Uçurumun bir addımlığı
Ağlımızı itirəcək həddəyik. Telefonlarımızı əlimizdən yerə qoymuruq. Gündə 171 dəfə baxmasaq,
dayana bilmirik.
Yeni mesaj, rəy, təqibçi, dostluq istəyi görməyəndə az qalırıq havalanaq. Hər getdiyimiz yerin şəklini çəkib paylaşırıq. "Ordaydım" deməyə çalışaraq xal toplayırıq. Getdikcə özümüzü şou əhlinin nümayəndəsi kimi aparırıq. Səbəbsiz yerə qalmaqal, ucuz münaqişələr yaradırıq. Bacardığımız qədər ətrafımıza izləyici yığıb, özümüzü ulduza çevirməyə çalışırıq.
Heç olmazsa, əvvəllər ailələrimizdən tez-tez ,"bəsdir, telefonu yerə qoy, bir az da bizimlə maraqlan", "yeni nəsil artıq robot kimi oldu" cümlələrini eşidirdik. Artıq bunu da eşitməz olduq. Çünki özləri də günlə ayaqlaşıblar. Onlar da özlərinə ağıllı telefon alaraq yığışıb ora köçüblər. Hətta bizdən də betər olublar. İstənilən yerdə əlindəki telefona həyəcanla qapılan orta və yaşlı nəsil görmək mümkündür. Əslində, dövrün tələbidir, burada anormal heç nə yoxdur. Problem gün keçdikcə sosial şəbəkədə gündəmdə olmaq üçün dəridən qabıqdan çıxaraq, özümüzü qəbul etdirməyə çalışmağımızdır. Bu, bir daha sübut edir ki, interneti sağlıqlı şəkildə istifadə edə bilmirik. Daha çox diqqət çəkə bilmək üçün özəl həyatımızı bütün məhrəmiyyəti ilə gözlər önünə səririk. "Mənə bax, məni gör, mən burdayam" ehtirası bizi normal həyatdan çoxdan qopardıb. Dayanmadan status yazırıq, məlumatsız belə olsaq hər yazılanın altına rəy bildirmək ehtiyacı hiss edirik. Özümüzü bir neçə dəqiqə ərzində istənilən sahəni mütəxəssisiz, bilicisi kimi aparırıq. Bir-birimizi elə rahatlıqla təhqir edir, başqaları haqqında elə ürəklə ağzımıza gələni deyirik ki, sanki dünyanın sonudur və bir daha o insanla qarşılaşmayacağıq. Üz-üzə gələndə isə islanmış siçovula dönürük. Bakının iqlimindən daha dəyişkənik. Günorta kiminsə ölümünə acı-acı statuslar yazır, axşam Baloğlan Əşrəfovun "Ay uçan quşlar" mahnısına şıdırğı gedəcək vəziyyətdə oluruq. Adam dəhşətə gəlir ki, bəs, ürək yanğısı, qəlb acısı necə olur belə tez sovuşub gedir?! Cənazə yerdən götürülməmiş statuslar, şəkillər paylaşırıq. Ağlayaraq özümüzü videoya çəkib sosial hesabımıza yükləyirik.
Bu yaxınlarda bir gənc qəza nəticəsində dünyasını dəyişmişdi. Oğlan öz sahəsində tanındığı üçün hadisə manşetlərdə idi. Sevgilisinin açıqlaması diqqətimi çəkdiyi üçün oxumuşdum. Ardınca bir-iki yerdə qızın videolarını görmüşdüm, qəmli mahnı sədası altında hönkürüb ağlayan yerdə özü özünü videoya çəkib, instaqramda paylaşmışdı. İstənilən halda insanları qınamağı sevməsəm də, bu mənzərəni görməzlikdən gələ bilmədim.
Axı, bunu etmək nə dərəcədə mümkündür?! İnsanın sevgilisi bir az əvvəl torpağa verildiyi halda instaqram, feysbuk necə yada düşə bilər?!
Yəni sosial şəbəkə insanların beynini, ruhunu, duyğularını bu qədər zəbt edib?! Bununla hansı əskiklik tətmin edilməyə çalışılır?! Nədir insanlardakı bu şou həvəsi?!
Ölümü, xəstəliyi demirəm heç... sevgili ilə inciklik olanda belə adam rahatlıq tapmır, yerin altında, yoxsa üstündə olduğunu müəyyən edə bilmir. Nəinki sosial şəbəkə, bir qurtum su içməyə belə həvəsi olmur... Bəs, bu insanlar o an nə düşünür?! Adam düşündükcə canına vəlvələ düşür.
Guya problem təkcə
budur?! Heç dirilərlə də
normal davrana bilmirik.
Bir insana olan hisslərimizi,
düşüncələrimizi üz-üzə danışmaq
yerinə tikanlı paylaşımlar edirik.
Bütün gün söz
atmaqla, neqativ saçmaqla məşğuluq.
Qusduğumuz kin-küdurətin ardı-arası kəsilmir.
Ancaq gözəl anlarını
paylaşan, lüks avtomobillərinə minib, bahalı məkanlarda vaxt keçirənlərin
həyatlarına baxıb
öz həyatımızdan
uzaq düşürük.
Gözə girmək üçün
çıxartmadığımız hoqqa qalmır. Hiss etməsək
də, bunların çoxu özümüzə
olan sayğımızı
itirməyimizə səbəb
olur. Yaşadığımız anın dadını
çıxartmağı unuduruq.
Yeməyin ləzzətini deyil,
instaqramda paylaşarkən
nə qədər gözəl görünüb-görünməyəcəyini
fikirləşirik. O an nə qədər güldüyümüzə, əyləndiyimizə
deyil, paylaşdığımız
fotolara gələn rəylərdə kimin nə deyəcəyində
ilişib qalırıq.
Necə insan olduğumuza təqibçi sayımıza
baxaraq qərar verirlər. Nə qədər hörmətli
olduğumuzu bəyənmə
çoxluğuna görə
qiymətləndirirlər. Şəxsi keyfiyyətlərimiz önəmli
deyil, yazılan şərhlər nə qədər çoxdursa,
o qədər önəm
kəsb edirik. İdmana belə bir və
ya iki günlük
qonşudan geri qalma prinsipi ilə gedirik. Nə var ki, oradakı
aynanın önündə
mütləq bir şəklimiz olsun. İkinci dəfə isə bizi o salonda görən olmur. Gözümüz yuxu tutmayacaq
günlərə gəldi.
Sanki yatsaq hər
şeyi qaçıracaqmışıq
kimi bir hissə qapılırıq.
Komputeri bağlayıb yatağa uzananda dözə bilmir, telefondan yapışırıq. Estetik, kosmetik
videoların ucbatından
üz-gözümüz bəyənməz
olduq. Ucuz yerlərdəki keyfiyyətsiz
gelləri, dolğuları
üzümüzə dolduraraq
özümüzdən ayrı
düşdük. Proqramla özümüzə
kirpik, qaş, incə bel düzəltdik.
Sonra küçədə kimləsə
qarşılaşanda bizi
tanımamaqlarından gileyləndik.
Ağzı söz tutmayanları
kumirimizə çevirdik.
Dili topuq vuranları yuxarı başa keçirdik. Ad çəkərək bir-iki
status yazanları qəhrəman
elan etdik. Yaşam tərzinin bataqlıqdan fərqlənmədiyini gözümüz
görməz oldu.
Bütün bunlar gün
keçdikcə artaraq
qarşısıalınmaz həddə çatdı.
Sosial şəbəkələr vacibdir,
əhəmiyyətlidir. Amma vücudla ruh arasında uçurum yaradırsa, keçmiş olsun, artıq xilas mümkün deyil!
Türkan TURAN
525-ci qəzet.- 2019.- 17 avqust.- S.13.