Qala Adam   

 

 

 

Bəzən çoxlu pula, hər cür imkana, aşıb-daşan diqqətə, insan selinə yox, bircə nəfərə ehtiyac duyursan. İstəyirsən ki, səni duyan, hiss edən, anlayan, dinləyən bir insan aydın, təmiz düşüncəsi ilə yanında olsun. O adam sevgili, ailə üzvü yox, yalnız dost ola bilər.

 

Sadaladığım xüsusiyyətləri özündə cəmləşdirən belə bir dostum var. Elə məqamda yetişir, elə anda özünü çatdırır ki, heyrətdən mat qalıram. Fərqi yoxdur, dünyanın harasındadır, Xətaidə , Yasamalda da, Masazırda da, İsmayıllıda da, Almaniyada da, Rusiyada da, lap elə Ankaranın ortasında da olsa, heç dəyişmir. Həmin an ruh halının, psixoloji durumunun bərbad olduğu sanki ona vəhy kimi qeybdən gedir. Bir görürsən, ya zəngi gəlir, ya mesajı. Qəflətən diksinirsən, hətta oğrun-oğrun ətrafına da boylanırsan. Sənə elə gəlir ki, əvvəlcə kənardan izləyib, vəziyyətdə olduğunu bildikdən sonra axtarıb.

O, həmişə belədir. Suallarla boğuşanda, dərdlərlə canbaza çıxanda, gözünün yaşı dinməyəndə özünü çatdırır. Bəzən yerə çırpılaraq yıxılırsan. Hiss edirsən ki, öz gücünlə qalxa bilməyəcəksən, yardım edən olmayacaq. Bir görürsən, Tanrı qolu kimi uzanan əlləri artıq səndən yapışıb. Əslində, yolu ordan keçmir, heç səmti deyil, amma başının bəlada, ruhunun darda olduğunu hiss etdiyi üçün gəlir. Qolundan tutub ayağa qaldırır, yaranı sarıyır, gözünün yaşını silir, ümid, güc verib gedir!

Axşamlar Şəhər bulvarında qaçıram. Orada velosiped, rolik sürməyi öyrənən gənclərlə tez-tez qarşılaşıram. Deməli, sürməyə çalışırlar, amma təkbaşına edə bilmirlər. Bu istidə ailə üzvləriməndən tut, qorxma, rahat oldeyə-deyə onlarla birlikdə aşağı-yuxarı qan tərə bata-bata hərəkət edirlər. Bir neçə gün sonra gəlib görürəm ki, öyrədən kənardan baxır, öyrənənlər isə sərbəst şəkildə ortalıqda şütüyürlər. Bax, o da eyni ilə belə edir. Pedala basmağı, yerində möhkəm dayanmağı, ziqzaq deyil, düz yoldan getməməyi öyrədir. Yıxılmağa qoymur. Ayaqda dura biləcəyinə tam əmin olduqdan sonra əlini çəkir kənardan yaratdığı mənzərəni seyr edir.

Adama badalaq vurub, yoluna daş atıb, qıraqdan danışıb, "mız" qoyub, ağız əyməyə, gözdən salmağa var ki? Bunu hamı bacarar... Əsl güc ona deyirəm ki, "mən sənə güvənirəm", "bacaracaqsan", "edəcəksən" deyəcək qədər böyük olsun. Məsələn, elə biri mən... Hansı fikirlə üstünə getdimsə, mesaj yazdımsa, hər dəfə yuxarıda sadaladıqlarımı dedi. Qulağına pıçıldanan dedi-qodulara gülüb keçdi. Fikrini haçalamaq istəyənlərə əhəmiyyət vermədi. Kimin mahiyətinin qədər olduğunu açıb önümə sərdi. Həmişə üzümü çevirdiyim yerdə oldu, 11 il əvvəl harda idisə, elə orada. Mənimlə birlikdə güldü, birlikdə kədərləndi. Uğuruma ən azı mənim qədər şad oldu. O sevincin kökündə kölgə olmadı, şübhə duymadım. Təbəssümünün altında ilan sürüsü dolaşmadı, inciyəndə belə gözlərinin içində əqrəb kini gəzmədi. Əksinə, qüvvətli sərkərdə kimi yetişdirdi. Atılan nizələrə qarşı qalxanı necə tutmalı olduğumu öyrətdi. Pusqu qurulan səmtlərin yerini dedi, minalanmış əraziləri əvvəlcədən işarələdi, ayağımı basmayım deyə.

Fil boyda üstünə getdiyim söhbətləri qarışqaya çevirərək ovucumun içinə qoydu. Hadisəni minimallaşdırmağı, dağ kimi görməməyi, yeri gələndə üstündən, lazım olanda yanından keçib gedə bilməyi öyrətdi.

Təkcə mənəmi belə oldu? Yox! Qışın ortasında kimin həyatına toxundusa, oranı bahara çevirdi. Cəngəlliyə bənzəyən insanları abad etdi. Yanındayam, arxandayam, səninləyəm deməyinə rəğmən dönük çıxanları çox oldu. “Kəsin atın” söyləyəndə bir şans verilməli olduğunu, “silib tullayın” deyəndə bu qədər kəskin davranmağa gərək olmadığını dedi. Həmişə böyüklüyünü göstərdi. Bağışlanmaz sandıqlarımızı əfv etdi. Özünü qatı cinayətkar kimi aparanlarla dünyanın ən məsumu kimi davrandı. Əməllərini, etdiklərini heç vaxt hərləyib-fırlayıb önünə qoymadı. Susmağı da bildi, susqunluğu ilə danışmağı da.

Hər kişinin bacara bilmədiyini etdi, qadınlarla dost oldu. Elə ilk görüşdəcə onların güvənini qazandı. İçi mən qarışıq, hər birimiz özümüzə belə etiraf edə bilmədiklərimizi ona danışdıq. İçimizə sığmayan sirlərimizi ona təslim etdik. Daş insanlardan qaçıb ona - qala kimi adama sığındıq. Çünki yanıltmayacağını, peşman etməyəcəyini həmişə yaxşı bildik!..

Bir neçə gün əvvəl Cavanşir körpüsünün üstündən keçirdim. Axşam saatları olduğu üçün sıxlıq idi. Saat təxminən 20:00 radələri idi. Qaranlıq hələ çökməmişdi. Beynim min fikirlə məşğul idi. Birdən dərin boşluq hiss etdim, sonu görünməyən bədbinlik üzərimə çökdü. Hara, nədən dolayı gedirdim - bunu da bir anlıq yadımdan çıxarmışdım. Həmin vaxt telefona gələn mesajın səsi məni uzaqlardan, boşluqdan dartıb özümə gətirmişdi. Yenə onu soruşurdular, yenə kökünü eşələyirdilər. Yenə narahat ruhlar, gərgin vücudlar, bitməyən maraqlar, yenə qısqanclıqlar... Yenə 11 il ərzində eşitdiyim sualları verirdilər. Yenə... yenə... yenə..! İlahi, doğrudan da 11 il olub?! , elə bu ərəfələrdə 11 ili tamamladıq.

 

Bu illər ərzində mən bulandım, o durultdu, mən çağladım, o sakitləşdirdi. Həyatım ondan əvvəl, ondan sonra oldu, eynən eradan əvvəl bizim era kimi... Onu tanıyandan düz bu günə qədər bu sehirli şifrəni sıfırlamaq istəyən o qədər insan oldu ki... Bu günə qədər oxuduğum ən gözəl canlı kitabdır. Bitmir, tükənmir! Hər səhifəsini daha böyük maraqla, həyəcanla açıram. Heç bir səhifəsi o birinin təkrarı deyil. Təkbaşına bir dünyadır. Enerjisi ilə rəng verir, gülüşü ilə işıq saçır. Qatıldığı tədbirlər, iclaslar, mərasimlər... - getdiyi hər yerin atmosferini dəyişir.

 

O, kimin həyatında varsa, heç olmaqdan hər şeyə olmağa bir göz qırpımında keçid mümkündür. Çünki sıfırı yüz, yüzü min edən tək-tək insanlardandır. Onu qədər çox istədiyimi bilmirəm. Bircə onu bilirəm ki, bu sevginin ucu-bucağı görünmür. Ruhum qapqaranlıq olduğu məqamlarda adı gələndə aydınlanıram. Cavanşir körpüsünün üstündəki kimi. Yeganə insandır ki, “gəldeyəndə sorğusuz-sualsız gedirəm. Saat neçə olur-olsun, 41 dərəcə qızdırmam da olsa, lap iki əlim qanda da olsa... Əgər olmasaydı, bozluq, mənasızlıq, bəsitlik, heçlik tüğyan edərdi. Var olduğu üçün, həyatımın yolgöstərəni olduğu üçün, 55 ilin 11 ili, sirri, sehiri üçün, onu mənə bu qədər sevdirən bütün güclərə minnətdaram.

 

Bu gün sadəcə, 21 avqust deyil, Rəşad Məcidin doğulduğu əziz gündür. Doğuluşu şükür, təşəkkür səbəbidir. Və təəssüf ki, ondan birdənədir. Amma varlığı min ömrə bədəldir.

 

 

Türkan TURAN

 

525-ci qəzet.- 2019.- 21 avqust.- S.5.