Xəyaldan gerçəyə - "Baksı" və ya bir rəssamın uğur hekayəsi   

 

 

 

Türkiyənin Azərbaycandakı Mədəniyyət və Tanıtma müşavirliyinin dəstəyi ilə getdiyimiz Bayburta çatar-çatmaz gəzəcəyimiz maraqlı yerlər, şəhərə xas mədəni irslə maraqlandıq.

 

Bu baxımdan hələ yola çıxmazdan öncə və oradakı ilk günümüzdə müşavirimiz, Türkiyə və Azərbaycan sevdalısı İrfan Çiftçinin verdiyi məlumatlar, yönləndirmələr çox köməyimizə çatdı. Artıq onun sayəsində Bayburtu qiyabi olaraq tanıyırdıq. "Mütləq görməlisiniz"- dediyi yerləri isə bələdçilərimizdən soruşur, bizi tanış etməklərini istəyirdik.

Onlardan biri də Baksı muzeyi idi. Kuzeydoğu Anadolu Kalkınma Ajansının (KUDAKA) nümayəndəsi Mehmet Öksüzer elə ilk gün muzey haqqında məlumat verdi. Dedi ki, Bayburtun mərkəzə 45 km uzağındakı əvvəllər Baksı, indi isə Bayraqdar adlanan qədim kəndində yerləşən bu muzey böyük bir mədəniyyət mərkəzidir. Muzeyin əks-sədası nəinki Türkiyə, Avropada belə eşidilir, hətta 2014-cü ildə Avropa Şurası tərəfindən "ən yaxşı muzey" mükafatına da layiq görülüb. 

Dağlar arasındakı mədəniyyət

Beləliklə, Bayburtdakı ilk günümüzdə yolumuz Baksıyadır. Şəhəri çıxandan az sonra hər iki tərəfdən dağlar bizi qoynuna alır. Çoruh çayının yanından keçərkən ağaclar sürətlə bir-birini əvəz edir. Əvvəl kiçik daxmalardan, birmərtəbəli evlərdən kəndlərin içərisiylə getdiyimizi anlayırıq, sonra onlar da görünməz olur. Dağlarla baş-başa qalırıq. Getdikcə yol daralır, bir qarış uzaqlığımızda uçurum qaralır. Heyrətamiz mənzərəyə qorxu, vahimə və çılpaq təbiət də qarışıb. Yollar o qədər qorxulu olmağa başlayır ki, bir anlıq peşman olur, "dağların arasında nə muzey, hansı mədəniyyət ola bilər ki?"- deyə düşünürəm.

Nəhayət, saat yarımlıq vahimə dolu səfərimizdən sonra uzaqda- dağların arasında bir tikili görünür. Ağ rəngli tikili öncə özünün qeyri-adi dizaynıyla diqqət çəkir. Sözünü etdikləri muzeyin bura olduğuna inanmıram. Sonradan gördüklərim isə bütün bu deyilənlərə, o uzun, vahiməli yola dəydiyini sübut edir.

Bizi ilk qarşılayan muzeyin həyətindəki iki heykəl olur. Hər kəs binaya girərkən mən ətrafa və qarşımda ucalan dağlara baxıram. Dörd bir yandan əl dəyməmiş, bakirə təbiət üzümə gülümsərkən, arxamda insan oğlunun əliylə ucalan mədəniyyət mərkəzi var. Lalənin üzərindəki xal kimi... Amma qara deyil, mədəniyyət, xoşbəxtlik, hüzur və həyatı özündə ehtiva edən xal...

Muzeyə ilk gələn qonaqlara akt zalında "Baksı"nın yaradılışını əks etdirən video çarx nümayiş edilir. 

Kiçik kənddən böyük dünyaya...

Balaca kənddən çıxıb dünyaya açılan, uğurlarıyla təkcə özünə, ailəsinə deyil, kəndinə, ölkəsinə, insanlığa qatqılar qazandıran insanların hekayələri hər kəs kimi mənə də maraqlı olub. Baksı muzeyinin yaradıcısı və direktoru, rəssam Hüsaməddin Koçan da onlardan biridir. O, 1946-cı ildə Baksı (Bayraqdar) kəndində doğulub. Uşaqlığı burada keçib.

Fərqli mənbələrdə müxtəlif rəqəmlər göstərilsə də, kənd muxtarının dediyinə görə, Bayraqdarda 534 nəfər yaşayır. Əvvəllər dulusçuluq, toxuma, əl işləri, dülgərlik və daş hörmə sənətilə məşğul olan kəndlilər, öz tələbatlarını ödəyərək həyatlarına davam edirlərmiş. Lakin son 20 ildə həyat şərtlərinin çətinləşməsi ucbatından insanlar buradan köç etməyə başlayıblar. Ən çox Çorum, Ankara, İstanbul, İzmir, Bursaya köçüblər. Bu illərdə köçüb başqa şəhərlərdə yaşayan bayraqdarlıların sayı beş mindən çoxdur.

 

H.Koçan bu kəndin ilk universitet məzunudur. Mühəndislik ixtisasına yiyələnmək üçün yola çıxan Koçan bu sənətin ona yad olduğunu anlayıb ixtisasını dəyişərək Tətbiqi Sənətlər Məktəbinə gedir və rəsm çəkmək bacarığını inkişaf etdirir. Sevdiyi sənət ona uğur gətirir. Çox keçmir ki, Beynəlxalq Plastik Sənətlər Dərnəyinin prezidenti, İstanbul İncəsənət Sərgisinin qurucusu və sonralar prezidenti, Mərmərə Universiteti gözəl sənətlər fakültəsinin dekanı, onlarla mükafat və 44 fərdi sərgi sahibinə çevrilir. Əsərləri nəinki Türkiyədə, eləcə də ölkə xaricində təqdim olunur.

Onu kəndinə sevgisi, soykökünə bağlılığı böyük şəhərlərdə belə rahat buraxmır, yenidən buraya dönməyinə gətirib çıxarır. Buna bir səbəb də 1987-ci ildə atası vəfat edərkən döndüyü kənddə gördükləri idi. Baksı Hüsaməddinin qoyub getdiyi o kənd deyildi artıq. Gənclər az qala hamılıqla kəndi tərk edib, əhali televizorun qarşısından durmaz olub. Ənənəvi mədəniyyət unudulmaq üzrədir. Nə qədim sənət növləriylə məşğul olan var, nə köhnə tikililəri qoruyanlar. Bu ürəkağrıdıcı mənzərə qarşısında kəndlilərinə keçmişi xatırlatmaq məqsədilə öncə "uşaqlığımızda vaxtımızı keçirtdiyimiz o köhnə malikanəni yenidən inşa edək" düşüncəsi yaranır. Sonra zaman keçdikcə malikanə fikri muzey xəyalına çevrilir. "O dövrdə "muzey bir yaddaş deposu, keçid mərkəzidir, fərqli dəyərləri yan-yana təqdim edir"- deməyə başlamışdım. Sonra sənətin həyat içində genişlənməsi, insana çatması məni çox maraqlandırırdı. "Sənətçilər olaraq mərkəzdən xaricə getməliyik"- deyirdim".

2005-ci ildə Baksı Mədəniyyət və Sənət Vəqfini qurur. Muzeyin ana binasını 2010-cu ildə çox çətinliklə, dövlətdən heç bir yardım almadan, könüllülərin dəstəyi ilə tikdirir. Muzey üçün Baksı adının seçilməsi Baksının bu kəndin ən qədim adlarından olması və şamanların deyimində dərman, məlhəm, qoruyucu mənasından irəli gəlir: "2000-ci ildə keçmiş əsrin hekayəsini özündə əks etdirən Baksı Muzeyi layihəsinin təməllərini qazmağa başladıq. İstəmirdim ki, kəndimin sakinləri başqa yerdən ümid axtarsınlar. Onların ehtiyaclarını ödəmək, işlə təmin etmək, məhsul istehsal etmək və məşğulluq sahəsini artırmaq üçün buranı təkcə muzey şəklində deyil, eyni zamanda mədəniyyət mərkəzi kimi tikdirmək qərarına gəldim. Baksı özünü inkişaf etdirən könüllərin sayəsində hazırlanan bir mərkəzdir. Heç zaman "mənim mərkəzimdir" deyə düşünməmişəm. Mərkəzin hazır olmasında sənətçi dostlarım, könüllülər, kəndlilərimizin özləri belə kömək oldular. Burada çalışan ustaların yeməyini kənd camaatı hazırlayırdı. Mərkəz tikiləndə uşaqdan tutmuş yaşlılara qədər hər kəs sevinirdi. Əlbəttə bizə inanmayanlar da vardı. "Bu təpədə nə olacaq?", "bu təpənin heç bir yanından yol da keçmir, insanlar bura necə gələcək?"- deyib bizi ruhdan salmağa çalışanlar da az deyildi. Hətta tikinti gedən zaman bu gördüyünüz təpə haqqında əfsanələr uydururdular. Kimisi deyirdi ki, guya burda qızıl tapmışıq, kimisi də neft olduğunu uydururdu. Anadolu insanının möhtəşəm xəyal dünyası var. Artıq 19 il keçib. Dünya muzeyləri sırasında özünəməxsus yer tutmuşuq və bu uğuru kəndlilərimizin sayəsində əldə etmişik".

Bir insanın yaşam mübarizəsi olan "Baksı" hazırda dünyanın dörd bir yanından gələn turistləri qarşılayır. Muzeydə kəndin qədim geyimləri, məşğuliyyəti, Koçanın əsərləri, o dövrü xatırladan rəsmlər sərgilənir, qonaqlara qalmaq üçün otaqlar təklif olunur. Böyük bir ərazini əhatə edən və müasir standartlara uyğun şəkildə hazırlanan mərkəzdə 500 kv.metr sərgi salonu, qadınların hazırladıqları aksesuarların nümayişi və satışı üçün iki ayrı bina, geniş kitabxana, konfrans salonu, yataqxana, qonaq otağı, anbar var.

Muzeylə üzbəüz dağda Koçanın valideynləri uyuyur. Rəssam muzeyi məhz burada- onların məzarıyla üz-üzə tikdirməsini belə əsaslandırır: "Valideynlərim uyuduqları yerdən baxanda, buradakı uğurlarımı görüb, mənimlə qürur duysunlar".

Qadınlara açılan üfüqlər

Bayburt hədsiz mühafizəkarlığı ilə də diqqətimizi çəkdi. Deyilənə görə, əvvəllər daha qapalı imiş buralar. Qadınların nəinki işləmək, oxumaq hüququ da yoxmuş. Amma indi hər şey dəyişib. Şəhərdə qadınların da asudə zaman keçirməsi, işləməsi, pul qazanması üçün şəraitlər yaradılır. Bunlardan birincisi toxuculuq mərkəzləridir. Burada xanımlar xalçalar, geyimlər, ehramlar, pul qabları, çantalar toxuyur, əl əməklərini mərkəzin ikinci mərtəbəsində satışa çıxarırlar. Bayburtlu xanımların gündəlik olaraq istifadələri üçün yundan toxuduqları ehramlar yayda sərin, qışda isə isti geyim kimi yararlıdır.

Baksı muzeyi də qadınları, uşaqları unutmayıb. Kəndin qadınları burada kurslara yazılır, dizaynerlərdən öyrəndikləri şəkildə aksesuarlar, geyimlər hazırlayır və həmin məhsullar mərkəzdə satışa çıxarılır. Hüsaməddin bəy deyir ki, gələcəkdə bu məhsulları marka halına gətirib, dünyaya çıxarmaq niyyəti var. Heç təsadüfi deyil ki, burada çalışan xanımların əl işləri keçən il "Alev Ebüziyya" adlı beynəlxalq sərgidə nümayiş olunub. Övladları ilə birlikdə mərkəzə gələn xanımların uşaqları isə burada tədris olunan rəsm, kino, teatr, dünya bilgiləri və sair dərslərlə daha geniş biliklərə sahib olmaq imkanı əldə edirlər.

Nuri Bilgə Ceylan Baksıda...

Hələ muzeyə girmədən bizi "Nuri Bilgə Ceylan Baksıda" adlı böyük bir lövhə qarşılayır. Sən demə, səfərimiz peşəkar rejissor, ssenarist, fotoqraf Nuri Bilgənin sərgisi zamanına təsadüf edib. Bir NBC sevər olaraq, bu, mənimçün gözlənilməz və mükəmməl bir sürpriz idi. Öyrəndik ki, mayın 1-də açılan sərgi avqustun 25-nə qədər nümayiş olunacaq.

Hüsaməddin bəy deyir ki, burada məşhur insanların əsərləri sərgilənir. Kənd sakinləri və qonaqlar Türkiyənin sayılıb-seçilən sənətçilərilə bu vasitə ilə daha yaxından tanış olmaq imkanı əldə edirlər.

"Dirimart"ın dəstəyiylə keçirilən və Ceylanın 2003-2013-cü illərdə çəkdiyi şəkilləri özündə əks etdirən sərgi "Atamın Dünyası" və "Sinemaskop Türkiyə" adlı iki bölmədən ibarətdir. Burada Ceylanın sərbəst işləriylə yanaşı, filmlərindən bizə artıq tanış olan kadrlar da yer alıb. Sərgi rejissorun çoxyönlü və dərin dünyasının Anadoluya daşınan təxəyyülünün bir hissəsini özündə əks etdirir. Bu sərgi eyni zamanda sənətçinin filmlə fotoqrafiya arasındakı duyğu keçidlərini də özündə ehtiva edir. NBC filmlərində çox istifadə etdiyi təbiəti təbiətin qoynunda var olan "Baksı"ya daşımaqla muzeyin içi ilə çölü arasında bir çuğlaşmaya nail olub.

Koçan deyir: "Ceylanın Anadolu ilə, köçlə, yalnızlıqla qurduğu, bir zamana deyil, bütün zamanlara aid kino və onun bənzəri olan fotoqrafiya dilinin Baksıya, bizim təbiətə çox yaraşacağını düşündük". 

Hədiyyə kitab və ya son olaraq...

Hüsaməddin bəylə söhbətimizdə müəllifi olduğum kitabın böyük bir uğur hekayəsini hər daşında əks etdirən Baksının kitabxanasında yer almasından qürur duyacağımı dedim və "Şahanənin nağılı" muzeyə hədiyyə etdim. Hədiyyəmdən olduqca məmnun qalan rəssam da bunun qarşılığında macəralarla, risklərlə, uğurla dolu həyatını mövzu alan Aslıhan Lodinin "Bir dağda möcüzə yaradan rəssam: Hüsaməddin Koçan" adlı kitabını mənə hədiyyə etdi. Yazımda kitabın bəzi yerlərindən istifadə etdim. Sonluğu da Lodinin bizim müşahidəmizlə səsləşən cümləsiylə bitirirəm: "Baksı Muzeyi Bayburtun sıx qapanmış qapılarını dünyaya açır..."

Bayburt-Bakı

 

Şahanə MÜŞFİQ

 

525-ci qəzet.- 2019.- 17 avqust.- S.12.