Humanitar dissertasiyalarda "humanistlik": kodlaşdırmadan üzgörənliyədək

 

 

Ölkəmizdə elmi əsərlərin səviyyəsinin yüksəldilməsi, elmi dərəcə adların verilməsi prosesinin yaxşılaşdırılması aktual bir problem kimi gündəmdədir.

 

Bu problemin həlli o dərəcədə vacibdir ki, hətta ölkə Prezidentini belə müdaxiləyə vadar etdi. Bununla əlaqədar, humanitar sahəyə aid dissertasiyalarla bağlı bəzi məsələlərə diqqət yönəltmək istəyirəm.

Kodlaşdırma

Qeyd etmək istərdim ki, dissertasiyaların mövcud kodlaşdırma sistemi özünü doğrultmur. Bu sistem müəllifin əl-qolunu bağlayır, onun mövzuya dəstək ola biləcək əlavə fikir mülahizələri qarşısında sədd çəkir. Digər tərəfdən, bu sistem istifadə olunan ədəbiyyatın izlənməsini çətinləşdirir. Oxucu hər dəqiqə dissertasiyanın sonundakı siyahını vərəqləmək məcburiyyətində qalır. Bəzən texniki səbəblərdən siyahıda qarışıqlıq yaranır sairə.

Hal-hazırda inkişaf etmiş ölkələrin bir çoxunda dissertasiyalarda  "footnote" sistemindən istifadə olunur. Bu halda həm istifadə olunan ədəbiyyat göz önündə olur, həm müəllif dissertasiyaya yerləşdirə bilmədiyi fikirləri aşagıda, qeydlərdə verir. Sovet dövründən qalma əcaib kodlaşdırmadan Rusiyada da əl çəkilib. Humanitar sahə birmənalı olaraq "footnote" ya "endnote" tələb edir. Mənim fikrimcə, "footnote" sistemi daha səmərəlidir.

Aşkarlıq

Artıq bir çox ölkələrdə dissertasiya işləri müvafiq elmi müəssisələrin, universitet kolleclərin saytında yerləşdirilir. Bu cür aşkarlıq ölkəmizdə tətbiq olunsa, dissertasiyalarda plagiata yol verilməsinin qarşısı alınar. Yəni peşəkar oğrular azından rüsvay olacaqlarından qorxarlar. Belə olsa,  müəssisənin nüfuzu naminə dissertasiyaların elmi səviyyəsinə daha çox diqqət yetirilər.

Digər tərəfdən, AAK-dakı anonim rəylərin həmin müəssisənin öz saytında yerlışdirilməsi faydalı olar. Çünki bəzən dissertantlar üçün işlərinə mənfi rəy yazılmasını başa düşmür, qərəzçilik axtarır, şikayət edir yaxud əlavə səylər göstərib dərəcə almaqda israrlı olurlar. AAK saytında yerləşdirilən rəylər AAK ekspertlərinin məsuliyyətini artırar.

Məqalə həcmi

Avtoreferatlara əlavə edlən çap olunmuş əsərlər siyahısında çox olsa 1000-2000 söz, bəzən bundan da az həcmli yazıların, tezislərin elmi məqalə adı altında təqdimi yolverilməzdir. Mənim fikrimcə, minimum məqalə həcminin müəyyənləşməsi AAK siyahısında olan jurnalların bu minimuma riayət etməsi ümumi işin xeyrinə olar. Başlanğıc üçün bu minimumu 6000 söz kimi müəyyənləşdirmək olar. Humanitar sahədə kiçik həcmli yazılar gözə kül üfürməkdən başqa bir şey deyil. Qeyd edim ki, inkişaf etmiş ölkələrin humanitar sahədəki nüfuzlu jurnallarında məqalə həcmi adətən 8000-12000 söz arasında olur.

Dissertasiya həcmi

Fikrimcə, PhD dissertasiyalarının tələb olunan həcmi olduqca kiçikdir. Keçmış elmlər namizədləri üçün nəzərdə tutulmuş dissertasiya həcmi humanitar elmlərdə PhD üçün yaramır. Xarici ölkələrdə PhD yüksək elmi dərəcədir. Bundan sonrası yoxdur. Dünya elminə inteqrasiya üçün bu dissertasiyaların həm həcmi artmalı, 200-300 səhifə çərçivəsində müəyyənləşməli, həm səviyyəsi yüksəlməlidir. Rusiyada ədəbiyyatşünaslıq üzrə yazılan bəzi namizədlik dissertasiyaları ilə tanış olduqda, onların 300-350 səhifə olduğunu gördüm. Yəni artıq söhbət PhD-dən gedisə, bu dərəcəyə müvafiq dissertasiyalar meydana gəlməlidir. PhD qazanmış şəxs artıq yetkin bir alim olduğunu nümayiş etdirməlidir. Sonrakı mərhələ sayılan doktorluqda həcm məhdudiyyəti olmamalıdır.

Ədəbiyyat siyahısı

Hər bir elmi əsər müəllifi öz sahəsi ilə bağlı bütün ədəbiyyata bələd olmasını nümayiş etdirməlidir. Hal-hazırda humanitar sahədə konkret ədəbiyyat sayı kimi bir tələbin olmaması heç bir-iki kitabdan "istifadə" kimi başa düşülməməlidir. Təəsüf ki, bir çox elmi əsərlərdə istifadə olunan ədəbiyyatın kasadlığı nəzərə çarpır. Bəzən yüzlərlə kitabı əhatə edən ədəbiyyat siyahsı müqabilində cəmi 10-15 ədəbiyyatdan istifadə edilir. Nəinki xaricdə, hətta ölkəmizdə nəşr olunan əsərlərə tam bələd olma nəzərə çarpmır. Humaniyar sahədə saxta istinad hallarına da rast gəlinir. Bu özünü daha çox plagiat əsərlərdə göstərir. "Müəllif" plagiat faktini gizlətmək üçün bəzən yazıya sanki istinad "bəzəyi" vurur, dəxli olmaya əsərlərə "istinad verir".

Transliterasiya

Şərqşünaslıq sahəsində transliterasiyasız elmi əsər ola bilməz. Dünya təcrübəsində İJMES-n (linki aşağıda verilən İnternational Journal of Middle East Studies) transliterasiya sistemi bütün elmi əsərlədə tətbiq olunur. Çox nadir hallarda bəzi jurnallarda cüzi fərqlər nəzərə çarpır. İJMES-in transliterasiya sistemi ərəb, fars osmanlı, eləcə klassik Azərbaycan ədəbiyyatı ilə bağlı dissertasiya, monoqrafiya elmi məqalələrdə tətbiq oluna bilər. Bu sistemə dilimizə müvafiq bəzi dəyişikliklər edilməlidir. Məsələn, ərəb "" hərfi ingilis dilindəki th-lə deyil s-nin altında xətt ilə, "zəl" hərfi "dh" kimi deyil z hərfinin altında xətlə göstərilə bilər. İngilis dilində olmayan "ğ" "x" hərfləri , "gh" "kh" şəklində deyil, dilimizdə olduğu kimi əks oluna bilər. Qalan hallar - izafətlər, artikllər, "ayn" , "həmzə", emfatik səsləri bildirən hərflər,  uzunluqlar s. İJMES sistemi şəklində əks oluna bilər.

Plagiat proqramlarının yarıtmazlığı

Plagiat Azərbaycanda elm sahəsində geniş yayılmış bir biabırçılıqdır. Cəzasızlıq üzündən bu hal artıq "hamıya olar, mənə yox?" kimi absurd bir həddə çatıb. Ölkəmizin, elmimizin nüfuzuna xələl gətirən bu halın qarşısını almaq üçün oğurluqla qazanılmış elmi dərəcə adların ləğvi sahəsində qəti addımlar atılması müsbət nəticə verər.

Plagiatın yoxlanmasında yalnız mövcud proqramlara əsaslanmaq səhvdir. Çünki bu proqramlar tərcümə ilə işləmir, yəni xarici dillərdən tərcümə edilib oğurlanmış yazılardakı plagiat faktlarını aşkarlamır. Bu səbəbdən, plagiat faktları, yaxşı olar ki, ilkin müzakirələrdə aşkarlansın və yaxud sonrakı mərhələlərdə opponentlər və ekspertlər tərəfindən göstərilsin.

Mövzuya uzaqdan yaxınlaşma

Bu, humanitar sahədə ən çox rəst gəlinən haldır. Dissertantlar birbaşa öz mövzuları ilə məşğul olub yeniliklər gətirmək əvəzinə, ümumi xarakterli, hamıya məlum məsələlərə bəzən bir neçə fəsil həsr edirlər. Əsas mövzu axırıncı fəsildə yarımçıq tədqiqat şəklində təqdim olunur.  Beləliklə də, elmi əsərlərin orijinallığı şübhə altına düşür, dissertasiya işləri dərs vəsaiti təsiri bağışlayır. Mənim fikrimcə, mövzu ilə bağlı ümumi məsələlər dissertasiyanın həcminin beş faizindən artıq olmamalıdır. Qeyd edim ki, inkişaf etmiş ölkələrdə, bu məsələlərə olduqca az yer ayrılır. Azərbaycanda isə sanki səhifə sayı artırılırmış kimi, hamıya məlum fakt və mülahizələr təkrarlanır, orijinal tədqiqat hissəsi isə ixtisar edilir.

Elmi yeniliyin Azərbaycan "modeli"

Qloballaşma şəraitində elmi işlərin yeniliyi Azərbaycan sərhədləri çərçivəsində müəyyənləşə bilməz. Hər bir elm sahəsinin dünyadakı mövcud nailiyyətləri nəzərə alınmalıdır. "Bu mövzu Azərbaycanda ilk dəfə işlənir" adı altında xaricdə çap olunmuş əsərlərin tərcüməsinin elmi tədqiqat kimi təqdimi yolverilməzdir. Təəssüf ki, bu hal ölkəmizdə olduqca geniş yayılıb.

Fürsətcillik

Elm səhəsinin bəzi "işbazları" görkəmli şəxslərə, vəzifə və nüfuz sahiblərinə, onların qohumlarına əsərlər həsr etməklə tələm-tələsik, asan yolla elmi dərəcələr qazanırlar. Bu zaman baza təhsili belə nəzərə alınmır; həkimə dilçilik, mühəndisə ədəbiyyatşünaslıq üzrə elmi dərəcə verilə bilər. Nəticədə elmdən uzaq, zəif əsərlər meydana gəlir. Belə əsərlər nə nüfuz sahiblərinə, nə də Azərbaycan elminə şərəf gətirir, sadəcə fürsətdən istifadə edib dərəcə qazanmaq vasitəsinə çevrilir.

İndeksləşmiş jurnallarda nəşr

Hal-hazırda AAK Veb of Science-də (keçmiş Thomson Reuters-in, hazırkı Clarivate Analytics-in xüsusi xidmət saytı) indeksləşən jurnallarda çap olunmaq tələbi qaldırıb. Bu, müsbət hal olub alimlərin dünyada tanınmasına şərait yaradır. Azərbaycan aliminin dünyada tanınmaq üçün kifayət qədər elmi potensialı var. Əlbəttə, söhbət əsil alimdən gedir. Mənim fikrimcə, humanitar sahədə Veb of Science-lə yanaşı, SCOPUS-la da kifayətlənmək olar. Eləcə də BRİLL,  Taylor and Francis,  Springer, Peeters, Routledge kimi nəşriyyatların jurnal və toplularında nəşr olunmuş məqalələr də humanitar sahə üçün yetərincə dəyərli tədqiqat nümunəsi sayıla bilər. Əsas məsələ pulla məqalələr nəşr edən jurnallardanişi biznesə çevirən insanlardan uzaq olmaqdır. İnternetdə bir neçə saytda bu cür  jurnalların (Predatory journals) siyahısı verilib.

Üzgörənlik

Əgər elmi əsərlər qarşısında müəyyən tələblər qoyulubsa, bu tələblər hamıya şamil olunmalıdır. Burada kiminsə qohumu, adamı yaxud "öz adamımız" kimi prinsiplərə yer verilməməlidir. Ölkəmizin ümumi mənafeyi naminə, üzgörənlik olmamalıdır.

20 avqust, 2019

 

Aida QASIMOVA

Professor

 

525-ci qəzet.- 2019.- 24 avqust.- S.11.