İki şəkili
Bəlli
olduğu kimi, UNESCO-nun Ümumdünya İrs Komitəsinin
ötən ay Bakıda keçirilən 43-cü
sessiyasında "Xan Sarayı ilə birgə Şəkinin
tarixi mərkəzi" UNESCO-nun Dünya İrs
Siyahısına daxil edildi.
Bundan
öncə isə 2000-ci ildə "İçəri şəhər
memarlıq kompleksi", 2007-ci ildə isə "Qobustan
dövlət tarixi-bədii qoruğu" UNESCO-nun Dünya
İrs Siyahısına salınıb. Eyni zamanda, ölkəmizin
qeyri-maddi mədəni irsinin 13 örnəyi UNESCO-nun qeyri-maddi
mədəni irs siyahısında öz yerini alıb. Əlbəttə,
Azərbaycan dövlətinin, şəxsən dövlət
başçımızın, eləcə də, UNESCO və
İSESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın
Heydər Əliyev Fondunun xətti ilə, şəxsi
nüfuzu ilə uzun illər apardığı ardıcıl
və prinsipial iş, eləcə də, Mədəniyyət
nazirliyimizin bu sahədə çalışmaları minnətdarlıqla
vurğulanmalı, şükranlıqla qeyd olunamlıdır.
Adıçəkilən
mədəniyyət örnəkləri Azərbaycanın
milli-mədəni dəyərləri içərisində
özünəxas yer tutmaqla yanaşı,
respublikamızdakı önəmli turizm obyektlərindən
hesab olunur.
Şəki
- kənd adıdır,
Şəki
- rayon adıdır,
Şəki
- şəhər adıdır!
Şəki
- tarixdir,
Şəki
- çağdaşlıqdır!
Şəki
bir dünya irsidir!
Heç
şübhəsiz, başqa yazarlarımız da, biz də,
UNESCO-nun Şəki qərarına münasibətdə turizm
baxımından geniş izahlar verə bilərik, zatən belə
izahlar mediada yetərincə yayımlanıb da; ancaq Şəkini
Şəki edən uluların ehtiramını, şəkili
olmanın övlad məsuliyyətini dərindən idrak edən
insanlar, Şəki kaloritinin, Azərbaycan mədəniyyətinin
usta daşıyıcısı olan, onu təbliğ edən,
yayan aydınlarımız da, onların
çalışmaları da qeyd edilməlidir. Bu işi
bilavasitə vəzifə öhdəliyi olaraq, turizmçi
olaraq, yaxud deyək ki, diplomat olaraq peşəkarlıqla
görmək sayğıya layiqdir; bu işi, necə deyərlər,
könüllü etmək, içindən gələn istəklə
Vətən və vətəndaşlıq yolunda yürüməksə,
başqa bir gözəllikdir.
Sizə
iki şəkilidən söz açmaq istəyirəm.
İkisi də deputatdır. Biri Azərbaycan Milli Məclisinin,
o biri uzaqdakı qardaşımız Saxa (Yakutiya)
Respublikasının Dövlət Yığıncağı -
İl Tümenin üzvüdür. İkisi də xeyirxah
insandır. İkisi də məşğul olduqları işlərlə
ürəklə məşğul olub və uğurlar
qazanıb! - Fəlsəfə doktoru Cavanşir Feyziyev və Əməkdar
inşaatçı Əliş Məmmədovdan söz
açacam bu gün sizə. Eyni güclə Cavanşir müəllimə
də inşaatçı, Əliş müəllimə də
fəlsəfə doktoru deyə bilərik: Cavanşir müəllim
könüllərdə yuva quran, xoşməramlı
münasibətlər inşa edən, yaxud onu möhkəmləndirən
aydınımızdır; Əliş müəllim idarəetmənin
fəlsəfəsini dərindən bilən, uzun illərdir
uzaq ellərdə böyük kollektivə yalnız
müdirlik etməyən, müdriklik edən, öyrədən,
dəstək duran, könüllər qazanan
aydınımızdır.
***
Cavanşir
müəllimi daha çox "Türk dövlətləri
birliyi" monoqrafiyası ilə tanıdım. Sonra şəxsən
tanış olmaq fürsətim oldu. Gördüm, bir-birimizi
tanımasaq da, biz eyni davanın adamlarıyıq. Millət vəkili,
tanınmış ictimai xadim, türkoloq, poliqlot və Mətbuat
Şurası İdarə Heyətinin üzvü kimi onun
yazıları, çıxışları, səfərləri
ən ümumi sözlərlə ifadə etsək, eyni qut
yolun yolçusu olduğumuzu göstərirdi zatən. Bununla
belə, daha yaxından tanışlıq, onun çoxşaxəli
çalışmalar, qayğılar içindən
işıq seli kimi sıyrılan alovlu ürəyini görməyə
imkan verdi. Bəli, türk dünyası üçün
atılan addımlar Cavanşir müəllimin ürəyinə,
tovuzlular demiş, sarı yağ kimi yayılır; onu daha da
qanadlandırır.
Titulları,
təltifləri onun təvazökarlığını, nəcib
duyğularını zərrə qədər zədələməyib.
Cavanşir müəllim millət vəkilliyinin, alimliyin,
geniş əlaqələrə malik olmağın şərtləndirdiyi
mövqedə ləyaqətlə dayandığını, ilk
növbədə, könül im-kanlarına sahib olduğunu
göstərən aydınlarımızdandır.
Cavanşir
müəllim bir qədər öncə adını çəkdiyim
monoqrafiyadan sonra, daha əhatəli bir əsərlə yenidən
könüllərə xitab etdi: bu, "Türk
dünyası" beşcildliyidir! Beşcildliyədək
öncəki əsərinin qardaş xalqların dillərinə
uyğunlaşdırıldığını, boşnakca və
ruscaya çevrildiyini də vurğulayaraq, deyək ki,
yaşının, təcrübəsinin yetkin
çağından sonra, əlbəttə, Cavanşir müəllimdən
başqa yönlü bir araşdırma deyil, sabitəqədəmlik
örnəyi olaraq, məhz türk dünyası ilə
bağlı əsərlər gözləyirdik. Bununla belə,
beşcildlik bir insandan daha çox bir institutun işi
miqyasındadır.
Bu
yaxınlardasa, Cavanşir müəllimin dəvəti ilə
14 Qırğız yeni nəsil yazarı respublikamızda oldu.
Qırğızlar da, biz yerli iştirakçılar da,
unudulmaz günlər yaşadıq. Qırğız
yazarları Bişkekə döndükdən sonra, qısa
müddət içində, bəlkə bir il ərzindəki
qədər radio, teleçıxışlar etdi, canlı
yayımlarda bulundu, mətbu yazılar yayımladı və s.
Cavanşir
müəllim haqqında yığcam şəkildə bu
bilgiləri də paylaşmaq istərdim:
- 2005-ci
ildən "Discovery Azerbaijan" adlı elmi-kütləvi dərginin
təsisçisi və baş redaktorudur;
- "Azərbaycan-Qazaxıstan
Dostluq Cəmiyyəti" İctimai Birliyinin həmtəsisçisidir;
- 2010-cu
ildən Azərbaycan Jurnalistlər Birliyinin üzvüdür;
-
2013-cü və 2018-ci illərdə Azərbaycan jurnalistlərinin
VI və VII qurultaylarında Azər-baycan Mətbuat
Şurası İdarə Heyətinin üzvü seçilib;
- 2015-ci
ildə Kolmar (Fransa) şəhərinin Fəxri Elçisi
elan olunub;
- 2018-ci
ildən Azərbaycan Yazıçılar Birliyinin
üzvüdür.
Eləcə
də,
- 2005-ci
ildə Avropa Biznes Assambleyası (London, Oksford) tərəfindən
"Şöhrət çələngi" xalqlararası
ödülü ilə təltif edilib;
- 2010-cu
ildə "Regionların sosial-iqtisadi inkişafı Dövlət
Proqramı"nın həyata keçirilməsində fəal
iştirakına və əldə etdiyi nailiyyətlərə
görə "Uğur" Milli ödülünə layiq
görülüb;
-
2016-cı ildə Xalqlararası Türk Akademiyasının
qızıl medalı ilə təltif olunub;
-
2016-cı ildə Qazaxstan Prezidentinin Fərmanı ilə
"Qazaxstan Respublikasının müstəqilliyinin 25 illik
yubileyi" medalı ilə təltif olunub;
- 2018-ci
ildə İLESAM tərəfindən "Türk
Dünyasının Şərəf medalı" ilə təltif
olunub;
- 2018-ci
ildə Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi
münasibəti ilə Azərbaycan Respublikasının Milli Məclisinin
medalı ilə təltif olunub;
- 2019-cu
ildə Azərbaycan Prezidentinin Sərəncamı ilə
"Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi"
medalı ilə təltif edilib;
- 9 iyul
2019-cu ildə Azərbaycan Respublikasının Xarici
İşlər Nazirliyi tərəfindən "Azərbayxan
Respublikası diplomatik xidmət orqanlarının 100 illiyi
(1919-2019)" medalı ilə təltif edilib;
- 15 iyul
2019-cu ildə isə Qırğız Milli
Yazıçılar Birliyinin "Xidmətlərə görə"
medalı ilə təltif olunub...
Heç
şübhəsiz, hələ hamısını
salamadığımız bu uğurlar, təltiflər
öz-özünə qazanılmır. Bununçün gərgin
əmək, vətənsevərlik, xeyirxahlıq, intellekt,
sevdiyi işə fədakarcasına yanaşma olmalıdır!
***
Əliş
Məmmədovla uzaq Saxada tanışmışam - 2017-ci ilin
payızında. Saxanın payızı da qış kimidir.
Ancaq o uzaq coğrafiyadakı, o soyuq iqlimin şirin Şəki
ləhcəsi ilə isinəcəyini heç
düşünməzdim. Bir anda paytaxt Bakıda, koloritli Şəkidəymişəm
kimi gəldi mənə.
2017-ci ildə
Saxaya ilk səfərim Saxa Yazıçılar Birliyinin
"Böyük qarın lütfü" adlı ədəbiyyat
festivalına dəvəti ilə bağlı idi. Festivala
ayrı-ayrı ölkələrdən, o cümlədən,
Rusiya Federasiyası subyektlərindən xeyli gələn
vardı. Təsəvvür edin, onlardan məhz mənim
ardımca xüsusi maşın gəldi, məhz bizim
Saxadakı diaspor təşkilatımız görüş təşkil
etdi və Saxadakı soydaşlarımız bəndənizə
qürur hissi yaşatdı. Saxadakı diaspor təşkilatımızın
o zamankı başqanı Elxan Nadiroğlu özü şəxsən
gəlmişdi festival yerinə və ordan müəyyən
müddətə ayrılıb, soydaşlarımızın
bir araya gəldiyi qərargaha getdik; o soyuq günlər, o soyuq
coğrafiya bir otaqdan bir şəhərədək
dalğa-dalğa isindi sanki: öz bayrağımız, öz
danışığımız, öz mətbəximiz,
öz, öz... Qardaş qardaş olsa da, o uzaqlarda, o soyuqlarda
bir köynək daha yaxın nəfəs duymaq ayrı bir
gözəllikdi, əlbəttə!
Eldar
Nadiroğlu ilə söhbətin şirin yerində, ona zəng
gəldi, dedi "ağsaqqaldı, bizi gözləyir".
Açığı, mən elə bilirdim, elə qəragrahdanca
festival yoldaşlarımızn yanına qayıdaram; sən demə,
Elxan müəllimlə danışan Saxada böyük
nüfuz sahibi olan ictimai-siyasi xadim Əliş Zabid oğlu Məmmədov
imiş; festivala doğma Vətəndən gələn
olduğunu eşidib, deyib, mütləq görüşməliyik.
Şəhərin
ən adlı-sanlı restoranına getdik. Əliş müəllimi
ilk gördüyüm andan hər halı ilə şəkili
olduğunu hiss etdim. - İstiqanlı, şirin
danışıqlı, səmimi, sanki illərin
tanışı, dostuymuşuq kimi xoş rəftarlı...
Çox xoş idi!
Əliş
müəllim süfrə arxasına bir neçə başqa
soydaşımızı da çağırmışdı;
soydaşlarımız Saxada gördükləri işlər
barədə danışdı, Saxa-Azərbaycan əlaqələrinin
güclənməsi sahəsində həyata keçirilən
işlərdən söz açdı. Örnəyi, dahi
Üzeyir Hacıbəylinin "Arşın mal alan" əsərinin
saxa türkcəsində, dövlət teatrında tamaşaya
qoyulmasını dedilər.
Bütün
işlərdə də Əliş Məmmədov adı, Əliş
Məmmədov dəstəyi, məhəbbəti..!
Sonra,
qarşı dönəmin mədəniyyətyönümlü
planlarından danışdıq. Mən Saxa şairlərinin
seçmə şeirlərinin azərbaycancaya çevrilərək,
Bakıda, Azərbaycan yazarlarının əsərlərinin
saxa türkcəsində Yakutskda nəşr edilməsi, Saxa
yazarlarının Azərbaycana səfərlərinin təşkili
və s. barədə təşəbbüs qaldırdım və
yenə Əliş müəllim, yenə Əliş müəllim
və yenə gerçəkçi ürək-dirək!..
Bəli, 2017-ci ildə, bir soyuq gündəki isti tanışlıq, ilk görüşdə etdiyimiz isti söhbətlər unudulmazdı və ogünkü planların hamısı yerinə yetirilməkdədir. Tanrıya şükür, mən və dostlarım Xalq şairi Natalya Xarlampyevanın, repressiya qurbanı olan Saxa ədəbiyyatı klassiki Platon Oyunskinin əsərlərini dilimizə çevirdik, nəfis şəkildə kitablaşdırdıq, təqdimatlar təşkil etdik. Ötən müddət ərzində Saxanın üç ədibi bizim dəvətimizlə respublikamızda oldu, burdan yaxşı təəssüratlarla qayıtdı; bu sətirlərin yazarı və Aida xanım Eyvazlı bu ilin iyun ayında dolu proqramla Saxada olduq, yüksək qonaqpərvərliklə qarşılandıq. - Deyərdim, dövlət protokolu səviyyəsində qəbul gördük. Əlbəttə, yenə Əliş Məmmədov, yenə Əliş Məmmədov sayəsində!
Təsadüfi deyil ki, Əliş Məmmədov bu ilin əvvəlində, saxalı yazarlar tərəfindən "İlin ədəbiyyat himayəçisi" seçildi.
Əliş müəllimi bir az daha yaxından tanıyaq:
- 10 fevral 1958-ci ildə Şəkinin Oraban kəndində doğulub. Azərbaycan İnşaat Mühəndisləri İnstitutunun (indiki Memarlıq və İnşaat Universitetinin) məzunudur (1979).
- Əmək
fəaliyyətinə "YakutPromStroyMaterial"da ("ƏkutPromStroyMaterial")
başlayıb. Keçmiş Sovet ordusunda hərbi xidmətdən
sonra yenidən Saxaya dönən Ə.Məmmədov, tikinti
sektorunda müxtəlif vəzifələrdə
çalışıb. 1989-cu ildən isə
"YakutSement"in baş direktorudur.
-
Xalqlararası İnşaat Akademiyasının müxbir
üzvü olan Ə.Məmmədov, Saxa (Yakutiya)
Respublikasının Əməkdar
inşaatçısıdır. Dəfələrlə
müxtəlif dövlət, hökumət təltiflərinə
layiq görülüb. Saxa (Yakutiya) Respublikasında xeyriyyəçi
kimi geniş şöhrət qazanıb.
- Saxa
(Yakutiya) Respublikasının Fəxri vətəndaşıdır;
- Saxa
Dövlət Məclisi - İl Tümenə keçirilən
IV, V və VI seçkilərdə deputat seçilib.
(Soydaşımız ötən ilin 9 sentyabrında
keçirilən seçkilərdə rəqiblərinə
çox böyük fərqlə qalib gələrək, 3-cü
dəfə Saxa Dövlət Məclisinin - İl Tümenin
üzvü seçilib. Onun topladığı səs faizi
(89,2%, 25 saylı Xanqalasskiy Uulusu üzrə Seçki Dairəsi)
Saxada ən yüksək göstəricilərdən biriydi.)
- Azərbaycanımızın
adını həmişə uca tutan, Saxadakı diasporumuzun təşkilatlanmasında,
uzaqdakı qardaş ölkə ilə Azərbaycan arasında
ictimai-mədəni ilişkilərin güclənməsində,
habelə saxalılara Azərbaycan mədəniyyətini
tanıtmaq sahəsində onun böyük xidmətləri var
və bu xidmətlər azalmadan davam edir.
***
Yuxarıda
vurğuladıq ki, Cavanşir müəllim Bakıya gələn
türk dünyası aydınları ilə
görüşür; Əliş müəllim də,
türk dünyası ünvanlı bir toplantımız olan
kimi, Saxadan çağırğımız varmı? - deyə
sual edir, təkliflər verir.
Türk dünyası ünvanlı layihələrlə dərindən ilgilənən, barələrində "iki şəkili" deyə sözə baş-ladığımız hər iki aydınımız artıq çoxdan iki azərbaycanlı, iki türk dünyalıdır! Var olsunlar!
Başqa bir şəkili, azərbaycanlı və
türk dünyalı Xalq şairi Bəxtiyar Vahabzadə
deyirdi: "Millət millət olur, xeyri-şəriylə"...
Xeyirdə-şərdə gənclərin, yazarların,
soydaşlarının yanında olan aydınlarımıza bir
daha könül dolusu salam-sayğılar!
Əkbər
QOŞALI
525-ci qəzet.- 2019.- 16 avqust.- S.5.