Mərhəmət zirvəsini nura qərq edən

 

 

Bu gün dünyanın, bəşər övladının hava, su, qida, təhlükəsiz yaşam kimi vacib tələbatları, ehtiyacları qədər mərhəmətə, insanpərvərliyə, xeyirxahlığa da böyük ehtiyacı, tələbatı var...

 

Bu gün dünyanın, kürreyi-ərzin, insan övladının bəlkə də ən vacib ehtiyacları, tələbatları onların mərhəmətə, insanpərvərliyə, xeyirxahlığa olan aclığıdır...

 

Az qala hər daşından, hər divarından qanlı göz yaşları axan dünyanın, Yer üzünün, insanlığın mərhəmətə, rəhmə, xeyirxahlığa tarix boyu bəlkə də indiki qədər ehtiyacı, tələbatı olmayıb...

 

Qan axıtmaqdan gözləri doymayan, dünyanı öz izzəti-nəfisləri naminə bölüb-parçalamaqdan, insanlığı heçə saymaqdan yorulmayan, usanmayan bəzi acgöz, qəddar siyasətçilərin və liderlərin bitib-tükənmək bilməyən və sonu görünməyən dəhşətli əməlləri üzündən bəşəriyyət bu gün bu qədər mərhəmətə, şəfqətə, xeyirxahlığa möhtac duruma düşüb...

 

Bəlkə də dünyada işlər nisbətən yolunda, qaydasında, nizamında getsəydi, mərhəmətə və xeyirxahlığa da bu qədər ehtiyac hiss edilməzdi...

 

Ammalakin... göz yaşları durmaq bilməyən, qanlı yaraları qaysaq bağlamayan dünyamızın, insanlığın müvəqqəti də olsa yarasına məlhəm olmaq, göz yaşlarını silmək üçün rəhm, mərhəmət, xeyirxahlıqdır əlacı, dərmanı...

 

Kəssə hər kim tökülən qan izini,

Qurtaran dahi odur yer üzünü -

 

deyə bundan az qala 100 il əvvəl söyləmişdi, hayqırmışdı böyük ustad Hüseyn Cavid...

 

Amma əfsuslar olsun ki, dəyişən heç yoxdur...

 

Bu qos-qoca dünyada hələ ki, tökülən günahsız qanları, sel kimi axıb gedən göz yaşlarını durduran yoxdur, varsa da, olubsa da, imkan verilməyib...

 

Çünki göz yaşları, axıdılan qanlar çoxunun xeyrinə, marağındadır...

 

Amma istisnalar da yox deyil, lokal səviyyədə olsa da...

 

Məhz 1993-cü ilin iyununda yenidən hakimiyyətə qayıdışı ilə Ulu öndərimiz Heydər Əliyev Azərbaycan xalqını vətəndaş qırğınından, qan-qadadan, ölkəni məhv olmaqdan, dünya xəritəsindən silinməkdən xilas etdi. Məhz onun böyük iradəsi sayəsində 1994-ci ilin mayında atəşkəs sazişi imzalandı, xəyanətkar qonşularımız onların gizli-açıq havadarları tərəfindən başladılan Qarabağ fintəkarlığı nəticəsində insanlarımızın günahsız yerə qanının axıdılmasına, gənclərimizin, əsgərlərimizin şəhid olmasına müvəqqəti olsa ara verildi...

 

Bu, böyük, tarixi şərəfli bir missiya idi... bu müqəddəs missiyaya Ulu öndərimiz öz silinməz imzasını atdı...

 

Deyirlər hər bir güclü kişinin arxasında mütləq bir ağıllı, bacarıqlı qadın, ömür-gün yoldaşı dayanır...

 

Bu deyim heç əsassız deyil, təsadüfən deyilməyib, tam gerçəklik həqiqəti əks etdirir...

 

Bu deyimin elə öz tariximizdə, ədəbiyyatımızda-dastanlarımızda yetərincə nümunələri var...

 

Bu deyimi elə müasir dövrümüzdə həqiqət edən nümunələr mövcuddur...

 

Ulu öndərimizin həyat yoldaşı Zərifə xanım belə bir parlaq nümunə idi. İndi isə ölkə rəhbəri, cənab İlham Əliyevin ömür-gün yoldaşı - əzizimiz, dəyərlimiz Mehriban xanım buna mükəmməl örnəkdir...

 

O Mehriban xanım ki, nəinki xalqının, millətinin, bütün dünyanın mərhəmət, şəfqət, xeyirxahlıq mücəssəməsidir...

 

O Mehriban xanım ki, təmənnasız əməlləri, xoşməramlı addımları ilə kimsəsizlərin, yardıma möhtac olanların pənahı, dayağıdır...

 

O Mehriban xanım ki, əyninə qara paltar geyib, başına qara yaylıq bağlayıb, Şəhid anaları ilə birgə ağlayıb, sızlayıb, onların yaralarına sığal çəkib, ürəyinin istisi ilə ovudub...

 

O Mehriban xanım ki, igid vətən oğullarına - Aprel qazilərinə, əlil qəhrəmanlarımıza ana, bacı nəvazişi göstərib...

 

o görüşlərdə çəkilən şəkillərdən, o fotolardan boylanan gözlərin, baxışların arxasında bu oğulların, igidlərimizin, şəhidlərimizin sayəsində Azərbaycanın uğurlu, təhlükəsiz gələcəyinə, inkişafına dərin ümid, inam parlayıb...

 

Bu, heç hər kəsə nəsib xas olan keyfiyyətlər, dəyərlər deyil...

 

Bu, yalnız Mehriban xanım kimi, böyük ürək təmənnasız əməllər, addımlar sahibi olan insanlara xas olan keyfiyyətlər, dəyərlər, ucalıqlardır...

 

Bu Ucalıqda həm bir saflıq, bir sadəlik, bir zəriflik var...

 

Məşhur atalar məsəlimizdə deyildiyi kimi, ağac bar verdikcə, başını aşağı salar...

Mehriban xanım da məhz belədir - Ucaldıqca o Ucalıqdan kiməsə əda, təkəbbürlə yanaşmır, əksinə,

 

Ucaldıqca daha da sadələşir, daha da saflaşır, insanlara daha da yaxın olur...

 

Təkcə bircə fakt yetər ki, bu fikri isbatlamış olsun...

 

Təxminən 14 il öncə qardaş dost, müstəqilliyimizi tanıyan ilk üç ölkədən biri olan Pakistanda böyük humanitar faciə - zəlzələ yaşanmışdı... Böyük dağıntılara səbəb olmuş zəlzələdən sonra Pakistanın Müzəffərabad şəhərinin Rara ərazisindəki qızlar üçün məktəb tam yararsız vəziyyətə düşmüşdü... Bu zaman ilk yardım kömək əlini uzadan isə Mehriban xanım olmuşdu. Rəhbərlik etdiyi Heydər Əliyev Fondu ilə birlikdə... Məhz Mehriban xanımın təşəbbüsü ilə Fond tərəfindən qısa müddətdə 650 şagird yerlik yeni təhsil ocağı inşa edilmiş, həmçinin, Pakistanda aztəminatlı ailələrdən olan on minlərlə insanın "Hepatit B" virusuna qarşı vaksinasiya edilməsi, talassemiya, hemofiliya qan xəstəliklərindən əziyyət çəkən xəstələrin təcili tibbi yardım avtomaşını qan paketləri ilə təmin olunması, eləcə göz əməliyyatlarının həyata keçirilməsi mümkünləşdirilmişdi...

 

Xanım Mehriban Əliyevanın bu misilsiz addımı, ötən əsrin əvvəllərində Azərbaycan xalqının böyük oğularından biri, xeyriyyəçi Hacı Zeynalabdin Tağıyevin Pakistana öz xeyirxahlıq, insanpərvərlik əlini uzatdığı günləri xatırlatdı... Dəyərli əvəzsiz Mehriban xanım Əliyeva bu missiyası ilə bir daha Azərbaycanın daim öz ənənələrinə sadiqliyini, varisliyə münasibətini ortaya qoymuş oldu... Belə ki, ötən əsrin əvvəllərində Pakistan ərazisi Britaniya müstəmləkəsi olanda yerli əhali arasında kütləvi pandemiya yayılaraq, insanlar bu ağır xəstəlikdən kutləvi şəkildə dünyasını dəyişirdilər. Həmin vaxt azərbaycanlı milyonçu Hacı Zeynalabdin Tağıyev şəxsi vəsaiti ilə 300 min ampula peyvənd alıb indiki Pakistan ərazisinə göndərmiş, bununla da pandemiyanın qarşısı alınmışdı...

 

Təxminən bir əsr sonra azərbaycanlı bir xanımın - öz varlığında xarici gözəlliklə daxili zənginliyin vəhdətini birləşdirən, müasir qadınlığın meyarına çevrilən Mehriban Əliyeva bununla həm bir varislik nümunəsi, keçmişimizə, Hacı Zeynalabdin irsinə ehtiramını nümayiş etdirdi...

 

Bu yerdə Cavid əfəndinin daha bir ölməz beytini xatırlamadan, yada salmadan ötüşmək, yan keçmək olmur:

 

Qadın gülərsə, şu ıssız mühitimiz güləcək,

Sürüklənən bəşəriyyət qadınla yüksələcək...

 

Bəli, məhvə sürüklənən bəşəriyyət yox olmaqdan, uçurumdan məhz Mehriban xanım kimi qadınların, xanımların, siyasi liderlərin sayəsində qurtulacaq, yüksələcək...

 

Bir də deyirlər ki, dünyanı gözəllik xilas edəcək. Amma bizcə dünyanı gözəlliklə birlikdə, Mərhəmət xilas edəcək. Gözəlliyi və Mərhəməti bütünləşdirən, Mehriban Əliyeva kimi mətin, iradəli, məğrur, qətiyyətli xanımlar...

 

Qarşıdan bu bu cəsur, mayası halallıqla, mərhəmət və şəfqətlə yoğrulmuş Azərbaycan qızının, əzizimiz, dəyərlimiz Mehriban xanımın həm də növbəti doğum günü gəlir...

Doğum günü hər bir insanın həyatında ən yaddaqlan, ən əlamətdar günlərdəndir... Bu günü yaddaqalan, əlamətdar edən isə birinci növbədə həmin İnsanın özüdür, Onun müqəddəs əməlləri, ölçüyəgəlməz yaxşılıqlarıdır!

 

Odur ki, bu əlamətdar gün - doğum günü ilə bağlı Mehriban xanımı ürəkdən, səmimi qəlbdən təbrik edir, ona can sağlığı, sevinc dolu uzun ömür, işlərində, siyasi-ictimai fəaliyyətində yeni uğurlar, ailə həyatında daim xoşbəxtlik və səadət arzu edirik...

 

Nə yaxşı ki, varsınız, nə yaxşı ki, bizimsiniz, bizimləsiniz, dəyərlimiz, əzizimiz Mehriban xanım!

 

Azərbaycan naminə gecə-gündüz bilmədən, yorulmadan çalışan, hər bir azərbaycanlıya yaxşı Prezident olmağı bacaran, bütöv bir xalqın sevimlisi olan cənab İlham Əliyevlə birlikdə, əl-ələ, çiyin-çiyinə getdiyiniz müqəddəs yolda daim qələbələr, zəfərlər, zirvələr qismətiniz olsun!

 

Doğum gününüz bir daha mübarək!

 

Böyük sevgilərlə,

 

Jalə ƏLİYEVA

Milli Məclisin Mədəniyyət Komitəsinin sədr müavini, Bakı Dövlət Universitetinin professoru

 

525-ci qəzet.- 2019.- 23 avqust.- S.5.