Vaxtsız itirilən dünya

 

"Xatirə Yarpaqlari"Ndan...

 

 

Namiq Abdullayevin adı ötən əsrin 70-ci illərində yazıçı kimi oxuculara, həm də televiziya tamaşaçılarına yaxşı tanış idi. Həmin illərdə o, çox tanınmış imzalardan sayılırdı.

 

Qardaşı Tofiq həkim bizim Şabranın (keçmiş Dəvəçi) adlı-sanlı həkimlərindən idi. Tibb işçisi olan atamla da yaxın münasibətləri vardı. Bəlkə bu münasibət yoldaşlığından savayı, Abdullayevlərin həm bizə uzaq qohumluqları çatdığından idi. O vaxtlar mən M.F.Axundov adına Azərbaycan Pedaqoji Rus dili ədəbiyyatı İnstitutunun yuxarı kurs tələbəsi olanda Tofiq həkimin oğlu Vitya da bizim ali məktəbə qəbul olunmuşdu. Yataqxanada ayrı-ayrı mərtəbələrdə qalırdıq. Tofiq həkim yuxarı kurs tələbəsi kimi mənim onun aman-zaman, ərköyün, ev uşağı olan oğlundan, necə deyərlər, muğayat olmağımı atamdan xahiş etmişdi.

Mənim ona qarşı canıyananlığımı, qayğımı qiymətləndirən Vitya da "borclu" qalmaq istəmədi (bəlkə atası Tofiq həkim tapşırıbmış). Yazı-pozu ilə məşğul olduğumu, hətta yazılarımın mətbuatda çap edildiyimi bilən Vitya bir bazar günü məni özünə qoşub əmisigilə qonaq apardı ki, onunla tanış etsin, Namiq müəllim mənə mümkün qədər öz sahəmizdə köməklik göstərsin.

Gərək ki, Novruz bayramı idi. Təbii, Namiq müəllim sevimli qardaşı oğlu ilə birgə məni mehribanlıqla qarşıladı. Tələbəlik illəri yaşamış Namiq müəllim ev xörəklərinin tamarzısı olan biz qonaqlarını ilk əvvəl süfrəyə dəvət etdi. Onsuz da yeyimcil olan Vitya doğma əmisinin ilk təklifindən sonra iştahla yeməyə girişdi. Mən isə ilk dəfə qonaq olduğum evdə, özü tanınmış bir yazıçı ilə üzbəüz oturub süfrəyə əl uzatmağa, hər qədər nəfsim çəksə , utanıb sıxılırdım. Burasını da deyim ki, bir masa arxasında əyləşib tikə kəsdiyim ilk yazıçı elə Namiq Abdullayev olub. Təbii ki, qardaşı Tofiq həkim , Vitya da mənim yazı-pozu ilə məşğul olduğumu ona demişdilər. Namiq müəllim hələ əlimi süfrəyə uzatmadığımı görüb özünə xas bir tonda: - Deyirlər ki, sən qələm adamısan. Yazıb-pozursan... Yox. Bu utancaqlıqla səndən yazıçı-filan çıxmaz.

... Namiq müəllimin mənim yazı-pozu ilə məşğul olmağıma şübhəsi qalmasın deyə ürəklənib utancaqlığı bir kənara qoydum.

Aradan illər keçəndən sonra başa düşdüm ki, qonaqpərvər, həm hal əhli olan Namiq müəlllim məni çörək yeməyə cəsarətləndirmək üçün beləcə "qorxudurmuş". Əslində isə, demə, Namiq Abdullayev özü ən utancaq yazıçı imiş...

Namiq Abdullayevin "İtirilmiş dünya" adlı fantastik povestini hələ orta məktəb illərində oxumuşdum. Sonralar da onun bir-birindən maraqlı əsərlərinin oxucusu oldum.

Səksəninci illərin ortalarından sonra Namiq müəllim keşməkeşli, tənha bir ömür yaşadı. Əli hər şeydən üzülmüşdü, elə bil dünyadan küskün idi.

1992-ci ilin sentyabrın 22-də 64 yaşında dünyasını dəyişən bu gözəl insan, maraqlı yazıçı cavanlıq illərində yazdığı "İtirilmiş dünya" povestində sənətkar fəhmi ilə sanki duymuşdu ki, o, öz dünyasını, biz onun hələ neçə əsərlər yatan söz dünyasını - yaradıcılıq xəzinəsini vaxtsız itirəcəyik...

İyul, 2019

 

 

Aydın TAĞIYEV

AYB Şabran bölməsinin rəhbəri

 

525-ci qəzet.- 2019.- 28 avqust.- S.8.