Əhməd Ağaoğlu
və İsmayıl Qaspiralı
Əhməd
bəy Ağaoğlu-150
Əhməd bəyin rus dilindən tərcümədə
"525-ci qəzet"in oxucularına
təqdim olunan
"Nadir yubiley" məqaləsi
"Kaspi"nin 29 aprel
1903-cü il tarixli
93-cü sayında nəşr
edilmişdi.
Məqalə "Əkinçi"dən sonra
Rusiya türklərinin
ikinci ciddi və nüfuzlu mətbu orqanı sayılan "Tərcüman"
qəzetinin ilk sayının
çapdan çıxmasının
20 illiyi münasibəti
ilə yazılmışdı. Diqqətəlayiqdir ki, qəzetin 10, 20, 25 illik yubileylərinin təşkilində və
keçirilməsində Azərbaycan
ziyalıları yaxından
iştirak etmişdilər.
Təkcə azərbaycanlı
əhalinin kütləvi
şəkildə yaşadığı
Bakı, Tiflis, İrəvan,
Gəncə kimi mərkəzlərdən deyil,
Azərbaycanın əyalət
şəhərlərindən də Bağçasaraya, İsmayıl bəy Qaspralının və
"Tərcüman" redaksiyasının
ünvanına çoxsaylı
təbrik teleqramları
göndərilmişdi.
Qəzetin naşiri, görkəmli
Krım-tatar maarifçisi,
türk xalqlarının
dil, fikir və əməl zəminində birləşməsi
ideyasının müəllifi
İsmayıl Qaspralı
(1851-1914) isə öz
növbəsində Azərbaycanın
bir sıra görkəmli ziyalıları
ilə yaxın və səmimi dostluq əlaqələri saxlayırdı. Onun Əhməd bəylə
tanışlığı 1893-cü ilə təsadüf edir. Həmin il Qafqazdan
keçərək Türküstana
səyahətə yollanan
İsmayıl bəy Tiflisdə Rusiya və Avropanın ali məktəblərində
təhsil almış
bir neçə azərbaycanlı gənclə
tanış olmuşdu.
"Tərcüman"ın 31 avqust-17 dekabr 1893-cü il tarixli 29-43-cü saylarında
yayımlanan "Bağçasaraydan
Daşkəndə səyahət"
adlı yol qeydlərində müəllif
adlarını xüsusi
sevinc və qürur hissi ilə sadaladığı
yeni türk gəncliyinin bu nümayəndələri arasında
"elmi-hüquq və
siyasiyiyyədə mahir"
adlandırdığı Əhməd
bəyi xüsusi fərqləndirərək yazmışdı:
"Bu dəfə Tiflisdə bir dost daha peyda
etdim. Qarabağlıdır. Rusiyada təhsil etdikdən
sonra Fransaya gedib Sorbon Darülfünununda
ikmali-fünun edib gəlmiş bir növcavandır. Sair
millətlər arasında
boylə təhsil edib beş-altı lisan bilənlər xeyli çox olduğundan boylələr
müstəsna tutulmaz;
lakin bizim cəmiyyətimizdə arada
boylə bir adam bulunduğu
şayani-işarətdir. Bunun üçün
biz də bu qardaşımızın vücudu
ilə iftixar edəriz".
Bu dostluq münasibətləri,
əməl və ideya birliyi istər
Əhməd bəyin Bakıda yaşayıb fəaliyyət göstərdiyi
dövrdə, istərsə
də İstanbula mühacirətindən sonra
eyni ahəngdə davam etdirilmişdi. İsmayıl
Qapralının şəxsiyyətinə
və ideyalarına yüksək qiymətin təzahürü olan
"Nadir yubiley" məqaləsi
XX əsrin başlanğıcında
türk dünyasının
bu iki görkəmli
siması arasındakı
saf və səmimi əməl birliyinin ifadəsi kimi dəyərləndirilə
bilər.
Maraqlıdır ki, 1908-ci ildə
"Tərcüman" qəzetinin
nəşrə başlamasının
25 illik yubileyi ilə bağlı Bağçasaraydakı təntənələr
çərçivəsində qılınan camaat namazı zamanı Krım tatarlarının müftisi Rusiya türklərinin milli dirçəlişində böyük
rolu olan üç görkəmli
şəxsin - İsmayıl
bəy Qaspralının,
Əlimərdan bəy
Topçubaşovun və
Əhməd bəy Ağayevin adlarını dərin minnətdarlıq
hissləri ilə çəkmiş, xeyirxah
fəaliyyətləri dua
və sənalarla yad etmişdi.
İsmayıl bəyin ölüm
xəbərini İstanbulda
alan Əhməd Ağaoğlu qurucularından olduğu
Türk Ocaqlarının
yayın orqanının
- "Türk
yurdu" dərgisinin
bütöv bir sayının türk dünyasının bu böyük itkisinə həsr olunması təşəbbüsünü ortaya atmışdı. Nəticədə, məcmuənin 1914-cü ildəki 22-ci sayı başdan-başa İsmayıl
Qaspralıya və onun soydaşları qarşısındakı əvəzsiz
xidmətlərinə həsr
edilmişdi. Dərgidə İsmayıl
bəy Qaspralını
yaxından tanıyan,
onunla əməkdaşlıq
edən bir sıra müəlliflərin
yazıları yer almışdı.
"Türk yurdu"nun
özəl sayı Əhməd Ağaoğlunun
"İsmayıl bəy
Qaspralı" məqaləsi
ilə açılırdı. Müəlliminin
şəxsiyyətinə və
fəaliyyətinə yüksək
qiymət verən Əhməd bəy yazırdı: "Otuz sənəlik moizə və nəsihətlərinə,
rəhbərliyinə, irşadlarına
alışılmış olan bir mürşidin,
bir ustadın və dostun vəfatından sonra ondan bəhs etmək, kəndisi əbədiyyən qaib olaraq getdiyindən yalnız əsərlərini
təhəttür eyləmək
nə qədər əlim və fəci bir vəziyyətdir...
İsmayıl bəy türklüyə aid fəaliyyəti
üçün şu
düsturu ittihaz etmişdi: fikir, lisan və hiss birliyi. Təbiri-axırla İsmayıl bəyin
təqib etdiyi qayə türklərə
kəndilərini tanıtdıraraq,
şüuri-milliyyələrini inkişaf etdirərək onlara bir olduqlarını
təlqin etməkdən
ibarət idi. Fikir, lisan, hiss birliyini duymuş olan bir qövm,
zatən şüuri-milliyyəti
və vəhdəti-mənəviyyəsini
duymuş deməkdir".
Aşağıda tərcüməsini verdiyimiz "Nadir yubiley"
məqaləsi ilk baxışdan
adi bir tanıtma
xarakteri daşısa da, çarizm xəfiyyələri, ilk növbədə
isə onların erməni əlaltıları
belə yazıları
az qala mikroskop
altında nəzərdən
keçirir, onun hər sözündə, hər kəlməsində
panislamizm və pantürkizm axtarırdılar...
Vilayət QULİYEV
525-ci qəzet.- 2019.- 24 avqust.- S.10.