Zəngəzurlu döyüşçünün son öpüşü   

 

 

Bu adda, bu soyadda iki məşhur insanı tanıyırdım.

Birini qiyabi, birini əyani.

İkisi də qəhrəman idi. Biri rəsmən, ikincisi qeyri-rəsmi.

Amma ikincisinin qeyri-rəsmi qəhrəmanlığının mənası və siqləti, əslində, daha böyük idi və bu, millətin yaddaşında və tarixində əbədilik qalmalı olan şücaət idi.

Bu iki qəhrəmandan birincisi - hələ uşaqlıq illərindən adını dərsliklərdən bildiyim İsrafil Məmmədov (1919-1946) İkinci Dünya müharibəsində, bir zamanlar tarix kitablarımızda "Böyük Vətən müharibəsi" adlanan 1941-1945-ci illər davasında igidlik göstərmişdi, elə döyüşlərə qatıldığı birinci ildə Sovet İttifaqı Qəhrəmanı adına layiq görülən ilk azərbaycanlı olmuşdu.

Zaman dolandıqca həmin müharibəyə qiymətlər də başqalaşıb, hətta o dövrdə əsir düşdükdən sonra almanlar tərəfdən sovet ordusuna qarşı mübarizə apardığına görə "xain" adlandırılanlara da yanaşma büsbütün dəyişib, lap indi onların bəzilərini qəhrəmanlaşdırmaq təşəbbüsləri də var.

Fəqət Vaxtın gərdişi və dövranın tərəzisinin öz məntiqləri var.

Ötüşən əyyamların doğurduğu fərdi qiymətvermələrdən asılı olmayaraq, on milyonlarla insanın həyatına son qoymuş həmin əzablı savaş bitəndən az sonra, 27 yaşında vəfat etmiş İsrafil Məmmədov o müharibənin bizdən olan Qızıl Ulduzlu ilk rəsmi qəhrəmanı kimi daim tarixdə qalacaq.

İkinci İsrafil Məmmədov da ömrü boyu cəbhədə döyüşdü, ikiqat adaşından 65 il çox yaşadı və uzun həyatının əvvəlindən sonunacan düşmənlə açıq və gizli savaşda oldu.

Lakin onun cəbhəsi ayrı cəbhə idi, silahı da top-tüfəng yox, qələmi və iti zəkası idi.

Bu cəbhədə döyüşmək odlu-alovlu müharibə meydanlarında çarpışmaqdan qat-qat ağır idi.

O, düşmən əhatəsindəki cəsur və həddən ziyadə tədbirli olan kəşfiyyatçı kimi idi.

Hansı məkrli, qəddar düşmənlərin arasında fəaliyyət göstərdiyini təsəvvür edincə bu "kəşfiyyatçı"nın mübarizə şəraitinin nə qədər mürəkkəb, təhlükəli olduğunu ayrıca vurğulamağa lüzum qalmır.

O, azərbaycanlı idi, ermənilərin arasında idi, Ermənistan vətəndaşı idi!

Bu da unudulmasın ki, İsrafil müəllim daim göz qabağında, diqqət mərkəzində olan bir şəxs idi.

O, 1927-ci ildə Ermənistanda, Mığrıda doğulmuşdu. Orada yaşayırdı, işləyirdi və cavan çağlarından tanınan bir adam idi.

Elə etməli idi ki, onu onlar da qəbul etsinlər, gözümçıxdıya salmasınlar, qaralamasınlar, inkişafına ciddi maneələr törətməsinlər və həm də iki daşın arasında öz xalqının da halına yana, Azərbaycan naminə də işlər görə bilsin.

Kadr qıtlığı idi, lap sütül çağlarından, elə orta məktəbi bitirəndən sonra kənd məktəbində müəllimlik etməyə başlamışdı.

Erməni dilini, qərbi azərbaycanlıların bir çoxundan fərqli olaraq, sadəcə danışıq dili səviyyəsində bilmirdi, bu dilə mükəmməl yiyələnmişdi və savadlı, bacarıqlı kadrların seyrək olduğu 1940-1950-ci illərdə onun kimi qabil insanlara ehtiyac böyük idi.

Azərbaycanlı idi, amma 1948-ci ildə Ermənistandakı dədə-baba torpaqlarında əsrlərcə yaşamış soydaşlarımızın, ən köklü-köməcli nəsillərin oralardan deportasiyası gerçəkləşdirildiyi zamanlarda onu Komsomolun Mığrı rayon komitəsinin birinci katibi seçmişdilər.

Bu isə sovet dövrünün şərtlərinə görə o demək idi ki, İsrafil Məmmədov Ermənistan SSR-də artıq nomenklatura siyahısında olan şəxsdir, bu gün komsomolda belə yüksək vəzifədədirsə, deməli, sabah partiya xətti ilə irəliləyəcək.

Sovet dönəmində hər respublikada bu cür seçkin, diqqətdə saxlanılan gənc kadrların yetişdirilməsi, təhsili və pillə-pillə qaldırılması bəlli bir nizamla həyata keçirilirdi.

İsrafil müəllimi də Ermənistan Kommunist Partiyası Mərkəzi Komitəsi yanındakı, elə bizdə olan kimi, üçillik Ali Partiya məktəbinə qəbul etmişdilər, sonra bir sıra məsul partiya və dövlət vəzifələrində çalışmışdı.

Onu Ermənistan "Bilik" Cəmiyyəti Rəyasət Heyəti sədrinin müavini, Ermənistan Jurnalistlər İttifaqı sədrinin müavini, respublika Sülhü Müdafiə Komitəsi Mərkəzi Şurasının üzvü seçmişdilər. O, günü və dövrünə görə çox mötəbər sayılan, respublikada tale həll edən qurumlardan olan Ermənistan Kommunist Partiyası Mərkəzi Komitəsi nəzdində Partiya Nəzarəti Komissiyasının üzvü idi.

İsrafil Məmmədov digər məsul məqamları ilə yanaşı, 1987-89-cu illərdə  Ermənistan təhsil nazirinin birinci müavini işlədi.

Və bunlar heç də hələ onun daşımış olduğu vəzifələrin hamısı deyil.

Bəli, o, azərbaycanlı idi, rəsmi Ermənistan statistikada nə qədər saxtakarlıq etsə də, hər halda 1960-70-ci illərdə respublikada azərbaycanlılar sayca  ermənilərdən sonra ikinci idilər və sovetin inzibatçılıq siyasəti və xəttinə uyğun olaraq müxtəlif yüksək dövlət və hökumət strukturlarında bizimkilər da təmsil olunmalı idi.

Ermənistanda İsrafil Məmmədov üzdə olan yeganə azərbaycanlı deyildi. Başqaları da vardı. Amma üstünlüyü ona verirdilər.

Bu da mümkün idi ki, ona göstərilən yüksək etimadlardan biri ilə kifayətlənsinlər, digər vəzifələrə başqalarını təyin etsinlər.

Lakin ən müxtəlif vəzifələrə namizəd arayanda hər dəfə ilk ağıla gələn onun adı olurdu, çək-çevirdən sonra yenə İsrafil Məmmədovun  üzərində dayanırdılar.

Çünki şəksiz olan yüksək peşəkarlığından da xəbərdar idilər, tapşırılan istənilən işdə üz ağardacağına, yarıdacağına da əmin idilər.

Lakin etimadlar, irəliçəkmələr öz yerində, daimi nəzarət də öz yerində.

1972-ci ildə İsrafil Məmmədov Ermənistan Elmlər Akademiyasının Tarix İnstitutunda dissertasiya müdafiə edərək alimlik dərəcəsi qazanmışdı.

Zahirən qeyri-adi görünməyə bilər. O çağlar çoxları dissertasiya da müdafiə edir, alimlik dərəcələri də alırdılar.

Lakin İsrafil Məmmədov azərbaycanlı idi, Ermənistanda yaşayıb-işləyirdi və elə sərlövhəsindəncə ciddi milli-siyasi məna daşıdığı aşkar görünən bir mövzunu araşdırmışdı: "Ermənistanda Azərbaycan mətbuatının tarixi".

Dissertasiyanın müdafiəsi böyük müvəffəqiyyətlə keçmişdi. Həmin hadisənin canlı şahidi yazıçı Hidayət Orucov mənə söyləyib ki, o dövrdə oralarda bunca uğurla dissertasiya müdafiə edən başqa azərbaycanlını xatırlamır.

Kənd təsərrüfatına dair rusca tədqiqat işi yazmış başqa bir azərbaycanlını ermənilər məhz son mərhələdə, müdafiə günü əleyhinə səs verərək elmi dərəcə almaq imkanından məhrum etmişdilər.

Tarix sahəsində elmi iş götürmək, dissertasiya müdafiə etmək həvəsinə düşən bir neçə başqa azərbaycanlını isə ümumən elə başlanğıcdan istəklərindən daşındırmış, uzaqlaşdırmışdılar.

İsrafil müəllim dissertasiyasını erməni dilində yazmışdı, həm rəhbəri, həm hər iki opponenti erməni, müdafiənin keçirildiyi zalda əyləşənlərin də yüzdə doxsanı ifrat millətçilik və türkə nifrət mərəzi ilə zəhərlənmiş erməni tarixçilər.

Çoxları səsini, yəqin, bir də ona görə çıxara bilmirmiş ki, iclasa sədrliyi Tarix institutunun direktoru, İsrafillə ailəvi yaxın, dost olan professor Qalust Qaloyan (1927. Hazırda akademikdir) aparırmış.

Hərçənd arxa cərgədəkilərdən birinin daxilindəki mərdimazarlıq qurdu tərpənir və müdafiənin gedişinə qarışıqlıq salmağa cəhd edir.Kinayə ilə replika atır: "Bir az ucadan danışın! Heç nə eşidilmir".

Adətən, səsini qaldırmadan, aramla danışan İsrafil müəllim bu irada məhəl qoymadan nitqini elə əvvəlki tərzdə davam etdirir.

Arxa sıradakının yerində dingildədiyini, yenə nəsə mızıldadığını görən Qalust Qaloyan qalxır ayağa: "Hinger Məmmədovun danışığının tonu belədir. Əgər eşitmək istəyirsinizsə, özününz orada səs salmayın!"

Müdafiə başa çatanda keçirilən gizli səsvermənin nəticəsi alqışlarla qarşılanır: Müdafiə Şurasının bütün üzvləri lehinə, əleyhinə bircə səs.

Dissertantın elmi rəhbəri qart millətçi Aramais Mnasakanyan (1911-1984) imiş və o vaxtlar həmin Tarix institutunda bölmə müdiri vəzifəsindəymiş (İsrafil müəllim özü deyibmiş ki, bu adam daşnakdır).

Yəqin, beləsini də irəlicədən o səbəbdən rəhbər təyin ediblərmiş ki, məhz bu təhər xatalı, həssas mövzuda ermənilərə sərf etməyəcək məqamların yer almamasına nəzarət etsin.

İsrafil müəllimin oğlu Söhbət söyləyir ki, iş necə arqumentli, dəmir məntiqli mülahizələr və təkzibedilməz dəlillər üzərində qurulubmuşsa, həmin Mnasakanyan əsəri müdafiəyə buraxmağa müsbət rəyi imzalamazdan öncə bir şərtini qoyur ortaya: "Elə məsələlərdən yazırsan ki, əslində, onların çoxunu pozmalıyam. Ancaq o halda yox demərəm ki, sən də mənim göstərəcəyim bir hissəni özün ixtisara salasan. Mən erməniyəm, bunu buraxa bilmərəm!"

Nədən ibarətmiş həmin parça?

Söhbət müəllim unudub. Ancaq əlbəttə ki, bunu müəyyən etmək mümkündür. İsrafil Məmmədovun dissertasiyasının mətni də qalır, artıq həmin mətnin 2000-ci illərdə Bakıda çap olunmuş bütöv, ixtisarsız variantı da əlimizdədir. Müqayisə edib aşkarlamaq olar, sadəcə, bu, vaxt istəyir.

İndiki halda isə sözüm ondadır ki, İsrafil müəllimin istər dissertasiyası olsun, istərsə hansısa başqa yazısı, yaxud çıxışı, ya da ictimaiyyət içərisində hərəkətləri, - hamısı gendən diqqətlə baxan, bunları zərrəbin altında saf-çürük edən ermənilər tərəfindən mütəmadi güdülür, müşahidə edilirmiş.

Dissertasiyaya gəlincə, şərait elə idi ki, bu mövzuda hətta ən adi və aşkar tarixi və elmi həqiqətləri yazmaq və keçirmək çətin idi.

Axı sən İrəvanda və bütövlükdə Ermənistanda azərbaycanlıların mədəni həyatının, mətbuatının, təhsilinin tarixini dərinlərə çəkdikcə onların bu yerlərin əsl sahibləri olması haqda danılmaz gerçəyi növbəti dəfə bəyan etmiş olurdun. İsrafil Məmmədov elə erməni mənbələrinə əsaslanaraq yazırdı ki, "Əkinçi" (1875-1877) də, "Kəşkül" (1883-1891) də, "Ziya" (1879-1880) da, "Ziya-yi Qafqasiyyə" (1880-1884) də Ermənistanda alınırmış, oxunurmuş, 1914-cü ilin fevralından isə İrəvanda Mirməhəmməd Mirfətullayev və Cabbar Əsgərzadə "Ləklək" məzhəkə məcmuəsini, ardınca da 1917-ci ilin yanvar ayında yenə İrəvanda şair və publisist Əli Hacı Zeynalabdinzadə Məhzun və Cabbar Əsgərzadə Aciz "Burhan-i həqiqət" məcmuəsini buraxmağa başlayırlar.

İndi, XXI əsrin hündürlüyündən baxaraq guya o vaxt Ermənistanda oturub üzdən adi kimi görünən belə tarixi olmuşlar haqda yazmağın asan olduğunu ağlınıza belə gətirməyin.

Belə nəşrlərin varlığı nə demək idi?

O demək idi ki, İrəvanda, Ermənistanın müxtəlif guşələrində mütəşəkkil bir azərbaycanlı ziyalı təbəqəsi olub, onlar ən çeşidli milli problemlərdən yazıblar və Ermənistan boyu da bunları oxuyan, maarifə, biliyə can atan türk əhali varmış.

Kişidə gücə, ona bəslənən sayğıya baxın ki, o vaxt - 1972-ci ildə müdafiədən sonra elmi şura bu əsərin erməni və Azərbaycan dillərində nəşr edilməsi haqqında qərar qəbul edir.

İsrafil müəllim əsərini ermənicə yazmışdı. Mətn Azərbaycan dilinə də tərcümə edilir və rəy verilmək üçün Bakıya göndərilir.

Di gəl, İrəvanda Azərbaycan dilində buraxıla biləcək kitab işıq üzü görmür. Bilsəniz niyə?

Oradakı erməni təzyiqləri az imiş kimi, 6 ay sonra İsrafil müəllimin Bakıya rəyə göndərilmiş əlyazmasına Azərbaycandan mənfi cavab yollayırlar.

Bunu nə şəkildəsə ermənilər özlərinə xas məkr ustalığıyla təşkil etmişdilər, ya əsər xəbislikdə ermənidən geri qalmayan sapı özümüzdən olan bir baltanın əlinə düşmüşdü, - indi təsdiqləmək çətindir.

Hətta İsrafil müəllim özü də illər sonra etiraf edirdi ki, əsərə rəyini "Burjua mətbuatına belə ürəkdən vurulan müəllifə deyin ki, bu qəbil ölü miraslarına sahib durmaq əvəzinə qoy gedib özünə əməlli-başlı bir iş tapsın" sözləri ilə tamamlayan naməlum resenzenti müəyyənləşdirərək onunla görüşməyə çox çalışsa da, bir nəticə hasil olmamışdı (İsrafil Məmmədov. İrəvan. Azərbaycanın qədim mədəniyyət mərkəzi. Birinci cild. Bakı, 2018, səh.7).

1987-89-cu illərdə Ermənistan xalq təhsili nazirinin birinci müavini təyin edilən İsrafil Məmmədov o vaxtlar "Sovet Ermənistanı" qəzetindən də ayrılmayıbmış, redaktorluğunu davam etdirirmiş.

Günün yarısını nazirlikdə keçirər, günortadan sonra da redaksiyaya baş çəkərmiş.

Yenə İsrafil müəllimin o illərdəki iş-güclə dolu günlərinin ən mötəbər şahidi, oğlu Söhbət nağıl eləyir ki, atası nazir müavini təyin olunan ilk günlərdə belə bir mənzərə ilə rastlaşır:ilin ortası olsa da, görə biləcəyi, ürəyindən keçən işləri gerçəkləşdirməkdən ötrü hesabda vəsait yoxdur, ayrılan pullar xərclənib qurtarıb.

Elə o arada xoş münasibətlərdə olduğu və onun kimi yenicə yüksək vəzifəyə - baş nazirin müavini kürsüsünə ucalmış erməni tanışının yanına gedir.

Deyir, sən də təzə, mən də. Özümüzü göstərməyə, gəlişimizi yaxşı işlə nümayiş etdirməyə ehtiyac var, bu da maliyyəyə bağlıdır.

Baş nazir müavini 1 milyon rubl vəsait ayırır.

Və 10-15 gün ötüncə təəccüblənirlər ki, 1 həftəyə həmin pullar bütünlüklə bilavasitə təyinatı üzrə yönləndirilib.

Bölgələrdə, xüsusən kənd rayonlarındakı məktəblərin bir çoxunda haçandan bəri həsrəti çəkilən təmir işləri başlanır.

Bunların yarısı erməni məktəbləri idisə, tən yarısı da onillərlə hökumət qayğısından kənarda qalmış Azərbaycan dilində tədris aparan məktəblər idi.

Canı yanmaq azdır, o canıyananlığı işdə və qalıcı bəhrələrlə həyata keçirməyə gərək insanda təpər də ola!

Ən dar macalda da milləti üçün faydalı işlər görməyi bacarmış İsrafil Məmmədov belə qeyrətin sahibi idi!

Mən İsrafil müəllimlə 1980-ci illərin əvvəllərində Bakıya gəlişlərindən birində tanış olmuşdum.

O çağlar yazışmamız da olmuşdu, 1987-ci ildə Hüseyn Cavid və ailəsinin məşəqqətli taleyindən bəhs edən "Vaxtdan uca" kitabım çıxandan bir qədər sonra ondan hərarətli bir məktub da almışdım.

Bir müddət sonra "Sovet Ermənistanı"nda əsərlərimlə bağlı məqalə də dərc edilmişdi.

Ömrünün 30 ildən artıq dövrünü həsr etdiyi "Sovet Ermənistanı" partiya qəzeti olduğundan və Ermənistan Kommunist Partiyası Mərkəzi Komitəsinin sayıq nəzarəti heç vəchlə bu qəzetin yazılarından əskik olmadığından orada qələmlə nəsə etmək, azərbaycanlılara qarşı ermənilərin bəd münasibətindən açıq, ya sətiraltı söz açmaq imkansız idi.

Ancaq Ermənistanda Azərbaycan dilində dövlət qəzetinin nədən yazmasından asılı olmayaraq, artıq varlığı bir rəmz, respublika vətəndaşı azərbaycanlılar üçün mühüm özünütəsdiq əlaməti, dayaq idi.

Eyni zamanda, məhz həmin qəzetin gücündən, partiya orqanı olmasının verdiyi imkanlardan, eləcə də özünün respublika ictimaiyyəti arasında xətir-hörmətindən, nüfuzundan  yararlanaraq İsrafil Məmmədov Ermənistan boyu onillər əzrində onlarla, yüzlərlə soydaşımızın tapdanan hüququnu qorumağı, kimlərəsə qarşı edilən haqsızlığın qarşısını almağı, Ermənistan azərbaycanlılarının yuxarılara çatması müşkül olan səslərinin lazımi ünvanlara yetməsinə, bağlı qapılarının açılmasına yardımçı olmuşdu.

Həm də ondan kömək, dəstək umanlar yalnız azərbaycanlılar deyildi.

Elə neçə-neçə erməni də hansısa müşküllərinin həlli üçün vaxtaşırı onun qəbuluna tələsirmiş.

Təbiətcə mülayim, təmkinli, sözünün, hərəkətinin yerini bilən və sözünün kəsəri olan, xeyirxah, qayğıkeş, millətcanlı İsrafil Məmmədov heç əlli yaşına çatmamış artıq qərbi azərbaycanlılar arasında bir ağsaqqal, başbilən kimi tanınırdı, hörmət sahibiydi, xüsusən ziyalılar arasında əksəriyyətin inam, ümid yeri idi.

O, yazıçı idi, jurnalist idi, həm də inadcıl tədqiqatçı idi.

O, ermənini və erməniçiliyi içəridən tanıyan bir adam idi.

Erməniləri olduğu kimi göstərən, onların tarixi saxtakarlıqlarını faş edən, rəzilliklərini açıb ortaya qoyan çeşidli mənbələri axtarıb tapırdı, tərcümə və şərh edirdi, çap etdirə bilməsə də, millətin gözü açılsın, bixəbər qalmasınlar deyə təbliğ edirdi, bu yazıları əl altından yayırdı.

Söz yox, Ermənistanın dövlət rəhbərliyi də, xüsusi xidmət orqanları və ifrat millətçi təşkilatları da İsrafil Məmmədovu yetərincə tanıyırdılar, öz xalqı arasında hansı yüksək hörmət-izzətin, sözükeçərliyin sahibi olduğundan və öz nöqteyi-nəzərlərindən bu kişinin yaxşı-yaman keyfiyyətlərindən də agah idilər.

Yüz cür fitnə-fəsad da törədə bilərdilər, istəsəydilər, partiya-dövlət işindəki bütün səlahiyyətlərindən də məhrum edərdilər, Ermənistandan didərgin də salardılar.

Lakin məhz azərbaycanlılar arasında hamılıqla qəbul edilən bir ağsaqqal, başbilən, söz sahibi olması İsrafil Məmmədovu həm də xilas edirdi.

Çünki erməni nə qədər əysə də, sovetin siyasəti də yerində idi.

İsrafil kimi bir sanballı, sözü eşidilən adam dövlətin də ehtiyatında olmalı idi ki, müəyyən kəskinləşmə hallarında, zərurət məqamlarında bir münsif, araçı kimi irəli çıxarılsın.

Lakin erməni şovinistləri İsrafil müəllimə hər halda ciddidən-ciddi bir xəbərdarlığı da etmişdilər ki, bu, açıqca təhdid idi.

Bu, "cızığından çıxma, həddini bil" xatırlatması idi, "İstənilən anda sənin həyatına son qoyula bilər, özünü yığışdır!" yadasalması, açıq-aydın terror idi.

1968-ci ildə gecənin bir aləmində yatdığı yerdə onun mənzilini partlatmışdılar.

İsrafil müəllim dar hüdudlara sığmayan necə bir məşhur ziyalı idisə və bu qorxunc hadisənin söz-söhbəti yatırılmaq, söndürülmək istənildiyi halda nə təhər qəzəbli və geniş əks-səda doğurmuşdusa, bu barədə Azərbaycanda da danışırdılar.

Mən bu əhvalat barədə hələ ilk tələbəlik illərimdə eşitmişdim və artıq üstündən xeyli keçəndən, bu qəziyyə çoxlarının yadından çıxandan sonra, 1990-cı illərdə özündən soruşdum ki, o məsələ nə məsələ idi, necə oldu salamat qaldınız, bildinizmi bunu kimlər, niyə törətdi?

Dalğınlaşmışdı, demişdi ki, o vaxt, xala-xətrin qalmasın, yalandan bir cinayət işi açdılar, guya sübut elədilər ki, bir cavan oğlan bizim qonşuluqdakı mənzili ailə münaqişəsi üstündə, istədiyi qızın ona verilməməsi səbəbiylə partladıbmış, riyakarcasına elan etdilər ki, sən demə, iş qətiyyən mənlik deyilmiş. Ancaq, əslində, hər şey aşkar idi. Bu, birbaşa mənə qarşı törədilmiş qəsd, ölüm xəbərdarlığı idi.

Partlayış qonşunun mətbəxində baş veribmiş. Həmin mətbəx divarının bu üzündə isə İsrafil müəllimin yataq otağı.

Söhbət o zaman məktəbliymiş, ancaq uşaqlıq yaddaşında həmin dəhşətli günün qorxulu xatirələri dünən baş veribmiş kimi diridir.

Deyir, səhərə yaxın idi, saat 5-6 olardı, yenicə işıqlanırdı. Hamımız yatırdıq. Atam, anam, balaca qardaşım, mən.

Bir onu gördüm ki, otaqlar tüstü-duman içindədir. Partlayış elə alınmışdı ki, atamın yatdığı divardan qopan, təqribən, 50-60 kiloqramlıq iri tuf daşı gedib qarşı divara çırpılmışdı.

... O vaxt nədənsə araşdırmanı Daxili İşlər Nazirliyi yox, Dövlət Təhlükəsizlik Komitəsi aparıbmış. Onların özünün törətdiyi idimi bu, ya ASALA, yaxud digər erməni terror təşkilatlarından birinin əməli və ya onlarla bunların müştərək  fitnəsi?

Güman min yerə gedir və düşünürəm ki, istəsəydilər, elə edərdilər ki, bu partlayışın gücü bir az da çox olardı, heç ailədən salamat qurtaran olmazdı. Güman ki, irəlicədən niyyət bu imiş ki, partlayış ölüm-itimlə nəticələnməsin, uzaqbaşı İsrafil müəllim, ya hansısa digər ailə üzvü yaralansın.

Və İsrafil Məmmədovun ağlı başına gəlsin ki, özünü gələcəkdə daha ehtiyatlı aparsın, qırmızı xətti aşmağı fikrindən belə keçirməyə cürət etməsin.

1965-ci ildən etibarən İrəvanda ermənilərə qarşı qondarma soyqırımının 50 illiyi ilk dəfə rəsmi anım mərasimi kimi keçiriləndən sonra hər il 24 aprel ümumerməni hüzn günü kimi qeyd edilməyə, aqressiv millətçilik ildən-ilə şiddətlənməyə üz qoymuşdu.

Bu partlayış müəyyən mənada elə həmin dalğanın təzahürlərindən biri kimi də qavranıla bilər.

Tək bu deyildi ki! O hadisədən əvvəl də, bundan xeyli sonralar da İsrafil müəllimə dəfələrlə hərbə-zorbalar saçan zənglər də olmuşdu, anonim məktublar da göndərilmişdi, gənc oğlunu İrəvanda müalicəsini qəsdən yanlış apararaq elə ölümcül hala salmışdılar ki, onu daha Moskva həkimləri də xilas edə bilməmişdilər.

İsrafil müəllim ömrünün Ermənistanda keçən 62 ilinin dünyanı dərk etdiyi, dostla düşməni yaxşı ayırd etməyə qadir olduğu yarım əsrə yaxın bir iri parçası ərzində ermənilərin azərbaycanlılara qarşı qansızlıqlarının, nifrətinin, əzazilliklərinin elə ürəkdağlayan səhnələrini müşahidə etmişdi ki, o söhbətləri dinlədikcə insanın varlığı silkələnirdi.

Yaxşı ki, sonralar bunların müəyyən hissəsini qələmə aldı, amma nə qədər yandırıcı xatirəsini də özü ilə apardı.

Bizlərə qarşı bu erməni kininin miqyasları və sağalacağına, haçansa bitib-tükənəcəyinə ümid bəsləməyin əbəs olduğu vəhşi qəzəb haqqında qənaətlər İsrafildə yaşa dolandan, bərkdən-boşdan keçəndən, gördüklərini görəndən sonra deyil, uşaqlığından, yeniyetməliyindən hasil olmuşdu.

Onda hələ İsrafil heç dünyaya gəlməyibmiş, 1918-ci ildə anasıgil el-elatla birgə yaylaqdaymış, Njdenin, Dronun qaniçənləri onların üstünə həmlə çəkir.

Mərzə nənə nəvələrinə qorxulu nağıl kimi hekayət edərmiş ki, Mığrı yaylağında- o səfalı, güllü-çiçəkli dağların arasında yamyaşıl, bulaqlı-çeşməli bir dərə varmış. Ora ermənilər amansızlıqla qətlə yetirdikləri o qədər məsum körpənin, ağsaqqalın, ağbirçəyin, ahılın, cavanın cəsədini töküblərmiş ki, camaat həmin yerə Qanlı dərə adı veribmiş...

Həmin sarsıdıcı hadisələr zavallı qadının şüurunda, hisslərində nə təhər dərin, qaysaqbağlamaz yaralar açıbmışsa, onillər sonra da erməni əli dəyən çörəyi, ərzağı yeməzmiş...

İsrafil dükan çörəyi yeməyən anasına kəndlərdə öz azərbaycanlılarımıza  vaxtaşırı təndirə çörək yapdırıb gətirərmiş evə...

... Bu da bir ayrı hikmətdir ki, azadlığın hüdudları daraldıqca, ürəyi deşən acıları dilə və qələmə gətirmək çətinləşdikcə sanki beyin daha sürətlə işləməyə başlayır, yox yerdən ağlagəlməz həll üsulları tapır.

1980-ci illərin ortalarında İrəvanda nəşr edilmiş bir sensasion kitabın surətləri  bizim Elmlər Akademiyasında əl-əl gəzirdi.

Oxuyanlar müəllifin cəsarətindən daha əvvəl senzura maneəsini adlayaraq bu kitabın Ermənistanda necə nəşr edilməsinə mat qalırdılar.

1985-ci ildə İrəvanda ana dilimizdə buraxılmış "Sovet Ermənistanında Azərbaycan kitabı (1925-1985). Biblioqrafiya" adlı bu kiçikhəcmli əsər, belə məlum olur ki, o vaxt oralarda hay-küysüz, sakit, lap hiss olunmadan qarşılanıbmış.

Oralarda həmin kitaba çaşqın reaksiya Bakıda kitabın doğurduğu coşqun maraqdan sonra yarandı.

İlk baxışdan bu, diqqəti xüsusi cəlb etməməli olan bir soraq, məlumat kitabçası idi. 

Yəni XX əsrdə Ermənistanda Azərbaycan dilində hansı kitablar buraxılıb. Uzun bir siyahı, 464 adda kitab: müəllifin adı-soyadı, əsərin sərlövhəsi, nəşriyyat, nəşr ili, həcmi, tirajı və sair bu qəbil informativ səciyyəli bilgilər.

Bu kitab Ermənistan Dövlət Kitab Palatası tərəfindən buraxılmışdı və sən demə, elə bu qurumun nəşrlərinin xalis məlumat səciyyəli toplular olması nəzərə alınaraq onlar xalq arasında "Qlavlit" adlanan - Mətbuatda Dövlət Sirlərini Mühafizə edən İdarənin, senzorların baxışından və təsdiqləməsindən kənarda qalırmış.

Bu incə məqamı bilən Söhbət Məmmədov atası ilə birgə həmin toplunu tərtib edir.

Və İsrafil müəllim soraq kitabçasına "Bədiilik dünyamızın doğma bir hənirtisi" adlı geniş müqəddimə yazır.

Aydın səmada şimşək çaxmasına oxşayan həmin ön söz oxuyan hər kəsi diksindirən tarixi gerçəklərdən bəhs edirdi.

Müqəddimə müəllifi İsrafil Məmmədov müasir Ermənistan ərazisinin əslində, Azərbaycan torpaqları olmasını, bizlərin həmin yerlərdə ta qədimlərdən məskən saldığımızı səyahətnamələrin, salnamələrin, elmi mənbələrin, arxiv sənədlərinin əsasında sübut edirdi.

"Yaşayan və yaşadan keçmişimizin doğma bir hənirtisi bugünkü Ermənistanın paytaxtı İrəvanın, qədim Çuxur S'əd torpağının altında-üstündə qalan və qalmayan maddi mədəniyyət abidələrindən, əlvan sənət incilərindən gəlir. Üzdə olan və olmayan bu abidələr və incilərdən, qayalara həkk olunmuş yazılar və rəsmlərdən, səssiz-səmirsiz uyuyan məzar kitabələri və təsvirli daş sənduqələrdən, toz basmış memarlıq nümunələri və mənası araşdırılmamış toponimlərdəm, rəncbər və bağban, bənna və dülgər, dəmirçi və boyaqçı, mütəfəkkir və ədib, ozan və şair babalarımızın əmək və əməl bəhrələrindən təlqin etdikləri ideya və ideallardan, yazdıqları divan və kitablardan qopan bu həzin hənirti, şəksiz ki, indi müzakirə və mübahisə mövzusuna, tənqid hədəfi və yozmalar obyektinə çevrilməkdən daha çox tədqiq və təhlilə, həm də təkcə tədqiq və təhlilə deyil, böyük ehtirama ciddi ehtiyac duyur"(Göstərilən kitab, səhifə 5-6).

Tarixi mənbəyə, özü də qəsdən orta əsrlər erməni müəllifinin qeydlərinə əsaslanan İsrafil Məmmədov bir daha Qərbi Azərbaycanın əski Azərbaycan torpaqları olmasını qabardaraq 1679-cu il iyunun 4-də zəlzələ İrəvanı xarabazara çevirdikdən sonra yeni təyin edilən hökmdar Zal xanın dönəmində aparılan quruculuqlara diqqət yönəldərək yazır: "Yerləyeksan olmuş şəhəri dirçəldənlər, viranəlik-xərabəlik üzərində daha möhkəm qala, daha görkəmli, daha gözəl imarətlər də ucaldanlar Bərdədən, Zəyəmdən, Təbrizdən, Makudan, Naxçıvandan köməyə gələnlərdəmi farslar imiş?

Bəs onda yeni çəkilən arxların, yeni tikilən məscidlərin, karvansaraların, yeni salınan meydançaların, bağ-bağatın, əkin yerlərinin adları niyə farsca deyil, o zaman İrəvanda yaşamış ata-babalarımızın dilindədir - azərbaycancadır?" (Həmin kitab, səhifə 9-10).

Bu gün bunları demək, yazmaq, "İrəvan bizimdir" hayqırmaq nə asan!

1985-ci il İrəvanında isə bu sözləri Ermənistanın rəsmi dövlət nəşriyyatında yazıb nəşr etdirmək qan-qan demək idi, yatanları oyatmaq, şüurları lərzəyə gətirmək, birmənalı olaraq qəhrəmanlıq idi.

Daha nə yazırdı İsrafil Məmmədov: "İrəvanda, həm də xanlığın bütün ərazisində fars, ərəb, erməni dili deyil, məhz Azərbaycan dilinin üstün təsir gücünə malik olduğunu və geniş yayıldığını aşağıdakı faktlar bir daha sübut edir. Matenadaranın arxiv fondunda (Kilsə divanı, səhifə 290, 319) saxlanılan məktubu 1784-cü ildə kahin Qukas yazmışdır.Məktubda Gürcüstana - II İrakliyə, Bəyazidə - İsak paşaya göndərilmiş toxumların siyahısı verilmiş, miqdarı və qiyməti göstərilmişdir. Qəribə görünsə də, faktdır ki, kilsə xadimi, erməni dilinin mahir bilicisi bu kahin toxumların, demək olar ki, hamısının adını azərbaycanca yazmışdır.

... Xanlığın ərazisi, sərhədləri haqqında söhbət açılan bütün əsərlərdə, hətta dərsliklərdə yer adları bu qaydada verilmişdir: Arpa çayından Qızıl kilsə kəndinədək, Hacı Bayraməli kəndindən Qəbir dağadək, Koroğlu dağından Arazboyu Naxçıvanadək... yaxud xanlığa daxil olan mahalların (nahiyələrin) adlarına fikir verək: Qırxbulaq, Vedibasar, Şərur, Sürməli, Saatlı, Seyidli, Sərdarabad, Talin, Zəngibasar, Abaran, Dərəçiçək, Dərəkənd, Gərnibasar, Göyçə...

... O dövrün maddi abidələri də belə bir həqiqətin etirafıdır ki, təkcə İrəvanda deyil, ətraf ərazilərdə də yaşayıb-yaratmış, bizim günlərədək gəlib çatan yadigarlar qoyub getmiş azərbaycanlıların sayı, həqiqətən, çox olmuşdur. Bunu Sisyan rayonunun Urud kəndində 1503-1504, 1578, 1579, 1581-ci illərdən qalan xatirə abidələri bir daha təsdiq edir"(Yenə orada, səh. 11-12).

164 səhifəlik bu kitab nəinki Ermənistanda, hətta Azərbaycanın özündə də tarixçilərimizin və tarixşünaslığımızın "bizə millətçilik damğası vurarlar" hürküsü ilə belə mətləblərlə bağlı cınqırını çıxara bilmədiyi düyünlü əyyamların zülmətindəki işıqdır.

Bu balaca və qiymətli kitab bir elmi hünər örnəyi, misli olmayan vətəndaş şücaəti idi.

Bütün azərbaycanlılara "bu yerlərin sahibi sizsiniz" (və əksinə, ermənilərə "sizlər buralara gəlməsiniz") həqiqətini bundan daha aydın şəkildə necə çatdırmaq olar: "Şərqi Ermənistan Rusiyanın tərkibinə daxil olanda İrəvanda, təqribən, on minlik şəhər əhalisinin 7 min nəfərindən çoxu azərbaycanlı olmuşdur. XIX əsrin sonunda Ermənistan quberniyası Qafqazda yaşayan azərbaycanlıların sayı baxımından Bakı və Yelizavetpol quberniyalarından sonra üçüncü yeri tutmuşdur. Rusiya imperiyasında birinci dəfə keçirilən əhalinin siyahıyaalınmasına görə, 1897-ci ildə burada 31178 azərbaycanlı yaşamışdır" (Yenə orada, səh. 17).

Lap dəqiq deyilərsə, bu kitab elm və siyasət meydanında, mümkünsüz bir  şəraitdə  bütöv bir orduya qarşı qələbə ilə nəticələnən təkbaşına partizanlıq rəşadəti idi!

Erməni rəsmi dairələri ayılanda artıq qatar çoxdan ötüb getmişdi, 1988-ci il idi, İsrafil Məmmədov nazir müavini işləyirdi və Ermənistan Dövlət Təhlükəsizlik Komitəsinin yüksək çinli zabiti yaxınlaşır ona.

"Biz sizin yazdıqlarınızı erməni dilinə tərcümə etdirmişik. O nədir yazırsınız ki..."

İsrafil müəllim onun sözünü yarımçıq kəsir: "Nə yaxşı! Mənim işimi yüngülləşdirdiniz. Mən özüm həmin yazını erməni dilinə tərcümə etmək istəyirdim. O yazıdakı tarixi faktlar göstərir ki, biz çoxdan dost olmuşuq, bir-birimizin inkişafına təkan  vermişik".

... İsrafil müəllimlə bizim əsl yaxınlığımız 1990-cı illərə təsadüf edən daimi ünsiyyətlərimizin başlanmasından sonra oldu.

Azərbaycanlıların Ermənistandankı əzəli yurdlarından son müdhiş icbari və qanlı köçünün, bizi Qərbi Azərbaycandan ayrı salan, 1988-ci ildə başlanan deportasiyanın qaçqın qurbanlarından biri də İsrafil müəllim idi.

Lakin hər halda o, Ermənistanı tərk edən ən axırıncı azərbaycanlılardan sayılmalıdır.

Bəlkə də elə ən sonuncusu!

Kirli caynağı qana bulaşmış düşmənlərin çevrəsində 1990-cı il yanvarın ortalarınadək, düz ayın 13-dək hər an üzləşə biləcəyi ölümü, divantutmanı eyninə almadan duruş gətirdi.

SSRİ xüsusi xidmət orqanlarının ermənilərin bilavasitə iştirakı ilə təşkil etdiyi Sumqayıt hadisələrindən sonra Bakıda 20 Yanvar qırğınını reallaşdırmaq üçün daha bir fitnəkar addım atıldı. Yanvarın 13-də Bakıda ermənilərlə bağlı iğtişaşlar törədildi.

Elə həmin gün İrəvan televiziyası əhalini Teatr meydanına, milli məsələlərlə bağlı sualları birgə müzakirə etməyə səsləyir.

O vaxt Ermənistanda, demək olar ki, daha azərbaycanlı qalmamışdı.

Söhbət danışır ki, televiziyadan həmin elanı eşidəndə daha buralarda qalmaq mümkün olmayacağını çılpaqlığı ilə anladım. Başladım yır-yığış eləməyə, atama dedim ki, daha bıçaq sümüyə dirənib, çıxaq gedək.

Yenə İsrafil müəllim etiraz edir ki, yox, tələsməyək.

Bu ara telefon zəng çalır. Dəstəyi Söhbət götürür. İsrafil müəllimin hansısa xeyirxah erməni tanışlarından biri imiş.

"Ermənicə soruşdu ki, "İsrafil, sənsən?"

Yox, oğluyam, dedim.

"İsrafilə xəbər ver, bu gün evdə gecələməyin".

Bu, Ermənistanda bizə edilən son zəng idi. O zəng olmasaydı, Allah bilir, başımıza nələr gələcəkdi.

Həmin gecəni evdə qalmadıq. Qonşularla münasibətlərimiz həmişə yaxşı olmuşdu. Onlarda gizləndik. Amma yarım saat sonra blokda qopan hay-küydən başa düşdük ki, bir dəstə dəliqanlı artıq mərtəbəmizdədir, 20 nəfərə yaxın cavan oğlan gəlibmiş ki, bizə divan tutsunlar, evimizi dağıtsınlar.

Lakin o biri qonşular çıxıb imkan vermədilər ki, hücum çəkənlər mənzilimizi talan eləsin.

Bizim hansı qonşugildə olduğumuzu heç o qonşular da bilmirdi. Çünki bilinsəydi hardayıq, yəqin ki, bizə sığınacaq verənlərin də həyatı təhlükə altına düşərdi.

Bu minvalla iki gün orada qaldıq".

Söhbət Məmmədov belə yada salır.

Həmin ərəfələrdə artıq İsrafil müəllimgil mənzillərini Bakıdan çıxan hansısa erməni ailəsi ilə dəyişmək səmtində iş aparırlarmış. Belə razılığa gəlinibmiş ki, əslən qarabağlı olan marşal İvan Baqramyanın (1897-1982) o zaman Azərbaycan DTK-sında əks-kəşfiyyat idarəsinin rəis müavini işləyən qardaşı nəvəsi Xristik Baqramyanla mənzillərini dəyişsinlər.

Məhz bu şəxsin Ermənistan təhlükəsizlik orqanları ilə əlaqələri İsrafil müəllimgilə hər anında labüd ölüm ehtimalı dayanan həmin müdhiş günlərdə respublika ərazisini tərk etməkdə vasitəçi olur.

Evdən bir çöp də götürə bilmirlər. Eləcə də Xristik Baqramyan da nəyi var, qoyub gedir.

İsrafil müəllimin ailəsini əvvəlcə xəlvəti İrəvandan Sevana çatdırırlar. Orada maşını dəyişib Dilicana gedirlər. Dilicandan da digər bir xidməti avtomobillə onları Qazaxa aparırlar.

Beləcə, yanvarın 15-də ayaqları Azərbaycan torpağına dəyir və rahat nəfəs alırlar.

Bakıdakı mənzildə olan əşyanın İrəvana, İrəvandakı mənzildəkilərin də Bakıya çatdırılmasını bir az sonra həmin Xristik öz xətti ilə təşkil edir.

İsrafil müəllimi sonsuz dərəcədə sevindirənsə nimdaş ev avadanlığı deyil, mənzilindəki arxivinin, əlyazmalarının da bura gəlib çatması idi.

Özünün və oğlunun redaksiyada qalan zəngin arxivləri qayıdışsız məhv olursa da, heç olmazsa, evdəkilər gəlib sahibinə yetişir.

Söhbət bunu da söyləyir ki, sabiq DTK əməkdaşının evində məskunlaşandan, qonşularla isinişəndən sonra günlərdən birində onlardan hansısa yarızarafat-yarıciddi deyib ki, Bakıda ermənilərlə bağlı törədilən hoqqaların planları bu mənzildə cızılırmış.

Beləcə, İsrafil Məmmədov artıq həmişəlik Azərbaycana gəldi, onun həyatında da, Azərbaycan ermənişünaslığında da, erməni siyasətinin ifşaçılığında da tam yeni bir mərhələ başlandı.

Erməni fitnəkarlıqlarına yeni-yeni layihələr cızılmış mənzildə tarix boyu törədilmiş erməni riyakarlıqları və yalanlarını ifşa edən kitablar yaranmağa başladı.

Allahın hər qərarında bir nizam var.

Ömrünün yeni mərhələsini başlamaq üçün Azərbaycana gələndə İsrafil müəllimin artıq 62 yaşı vardı.

Tanrı ona səxavətlə daha 30 il ömür möhləti verməsəydi, o irs ki bizə bundan sonra həmişə gərək olacaq, onu İsrafil müəllim necə yarada bilərdi?!

İsrafil Məmmədov bizim Elmlər Akademiyasında işləyirdi, həm də Azərbaycan Radiosunun erməni dilində verilişlər redaksiyasına rəhbərlik edirdi.

Elmlər Akademiyasının Tarix İnstitutunda "Azərbaycanlıların deportasiyası və soyqırımı şöbəsi"nin müdiri idi.

Respublika Radiosunda isə siyasi icmalçılıq etməklə yanaşı, müxtəlif redaksiyalar üçün qan sızan işğal, soyqırımı, deportasiya problemləri ilə bağlı sanballı verilişlər yazırdı, eləcə də erməni dilində səslənən proqramların əsas ağırlığını çiyinlərində daşıyırdı.

Bütün başqa məziyyətlərindən savayı, dəqiq, səliqəli adam idi. Hazırladığı verilişlərin statistikasını da aparmışdı. Azərbaycan radiosunda erməni dilində 2680, ana dilində 1145 elmi-analitik məqaləsi səslənmişdi.

Akademiyada onunla ara-sıra rastlaşsaq da, radiodakı görüşlərimiz mütəmadi idi və hər dəfə ətraflı söhbətləşər, dərdləşərdik.

İş ondadır ki, mən daimi müəllifi olduğum həftəlik "Axşam görüşləri" verilişinə dəvət etdiyim qonaqlarla müsahibələri, adətən, Azərbaycan Radiosu binasının ikinci qatında yerləşən kiçik səsyazma studiyasında lentə alardım.

İsrafil müəllimgil də bəlli saatlarda erməni dilində olan verilişləri elə birbaşa oradan hazırlayardılar.

Yəni həm mətnlərin oxunması, həm montaj eyni məkanda gerçəkləşirdi.

O verilişlə bu verilişin aralığındakı yarım saat, 1 saat davamlı söhbətlərimiz, müzakirələrimiz üçün münasib girəvə idi.

Və həmin təmaslarımızda gündəlik ünsiyyətlərə xas olan Allah-bəndə söhbətləri, təqribən, yox kimi idi.

Çünki mən İsrafil müəllimin necə bir qənimət adam olduğunu dərk edirdim, hər görüşdə biliyi çox, yaddaşı möhkəm, mövqeyi sağlam bu insandan bacardıqca daha çox bəhrələnməyə səy edirdim.

Radionun, televiziyanın işçilərinə, səviyyəsinə bel bağladığım, səriştələrinə güvəndiyim jurnalistlərə, araşdırıcılara da həmişə tövsiyə edirdim ki, bu kişi gəzən bir xəzinədir, belə adamı haradan tapacaqsınız, bacardıqca onu çox danışdırın, videoya çəkin, səsini yazın.

Siyasi mövzular, millət problemləri bir yana, başlayırdı yeniyetməlik illərində ayrıldığı ata yurdundan, Zəngəzurdan, doğulduğu Əmrəkar kəndindən danışmağa, oradakı bulaqların, arxların, təpələrin adlarını çəkməyə, Göyçə mahalının dörd bir guşəsinin coğrafiyasından təfərrüatları söyləməyə, adını indi kimsənin bilmədiyi gədiklərin, dolayların haqqında elə əhvalatları, rəvayətləri nəql eləməyə ki, bunların hərəsi maraqlı bir tarixçə idi.

Dostlara ona görə təkidlə məsləhət bilirdim bunları lentləşdirsinlər, İsrafil müəllimi səsi, görüntüsü ilə elektron yaddaşa köçürsünlər ki, bunlar sabah tarixi sübut, dəlil, şahid ifadəsi kimi istifadə edilə bilsin.

İsrafil Məmmədov Qərbi Azərbaycanın canlı ensiklopediyası idi, o qədər çox bilirdi ki, bunların hamısını özünün yazıb çatdırması tək adamın gücü və ömür hüdudları xaricində idi, gərək başqaları da onu danışdırıb yazaydılar.

Qərbi Azərbaycandakı irili-xırdalı o yer adları ki onları İsrafil müəllim yaddaşında daşıyırdı, çoxu ən irimiqyaslı topoqrafik xəritələrə belə düşməmişdi.

Bizlər orada ola-ola o yerlərin adlarını erməniləşdirmişdilər, indi bizlərsiz olandan sonra, təbii ki, o tərəflərdə bizə aid heç bir ad-filan qalmaz.

O bulaqlar, çeşmələr, qaynamalar, o talalar, oylaqlar, təpələr ki onların unudulmuş və unudulan təmiz türk adlarını İsrafil müəllim dilə gətirirdi, onlar saxtalaşdırılan tarixdə həqiqətlərin öz yerinə qoyulması üçün mötəbər vasitələr idi.

O vasitələrin sabah və bütün gələcək zamanlarda danışması, üzə dura bilməsi üçünsə gərək onları yazılaşdıraydın, sənədləşdirəydin.

Bu vəzifəni nə dərəcədə yerinə yetirə bildik?

Qərbi Azərbaycandan olan və yaddaşı elə İsrafil müəllimin hafizəsi kimi etibarlı Həsən Mirzəyevlə bağlı da eyni məsləhəti dostlara verirdim ki, daha belə adamlar olmayacaq, fürsəti fövtə verməyin, yazın bunları...

Yenə təkrar edirəm - nə yaxşı ki, tale İsrafil müəllimə 92 illik uzun həyat qismət etdi.

Millətin bəxtindəndir ki, əcəl möhlət verdi, İsrafil müəllim deməli olduğu bir çox həqiqətləri deməyə, yalnız onun yaza biləcəyi bir çox önəmli mətləbləri qələmə almağa macal və hövsələ tapdı.

Bəlkə də həyatını bədii yaradıcılığa həsr etsəydi, İsrafil Məmmədov ədəbiyyat tariximizdə seçkin nasirlərdən biri kimi qalardı. Onun "Ömür yarpağı" adlı ilk hekayələr kitabı İrəvanda, "Hayastan" nəşriyyatında  çap ediləndə hələ 1965-ci il idi. 2 il sonra yenə həmin nəşriyyat onun "İnsan elə yaşamalıdır" adlı oçerklər kitabını buraxır. 1969-cu ildə isə artıq Bakıda debüt edir, "Gənclik" nəşriyyatında doğulan növbəti hekayələr kitabı "Körpüdə" adlanırdı.

Həmin hekayələrdən birinə müəllif  "Unuda bilmirəm" adını vermişdi.

Və İsrafil Məmmədovun heç vəchlə unuda bilmədiyi, müdam köksündə daşıdığı, diş ağrısı kimi varlığında zoqquldayan Vətən və millət yanğıları vardı ki, onları hekayəylə, povestlə, məqaləylə, esselerlə müalicə etmək, bütün ayrıntıları ilə açıb göstərmək imkandan kənar idi. Yenə çarə elmə idi. Xalqa öz tarixini daha yaxşı tanıtmaq naminə  İsrafil nasirliyini alimliyinə fəda etdi. 

Misilsiz alim və ədib İsrafil Məmmədovdan bizə miras qalan "Ermənistan azərbaycanlılarının tarixi coğrafiyası" (1995), "Ermənistanda Azərbaycan mətbuatı tarixi" (2002), "Tariximiz, torpağımız, taleyimiz" (2003), "Ermənistanda azərbaycanlılar 1941-1945-ci illərdə" (2004), "Erməni kilsəsi və türk-Azərbaycan torpaqlarında dolaşmaqda olan "böyük Ermənistan" kabusu" (2010), "Rus-türk müharibələrində ermənilərin  iştirakı. Səbəb və nəticələr. Tarix və faktlar" (2011), "Zəngibasar qətliamları. 1905-1988" (2012), "Vedibasar qətliamları və mahalda xalq qəhrəmanı Abbasqulu bəy Şadlinskinin başçılığı ilə genişlənən milli azadlıq mübarizəsi tarixinə dair sənədlər və xatirələr" (2013) əsərləri, rusca, ingiliscə kitabları, sıra-sıra məqalələri heç vaxt köhnəlməyəcək əvəzsiz qaynaqlardır.

İsrafil müəllimin "İrəvan dəftərləri" adlı kitablar silsiləsi düçar olduğumuz işğal, soyqırımı, deportasiya, qaçqınlıq və köçkünlük faciələrimizin doğruçu mənzərəsini görmək, erməniçiliyin anatomiyasını olduğu kimi anlamaq və qavramaqdan ötrü tayı-bərabəri olmayan məxəzlərdir.

Ən savadlı, ən döşünə döyən millətpərvərlərimizin neçəsi İsrafil müəllimin bu əsərlərindən neçəsini oxuyub?

Qarabağ düyününün, millətimizə, yurdumuza qarşı son iki əsr boyunca verilmiş zülmlərin çözülməsini, gələcəkdə təkrarlanmamasını istəyiriksə, gərək tarixi yaxşı bilək, acı dərslərdən ibrətlər alaq, arxada qalan yolumuz və taleyimizin eniş-yoxuşlarından xəbərsiz qalmayaq.

İsrafil müəllim ömrünün axırınacan nuru asta-asta azalan gözləriylə bizim gözlərimizi örtən qəflət pərdəsinin aradan getməsi üçün usanmadan can qoydu, yazdı, yaratdı.

Bu fədakar əməklərinin və millətəgərək kitablarının müqabilində ona 2012-ci ildə təqdim edilən Dövlət mükafatı son dərəcə layiqli bir alimə halal haqqının verilməsi idi.

Mən çox adamlar tanıyıram ki, kifayət qədər vüqarlı, möhkəm, sınmaz, əyilməz idilər. Amma işğal, ürcah olduqlarımız, qaçqınlıq, köçkünlük onları ruhən sındırdı, mənən çökdürdü, 1 gündə 1 ay, 1 ildə 10 il qocaldılar, vaxtsız-vədəsiz ölüb getdilər.

Amma İsrafil Məmmədov əsgər idi, döyüşçü idi, kəşfiyyatçı idi.

O, son gülləsinədək meydanı tərk edə bilməzdi.

O, bədəninə, canına da hökm etmişdi ki, axıracan vuruşmalıdır.

Nə qədər ki taqəti vardı, nəfəsi gedib-gəlirdi, o, yağının ovuc içərisindəymiş kimi göründüyü strateji yüksəkliklərə bayraqlarımızı sancmalıydı.

Millət eşqi, Vətən tarixinin həqiqətləri ilə dolu hər kitabı onun zirvələrə sancılan, qələbəyə aparan, doğru yolu göstərən bayraqları idi.

Hər kitab sonu olmayan bir tarixdir.

İsrafil müəllimin bu əsərləri həmişə yaşayacaq, onun özünü də yaşadacaq, millətimizin, yurdumuzun da tarix içərisində daha əmin, təhlükəsiz, keçdiyi yolları dəiqiq bilərək yaşamasına da kömək edəcək.

... 2019-cu il iyunun son həftəsində mən Azərbaycandan uzaqlarda, Strasburqda, Avropa Şurası Parlament Assambleyasının yay sessiyasındaydım.

Bazar ertəsi, iyunun 24-də gecə saatlarınacan davam edən iclaslarımızda Bakıdan acıdan-acı bir xəbər aldım ki, Azərbaycan mətbuatının patriarxı, ustad Şirməmməd Hüseynov 95 yaşında vəfat edib.

Ertəsi gün, yenə sürəkli iclasların gedişində telefonumun işıqlanan ekranında Bakıdan gələn daha bir qara xəbəri oxudum: İsrafil müəllimi itirdik...

... Bakıya dönəndən sonra ziyarət etməyə tələsdiyim ilk ünvan Şirməmməd müəllimin son mənzili oldu.

Elə orada, İkinci Fəxri xiyabandaykən mənə əziz olan digər insanın məzarına da baş əymək istədim, maraqlandım ki, bəs İsrafil Məmmədovu harada basdırıblar?

O, burada dəfn edilməyib ki! - dedilər.

Təəccübləndim. Sonra öyrənəndə ki, onu heç şəhərdə yox, Saray  kəndinin qəbiristanlığında torpağa tapşırıblar, ikiqat heyrətləndim.

Axı İsrafil Məmmədov qətiyyən sadə adam deyildi və o, şəxsiyyəti ilə, yaradıcılığı ilə, keçdiyi yolla ümumazərbaycan əhəmiyyətli, yüksək ehtirama layiq qiymətli bir şəxsiyyət idi.

Titul-filan istənilirsə, Dövlət Mükafatı laureatı idi.

O, torpağa 92 yaşlı sıradan olan bir ixtiyar kimi, adi bir qoca qaçqın sayaq  səssizcə tapşırılmamalı idi, onunla vidalaşma bu Vətənə və millətə xidmətlərinə, ləyaqətli şəxsiyyətinə yaraşan kimi olmalı idi, alimlər, ziyalılar, onun özünün və gördüyü işlərin qədrini bilənlər sözlərini deməliydilər.

Biz dövlətik, istiqlalının ikinci əsrinə qədəm qoymuş və böyük sabahlara üz tutan millətik.

Axı gərək biz hər vasitədən dövlətimizin daha qüdrətli, millətimizin daxildən daha uca olması üçün istifadə edək!

İsrafil Məmmədov kimi həmişə sinəsində millət və dövlət sevgisi daşan ürək çırpınmış şəxsiyyətlərin hətta dünyadan, həyatdan əbədi ayrılma günü də, daimi ziyarət məkanına çevrilən məzarları da bu müqəddəs idealların başqa könüllərdə daha da coşqun davam etməsinə qığılcım verəcək təkan nöqtəsinə dönməlidir və döndərilməlidir!

... Söhbət müəllim xatırlayır İsrafil müəllimin xəstəxanadakı axır günlərindən birini.

"İkimiz idik. Əhvalı da babat idi. Birdən çevrildi mənə sarı: "Gəl səni öpüm" dedi.

Lap uzun illər idi, uşaqlığımdan bəri məni öpməmişdi".

O, sərt idi. Səhər dərsə tələsəndə mən

Bildirməzdi yolda durub boylandığını.

Bircə dəfə söz açmazdı qəlbindəkindən,

Söyləməzdi övlad üçün çox yandığını.

... Əməksevən, ağır, enli, cod əli vardı,

Tale kimi endirərdi çiynimə hərdən.

Sərt üzünə bircə anlıq səhər doğardı,

Bilməzdim ki, hansı nurlu düşüncələrdən.

 

Sevgisi də soyuq idi - təzə əkini

Hər bəladan hifz eləyən qalın qar kimi.

Bu misralar unudulmaz Əli Kərimin "Atamın xatirəsinə" (1959) şeirindəndir.

Bütün atalar üzdən nə qədər soyuq, sərt görünsələr də, balalarını daim elə körpə vaxtlarında, uşaqlıq çağlarında olan sayaq incə, nəvazişli duyğularla sevirlər, ürəklərində onları oxşayır, əzizləyirlər də. Sadəcə, bu  hisslər heç də həmişə üzə çıxmır, elə bil, məhəbbətlərinin bunca kövrəkliyindən utanırlar.

İnsanlarla, hadisələrlə, mübarizələrlə dolu uzun ömür yaşamış müdrik insan və dərin alim İsrafil Məmmədov artıq sonun çatdığını duyurmuş, dünyayla və istəkli övladı ilə vidalaşırmış.

Amma bu öpüş həm də təşəkkür idi, "haqqımı sənə halal edirəm" xeyir-duası idi.

Oğlu Söhbət ona sadəcə övlad deyildi, lap çoxdan məsləkdaş, silahdaş, mübarizə yoldaşı, sirr, dərd bölüşə biləcəyi ən simsar dost idi.

Ona görə   bu vida öpüşü həm də "məndən sonra dayanma, yol qırılmasın, işimiz davam etsin" tapşırığı idi.

Köhnə zəngəzurlu, həyatı boyu - uşaqlığından ta ixtiyar çağınacan erməniçilklə mübarizənin ön cəbhəsində, düşmənlə göz-gözə dayanaraq çarpışmış İsrafil Məmmədov ömrün artıq bitməkdə olduğunu bütün soyuqluğu və acısıyla dərk etdiyi  anlarında son öpüşü ilə  balasına öz yolunu, mübarizəsini, məsləkini vəsiyyət edib, əmanət qoyub gedirdi....

O, döyüşçü idi, əsgər idi, səngəri boş qoya bilməzdi!..

... Söhbət müəllim atasının xatirəsi qarşısında son borclarından birini yerinə yetirməkçün yüksək vəzifə tutan, geniş səlahiyyət sahibi olan bir nəfərə zəng vurur.

Mənə bildirmədi kim imiş o vecsiz adam, mən də üstünü vurmadım. Adamlıqda payı olmayanların adını tutmağın nə faydası! Belə çürükləri gec-tez vaxt özü çıxdaş edir...

Həmin şəxsin atası illərcə İsrafil müəllimlə birgə işləyibmiş, dost olublarmış, uşaqları, o cümlədən, bu zəng edilən həpənd onu "əmi!" çağırırmış.

"Atam keçinəndə harada dəfn olunması ilə bağlı kömək istəmək, ən azı bu vəziyyətdə necə hərəkət etmək barədə məsləhət almaqçün o şəxsi axtardım. Köməkçisinə söylədim kiməm, nə münasibətlə müraciət edirəm. "Səni özümüz axtaracağıq, zəng vurarıq" dedilər. Hələ də zəng vururlar. Zəng o yana qalsın, heç yasa gəlmədilər..."

... Xatırlayıram 1994-cü ilin 18 noyabrını.

O vaxt hələ cib telefonları yox idi, ona görə də birini axtaranda ya iş, ya ev telefonuna zəng vururdular.

İşlərimin ardınca şəhərdə idim, arada küçədəki telefon avtomatdan evə zəng çaldım ki, məni soruşan olmayıb?

Dedilər, Qulam Məmmədligildən iki dəfə zəng olub. Əvvəl yoldaşı zəng vurmuşdu, bir az sonra qızı. Nəsə həyəcanlı idilər.

Düşündüm, yəqin, nəsə ehtiyacları var, ya hansısa dava-dərman almaq lazımdır.

Yollandım Qulam müəllimgilə.

Mənzillərinin qapısı açıq idi.

Yataqda olsa da, söhbətləşdiyim, srağagün görüşüb ayrıldığım Qulam Məmmədli artıq yox idi.

Bu 98 yaşlı insan, XX əsrin əvvəllərində ibtidai mollaxana təhsili almış sadə bir azərbaycanlı mədəniyyət, elm tariximizin ən nadir simalarından birinə çevrilməyi bacarmışdı.

Təkbaşına bir neçə alimin deyil, bir neçə tədqiqat mərkəzinin, araşdırma institutunun görmədiyi işləri görmüşdü.

Azərbaycanın ikicildlik teatr salnaməsini yaratmışdı, Heyran xanımı ilk dəfə xalqımıza təqdim etmişdi, Mirzə Cəlilin, Abbas Mirzə Şərifzadənin, Üzeyir Hacıbəylinin, Hüseyn Cavidin, Hüseyn Ərəblinskinin, Nəriman Nərimanovun, Cahangir Zeynalovun ömür və yaradıcılıqlarını gün-gün, ay-ay ardıcıllıqla əks etdirən möhtəşəm kitablar doğurmuşdu.

Əlbəttə ki, onu bu dünyadan alqışlarla, böyüklüyünə, bənzərsiz fəaliyyətlərinə və qiymətli əsərlərinə yaraşan bir vida mərasimi ilə yola salmaq borc idi.

Cümə günü idi, iş günü sona yaxınlaşırdı. Teatr Xadimləri İttifaqına zəng vurdum, sədrdən xahiş etdim ki, sabah, şənbə günü Aktyor evində Qulam Məmmədli ilə vida mərasimi keçirməyimizə icazə versin, qalan bütün işləri özüm təşkil edəcəyəm.

Cavab verdi ki, mənə gərək yuxarıdan tapşırıq ola. Dedim, axı əlinizin altında hökumət telefonu var, yuxarı nə bilsin ki, Qulam Məmmədli keçinib, məlumatı siz çatdırın.

Buradan bir nəticə hasil olmadığını görüncə Yazıçılar Birliyinə, Mədəniyyət Nazirliyinə zəng vurdum.

İşin tərsliyindən orada rəhbərlikdən heç kim yox idi. Məhəmməd Füzulinin anadan olmasının 500 illiyi ilə əlaqədar keçiriləcək mərasim münasibətilə Moskvaya yola düşmüşdülər.

Mədəniyyət Nazirliyindəki bir tanışım telefonla mənə bildirdi ki, özünü əbəs yerə yorma, Qulam müəllimin ən yüksək titulu Əməkdar mədəniyyət işçisi olub, bu isə o deməkdir ki, statusu etibarilə İkinci Fəxri xiyabana da uyğun deyil.

Son çıxış yolum qalmışdı, xəbəri birbaşa dövlət başçısına çatdırmağı qət etdim. Gəldim Xarici İşlər Nazirliyinə.

O zaman biz nazir Həsən Həsənovla bir kitab üzərində işlədiyimizdən hər gün görüşürdük.

Kədərli xəbəri çatdırdım.

O da dərhal dəstəyi qaldırıb bunu dövlət başçısına bildirdi.

Unudulmaz Heydər Əliyevin elə həmin andaca verdiyi qərar məni qəhərləndirdi: "Vida mərasimini bazar ertəsinə saxlayın, filarmoniyada olsun. Özüm də gələcəyəm. Qulam müəllim Birinci Fəxri xiyabanda dəfn edilsin. Rafael də elə indicə gəlsin Prezident Aparatına, təcili bir nekroloq tərtib etsin ki, axşam televiziyada Xəbərlər proqramında səslənsin".

Qulam Məmmədli bütün gərəkli işlərini görmüş, həyatını sürmüşdü və indi onun cansız bədənindən ötrü hansı qəbiristanlıqda dəfn olunmağın, olsun ki, fərqi yox idi. Amma bunun sabah Qulam Məmmədli ola biləcək bir gənc üçün mütləq və mütləq dəxli vardı.

O gənc şahid olsaydı ki, bir əsrə çatan ömrünün 80 ilindən çoxunu xalqı, yurdu üçün çalışmış Qulam Məmmədli kimi bir yaradıcının, maarifçinin, alim və ədibin sonu belə təntənəsiz, urvatsız, sükut içində bitdi, sadəcə ailəsi, yaxınları toplaşdılar, həmin cavanın ideal saydığı adamı ən adi qocalardan biri kimi çətinliklə yer tapılan ucqar qəbiristanlıqlardan birində torpağa gömüb dağılışdılar, görəsən, o xəyalpərvər gəncin qəlbindəki gələcəyin Qulam Məmmədlisi olmaq həvəsi sönməyəcəkdi?

Amma Qulam Məmmədlinin cənazəsi güllər-çiçəklər arasında ölkənin ən əsas səhnələrindən birində qoyulmuşdu.

Onun haqqında ən minnətdar kəlmələr səslənirdi.

Onun tabutu başına böyük dövlət adamı, Azərbaycan Prezidenti Heydər Əliyev sayğı duruşuna gəlmişdi.

Milləti və dövləti Qulam Məmmədli ilə belə vidalaşırdı.

Sabah yeni Qulam Məmmədlilər yaranmasının vacibliyi dərsi millətə və gəncliyə belə verilirdi!

Qınaqları həmişə bir az aşağıdan, özümüzdən başlayaq.

İsrafil Məmmədovun əbədi gedişinin sorağını vaxtında, lazım olan tərzdə, çatdırılmalı olan yerə bildirən oldumu ki, Qulam Məmmədli qəziyyəsində olan kimi bir dərs, bəlkə ondan da təsirlisi yenə təkrarlansın?!

... Yazdıqlarınız, millət naminə yadigar qoyub getdikləriniz hər dəfə dadımıza yetdikcə, əlimizdən tutduqca özünüz yoxkən də dayağımız olmağınızın, bizdən kömək əlini üzməməyinizin qüruru ürəyimizi xiffətlə dolduracaq, xatirəniz qarşısında gözükölgəli qalmağımız qüssələndirəcək.

Bizi bağışlayın, İsrafil müəllim, neyləməli ki, belə oldu!

Başınız çəkənlərin müqabilində bunlar nədir ki!

Yolunuzdansa, heç nigaran qalmayın!..

2 avqust 2019

 

 

Rafael HÜSEYNOV

Milli Məclisin Mədəniyyət komitəsinin sədri, akademik

 

525-ci qəzet.- 2019.- 17 avqust.- S.6-7;10-11