Milli-mənəvi dəyərlərin
keşiyində
YAZILI
ABİDƏLƏRİN, MEMUAR ƏDƏBİYYATIMIZIN YORULMAZ
TƏDQİQATÇISI
Əlyazmalar,
yazılı abidələr, ayrı-ayrı müəlliflərin
müxtəlif xətlərlə (çətin, ya asan)
köçürülmüş əsərləri elə bir
aləmdir ki, bu dünyaya bir dəfə daxil olub onun
vurğunu olan bir daha buranı tərk etmək istəmir.
Görkəmli şərqşünas, əlyazmaşünas
alim İ.Y.Kraçkovski
yazırdı ki, əlyazmalar üzərində
çalışmaq, illərlə
onları oxuyub öyrənmək insanı
nəcibləşdirir. Ömrünü
yazılı abidələrimizin
tədqiqinə həsr
edən, əlyazmaları,
sənədləri oxuduqca
nəcibləşən alimlərimizdən
biri də Azərbaycan Milli Elmlər Akademiyası Məhəmməd Füzuli
adına Əlyazmalar İnstitutunun
Şəxsi arxivlərin
tədqiqi şöbəsinin
müdiri, filologiya elmləri doktoru Nailə Səmədovadır.
Nailə
xanım Azərbaycan Dövlət Universitetinin Filologiya fakültəsini bitirdikdən sonra
1983-cü ildən Əlyazmalar
İnstitutunda çalışır.
Qeyd edək ki, onun
atası Əbdül Əzizov da, anası Cənnət Nağıyeva da ədəbiyyatşünas alim
olmuşlar. Ömrünün
altmış ilini Əlyazmalar İnstitutunda
işləmiş filologiya
elmləri doktoru, professor Cənnət Nağıyeva Azərbaycan-özbək
ədəbi əlaqələrinin
görkəmli tədqiqatçısı,
tanınmış alim
olmuşdur. Onun yüksək elmi
potensialı, klassik ədəbiyyat sahəsindəki
zəngin bilikləri,
işinə məsuliyyətli
münasibəti, intizamı
uzun illər institutun əməkdaşları,
o cümlədən, mənim
üçün nümunə
olmuşdur. Şübhə yoxdur ki, ömrünü
klassik irsə, əlyazmalara həsr etməsində Nailə xanımın valideynlərinin
nümunəsi həlledici
rol oynamışdır.
Nailə Səmədova Əlyazmalar
İnstitutunda işlədiyi
ilk vaxtlarda burada saxlanılan şəxsi arxiv materiallarına, memuar və epistolyar ədəbiyyat nümunələrinə daha
böyük maraq göstərdi. XIX-XX əsrlərdə
yaşayıb-yaratmış bir sıra görkəmli
ədəbiyyat və
mədəniyyət xadimlərinin,
mütəfəkkir və
maarifçilərimizin şəxsi
arxiv materialları Azərbaycan Milli Elmlər Akademiyası Məhəmməd Füzuli
adına Əlyazmalar İnstitutunun
qızıl fondunu təşkil edir. Məlum olduğu kimi, bir çox görkəmli şəxsiyyətlərimiz
şəxsi arxiv materiallarının toplanaraq
gələcək nəsillər
üçün qorunmasına
gərəyincə əhəmiyyət
verməmişlər. Azərbaycan mədəniyyəti tarixində
şəxsi arxiv materiallarının qorunub
saxlanması və tərtib edilməsinin ilk təşəbbüskarı milli
dramaturgiyamızın banisi,
böyük mütəfəkkir
Mirzə Fətəli
Axundzadə olmuşdur.
Ədibin müxtəlif şəxslərə,
görkəmli dövlət
xadimlərinə və
nüfuzlu adamlara yazdığı məktubları
öz miqdarı və məzmunu etibarı ilə onun arxivinin mühüm hissəsini təşkil edir. Görkəmli ədəbiyyatşünas Yusif Vəzir Çəmənzəminli də
şəxsi arxiv materiallarına xüsusi qayğı və diqqətlə yanaşmış,
onların gələcək
nəslə çatdırılmasına
böyük əhəmiyyət
vermişdir. O, "Turgenevin
yazı üsulu" adlı məqaləsində
yazır: "Bizim Azərbaycan yazıçıları
bu barədə daha geridə qalmışlar, bir çoxlarının əlyazmaları
belə meydanda yoxdur, arxivi meydana çıxanlar da az olmuşdur.
Yalnız Mirzə Fətəli
istisnadır. Çünki o, özündən sonra gözəl və müntəzəm bir arxiv buraxmışdır.
Yazıçıların səhlənkarlığı qismən onların özlərinə qiymət
verməmələrindən irəli gəlmişdir".
Buna baxmayaraq, bir sıra görkəmli
mədəniyyət xadimlərimizin,
ədiblərimizin şəxsi
arxivləri əlimizə
gəlib çatmışdır
və Əlyazmalar İnstitutunun Şəxsi
arxivlərin tədqiqi
şöbəsinin əməkdaşları
bu materialları bir neçə istiqamətdə araşdırmaqda
davam edirlər. Əvvəllər şöbənin
elmi işçisi, hazırda müdiri olan Nailə Səmədova Həsən
bəy Zərdabi, Cəlil Məmmədquluzadə,
Məmməd Səid Ordubadi, Yusif Vəzir Çəmənzəminli,
Əli Nəzmi, Əliabbas Müznib, Məmmədəli Sidqi və başqa ədiblərimizin şəxsi
arxivlərini, buradakı
memuar və epistolyar ədəbiyyat nümunələrini araşdırmış,
ədəbiyyat və
mədəniyyət tariximizin
tədqiqi baxımından
maraqlı elmi nəticələrə gəlmişdir.
Onun 1993-cü ildə
müdafiə etdiyi
"Məmməd Səid
Ordubadinin "Həyatım
və mühitim" memuarı" mövzusunda
namizədlik dissertasiyası
(Elmi rəhbər akademik Məmməd Cəfər Cəfərov
olmuşdur) tədqiqatçılar
tərəfindən müsbət
qarşılanmışdır. Nailə xanım Məmməd Səid Ordubadi yaradıcılığına qarşı
həmişə diqqətli
olmuş, onun xatirələrini, bəzi
qeyri-mətbu əsərlərini,
məktublarını ayrıca
kitab halında nəşr etdirmiş, ədəbi irsi barədə məqalələr
yazmışdır. Ədiblərimizin məktubları və xatirələri ədəbiyyat
tariximizin öyrənilməsi,
araşdırılması baxımından
çox böyük əhəmiyyətə malikdir.
Son dövrlərə qədər bu zəngin xəzinə lazımi diqqətdən kənarda qalmışdı.
Nailə
xanım memuar ədəbiyyatının tədqiqi
ilə ciddi surətdə maraqlanmağa
başladı, görkəmli
ədiblərimizin şəxsi
arxivlərdə saxlanan
xatirə və gündəliklərini topladı
və sistemli şəkildə ətraflı
araşdırdı, bu
mövzuda çoxsaylı
elmi məqalələr
yazdı. O, 2011-ci ildə
"Azərbaycan memuar
ədəbiyyatının yaranması,
təşəkkülü və inkişaf mərhələləri" adlı
doktorluq dissertasiyasını
uğurla müdafiə
etdi (Elmi məsləhətçi professor Teymur Əhmədov olmuşdur). Bu elmi
işin məzmunu Nailə Səmədovanın
"Azərbaycan memuar
ədəbiyyatı tarixi"
və "İnsan, zaman və həyat
həqiqəti" adlı
monoqrafiyalarında əksini
tapmışdır. Elmi işində
memuarların əhəmiyyətindən
danışan tədqiqatçı
göstərir ki, insanların hiss və həyəcanları, həyata
və dünyaya baxışları xatirə
məzmunlu yazılarda
daha dolğun şəkildə əksini
tapmaqdadır. Memuar ədəbiyyatı
müəllifin olanlar
və keçənlər,
insanlar, mühit, dövr haqqında yazılı əsəridir.
Memuarist öz həyatını, çevrəsində olan insanları, ona müsbət və ya mənfi münasibət
bəsləyənləri, ömür
yollarının çətinliklərini,
uğurlarını olduğu
kimi anlatmaqla canlı insan surətləri yaradır,
həyat həqiqətini
tam əks etdirməklə
müəyyən bir tarixi dövrün ab-havasını canlandırır.
Memuarist əsasən öz yaddaşına əsaslanır,
hadisələri yaddaşında
qaldığı kimi
əks etdirir. Yalnız
xatirələrdə deyil,
ümumiyyətlə mədəniyyətimizdə
yaddaş fenomenindən
danışan tədqiqatçı
yazır: "Yaddaş
ünsürü bu və ya başqa
dərəcədə insan
şüurunun bütün
aktlarında iştirak
edir. Olayların baş verməsi
ilə memuarların yaranması arasındakı
müddət nə qədər çox olarsa, yaddaşın əhəmiyyəti bir o qədər artar".
Xatirələri digər sənət əsərlərindən fərqləndirən
ən başlıca əlamət şəxsi başlanğıcın bilavasitə
ifadəsidir. Bununla müəllif ön
plana çıxır.
Memuarlarda müəllif əsas
rol oynayır, öz tərəfindən
danışır.
Nailə
Səmədova haqlı
olaraq ilk xatirə nümunələri kimi orta əsrlər klassiklərinin, Əbülüla
Gəncəvi, Xaqani Şirvani, Nizami Gəncəvi, Hümam Təbrizi, Məhəmməd
Füzuli, Qövsi Təbrizi və başqalarının əsərlərini
göstərir. Həqiqətən də bu şəxsiyyətlərin
bədii əsərlərindən
onların həyatına
dair əldə edilən çoxsaylı faktlar ədəbiyyat tariximizdə əksini tapmışdır. Alim qeyd
edir ki, xatirə örnəkləri
şair və yazıçılar barədə
məlumat və əsərlərindən nümunələrdən
ibarət olan təzkirələrdə daha
çoxdur. "Təzkirə" sözü
ərəbcə xatırlamaq,
xatirat, tərcümeyi-hal
deməkdir. Bio-biblioqrafik qaynaq olan təzkirələrdə
müəlliflər, xüsusən,
öz çağdaşları
haqqında nisbətən
geniş məlumat vermişlər. Əlişir
Nəvai, Sam Mirzə,
Sadiq bəy Əfşar, Əhdi Bağdadi, Mir Möhsün
Nəvvab və başqalarının təzkirələrində
görkəmli ədiblərimizin,
şəxsiyyətlərimizin həyat və yaradıcılığına dair
çox dəyərli
məlumatlar vardır.
Nailə Səmədova göstərir ki, XIX əsrdə yazıb-yaratmış Qasım bəy Zakir, Abbasqulu ağa Bakıxanov, Mirzə Fətəli Axundzadə, Mirzə İsmayıl Qasir, Bahar Şirvani, Seyid Əbülqasım Nəbati, Mir Möhsün Nəvvab, Seyid Əzim Şirvani, Xurşidbanu Natəvan kimi sənətkarlarımızın əsərlərində avtobioqrafik məlumatlara daha geniş yer verilmişdir. Qasım bəy Zakirin bir sıra lirik şeirləri, əsasən müxəmməsləri onun şəxsi həyatı, əhvali-ruhiyyəsi ilə bağlı məlumatlarla zəngindir. Abbasqulu ağa Bakıxanovun şeir və poemaları onun həyat yolu, vətənpərvər bir şəxsiyyət kimi yetişməsi barədə müəyyən bir məlumat almaqda dəyərli mənbələrdir.
Tədqiqatçı XX əsrdə memuar nümunələrinə marağın artması barədə yazır: "Artıq XX yüzilliyin əvvəllərində xatirələrə maraq artır, cəmiyyətdə, ədəbiyyatda mövqeyi olan bir çox insanlar ya öz ömür yolları və ya tanınmış, görkəmli şəxsiyyətlər haqqında xatirələr yazırlar. Bu qəbildən Mirzə Ələkbər Sabir haqqında yazılan xatirələri xüsusi qeyd etmək lazımdır. Böyük şair haqqında C.Məmmədquluzadə, Ə.Nəzmi, H.Nəzərli, S.Mümtaz, H.Məmmədquluzadə, S.Hüseyn, Ə.Müznib, S.M.Qənizadə, C.Cəbrayılbəyli, H.İ.Qasımov, A.Səhhət, Ə.Razi, Q.Qantemir, Ə.Şərif, M.Ə.Sidqi, M.Mərdanov və başqaları xatirələr yazmışlar". Onu da qeyd edək ki, Nailə xanım Məmməd Səid Ordubadi ilə bərabər, Əbülqasım Əminzadənin Abbas Səhhət və Məhəmməd Hadi haqqında xatirələrini, Əliabbas Müznibin xatirələrini ön sözlə çap etdirmişdir. Böyük maraq kəsb edən bu memuarlar dövrün mənzərəsinin canlandırılmasında, görkəmli şəxsiyyətlərimiz barədə yeni məlumatlar əldə edilməsində bizə kömək edir.
Çağdaş ədəbiyyatımızda memuar əsərlərinin kəmiyyətcə artması ilə yanaşı, keyfiyyətcə də yeniləndiyi qənaətinə gələn tədqiqatçı yazır ki, kamil xatirə nümunələrinin yaranması ilə səciyyələnən XX yüzil, eyni zamanda, klassik ənənələrin davamı və inkişafı baxımından da dəyərləndirilməlidir. Keçən yüzilin ikinci yarısı və əsrimizin ilk illərində meydana çıxan xatirələr Azərbaycan memuar ədəbiyyatını yeni nümunələrlə zənginləşdirmişdir. Bu əsərlər dövrün yetirməsi olan şəxsiyyətlərin mənəvi keyfiyyətlərinin bütün çalarları ilə gələcək nəslə ötürülməsində xüsusilə önəmlidir.
Nailə Səmədova görkəmli jurnalist, mühərrir, mollanəsrəddinçi Məmmədəli Sidqinin həyat və yaradıcılığının, ədəbi irsinin tədqiqi sahəsində də mühüm işlər görmüşdür. 2015-ci ildə o, Məmmədəli Sidqinin AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda saxlanan şəxsi arxivinin təsvirini "Elm" nəşriyyatında bir kitab halında nəşr etdirmişdir. Burada ədibin şəxsi arxivində saxlanan xatirələr, məktub və teleqramlar, sənədlər, bədii əsərlər, fotoşəkillər, qəzet nümunələri, çap kitabları barədə məlumat verilmişdir. 2017-ci ildə tədqiqatçı "Elm və təhsil" nəşriyyatında Məmmədəli Sidqinin şəxsi arxivindəki materialların: tərcümeyi-hal və xatirələrin, əsərlərin, məktubların mətnini müasir əlifbada oxuculara təqdim etmişdir. 748 səhifədən ibarət bu kitab, heç şübhəsiz, tədqiqatçılar üçün əvəzsiz töhfədir.
Nailə Səmədovanın 100-dən artıq elmi məqaləsi müxtəlif elmi məcmuələrdə, o cümlədən, Türkiyə, İran, Özbəkistan, Gürcüstan, İsveçrə və Almaniyanın jurnallarında dərc olunmuşdur. O, bir sıra ölkələrdə keçirilən beynəlxalq elmi konfrans və simpoziumlarda iştirak etmişdir. Alimin "Azərbaycan memuar ədəbiyyatı tarixi" kitabı 2006-cı ildə Əlyazmalar İnstitutunun ən mühüm elmi nəticəsi kimi AMEA rəhbərliyinə təqdim edilmişdir.
Nailə Səmədova gənc elmi kadrların yetişdirilməsində də əməyini əsirgəmir. Onun yetişdirdiyi dissertant və doktorantların elmi işləri yüksək keyfiyyəti ilə seçilir.
60 yaşını qeyd etdiyimiz bu günlərdə
Nailə xanıma can
sağlığı, uzun ömür
arzulamaqla bərabər, ondan
yeni-yeni elmi nailiyyətlər
gözlədiyimizi də bildirmək istərdik. Elmi yaradıcılığının ən kamil dövrünü yaşayan alim etdiklərindən
qat-qat artıq işlər görməyə
qadirdir.
Paşa
ƏLİOĞLU
AMEA
Məhəmməd Füzuli adına Əlyazmalar
İnstitutunun direktor müavini
525-ci qəzet.- 2019.- 16 avqust.- S.7.