"Ziyalı sözü" haqqında söz

 

 

Publisist Maral Poladovanın "Elm və təhsil" nəşriyyatında yenicə çapdan çıxmış "Ziyalı sözü" kitabında müəllifin 2004-2018-ci illərdə müxtəlif mətbuat orqanlarında çap olunan yazıları toplanıb.

 

Öz əməlləri ilə tarixdə iz qoyan örnək ziyalılarımız haqqında yazmağı, onlarla həmsöhbət olmağı və onların yaddaşlara həkk olunan portret cizgilərini şahidi olduğu əhvalatlar fonunda öz oxucusuna çatdırmağı mənəvi borc hesab edən müəllif həmin yazılarını beş bölmə üzrə qruplaşdırıb: "Yazdıqlarım", "Həmsöhbətlərimin dedikləri", "Elm və həyat"ın tarixindən səhifələr, "Yazılanlar", "Mükafatlarfotoyaddaş".

Birinci bölmədə təqdim olunan yazılar arasında bəzən bir şəxs haqqında bir neçə yazının olduğu ilk baxışdan təəccüb doğursa da, sonradan bunun təsadüfi seçim olmadığı açıq-aydın hiss olunur. Məsələn, "Göz gördüyünə inanar" və "Professorun açıq dərsi" yazılarında Azərbaycan jurnalistikasının tarixində silinməz izlər qoymuşprofessor Şirməmməd Hüseynov haqqında məhəbbətlə söhbət açan Maral xanım həm öz müəlliminə, həm də Ş.Hüseynov şəxsiyyətinə olan ən ali duyğularını övlad məhəbbətilə ifadə edib, Ş.Hüseynovdan sitat gətirdiyi aşağıdakı sətirləri isə kitabına epiqraf seçib: "Ədalət hissi, həqiqət hissi insanın qanına ictimai ədalətsizliklərlə daxil olur. Kim ictimai ədalətsizlik uğrunda mübarizə aparmırsa, deməli, yel dəyirmanları ilə mübarizə aparır".

"Dilçilik elmimizin böyük fədakarı" xatirə yazısında isə müəllif Əlyazmalar İnstitutunun sabiq direktoru, professor Cahangir Qəhrəmanovun, "Şərəflə yaşanan ömür" yazısında AMEA-nın müxbir üzvü, Azərbaycanın ilk qadın epiqrafist alimi Məşədixanım Nemətin, "Yadda qalan görüşlər"də AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəylinin və digər tanınmış ziyalılarımızın, sözün həqiqi mənasında, elmin inkişafı və xalqın taleyüklü məsələlərinin həlli yolundakı rolu barədə dəyərli və maraqlı məlumatları təqdim edir.

"Həmsöhbətlərimin dedikləri" bölməsində yer alan birinci müsahibədə AMEA-nın sabiq prezidenti, akademik Mahmud Kərimovla Elmlər Akademiyasının 60 illik tarixi barədə hərtərəfli söhbət edən M.Poladova bu Elm Məbədinin yarandığı gündən başlayaraq keçdiyi inkişaf yolu, Azərbaycan alimlərinin bu istiqamətdəki xidmətləri və qazanılmış uğurlar barədə mühüm faktları oxucuların diqqətinə çatdırmağa çalışıb. Həmin bölmədə təqdim olunan "İnformasiya texnologiyaları təkmilləşir", "Milli sərvətimiz, mənəvi iftixarımız", "Azərbaycan tarixşünaslığında yeni səhifələr" və digər müsahibələrdə də çox dəyərli faktlar öz əksini tapır.

Maral Poladova ömrünün 30 ildən çoxunu həsr etdiyi, hətta özünün dediyi kimi, ailəsi qədər doğma hesab etdiyi və Azərbaycanda elmi jurnalistikanın inkişafında müstəsna rol oynamış "Elm və həyat" jurnalının yaddaqalan günlərini özündə əks etdirən materiallara da bu kitabda xüsusi yer ayırıb və "Elm və həyat"ın tarixindən səhifələr" bölməsində təqdim edib.

Mən kitabın redaktoru kimi buradakı yazıları oxuyarkən, təkcə haqqında söhbət açılan ziyalılarımızın deyil, eləcə də peşəkar jurnalist Maral Poladovanın ömür yolu və fəaliyyəti barədə də xeyli məlumat əldə etdim. 1984-cü ildən Azərbaycan Jurnalistlər Birliyinin üzvü olan Maral xanımın ilk kitabı 2004-cü ildə "Ömrün izləri" adı ilə çap olunub. Jurnalistlik fəaliyyətinə görə, müxtəlif illərdə "Qızıl qələm" mükafatına və digər Diplom və Fəxri fərmanlara layiq görülmüş M.Poladova həmin sənədlərin fotosurətlərini də bu kitabında təqdim etməklə, əməyinə verilən qiymətin böyük-kiçikliyinə baxmayaraq, onların çox dəyərli olduğunu bir daha xatırladır. Onu da deyim ki, 50 ilə yaxındır sevdiyi peşəsinə sadiq bir insan kimi fəaliyyətini həvəslə davam etdirən Maral xanım yazıları çap olunanda, lap gənc yazarlar kimi indisevincini gizlədə bilmir.

Maral xanım 6 ildir ki, Ədəbiyyat İnstitutunda nəşrə hazırlanan elmi jurnalların məsul redaktoru kimiöz vəzifəsinə çox məsuliyyətlə yanaşır, elmi məqalələrin dilüslub prinsiplərini qorumaq naminə köməyini əsirgəmir. Hətta lazım gələndə Azərbaycan dilinin saflığını qorumaq naminə, məqalə müəllifləri ilə söhbətlər aparır, bu işin tarixi əhəmiyyətini onlara dönə-dönə xatırlatmağı da çox vacib hesab edir.

Doğrusu, bu kitabla tanış olduqdan sonra hər gün gördüyüm Maral xanım haqqında düşüncələrimdə yanılmadığımı bir daha yəqin etdim. Öz işinə daim diqqət və məsuliyyətlə yanaşan Maral xanım illərin sınağından üzüağ, alnıaçıq çıxaraq, vəzifə borcunu ləyaqətlə yerinə yetirməklə yanaşı, jurnalistlik fəaliyyətini bu gün də həvəslə davam etdirir.

Etiraf etmək istəyirəm ki, birlikdə işləməyə başladığımız ilk günlərdə mən Maral xanımın ciddi, tələbkar olduğunu və hətta deyərdim ki, onunla işləməyin çətin olacağını zənn etsəm də, sonralar onun həm də çox mehriban və həssas qəlbli bir insan olduğunu gördüm. İlk baxışdan çox ötkəm, hətta "qorxulu" görünən bu xanımın bəzən körpə uşaq kimi nə qədər kövrək hisslərə malik olduğunu da tez-tez müşahidə edirəm...

Yeri gəlmişkən, Maral xanımı uzun illər öncədən tanıyan Azərbaycan Yazıçılar Birliyinin katibi, "525-ci qəzet"in baş redaktoru Rəşad Məcidin "Ziyalı sözü" kitabına yazdığı ön sözdən bəzi sətirləri olduğu kimi oxucuların diqqətinə təqdim etmək istəyirəm: "Elm və həyat"da beş illik korrektorluq, sonra redaktə işi, ədəbi işçi kimi çalışmaq və oradakı mühit mənim üçün böyük təcrübə oldu. Buradakı kollektivdən çox şey öyrəndim. Maral xanım və Mehparə xanımın diqqətini həmişə hiss etdim. Ülkər xanımın hesabına müəllimimiz Şirməmməd Hüseynovun həyatı, xarakteri haqqında çox şey öyrəndim...

... Sonralar da "525-ci qəzet" bir müddət "Elm və həyat"ın ofisində fəaliyyət göstərdi. Bütün bunlara görə bu kitabı vərəqləyərkən nostalji hisslər yaşadım, öz gəncliyimə, müharibənin, itkilərin, Qarabağ hadisələrinin başlanmadığı illərə qayıtdım...

Maral xanım hədsiz qayğıkeş, həssas bir insandır. Ailəsinə, övladlarına, doğmalarına qarşı çox yanımcıldır. Vəfalı, etibarlı bir insandır. Mən onun bu uzun illərin jurnalist fəaliyyətini əks etdirən kitabını oxuduqca, keçmiş günləri xatırladıqca, minnətdarlıq duyğusu qəlbimdə baş qaldırdı. Bütün diqqətinə, gözəl keyfiyyətlərinə görə, Maral xanımın qarşısında təzim etmək, əllərindən öpmək keçdi ürəyimdən.

Var olun, Maral xanım! Bu gözəl keyfiyyətlərinizə görə sizə minnətdaram!.."

"İnanıram ki, bu kitab oxucuların da marağına səbəb olacaq. Həm ömrünü jurnalistikaya həsr edən fədakar xanımı tanıyacaqlar, həm də o xanımın təqdim etdiyi dəyərli insanlar haqda məlumat əldə edəcəklər...", - deyir Rəşad müəllim.

Mən də Rəşad müəllimin arzularına şərik olaraq, Maral xanımı bu uğurlu kitabı və qarşıdan gələn yubileyi münasibətilə həm öz adımdan, həm də şöbəmizin əməkdaşları adından təbrik edir, ona möhkəm cansağlığı arzulayır və deyirəm ki, əzizimiz Maral xanım, yolunuzu daim uğurlar bəzəsin, qələminiz iti, sözünüz kəsərli olsun!

 

Töhfə TALIBOVA

Filologiya üzrə fəlsəfə doktoru,

AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Elmi nəşrlər və proqnozlaşdırma şöbəsinin müdiri

 

525-ci qəzet.- 2019.- 16 avqust.- S.6.