Qələmsiz yazılanlar    

 

 status-esseləri

 

 

Gənc yaşınızda içinizi kin-küdurətlə doldurmayın...

GƏNC YAZARLAR - TURAL TURAN, FUAD CƏFƏRLİ VƏ EMİL RASİMOĞLUYA

Sizin Azərbaycan Yazıçılar Birliyinin (AYB) sədri, Xalq yazıçısı Anar haqqında belə yekəxana tonda və kobud leksikonla danışmağınız məni təəssüfləndirdi. Siz bununla öz mənəvi, ədəbi və mədəni keyfiyyətlərinizin hansı səviyyədə olduğunu ictimaiyyətə göstərmiş oldunuz. Əmin olun, cəmiyyət təkcə çayxanada dedi-qodu yapan, sosial şəbəkələrdə hər sərsəm fikrə züy tutan 5-3 adamdan-profildən-troldan ibarət deyil. Dəyərlər tam sarsılmayıb, savadlı, soyuqqanlı, ağıllı və abırlı adamlar hələ də çoxdur. Və siz bu hərəkətinizlə onların gözündə öz mahiyyətinizi ortaya qoydunuz.

Anar müəllimin sizi tanımaması təbiidir. Siz bu son yekəxana bəyənatlarınızdan başqa diqqəti cəlb edəsi nə iş görmüsünüz ki?! Əgər 5-3 ortabab şeirlə ədəbiyyatı "zənginləşdirdiyinizi" düşünürsüzsə, bu, xam xəyaldır, yanılırsınız. Anar müəllimin diqqətini çəkməyə layiq olmaq istedadın, çoxillik əzmkar yaradıcı fəaliyyətin, ədəbiyyata xidmətin nəticəsində mümkündür. Bunu çoxları arzulayıb, gücü çatmayanda təhqirə keçib, bəziləri də Anar müəllimin satirik əsərlərinin qəhrəmanlarına çevrilib, hətta bundan sevinib xoşbəxt də olublar.

Öz uğursuzluğunu kənarda axtarmaq, bütün problemlərin səbəbkarı kimi Anar müəllimi görmək şakəri yeni deyil. Son 20-25 ildə bunu çox görmüşük. Görünür, sizin AYB üzvü olmağınız, təqaüdə layiq görülməyiniz, ikinizin Gənclər Şurasında təmsil olunmağınız subyektiv və səhv qərar olub. Bunu zaman və təəssüf ki, həm də siz özünüz davranışınızla təsdiq etdiniz. Gərək AYB vəsiqələrini sizə təqdim edəndə Anarın tariximiz, mədəniyyətimiz, ədəbiyatımız haqqında əsərlərini, ən azından "Yaşamaq haqqı" traktatını da verəydik. İnanmıram ki, onları oxuyan hansısa Azərbaycan gənci ədəb-ərkan əndazəsini, nəzakət qaydalarını bu dərəcədə aşardı. Təəssüf! Amma gec deyil. O əsərləri tapıb oxuyun! İşləyin, zəhmət çəkin, özünüzü təsdiq etməyə çalışın! "Şeirdən çox da ucalıq ummayın!" Həyat sərtdir, amansızdır, hərdən rəhmdildir və həm də bütün bunlarla maraqlıdır. İndidən - gənc yaşınızda içinizi kin-küdurətlə doldurmayın. Qoruyun şeir yazan ürəyinizi...

***

Televiziyada Əli Kərimin "Atamın xatirəsinə" şeirini dedim, yaxın günlərdə çap etdiyimiz "Metronun yaylı qapıları" kitabından danışdım, şairin ruhuna ehtiramımı bildirdim. AYB-yə çatan kimi otağıma zəng gəldi. Əli Kərimin həyat yoldaşı Elza xanım idi; minnətdarlığını bildirdi, "Təzyiqim vardı, sənə qulaq asdım, düzəldim, çox sağ ol ki, Əlini yaşadırsan" - dedi. Dünən də Fikrət Qoca kitaba yazdığım ön sözdən təsirlənib otağıma gəlmişdi, təşəkkürünü bildirmişdi. Belə reaksiyalar adamda gördüyü işin vacib və savab olduğuna inamını gücləndirir.

***

İsi Məlikzadənin kitabını çapa hazırlayırıq. 40 il əvvəl oxuduğum əsərlərinə bir də qayıdıram. "Dədə palıd" povesti axıcı, lirik təhkiyəsiylə bir nəğmə kimi qalıb yadımda. Yazıçının yaratdığı saf, təmiz, sadəlövh obrazlar - Nurcabbar, Bağır gözlərim önündə yenidən canlanır. Bir də "pul qazanmaqdan savayı dərdi olmayan, puldan ötrü anasının əmcəyini kəsən" Piti Namaz.

Cəmiyyətdə özünə yer tapa bilməyib mehrini təbiətə salan Nurcabbar Kür çayıyla dərdləşir:

"- Mən gedəriyəm, sən əbədi. Mən acizəm, sən güclü. Qoru bu dünyanı acgözlərdən. Onların gətirdikləri bəladan, yamanlıqdan hifz elə bizi. Qorxuram acgözlərdən, Kürüm, qorxuram".

Yazıçının 40 il əvvəl intuisiya ilə hiss elədiyi dərdlər qabardı, şişdi. Acgözlük dalğasında Nurcabbarlar məhv oldu, Bağırlar ev-eşiksiz qaldı, Piti Namazlar hörmətə mindi, iş adamına çevrildi.

Gücün heyfislənməkdən başqa heç nəyə çatmır...

***

Təhsil haqqına görə qazandıqları bakalavr və magistr yerlərindən imtina edənlərin problemi ciddidir. Mənə də bir tələbə müraciət edib, kasıb anasının imkanı olmadığına görə magistrlikdən imtina etmək istəyir.

İndi bir fakültə dekanının fikirlərini də oxudum: "İki tələbəm magistraturanı qazanıb, zəhmət çəkib nailiyyət əldə edib, amma təhsil haqqını ödəyə bilmədiyi üçün... İçim yanır!"

Əgər dekan da nalə çəkirsə, problemin ciddiliyinə diqqət yetirilməlidir. Dövlət təhsillə bağlı çox addımlar atıb (Baxmayaraq ki, Universitetlər belə tələbələrdən ilk təhsil haqqını birdəfəyə yox, hissə-hissə tələb edə bilər). Bəlkə, bu dəfə zəngin adamlarımız təşəbbüs göstərməli, önə çıxmalıdırlar?! Bu qədər zəngin insanlar, imkanlı şəxlər, varlı şirkətlər olan cəmiyyətdə təhsil haqqına görə tələbə adından imtina edənlər niyə olmalıdır ki?! Bu qədərmi özgə dərdinə laqeyd, etinasız olmuşuq?!

Qarşıdan Qurban bayramı gəlir. Peyğəmbərimiz də elmi ibadətdən üstün tutub. O qoyunları sıraya düzüb "cənnətə yol axtarınca" belə tələbələri sevindirib savab qazanın!..

Ən yaxşı cənnət təhsil almaq istəyən gənclərin dualarındadır!

Buyurun, zənginlərimiz!

Qurbanlarınız mübarək!

***

Sən öz həyatını qura bilmirsən, buna O neyləsin ki?!

***

Meyli oradır, onadır.

***

Hər şey nisbidir. Mütləq həqiqət ovqatın yaratdığı illüziyalardır.

***

Qarpızla pendir aşiq-məşuq kimidir - bir-biri üçün yaranıblar. :)

***

Təbəssüm böyük sərvətdir, xilasdır! Gülümsəyin!

Şair necə deyib təbəssüm barədə?

... O ötəri, gözucu,

xilaskar təbəssümün.

O həm ana, həm bacı,

həm də yar təbəssümü.

***

Zəhləm gedir də süni tərifdən, yaltaqlıqdan. İtələyir məni. Adamı gözümdən salır.

***

Gədəbəydə heç olmamışam. Bir dəfə - 2009-cu ildə Qazaxda gənclərin bir seminarına dəvət olunmuşdum. Düşünürdüm, qayıdanda gedərəm Gədəbəyə, amma yağış imkan vermədi.

2017-ci ildə Bilik fondu Şəmkirdə mənimlə imza günü və görüş təşkil etmişdi, Gədəbəyə getməyi ikinci dəfə onda arzuladım, bu dəfə vaxt darlığından alınmadı.

İndi Gədəbəydə Milli Yaylaq festivalı keçirilir. Əvvəldən diqqətimi çəkib. Getmək istəyirəm. Millət vəkillərindən və TİKA-dan da dəvət gəlib.

Görək alınırmı?!

***

Böyük savab oldu bu Yaylaq festivalı. Yəqin Gədəbəyə heç zaman eyni vaxtda bu qədər qonaq gəlməmişdi. Bölgənin füsünkar təbiətinin təbliği sarıdan faydalı, minlərlə insanı maraqlandırmaq, milli duyğulara, ilkinliyə qaytarmaq, xoş ünsiyyət yaratmaq baxımından xeyirxah iş idi. Bu tədbiri hər il, daha geniş və əhatəli, davamlı keçirmək lazımdır. Bütün zəhməti olanlara bol-bol təşəkkür düşür.

Həm də dərin məna, bir etiraz, üsyan var yaylaq sevgisində - qloballaşmaya, qlobal istiləşməyə, manqurtlaşmaya gizlin bir etiraz. İki dəfə İssık-kulda, Tyanşan dağlarının ətəyində - Qırçında Köçəri oyunları yarışlarını izləmişəm. Bu ideyanı qırğızlar başlayıb, üç dəfə beynəlxalq səviyyəli yarış keçiriblər. Avropa və Olimpiya oyunlarına alternativ yarış yaradıblar. Gələn il Türkiyədə olacaq, üç ildən sonra isə bəlkə, bizdə oldu!?

Gədəbəy Yaylaq festivalı həm də bu oyunlara hazırlıqdır yəqin ki...

***

Hörmətli Firuz Mustafa dəvət etdi, Şınıxa da gəldik. Badya bulağından su içdik, soyuqdan üşüdük...

***

Gədəbəyin "Çobankənd" kəndində dostumuz İntiqam Yaşarın anası Afayət xanım səhər yeməyinə özü hazırladığı duzlu-duzsuz pendir, nehrə yağı ilə birgə bizimçün köppəcə də bişirdi. İlk dəfə görürdüm. Biz tərəflərdə rastlaşmamışam. Dadlıydı. Qaymaq da lap dada gətirirdi. Sağ olsun!

Siz tərəflərdə də var köppəcə?!

***

Gədəbəyin davasını edirdim, amma elə Göygöldə - Helenendorfda da ilk dəfədir oluram. Rayonun tarixini lövhədən oxuduq. Bir nəfər rayon sakini isə bizə bu yerlərin iqlimini tərif elədi.

***

Hər kəsin sakitləşən vaxtı olur.

***

Sən istəməməklə deyil ki. Ətraf məcbur edəcək.

***

"Köhnə Bakı üçün nostalji" yazısından sonra yazıçı dostlarım -  Yaşar və Ömər Xəyyam əhvalatdan təsirləndiklərini bildirdilər və bu mövzuda hekayə yazacaqlarına söz verdilər.

Maraqla onların hekayələrini gözləyirəm.

***

Getdiyin yerdə tapa bilmirsən, durduğun yerdə də yoxdur. Onda burax taleyin ixtiyarına, gözlə, özü gələcək!

Amma gələcəkmi?!

***

Heç kim maraqlı deyil.

***

 

Qələbə üçün bir nəfər azdır.

***

Namərdliyin cavabı adekvat olmalıdır.

***

Özünüz yazıb, özünüz bəyənirsiniz.

***

Saxta vətənpərvərlik...

***

Eyni küləkdir, amma adamın iliyinə işləmir, ruhunu oxşayır...

***

Hərənin üsyanı, etirazı özünü bir cür göstərir.

***

Zaman həmişə düz göstərmir.

***

Arxayınlıq məğlubiyyətə aparır.

 

Rəşad MƏCİD

Azərbaycan Yazıçılar Birliyinin gənclərlə iş üzrə katibi, "525-ci qəzet"in baş redaktoru

 

 

525-ci qəzet.- 2019.- 17 avqust.- S.9.