Milli mətbuatın aktuallığını itirməyən
problemləri
Əhməd bəy Ağaoğlu-150
Əhməd Ağaoğlunun aşağıda Azərbaycan türkcəsinə tərcümədə "525-ci qəzet"in oxucularına təqdim etdiyim "Şərqi-rus" qəzetinin ünvanına bir neçə söz" adlı məqaləsi ("Kaspi", 22 aprel 1903, ¹ 88) və onun ədəbi-ictimai mühitdə yaratdığı əks-səda ilə bağlı "Üç aqilin davası" adlı araşdırmamda ətraflı bəhs açdığımdan burada əlavə təfərrüata ehtiyac görmürəm.
Məhəmməd ağa Şahtaxtinskinin (1865-1930) naşirliyi və redaktorluğu ilə 1903-cü ilin martın 30-da Tiflisdə XX yüzilliyin ilk ana dilli mətbuat orqanının - "Şərqi-rus" qəzetinin nəşrə başlaması milli ruhlu ziyalıların bəziləri kimi naəlaclıq ucbatından doğma xalqına rus dilində xitab etmək məcburiyyətində qalan Əhməd bəy Ağayev (Ağaoğlu) üçün də həyatının xoş hadisəsinə çevrilmişdi. Parisdən vətənə dönəndən az sonra özü də ana dilində qəzet nəşr etmək istəyən, lakin Peterburq Senzura Komitəsindən lazımi icazə ala bilməyən Əhməd bəy bu xəbərə bəlkə də hamıdan çox sevinmişdi. Yeni nəşrin tezliklə milli mədəni-mənəvi fikrin başlıca tribunasına çevriləcəyini düşünmüşdü. Lakin aradan az keçməmiş bu zənnində yanıldığını anlamışdı. Çünki "Şərqi-rus" ayrı-ayrı istisnaları çıxmaq şərti ilə bütünlükdə bəslənən ümidləri doğrultmamışdı.
Belə şəraitdə ilk etiraz səsini ucaldan Əhməd bəy olmuşdu. Tutduğu dəsti-xəttin "Şərqi-rus"u mütləq uğursuzluğa gətirib çıxaracağını qəzetin bir neçə sayı ortaya qoyulandan sonra bildirmişdi. Lakin Məhəmməd ağa Şahtaxtinski onun milli düşüncyə bağlılıq və peşəkarlıq prinsiplərindən çıxış edərək irəli sürdüyü obyektiv fikirlərə az qala şəxsi düşmənçilik kimi yanaşaraq həmkarına bir qədər də donos təsiri bağışlayan təhqiramiz tərzdə cavab vermişdi.
Sərt üslubda, acı və istehzalı dillə yazmağı Şahtaxtinskidən heç də pis bacarmayan Əhməd bəy "Kaspi"nin növbəti saylarından birində "Şərqi-rusa" son sözüm" adlı məqalə çap etdirmiş və bununla da birtərəfli qaydada gərəksiz mübahisəyə son qoymuşdu.
Doğrudur, sonradan Məhəmməd ağa ilə barışmışdılar. Hətta "Şərqi-rus" redaksiyasını Tiflisdən Bakıya köçürüb Ə.Topçubaşovun naşirliyi, M.Şahtaxtinski və Ə.Ağayevin (Ə.Ağaoğlu) birgə redaktorluğu ilə nəşrinə davam etdirməklə bağlı razılıq əldə olunmuşdu. Lakin 1904-cü ilə "Həyat" qəzetinin nəşrinə icazə alınması "Şərqi-rus" brendinə olan ehtiyacı aradan qaldırmışdı.
Tarixi nüanslar öz
yerində. Zənnimcə, Əhməd bəyin məqaləsi
mətbuatın məqsədinə, istiqamət və vəzifələrinə
münasibət baxımından bu gün də aktuallığını qoruyub saxlayır. Çünki
günümüzdə də sadəcə naşirinin
(oxu, sponsorunun!), yaxud redaktorunun reklamına
xidmət edən, təsadüfi adamlara
ünvanlanan, oxucuya heç bir faydalı informasiya, yüksək fikir
və hiss aşılamayan kifayət qədər
çığırğan nəşrlər (xüsusən də
elektron media sahəsində)
mövcuddur. Və şübhəsiz,
onları da ötən əsrin
başlanğıcında cəmiyyətin rəyini saya salmayaraq milli tribunaya çevrilməyi
istəməyən, yaxud bacarmayan
"Şərqi-rus"un aqibəti gözləyir.
Vilayət QULİYEV
525-ci qəzet.- 2019.- 17 avqust.- S.8.