"Cogito ergo sum"
Fransız filosof Rene Dekart
1637-ci ildə çap
etdirdiyi "Metod haqqında fikirlər"
kitabında "Cogito ergo sum" (Düşünürəm, deməli,
varam) ifadəsini işlətmişdi. Dekartın fəlsəfəsinin
təməli demək
olar ki, tamamilə bu sözlə bağlıdır.
Bu ifadə eyni
zamanda, ekzistensializm fəlsəfə cərəyanının
da təməlində
dayanır.
"Düşünürəm, deməli, varam" ifadəsindən yola çıxaraq bir çox fəlsəfə
tarixçisi Dekartı
şübhəçi adlandırır.
Bunun həqiqətənmi
belə olduğunu demək çətindir, amma dəqiq bilinən odur ki, Dekart şübhədən
tədqiqatını tamamlamaq
üçün istifadə
etmişdi. Məsələn, əlinizdəki qəzetdən və ya kompyuter arxasında
oturub qəzetin elektron versiyasından bu yazını oxuyursunuz. Bundan əminsiniz? Bəlkə də yatırsınız
və bunu yuxuda görürsünüz.
Hətta
bəlkə mən belə bu yazını
yazmamışam. Dekartın da
istifadə etdiyi bu, şübhəçilik
idi. Onun fikrinə görə,
insan var olmasının reallığından
başqa, hər mövzuda aldadıla bilər. Bəs var olduğuna
niyə şübhə
etməməli, bunu
tam reallıq kimi qəbul etməlidir?
Dekart üçün
cavab sadə idi: Əgər düşünürsənsə, deməli, varsan. Dekartın dili ilə desək,
"Bədənim olduğundan,
ətrafda nəsnələrin
mövcudluğundan şübhələnə
bilərəm. Amma düşünən
bu şeyin mən olduğumdan şübhələnə bilmərəm".
Düşünmək elə bir fəaliyyətdir ki, insanın təkcə varolduğunu demir, eyni zamanda,
ona azadlığı
daddırır.
Əlləri, ayaqları zəncirlənmiş
insan fiziki cəhətdən azad olmaya bilər (bu, heç nəyi dəyişdirmir),
amma düşüncə
baxımından azaddır.
Düşündüyünü dilə gətirməmək
bu azadlığı məhdudlaşdırmır. Çünki dilin sərhədləri
olduğu halda, düşüncə sonsuzluqdur.
Düşünmək digər tərəfdən
də ölməməkdir. Kiminsə səni
düşündüyünü düşünmək, bunu
bilmək insanı ölümsüzləşdirir.
Düşünmək həm də nəyisə yaratmaq, nəyisə "doğmaqdır". Ətrafımızda olan nəsnələr düşüncələrin nəticəsi
deyilmi?!
Lakin Dekart
"Düşünürəm, deməli, varam" deməklə düşünən
hər şeyin varola biləcəyini nəzərdə tutmur. Bu fikrin Dekartın zamanında doğru olub-olmadığı deyə
bilmərəm, amma bu gün üçün
mütləq şəkildə
doğruluq payı
var.
Bu gün artıq
düşünmək dəbdə
deyil. Çünki artıq fərd
olmaq anlayışı
dəyişib, daha doğrusu, dəyişdirilib.
Günümüzdə insan istədi-istəmədi hansısa kütləyə daxil olur, onun bir parçasına çevrilir. Kütlə içində olan insanın fərd olmasını təsdiq etməsi üçün isə özünün sadəcə onda olduğunu zənn etdiyi, amma əslində, o kütlədə bir çoxunda mövcud olan nəsnələrə ehtiyacı var. Çox az insan (fərsiz, zamanə adamı deyil dediklərimiz) kütlədən kənarda qala bilir.
Necə oldu ki, düşünmək dəbdən düşdü? Çünki düşünmək insanın özünə məxsus fəaliyyətdir və insan varolduğunu özlüyündə dərk edir. Ətrafdakılara isə varolduğunu bu yolla çatdıra bilməzsən. Bunun üçün bir yol tapmaq lazım idi və insanoğlu öz zərərinə olsa da, bunu tapıb - Göstərməklə. Artıq "Düşünürəm, deməli, varam" ifadəsindəki "düşünürəm sözünü "göstərirəm" əvəz etməyə başlayıb.
Bir çox intellektual və aydının bu cür düşünməsinin doğru olduğuna bir müddət əvvəl insanlara biznes təlimləri keçən bir şəxsin ofisdə divara həkk etdiyi "Düşünmə ki, varsan, göstər ki, varsan" ifadəsini görəndən sonra inandım.
Göstərərək varolmağa çalışmaq kapitalist fəaliyyətdir. İnsanlar arasında mal-mülk, bahalı əşyalar, geyimlər əldə etmək yarışı başlayır. Buna rəqabət demək olmur, çünki bu prosesdə heç bir insani qayda-qanun nəzərə alınmır. Milyonlarla insanın içindən özünü göstərmək elə də asan deyil. Lazım gəldikdə əzməlisən, məhv etməlisən.
Bu gün bizi başqalarına təqdim edən şeylər əlimizdə, cibimizdə, çantamızda daşıdığımız nəsnələrdir. Sizin kim olduğunuz evinizə "Əla", yoxsa "Bazar" mağazalar şəbəkəsindən alış-veriş etməyinizlə müəyyən edilir. Bir qəpik belə olsa bahalı yerdən nə isə almaq sizi başqaları üçün var edir. İnsanlar soldakı cibini boşaldaraq sağdakı cibinə son model bahalı telefon qoymaqla varolur.
Hətta necə yaşadığını, nələrlə qidalandığını sərgiləmək üçün müəyyən vasitələrə də sahibdir insanoğlu. Bir vaxtlar zamanı dondurmaq mənasına gələn şəkil çəkdirmək fəaliyyəti indi insanın bir neçə şəxslə eyni anda yarışıb kimin o an daha yaxşı varolduğunu göstərən vasitəyə çevrilib. Sosial şəbəkələr şəkillərlə dolub daşır və siz kiminsə var olduğunu oradan bilirsiniz. Zamanında "Facebook"da dostluğumda olan bir şəxs şəkillərini "like" etmədiyim üçün məni dost siyahısından silmişdi. Çünki varolduğunu mənə göstərdiyi şəkillərini bəyənmirdim və onun varlığı mənim üçün heç bir məna kəsb etmirdi. Bir şeyi də qeyd etmək lazımdır ki, hətta kiminlə dost, sevgili, düşmən olduğunuz belə sizin varlığınızı göstərən vasitələrdir.
Nələrinisə, kimlərinisə göstərərək
varolmaq sonu olan fəaliyyətdir. Həm göstəriləcək
nəsnələrin, həm də elə insanlığın sonu baxımından. "Cogito
ergo sum" isə əllə
tutula bilən hər şeydən
uzaqdır. O, sizin beyninizdədir və sonsuzdur. Bu yazını oxuduğunuza tam əmin
olmadığınız halda
düşünərək varolduğunuza
tam əmin ola bilərsiniz.
Bu haqda düşünün.
Taleh
EMİNOĞLU
525-ci qəzet.- 2019.- 24 avqust.- S.13.