Litva kitablarına köçmüş
Qarabağ ağrısı
Litvalı ziyalıların bir çoxu Qarabağ hadisələrinə ürək
ağrısı ilə
yanaşırlar. Onların arasında jurnalist,
publisist və naşir olanlar da vardır ki, bəzilərinin yaradıcılığında Qarabağ mövzusu və bu gün
işğal altında
inləyən bölgənin
ağrı-acıları xüsusi
yer tutur.
Həmin müəlliflər Qarabağ
münaqişəsi ilə
ilgili əsərlərində
tarixi həqiqətlərə
və beynəlxalq hüququn hamılıqla qəbul olunmuş normalarına söykənən
vətəndaş mövqeyini
ortaya qoyurlar.
Bu məqalədə məqsədimiz
Qarabağın azad edilməsi yolunda qələmlə mübarizə
aparan vicdanlı Litva ziyalılarından üçünün - Gintaras
Visotskas, Algimantas Lekis və Lyaonas
Yurşanın münaqişə
ilə bağlı araşdırma işlərinin
qısa xülasəsini
verməkdir.
Bu baxımdan, tanınmış
jurnalist və naşir Gintaras Visotskasın fəaliyyəti
xüsusilə diqqət
çəkir. G.Visotskas 8 aprel
1966-cı ildə Vilnüsdə
doğulub. 1984-1986-cı
illərdə Sovet ordusu sıralarında hərbi xidmətdə olub. 1991-ci ildə
Vilnüs Universitetinin
Jurnalistika fakültəsini
bitirib. Litvanın
"Literatura ir menas", "Lietuvos aidas", "Atgimimas",
"Respublika", "Valstieciu
laikrastis" və
"XXI amzius" qəzetlərində
çalışıb. 1994-1995-ci
illərdə hərbi
müxbir kimi Şimali Qafqazda fəaliyyət göstərib.
G.Visotskas 2007-ci ildə Vilnüsdə
Slaptai.lt ictimai-siyasi internet qəzetini və eyniadlı video studiyanı
təsis edib. Həmin ildən
etibarən Litva Azərbaycanlıları Cəmiyyəti
onunla yaxın və işgüzar əlaqələr quraraq mühüm təbliğat
layihələri həyata
keçirib. O, 2014-cü ildən həm də Azərbaycanın Litvadakı Səfirliyi ilə media sahəsində
əməkdaşlıq edərək
bir sıra uğurlu işlərə
imza atıb. Qarabağ mövzulu çoxsaylı
tarixi və analitik məqalələrin,
icmal və reportajların, Litva dilinə edilmiş tərcümələrin və
video çəkilişlərin müəllifidir.
G.Visotskasın indiyədək bu sahədə gördüyü
işlərin zirvəsində
2016-cı ildə Vilnüsdə
litvaca nəşr etdirdiyi "Qara bağın faciəsi"
("Juodojo sodo tragedija") adlı kitabı durur. Tarixi-publisistik janrda yazılmış bu kitabı G.Visotskas, həmçinin,
rus dilinə tərcümə edərək
2017-ci ildə Litvada çap etdirib.
G.Visotskas
kitabda ilk baxışdan
ritorik kimi görünən məntiqi
bir sualla oxuculara müraciət edir:
"Niyə Litva həmişə yadında
saxlamır ki, Dağlıq Qarabağ və ətrafındakı
Azərbaycana məxsus
7 rayon, yalnız Ermənistanın
yox, həm də Rusiya hərbi qüvvələrinin
iştirakı ilə
və beynəlxalq hüquq normalarını ayaqlar altına atmaqla Azərbaycandan zorla qoparılıb. Nəticədə bir milyon dinc azərbaycanlı doğma ev-eşiyindən
məhrum olunaraq didərgin düşüb.
Axı, Qarabağı
onların əlindən
almaq - Litvadan Vilnüs diyarını, Latviyadan Latgale regionunu, Estoniyadan Narva torpaqlarını qoparmaq deməkdir!.."
***
Azərbaycan, o cümlədən, Qarabağ tarixi ilə məşğul olan daha bir
litvalı müəllif
- tarixçi alim, professor Algimantas Lekis Litvada məhsuldar
elmi fəaliyyəti ilə tanınıb. O, 16
oktyabr 1943-cü ildə
Litvanın Taurage rayonunda dünyaya göz açıb. 1966-cı ildə Kaunas politexnik institunu mühəndis ixtisası üzrə bitirib. 1966-1984-cü illərdə Litvanın bir sıra qəzet və jurnallarında əməkdaş və redaktor kimi çalışıb.
1982-ci ildən tarix elmləri doktorudur. 1984-1991-ci illərdə Litva Elmlər Akademiyası Tarix institutunda şöbə müdiri işləyib.
1994-1995-ci
illərdə Litva
Əhalisinin Soyqırımını
və Müqavimət
Hərəkatını Araşdırma
İnstitunun direktoru olub. 1996-cı ildən bir sıra elmi
tədqiqat qurumlarına
rəhbərlik edib və 2002-ci ildən "Elmi Araşdırmalar Mərkəzi"nin direktoru olub.
A.Lekis əhəmiyyətli fəaliyyəti
və xidmətlərinə
görə 6 fevral
2004-cü ildə Litva
Respublikası Prezidentinin
Fərmanı ilə Böyük Litva knyazı Gediminas ordeninin "Cəngavər xaçı"
ilə təltif olunub.
A.Lekis 13 avqust
2019-cu ildə dünyasını
dəyişib və Vilnüsdəki Fəxri xiyabanda dəfn edilib.
Düşünürük ki, tarixçi alim A.Lekisin adı və imzası Azərbaycan elmi, siyasi və
ictimai-mədəni dairələri
üçün də
maraq doğuracaqdır. Belə ki,
o, Litva alimləri arasında ilk dəfə böyük əhəmiyyət
kəsb edən bir əsər - "XX əsrdə Qafqazda xalqların köçü"
("Taute kraustymai Kaukaze XX a.") adlı monoqrafiya yazıb. Bu işi 2016-cı ildə tamamlayıb və həmin ildə onu Vilnüsdə
litvaca nəşr etdirib.
Müəllif giriş məqaləsində
göstərir ki,
"kitab Azərbaycan
xalqının öz azadlığı və torpaqlarının qorunması
naminə apardığı
mübarizədən, bu
yolda verdiyi şəhidlərdən və
üz-üzə gəldiyi
itkilər tarixindən
bəhs edir".
Zənnimizcə, A.Lekisin bu sözlərində
həm də onun Qarabağ tarixinə baxışı
və problemin həllinə yanaşması
bir tezis olaraq manifestdə olduğu kimi çox dürüst ehtiva edilib.
Kitab 2016-cı ildə
rus dilinə də tərcümə olunaraq nəşr olunub. Tərcümə zamanı kitabın
müəllifi mətnə
bir sıra əlavələr edib.
***
"Eynəkli cənabla, təsbehli ağanın"
- Rusiya və İranın 1828-ci ildə
qəsbkarlıqla imza
atdıqları ədalətsiz
Türkmənçay müqaviləsinə
və ermənilərin
Azərbaycan torpaqlarına
köçürülməsinə, beləliklə, gələcək
Azərbaycan-Ermənistan qarşıdurmasının,
eləcə də Qarabağ münaqişəsinin
əsasının qoyulmasına
tənqidi fikirlərini
bildirərək haqq-ədalər
müstəvisindən yanaşan
litvalı müəlliflərdən
biri də publisist Lyaonas Yurşadır. O, bu yönümlü düşüncələrini,
təhlil və ümumiləşdirmələrini "Siyasətçilərin xalqların
talelərini dəyişdirmiş
qərarları" ("Tautu
likimus pakeite politiku sprendimai") adlı litvaca kitabçasında təqdim
edib. Litvalı publisistin bu
kitabçası 2017-ci ildə
Vilnüsdə işıq
üzü görüb.
Və elə həmin ildə L.Yurşa kitabçanı rus dilinə tərcümə
edərək burada nəşr etdirib.
L.Yurşa panerməni təbliğat
mərkəzinin Litvadakı
qüvvələri tərəfindən
indoktrinasiya edilmiş
bəzi oxuculara kitabçanın elə
ilk səhifəsindəcə müraciət edərək
yazır: "Bəri
başdan bildirək ki, bu nəşr
Dağlıq Qarabağın
tarixi köklərinin
Azərbaycanla bağlı
olması barədə
müddəanı inkar
edənlərin döşünə
yatmayacaq. Çünki ermənilərin Cənubi Qafqaza köçürülməsini əks etdirən həqiqi tarixi saxtalaşdıraraq, guya onların ən qədim zamanlardan bəri məskunlaşdıqları
və nə vaxtsa tərk etdikləri doğma vətənlərinə qayıtmaları
kimi qələmə vermək üçün
yaradılmış mifləri
bu kitabça tamamilə dağıdır.
Elə olmayıb axı. Əslində, erməniləri onların heç vaxt yaşamadıqları torpaqlara Rusiya imperiyası köçürüb məskunlaşdırıb. Bu səbəbdən onların Azərbaycan ərazilərinə iddia etməyə nə mənəvi, nə də hüquqi haqları var..."
Göstərilən kitablar, əsasən, tarixi-publisistik, politoloji və kulturoloji səpkidə yazılıb. Müsbət haldır ki, kitabların hamısı 2002-ci ildən Vilnüsdə uğurla fəaliyyət göstərən "Elmi Araşdırmalar Mərkəzi"nin xətti ilə nəşrə hazırlanıb və "Litvanın elmi" seriyasından buraxılıb. Nəşrlərdə, həmçinin, çoxlu sayda illüstrasiyalar - şəkillər, xəritə, bayraq və poçt markaları görüntüləri yer alıb.
Bu kitabların geniş ictimai-siyasi və akademik dairələrdə tanıdılması üçün 2016-2019-cu illərdə Litvada bir sıra tədbirlər həyata keçirilib. 2016-cı ilin iyun ayında Litva Edukoloji Universitetində, 2017-ci ilin fevralında Vilnüsdəki Zabitlər Evində, 2019-cu ilin iyununda Şyaulyay şəhərində baş tutmuş təqdimat tədbirləri göstərdi ki, Litvanın siyasi qurumlarından fərqli olaraq, ictimai-mədəni dairələrin təmsilçiləri Azərbaycan-Ermənistan, Qarabağ münaqişəsini tarixi həqiqətlərə uyğun, anlamlı şəkildə qəbul edib adekvat dəyərləndirirlər.
Azərbaycanın akademik və ictimai-mədəni qurumlarına da sözügedən nəşrlər və Litvada bu istiqamətdə görülən işlər barədə bilgilər təqdim olunub. Belə ki, 2017-ci ilin martında AMEA Mərkəzi Elmi Kitabxanasında geniş ictimaiyyətin və medianın, həmçinin, G.Visotskasın və A.Lekisin iştirakı ilə litvalı müəlliflərin "Qara bağın faciəsi" və "XX əsrdə Qafqazda xalqların köçü" kitablarının təqdimat mərasimi gerçəkləşdirilib. Tədbir iştirakçıları litvalı ziyalıların Qarabağ həqiqətləri ilə bağlı politoloji və kulturoloji düşüncələri ifadə olunmuş, eləcə də münaqişə tarixinin səhifələrinə kənardan işıq salan bu kitabları maraqla qarşılayıb yüksək qiymətləndiriblər.
Sonda qeyd edək ki, A.Lekis və G.Visotskas kitabların təqdimatı ilə bağlı Azərbaycana səfər çərçivəsində həm də Qobustan dövlət tarixi-bədii qoruğunda oldular, eləcə də Quba Soyqırımı Memorial Kompleksini ziyarət etdilər. A.Lekis səfərdən qayıtdıqdan sonra Vilnüsdə kədər hissi ilə danışırdı: "Litva və Azərbaycanın tarixi bir-birinə çox oxşayır. Həm biz, həm də azərbaycanlılar çox əzablar çəkmişik. Ancaq dünya nə bizim, nə də azərbaycanlıların təlafat və itkiləri haqqında demək olar ki, heç nə bilmir. Keçmişin yabançılar tərəfindən bizə zorla qəbul etdirilmiş traktovkasını təhrif edilməmiş və saxtalaşdırılmamış gerçək tarix ilə əvəz etmək üçün hər cür səylər göstərilməlidir".
Vilnüs-Bakı
Mahir
HƏMZƏYEV
Litva
Azərbaycanlıları Cəmiyyətinin sədri, Litva
Respublikası Hökuməti yanında Milli İcmalar
Şurasının üzvü
m.gamzajevas@gmail.com
525-ci qəzet.- 2019.- 23 avqust.- S.6.