"Dərd əlindən bəmə
qaçdım..."
Unudulmaz Xanəndə
Ramiz Haciyevin Ruhuna Elegiya
Ötən
əsrin 60-cı illərinin axırı - 70-ci illərinin əvvəllərində
yaşadığım əyalət şəhərindəki
evlərin demək olar ki, hamısında divar radiosu
adlandırdığımız sehrli bir qutu vardı və o
vaxtlar başqa bir sehrli qutu - televizor artıq məişətimizə
ayaq açsa da, hər bir evin eyvanında divardan
asılmış bu radio cihazları bizlərin - 10-15
yaşlı uşaqların dünyaya açılan pəncərəsi
funksiyasını ləyaqətlə yerinə yetirirdi...
Hər
bazar günü günorta saat 2-dən 3-ə kimi klassik muğamlarımız məhz
o qutudan pərvazlanıb bütün Azərbaycanın səmasına
yayılırdı... Mən Niyazinin "Rast",
F.Əmirovun
"Şur",
"Kürd-ovşarı"
simfonik muğamlarını, tarzən Hacı Məmmədovun
"Orta mahur"unu, Qədir Rüstəmovun "Sona
bülbüllər"ini, musiqi zövqümün
formalaşmasında, musiqi mədəniyyətimizin
incilərini tanımağımda müstəsna rol
oynamış neçə-neçə sənət incisini
ilk dəfə o qutunun "içində"
tapmışdım. O qutudan
doğulan o qədər dürlü-dürlü səs mənim
ruhumun pasibanına çevrilmişdi ki...
O səslərdən
biri isə mənim lap simsarım idi - "Ay Çiçək",
"Elə xoşbəxtəm ki", "Anam yadıma
düşdü", "Könül açdım" kimi bənzərsiz
mahnılara can verən kövrək, titrək səs - xanəndə
Ramiz Hacıyevin səsi.
Mən o səsi 100, 1000 səsin içindən dərhal
tanıya bilərdim. Çünki bənzəri yox idi, məxmər
kimi yumşaq, şüşə kimi kövrək, ipək
kimi sərin, bulaq suyu kimi şəffaf bu səsin. Mənə elə gəlirdi ki, o səsin dediklərini
ürəyimdə təkrar edə-edə əlimdə
çırağa döndərib işığı ilə ən
qatı zülməti də yara bilərəm - çünki
o səs həm də işıqli səs idi.
Mənim əslən
Ağdaş rayonundan olan mərhum anam (Allah haqq
dünyasında olan bütün valideynlərə rəhmət
eləsin!) bir dəfə bu səsə, bu ifalara
vurğunluğumu görüb məni onun sahibi barədə məlumatlandıran
ilk şəxs oldu: "Bala, bu oxuyan ağdaşlı xanəndə
Veyis kişinin oğludur. İlk müəllimi
də elə atası olub". Sonra da onun ilk lent
yazılarının Ağdaşda necə əks-səda
doğurması ilə bağlı bir ucu gedib ağdaşlılara
çıxan kanallarla aldığı bir əhvalatı da
danışdı və aradan 50 ilə yaxın vaxt keçəndən
sonra da mən o əhvalatı xoş bir duyğu ilə, təbəssümlə
yada salıram.
Sonralar o
mahnıların sırasına daha sanballı ifalar əlavə
olundu: "Mirzə Hüseyn segahı", "Zabul segah"
dəstgahları, "Yaşılbaş sona", "Uca
dağlar", "Anam yadıma düşdü",
"Şəhla gözlüm"... mahnıları. Onlar da Ramiz Hacıyevin titrək, yumşaq, iddiasız
səsində bənzərsiz və təkrarsız idilər.
Qəribədir,
bu səsin sahibinin səsi kimi işıqli çöhrəsini (belə olduğuna qəti əmin
idim) görmək, onun canlı ifasını dinləmək mənə
nəsib olmurdu ki, olmurdu. Ramiz müəllim
televiziyanın yox, radionun "balası" idi və o vaxtlar
dünyaya açılan pəncərəsi yalnız radio və
televizor olan və mənim kimi əyalatdə yaşayan
neçə-neçə Ramiz Hacıyev pərəstişkarı
da uzun müddət özlərinin bu arzularında umsuq
qaldılar.
Dərd
burasındaydı ki, çox vaxt layiq oldu-olmadı hər yetənə
"palaz-palaz" yazılar həsr edən qəzetlər də,
jurnallar da musiqisevərlərin, musiqi xiridarlarının
"ustad" adlandırdıqları Ramiz Hacıyevi nədənsə
yada salmırdılar.
Görəsən niyə? Bu nə sirr idi
axı?
Sonralar mərhum
tədqiqatçı (və xanəndə) Vəli Məmmədov
öz sənət dostu haqqında kiçik bir oçerk
yazıb yeni kitabına daxil etdi, musiqi mədəniyyətimizin
yorulmaz tədqiqatçısı olan Rafael Hüseynov onu
"Axşam görüşləri" proqramına qonaq
çağırdı, 2002-ci ildə isə qələm
dostum İntiqam Mehdizadə "Duyğular" silsiləsindən
növbəti yazısını ona həsr etdi. Amma buna qədər
mən Ramiz müəllimi axır ki canlı gördüm -
televiziyanın ürəyi, necə deyərlər, axır ki
"yumşalmış", onun konsertinə yarım saat vaxt
ayırmağa cəsarət tapmışdı. Hərçənd
o konsert Ramiz müəllimin sənətinin sanbalına
uyğun tərtib olunmamışdı:
saçını-saqqalını Azərbaycan
muğamlarının, xalq mahnılarının, təsniflərinin
ifası yolunda səxavətlə ağartmış Ramiz
Hacıyev efirə xanəndə kimi yox, müğənni kimi
çıxarılmışdı, oxuduqları ruhunu
tamamlamayan bir fonda,
ayaq üstə, qavalsız oxuyurdu və bu görüntülər
onu əsl imicini qətiyyən
tamamlamırdı...
Mən
sonralar Ramiz müəllimi ikinci dəfə bir də kəşf
etdim - bu dəfə virtual dünyanın qəlbi daşa
dönmüş bir çox musiqi avtoritetlərinin yalan
hay-həşirindən, ajiotajından uzaq sirli mekanında. Smartfon alıb “youtube”ə çıxış əldə
edən kimi onun səhifələrində Ramiz müəllimin
ifalarını axtardım və tapdım. Özü də
nəinki ifalarını tapdım, həm də özü
kimi sadə, iddiasız şəkillərini, gülümsər
çöhrəsini, daxilinin saflığından xəbər
verən gözlərini gördüm və bir də onun əksər
ifalarını "müşayiət edən" bir
fotoşəkli.
Fotoşəkillərdə
zamanın bir anını əbədiləşdirib
bütün zamanlar üçün diri saxlayan nəsə bir
sirr var. Ramiz müəllimin bu kiçik ailə fotosunda da eləcə.
Bu şəkildə Ramiz müəllim cavandır, 43
yaşı var, hələ 23 il də yaşayacaq və o, sədaqətli
həyat yoldaşının, yeganə övlad payı -
sevimli qızı Aytənin yanında xoşbəxtdir, gələcəyə,
hər şeyin yaxşı olacağına inamlıdır,
onu qarşıda hansı sarsıntıların, süprizlərin
gözlədiyindən xəbərsizdir. Bilmir ki,
yaşayacağı hər il onun kövrək, həssas
ürəyinə yeni bir çat salacaq; kimlərinsə
gözə görünməyən hökmü, hikkəsi,
kimlərinsə çirkin əlləri ilə adı fəxri
adlara təqdim olunanların siyahısından dəfələrlə
çıxarılacaq. Axı niyə də o,
yaxşı şeyləri yox, məhz bunları fikirləşməli
idi? Xan Şuşinski, Mütəllim Mütəllimov,
Yaqub Məmmədov kimi ustad xanəndələrin
yaratdıqları incilərlə rəqabət aparmağa
dözümlü olan "Mirzə Hüseyn segahı",
"Zabul segah", "Cahargah" kimi dəstgahlarlara imza
atan, "Çiçək", "Anam yadıma
düşdü", "Könül açdım",
"Elə xoşbəxtəm ki" kimi mahnılara əbədi
möhrünü vuran, tez-tez rəsmi dövlət konsertlerinə
dəvət alan, heç kimlə işi olmayan bir sənətkar
nə üçün gələcəyə inamla
baxmamalı idi ki?
Yaşlı
musiqisevərlər təsdiq edər: Ramiz müəllimin ifasi
ilə həyata vəsiqə alan
"Çiçək" mahnısı indiki terminalogiya ilə
desək 60-cı illərin əsl hitinə
çevrilmişdi: el şənliklərində, toy məclislərində
hamı bu mahnını sifariş edirdi, hamı, hətta
balaca uşaqlar da öz sevinclərini hansısa bir işdə
qazandıqları kiçik qələbələrini bu
mahnının sözlərini, melodiyalarını
zümzümə etməklə bildirirdilər. Tarzən -
pedoqoq Vamiq Məmmədəliyev deyir ki, o vaxlar küçədə
adamlar Ramizi barmaqla göstərib
pıçıldaşırdılar: "Baxın,
"Çiçəy”i oxuyan bu oğlandır". Ramiz Haciyev bu
mahnının havasında sənət aləminin sonsuz səmasında
pərvaz edən qanadlı quşa çevrilmişdi.
Sonra bu
xoşbəxtliyin səslə, sözlə ifadəsi kimi daha
bir hit doğuldu - Ramiz Mustafayevin bəstələdiyi, Ramiz
Hacıyevin oxuduğu və ondan sonra bugünədək
heç kimin oxumağa cəsarət etmədiyi "Elə
xoşbəxtəm ki" mahnısı. Bu
mahnını oxuya-oxuya Ramiz Haciyev sanki özünün
obrazını yaradırdı. "Bu gün elə
xoşbəxtəm ki, sanki qanadlı quşam"...
Məgər belə deyildi?
A.Zeynallı adına musiqi məktəbində ustad xanəndə S.Şuşinskinin sinifini bitirmiş, gənc yaşlarından korifey sənətkarlarla çiyin-çiyinə çalışmaq xoşbəxtliyinə nəsib olmuşdu... Oxumağı bir yana, həm də peşəkar kaman ustası idi və Mədəni Maarif texnikomunda bu ixtisas üzrə dərs deyirdi (!), dövlət filarmoniyasının solisti kimi 13 muğam dəstgahı, 50-yə yaxın xalq və xeyli bəstəkar mahnısından ibarət repertuara malik idi.
Bəs sonra nə oldu axı?
İntiqam
müəllim öz xatirə-oçerkində yazırdı
ki, Ramiz müəllimin səsi 60 yaşından sonra da 20-25
yaşlarında olduğu kimi, təmiz, şaqraq idi, ötən
illər bu səsin təravətinə
qıymamışdı, onu kökdən salmağa cəsarət
etməmişdi.
Amma Ramiz
müəllimin səsinə qıymayan zaman onun özünə
qıydı...
Bəlkə də zamanın yox, müvəqqəti də
olsa zamanın məntiqini dəyişib öz məntiqlərini
diktə edən kabus qüvvələrin işi idi bu?
Mən
heç vaxt öz layiqli qiymətini almayanların bu
haqsızlığa biganəliyinin, onların dilindən
dövriyyəyə buraxılan "Nə, olsun, mən ad
üçün, mükafat üçün oxumamışam
ki" sözlərinin səmimiliyinə
inanmamışam. Düzdür, sənətkarın
dəyərini zaman müəyyən edir - burası məlum.
Amma cəmiyyət miqyasında başqa bir dəyərləndirmə
meyarları da mövcuddursa, bu meyarların əsas
ünvanı da əsl dəyərlər olmalıdır, necə
deyərlər, yağ ilə şora fərq qoyulmalı, ən
doğru və ədalətli jest kimi hər şey öz
adıyla çağırılmalıdır və
yaradıcılığı ümumxalq rəğbəti
qazansa da, bu
meyarların məntiqini öz bildikləri kimi diktə edənlərin
diqqətindən kənarda qalanların zahirən özlərini
sındırmasalar da, içəridə
qırılmaları, sınmaları çox təbiidir. İntiqam müəllimin yazısında da Ramiz
müəllim özünü sındırmır, "Yəqin
o siyahını tutanlar gənclərdir, yəqin məni
tanımırlar" deyib bir növ vəziyyətdən
çıxır. Amma baxın, onun ömür-gün
yoldaşı Almaz xanım nə deyir: "Martın 23-də
axşama yaxın dedi ki, darıxıram, çıxıram
filarmoniyanın bağına. Hava qaralandan sonra
qayıtdı. Rəngi ağappaq
ağarmışdı. Son vaxlar ürəyində
problemlər yarandığından narahat oldum, soruşdum ki, nə
olub, Ramiz? Əvvəl dinmədi, sonra özünü
saxlaya bilməyib dedi ki, ad alanların siyahısı qəzetdə
çıxıb, mənim adımı yenə də kimsə
əvvəlcədən siyahıdan çıxarıb. Ürək-dirək
verib dedim, fikir eləmə, sən ad-san üçün
oxumamısan ki? Həmişə bu fikrimi təsdiqləyərdi,
amma bu dəfə dinmədi... Çay dəmlədim,
içdik, söhbət etdik... Səhər onu
yenə də pərişan gördüm. Dedim, istəyirsən
işə getməyim? Qayıtdı ki, yox, get,
narahat olma. Saat 12-dən sonra evə qayıdanda Ramiz artıq həyatda
yox idi..."
Ramiz Hacıyevin qəribə ahənglə oxuduğu bir
mahnı da var - "Könül açdım". Nədənsə mənə
elə gəlir ki, bu bəstə "Elə xoşbəxtəm
ki" mahnısı ilə birlikdə Ramiz Hacıyevin
ömür hekayətinin, yaradıcılıq yolunun arzulardan
güc alan nikbin
başlanğıcının və məyusluq,
sarsıntı ruhunda dil açan sonluğunun izahıdır.
Ömür dastanının üvertürasında xoşbəxtlikdən
özünü qanadlı quşla müqayisə edən xanəndə
"Könül açdım"da öz taleyinə bir
növ elegiya oxuyur:
Dərd əlindən
bəmə qaçdım,
Bəyənmədi
zildə məni...
Ürəyində
"can-can" dedi,
Bəyənmədi
dildə məni...
Əlisəfdər HÜSEYNOV
525-ci qəzet.- 2019.- 24 avqust.- S14.