qəsbkarlığının buraxdığı izlərdir. Erməni vəhşiliyindən əziyyət çəkən tək Qarabağ deyilmiş, Bayburtun tarixinə də bu ad qanla yazılıb. Bu baxımdan Bayburt Qarabağımızın tale qardaşı, dərd ortağıdır: 1910-1912-ci illərdə erməni zülmünə düçar olub, rus işğalına məruz qalıb. O illərin acıları hələ də xatirələrdə, türkülərdə yaşamaqdadı. Erməni-rus basqınından zorla qurtulan, doğma yurd-yuvasından didərgin salınan soydaşlarımız tarixin göstəricisi kimi bəzi dağıntıları olduğu kimi saxlayıb. Bu fakt bizə bir daha qan qardaşlarımızın, tale yoldaşlarımızın məmləkətində olduğumuzu sübut edir, özümüzü daha doğma hiss etməyimizə səbəb olur. Yadıma buraya gəldiyimdən bəri küçələrdə tez-tez qarşılaşdığım böyük plakatlarda yazılmış Türkiyə Bayburtlular Federasiyasının sədri Hasan Sakanın bu sözləri düşür: "Birlik və bərabərlik ölümdən başqa hər şeyə qalib gələr".

 

Çoruh çayının laylasını dinləyərkən...

 

Tarixi İpək Yolunun üzərində yerləşən Bayburtu dəlisov və müəyyən günlərdə özünü şıltaq qız kimi aparan Çoruh çayı iki yerə bölür. Səfərimizin ikinci axşamında şəhərin gecəsini də öyrənmək üçün piyada otelimizə dönürük. Yanımızda artıq sizin də yaxşı tanıdığınız Mehmet bəy və Bayburtda tanınmış radio-televiziya aparıcısı, Dədə Qorqud festivalının bir çox tədbirlərinin idarəçisi Naci Ahıskalıoğlu var. Bu gecə bələdçimiz onlardır. Şəhər gündüz kimi işıqlıdır. Yadıma Bakının işıqlı gecələri düşür. Naci bəydən şəhərin həmişə, yoxsa yalnız festivala görə belə bəzəkli və işıqlı olduğunu soruşuram. Deyir ki, Bayburt həmişə belədir. Çoruh çayının yanından keçəndə Naci bəyə çayla bağlı suallar verirəm. O da başlayır həvəslə danışmağa. Deyir ki, bu, Türkiyənin ən sürətli birinci, dünyanın isə ikinci çayıdır. Bayburtdan başlayıb Artvindən keçirBatumdan Qara dənizə tökülür. Çayın üzərində Bayburt daşından salınmış Daş körpü var. Naci bəy çayın çılğınlığından, az qala bütün şəhəri öz ağuşuna alacaq qədər daşmağından danışdıqca yanımızda sakit-sakit axan, sanki gecəyə laylay çalan Çoruha heyrətlə baxıram. Sanki sözlər heç ona aid deyilmiş, ondan danışılmırmış kimi vecsizcə axmağı gülümsəməyimə səbəb olur. Naci bəy isə deyir: "Indi belə sakit axmağına baxmayın, aprel ayında çox sürətli axardaşaraq önünə gələni aparar. Bəzi illərdə daşıb Saat qülləsini göl içərisində qoyduğu da olub. Daşaraq üstündəki körpülərin də üzərinə çıxa bilir. Yay ayları ən durğun zamanıdır".

 

Türbələr... Məzarlar... Uyuyan tarix...

 

Dədə Qorquddan başqa dastanın əsas qəhrəmanlarından olan Bamsı Beyrəyin məzarı da Bayburtdadır. Ərənli (Duduzar) kəndində olan bu məzardan şəhərin geniş, gözəl mənzərəsi açılır. Bayburtda bu gün də Bamsı, Beyrək adlarına rast gəlmək mümkündür. Beyrəyin məzarı yanında Məhəmməd Peyğəmbərin bayraqdarı, İstanbulun mənəvi fəth komandiri, səhabə Əbdülvəhhab Qazinin türbəsi də var. Bu türbə və Bamsı Beyrəyin qəbri əhalinin ziyarətgah yerinə də çevrilib.

Naci bəy söhbətlərində Şəhid Osman Türbələri haqqında da məlumat vermişdi. Buranın bayburtlular üçün ən əhəmiyyətli yerlərdən biri olduğunu demişdi. Şəhərin qərbində yerləşən bu iki türbənin Saltukoğullarına aid olduğu deyilir. Buna görə də türbələr Saltuk komandirlərindən Mengüçlülər Osman bəy və Ümmuhan xanıma məxsusdur. Üzərindəki kitabələr aşınmalara məruz qaldığından yaxşı oxunmur. Ən hündür təpələrdən birində yerləşən bu türbələr sarı daşdan tikilibdaş işləmə sənətinin ən gözəl nümunələrindəndir.

Ondan bir az aralıdakı İmarət təpəsində də şəhidlər uyuyur. Türk dünyasında məşhur olan şair Zihninin qəbri də bu təpədədir. Həqiqətən də Bayburt balaca, yetişdirdiyi insanlar isə böyükdür....

Yerin altındakı şəhər... Anbar, ya göl?

Bayburtun ən maraqlı yerlərindən biri Aydıntəpə yeraltı şəhəridir. Qədim Roma imperiyası dönəmində yeraltı məkan xristianlığı qəbul edənlərin sığınacaq yeri olub. Hətta deyirlər ki, ikinci dünya müharibəsi zamanı bu məkan da istifadəyə cəhd olunub. 1988-ci ildən etibarən isə bura hərtərəfli araşdırılmağa başlanılıb. Təxminən bir metrədək enində olan tunellə irəliyə doğru hərəkət edərkən qarşınıza mağaraya bənzər, o qədər də böyük olmayan çoxsaylı otaqlar çıxır. Deyilənə görə, yeraltı şəhərə sığınan ailələr vaxtilə həmin "kiçik evlərdə" məskunlaşıblarmış. Burada, təhlükəsizlik tədbirləri də görülüb. Düşmən sığınacağı aşkar etdikdə, onun yolunu bağlamaq üçün "otaqlara" böyük çaydaşı qoyulub. Bu sığınacağı hazırlayan insanlar su ilə təminatı da diqqətdən kənarda saxlamayıblar. Belə ki, tunellə təxminən 300 metr irəlilədikdən sonra qarşımıza kiçik hovuz çıxdı. Yeraltı bulaqdan süzülən su bu hovuza dolur. Maraqlıdır ki, hovuz tam dolandan sonra su axını dayanır. Tunellərdə havalandırma üçünxüsusi yerlər mövcuddur. Konus formasında olan ventilyasiya dəlikləri yeraltı şəhərdə temperaturun 12 dərəcə selsidə saxlanılmasında böyük rol oynayır.

Bayburtun yeraltı dünyalarından biri də Çımağıl mağarasıdır. Şəhər mərkəzindən 35 kilometr məsafədəki Aşağı Çımağıl kəndində yerləşir. Mağara əsrarəngiz və mistik bir atmosferə malikdir. Uzunluğu 110 metr, bəzi hissələrdə tavan hündürlüyü 30 metrdir. Əslində, mağara əhəmiyyətli bir ekskursiya sahəsidir və çox sayda turist ziyarət edir.

Demirözü anbarına getdiyimizi deyəndə düşündük ki, yəqin uzun illər bundan əvvəlin saxlanc yerini nəzərdə tuturlar. Ancaq sən demə, bura böyük bir göl imiş. Əvvəllər əkinçilik ərazilərinin suvarılması məqsədi ilə istifadə edilən bu anbar indi bələdiyyənin təşəbbüsü ilə turizm bölgəsinə çevrilib. Gölün ətrafında hazırlanan anbarda isə balıqlar saxlanılır. Burdan tutulan balıqlar restoranlarda bişirilir. Kiçik gəmiylə çıxdığımız Dəmirözü turu isə Bayburtun su həyatını yaddaşımıza əyləncəli anlarla bərabər həkk etdi.

P.S. Bayburta gedərkən "o boyda ölkənin ən kiçik şəhəri ən çoxu nə qədər maraqlı ola bilər ki?" düşüncəsiylə, guya yaranacaq boşluqdan istifadə etmək üçün özümlə kitablar götürmüş, filmlər seçmişdim. Hətta səfər yoldaşım, "Kaspi" qəzetinin əməkdaşı Xəyalə Rəis onun üçünoxumağa maraqlı kitab götürməyimi xahiş etmişdi. Amma "sən saydığını say, gör Bayburt nə sayır..." Oradakı günlərimiz o qədər dolu, maraqlı bilgilərlə, təəssüratlarla zəngin, mehriban insanlarının xoş söhbətləriylə doyumlu keçdi ki, qayıtmağımıza bir neçə saat qalmış çamadanlarımızı yığarkən o kitabları nəinki oxumaq, heç çamadandan belə çıxarmadığımızı gördük. Bunu KUDAKA-nın qonaq jurnalistlərə özəl sonuncu gün konfransında da dilə gətirib, bizə kitabı, filmi, günümüzü maraqlı etmək üçün əl atdığımız bütün vasitələri unutdurduqlarına görə sonsuz təşəkkürlərimizi bildirdik!

P.P.S. Qeyd edim ki, Bayburtla bağlı öyrəndiyimiz ilk şey soyuq havası oldu. Dağlardan əsən meh insanın iliklərinə qədər işləyə bilir. Ona görə də yolunuzu Bayburtdan salsanız, ilin hansı ayından asılı olmadan özünüzlə qalın geyim götürməyi unutmayın!

Bayburt-Bakı

 

Şahanə MÜŞFİQ

 

525-ci qəzet.- 2019.- 10 avqust.- S.8.