"Bayatı Gəncə"
muğamı, yaxud "Gəncə-Bakı"
Qatarı"nın 60-cı dayanacağında xatirələr
İlqar Həsənov bu yazının qələmə
alınacağını yaxşı
bilirdi. Buna baxmayaraq,
nədən yazacağımla,
necə yazacağımla
qətiyyən maraqlanmadı.
Həmin səbrin nəticəsidir ki, indiyədək onun haqqında yazdıqlarımın hamısını
qəzet səhifələrində
görüb. Elə mən
də ondan nə isə soruşmadım. Əvvəllər yazdıqlarımın
hansında soruşmuşdum
ki?
... On yeddinci əsrin ortalarında dünyaya gəlmiş fransız söz, fikir, sənət damı Jan de Labrüyer yazmışdı
ki, "ancaq kiçik çatışmazlıqları
bağışlaya bilən
adamlar həqiqi dost ola bilərlər".
İlqar
məhz elədir.
Heç
nəyi üzə vurmur. Bəlkə 60 yaşın tamamından
sonra o da səhvlərimizi üzümüzə
deyəcək. Deyəsən, elə mən də son 6-7 ildə heç kəsin səhvini gizlətmirəm.
O, müasir mətbuatımızın
daim izdə olan, fəal nümayəndələrindən biridir. Dövlət müstəqilliyimizdən əvvəlki
dönəmdə peşəkarlıq,
prinsipiallıq
və jurnalist məsuliyyəti ilə seçilirdisə, müstəqillik
dövründə həmin
keyfiyyətlərinə milli
təəssübkeşlik və
dövlətçilik maraqlarının
qorunmasına xidmət
kimi dəyərlər
də əlavə edib. Məsələn,
"Xalq qəzeti"nin
bölgə müxbiri
kimi qələmə aldığı çoxsaylı
xəbər, təhlili
material və silsilə
məqalələri ilə Regionların
sosial-iqtisadi İnkişafı
Dövlət Proqramlarının
icrasının təbiği
baxımından kifayət
qədər iş görüb.
Qətiyyətlə demək olar ki, onun Qobustandan
tutmuş Balakənədək
olan rayonlarımızın
bugünkü həqiqətləri
barədə qələmə
aldığı yazılar
həmin bölgələrimizə
turistlərin daha çox cəlb edilməsində özünəməxsus
rol oynayır. "Kişdə
açıq dərs"
(Şəki) və
"Boz dağın qoynunda bir şəhər
vardır" (Mingəçevir)
adlı ikicə yazısını yada salmaq onun söz
qarşısındakı məsuliyyətinin
miqyası barədə
təsəvvür yaratmağa
kifayətdir. O, bölgə
müxbiri kimi fəaliyyət göstərdiyi
rayon və şəhərlərin
hamısının qeyri-rəsmi
"fəxri vətəndaşı"
statusunu qazana bilib. Bölgə müxbiri kimi
işlədiyi rayonlarda
hamı ona İlqar müəllim yox, eləcə müəllim deyir.
İlqar
Həsənovun Azərbaycan
Mətbuat Şurasının
təsis etdiyi "Ali
Media Mükafatı"na
layiq görülməsi
məhsuldar və peşəkar jurnalist yaradıcılığına verilən
qiymətdirsə, minlərlə
insanın ona olan inam və
rəğbəti kollektivin,
jurnalist camiyyəsinin
və ümumilikdə
cəmiyyətin ictimai-siyasi
həyatındakı fəallığının
qarşılığıdır.
Onun haqqında hazırladığım
yazıların hansındasa
qeyd eləmişdim ki, İlqar üçün ətrafda
mövcud olan hər şey, hər kəs və baş verən bütün proseslər dəyərli olsa da, onun
üçün Anası,
Gəncə və Mətbuat bütün dəyərlərdən üstündür.
Allah anasına rəhmət
eləsin! Bu günlərdə
köhnə materiallara
baxanda həmin fikirlərə rast gəldim və təəssüf etdim ki, orada İlqarın
anasına və mətbuata bağlılığını
göstərən məqamlar
verilsə də, Gəncə ilə bağlı heç nə deyilməyib.
Xatırladım ki, o, Gəncədə yaşadığı dövrdə,
xüsusən, uşaqlıq
illərində aşıq
sənətini çox
sevsə də, muğama qətiyyən maraq göstərməyib. Elə Bakıda
olduğu müddətdə
də musiqimizin bu istiqaməti ilə qətiyyən maraqlanmayıb. Ancaq çox sonralar hiss etdim ki, Heydər
Əliyev Fondunun təşəbbüsü ilə
keçirilən televiziya
muğam müsabiqələrini
maraqla izləyir. Bir dəfə soruşdum ki, müəllim, bu axşam da
müsabiqəyə baxdınmı?
Necədir, xoşa
gələn yeni səs varmı?
Dedi: - Yaxşıdır. İstedadlı uşaqlar çoxdur, müəllimlər də
səhvləri söyləyir,
yaxşı istiqamət
verirlər. Ancaq mənim
bir arzum var, ay hacı.
Soruşdum: - O nə arzudur,
elə?
- Ay hacı, nə zamansa televiziyadan bir "Bayatı Gəncə" muğamını
eşitsəm, heç
zaman ölmərəm.
Fikir ver, Qarabağ şikəstəsi
də var, Şirvan şikəstəsi
də, Naxçıvan
gözəlləməsi də,
"İrəvan çuxuru"
aşıq havası da,
Təbriz təranələri
də, Şəki yallısı da, Lənkəran halayları
da...
Dedim: - Gəncənin də Nizamisi var, Cavad
xanı var, ilk paytaxt statusu var.
Dedi: - Yox ey, onları
müsabiqədə elan
etmək olmur axı.
Sən demə, bu adam muğamı sevməsə də, muğam müsabiqəsinə elə vurulub ki, orada "Bayatı Gəncə" muğamı eşitmək həvəsinə də düşüb. Yurdsevərliyin kitablara düşməli, ən ali nümunələrindəndir.
... Sovet dövründə Qasım İsmayılov rayonuna pambıq yığmağa getmişdik. Düşərgəmiz dəmir yolunun Kürəkçay stansiyasının təxminən iki-üç kilometrliyində idi. Yəni qatarların səsini eşidirdik. Əslən Qazaxdan olan Nizami müəllimin bir qabiliyyəti hamını heyran etmişdi. O, üç kilometr aralıdan eşitdiyi səslə qatarların təyinatını deyirdi. "Bu, Tiflisdən gələn sərnişin qatarıdır". "Bu, yük qatarıdır". "Bu, Ağstafa qatarıdır". Dediyinə görə, telefonla söhbət etdiyi adam dəmir yoluna yaxındırsa, "Gəncə-Bakı" qatarının səsini telefonla da tanıya bilrdi. Təbii ki, o zaman mobil telefon yox idi və kabel telefonu ilə söhbət etdiyimiz adamın öz səsini güclə tanıyırdıq.
Sonralar öyrəndim ki, Nizami müəllim qabiliyyətdə olan, yəni səsdən çox məqamları müəyyən edən başqa adamlar da var. Məsələn, bu yazının qəhrəmanı. Maraqlıdır, İlqar Həsənov nəinki yanındakı həmsöhbətinin, hətta telefonla söhbət etdiyi adamın da hər sözünün, hər ifadəsinin fərqinə varmağı bacarır və üstəlik, həmin adamın bu ifadələri nə üçün işlətdiyinin səbəbini də ayırd edir. Şəxsən, mənim üçün bu keyfiyyət əlçatmazdır.
Yeri gəlmişkən, İlqarın özü də səsini asanlıqla ayırd etmək olan "Gəncə-Bakı" qatarlarından biridir. O, həm yük daşıyır, həm də sərnişin. Yükü kiminsə problemini həll etmək üçün düşündüyü fikirlərdir, sərnişinləri isə - ürəyində gəzdirdiyi yaxşı adamlar. Bu qatar avqustun 24-də Gəncə-Bakı yolunun 60-cı dayanacağına yetişir. Elə bu söhbət də həmin dayanacaqdakı xatirələrdən ibarət oldu.
Yadındadır, İlqar Musaoğlu, "Teplovoz"la işləyən qatarlar vağzala çatanda dərindən bir "köks ötürüb" dayanırdılar. Uşaq olanda elə bilirdim ki, yorulmuş qatar köks ötürüb, ufuldayıb dayanandan sonra çevrilib geri baxmaq istəyir. Amma baxa bilmir. Qatar geri necə çevrilsin?
İnsan isə nəinki altmışıncı, hətta səksəninci, doxsanıncı dayanacaqda da geri baxa bilir. Özü də köks ötürmədən. Allaha şükür ki, geri baxanda fəxr etməli çox məqamları görürsən. Məncə, xoşbəxtlik elə budur.
Altmışıncı dayanacağa xoş gəldin. Nəfəsini dər, yolunu davam et. Hələ qabaqda çox işlər var. Bu dayanacaqda ləngidiyin müddətdə İbrahimin toy planlarını da götür-qoy et. Mən bilən, adam nəyisə özü-özlüyündə götür-qoy edəndə qərar tez hasil olur. Əgər bu götür-qoy 60-cı dayanacaqda baş verirsə, onda qərar daha müdrik olar, İnşallah!
Təbrik edirəm!
İttifaq MİRZƏBƏYLİ
525-ci qəzet.- 2019.- 24 avqust.- S.12.