Sözə dəyər qazandıran imza və
ya "Dözüm" adamı - Ağasəfa
Torpaqdır...
Üstündə
sürü otlayır,
Təkə
lap qabaqda çiçək dənləyir.
Şair əldə
çomaq söz arıtlayır,
Kimsə yox, şairi fələk dinləyir.
(şeirlər Ağasəfanın
"Dözüm"
kitabındandır)
Asfalt yoldan torpaq yola düşdük, dağlarla əhatələnmiş,
ayağı xınalı kəkliksayağı
sıralanmış laçın qayaların sinəsinin
göz oxşayan rəng çalarlarında irəlilədikcə
insanın ağlına heç nə gəlmir. Ağıla gələn
bu dağları yaradana şükranlıqdır.
İyul ayı olsa da, hava yolçulara münasib dona girmişdi. Ayağımız çoxdan
dağ yolu görməmişdi deyə düşüb bir az qonağı olduğumuz söz adamıyla
birgə addımlamaq istədik. Bizi qarşılamaq
üçün yola çıxdığını uzaqdan
hiss etmək mümkün idi. Az qala yolu səhv
gedəcəkdik, yol boyu bir neçə dəfə yardım
üçün zəng etdiyimiz dostlar da olmuşdu. Amma dağın başında telefon dalğaları
kilidlənəndə çarə maşından
düşüb bir həyətə düşməyə
qalmışdı. Ev az, həyət-bacalar
bom-boş idi.Yağış, qar döyməkdən qaralmış
çay daşlarından tikilən evlərin çoxu
sökülmüşdü, yeni tikilənlər də bu
uyumdan kənarda qalırdı deyə insanda isti duyğular
yaratmırdı. Sanki Xızı dağları
kimi tanıdığımız bu dağların qoynunda yerləşən
Qarabulaq kəndi bizi gördüyünə sevinməmişdi,
daha çox öz hüsnünü yazda daha çox bəzəyən
dağ kəndləri yayın qovurmaca vaxtında bir qəribə
görünürdü. Bəlkə də
evlərin tənha görünməsi, həyət-bacalarda bir
ins-cinsin olmaması insanda belə bir təəssürat
yaradırdı. Düşüb bir həyətdən
insan haylamaq istəyəndə yol yoldaşımız,
yazıçı dostumuz Aydın Tağıyev arxamca
qayğılı səslə: "İt olar haa!", - deyəndə dönüb baxsam da,
addımlarımı yavaşıtmadan harayımdan
qalmadım. Düzü, həyətinin çəpəri
belə olmayan, qapısı-bacası yarısökük bir
evdə nə olasıdı ki, ora gətirib bir it də
bağlasınlar, deyə düşündüyüm də
oldu. Aralı ev qapısından bir
kişinin əlində telefon harayıma hay vermək istəmirmiş
kimi durduğunu gördüm.
Çağırılmamış qonaqları kimsə sevmədiyini
bildiyimdən tezcənə: "Ay dayı, Şair Ağasəfanın
evinin yerini öyrənmək istəyirik", - dedim. Ev yiyəsi
handan-hana özünü göstərib" "Üzü
yuxarı yoldan sağ tərəfdəki ikinci evdir", -
dedi. Düz gəlmişdik, sevinmişdik, elə
yolun yuxarı başındaca şairi uzaqdan bizi
qarşılamaq üçün yola
çıxdığını görmüşdük.
Şair öz zəngin şeir dünyasından
çıxıb dağ yolunun üstündə durmuşdu.
Tam bir qoca palıd ağacı kimi illərin dəli
rüzgarlarına sinə gərmiş halda,
qol-budağından zamanın qopartdıqları da olmuşdu,
amma palıd ki palıd, əyilməmişdi.
Ruhum
çırpınmada xəzan içində,
Balası yuvadan perikən quşdur.
Üşüdüm
bu qədər insan içində,
Bu hələ
payızdır...
Qabaqda
qışdır.
Düşünürsən
ki, qışın da qış ola, belə
qışdan, qarşılamağa özün
çıxasan, lap elə tənha palıd ağacı kimi
dimdik qarşılayasan, qol-budağını amansız yellər
çalın-çarpaz qırmağa başlasa da...
Addımlayırdıq. Bizə addımlamağa az yol qalmışdı, çünki bizdən
fərqli olaraq daha çox dinləməyi seçən
şair dostumuz Nəcməddin Mürvətov Siyəzəndən
maşın götürüb arxamızca Şabrana gəlmiş,
bizi burdan alıb təzədən Xızı yoluna rəvan
olmuşdu. Bizə addımlamağa az yol
qalmışdı, dediyim də bu səbəbdən idi.
Şair Ağasəfa sanki bizi hər gün
görürmüş kimi dərdi-hal etdi, sonra öyrəndim
ki, adını eşidib özünü ilk dəfə
gördüyüm Ağasəfa müəllimi digər qələm
dostlarımız da xeyli vaxtdan bəri görmürlərmiş. Elə
içi mən qarışıq illərin belinə
qoyduğumuz qırıq-sökük nərdivanla gəlib
düz Xızı dağlarına
çıxmışdıq. Qarabulaq kəndində
çox az adam qalıb, dedi şair, biz isə
harayladığımız adamdan qeyri adam görmədik. Gördüyümüz elə bu dağların qayım-qədim
sakini şair və onun cəfakeşliyini edən
xanımı oldu.
"Dünyanın bütün yolları kaş bir
şair ocağında" bitəydi, deyə
düşünürəm. Bir ucunda şeir
ocağı olan bir yolçuluğun savabı da dağlar
boyda olurmuş demə. Başqaları
üçün biz suçlu adamlarıq, günah
adamlarıq bəlkə, ömrümüz bir sərçə
dimdiyindəki yükdən də dəyərsizdi bəlkə,
amma ruh adamlarını bir-birinə bağlayan bağlar var
olduqca bizi yaşadan və bir araya gətirən ilahi qüvvəyə
şükür etmədən keçməməliyik.
İmanla,
gümanla çırpınır ürək,
Ayağım - torpaqda, əllərim - haqda.
Dünyanı
təzədən çevirmək gərək,
Baş başda dayansın, ayaq ayaqda.
Elə təzəcə nəfəsimizi dərib yerimizi
rahatlamışdıq ki, bizi çoxdan arzulayırmış
kimi pəncərəsindən içərini havalandıran pərdələr
otaq boyu rəqs halındaydılar. Ev yiyəsi şair
kitablarının üstünə yürüdü, əlində
bir neçə kitabla qayıtdı. Evə
göz gəzdirməyə macalımız vardı. Nəcməddin
müəllim fikrimi oxuyurmuş kimi bu sözləri dedi:
"Əsl kənd evidi". Əsl şair
eviydi həm də, divarlar uzunu rəflər üst-üstə
qalaqlanmış kitablarla doluydu. Dünyanın
harasında olursansa ol, fərq etməz, öz kiçik
dünyanı yarada bildiyin yer səninkidir. Bu ev də Ağasəfanın özünə
yaratdığı ən zəngin dünyaydı. Hər daşında, divarında öz əlinin zəhməti
varıydı.
Doğulduğu, böyüyüb boya-başa çatdığı
otaq da bu evin ən mübhəm otağıydı. Dağlarda gecələrin
də yəqin öz bambaşqa havası olur, təbiət
burda da öz şirin və doyumlu nəğməsini səsləndirir.
Təbiət çox səxavətlidir, anlayana,
duyana hər addımbaşı bir zənginlik bəxş edə
bilir. Anlamayan, duymayan nə anlasın
daşın, qayanın dilindən?
Qısa ixtilatdan sonra Aydın müəllim gətirdiyi
kitabları Ağasəfa müəllimə uzatdı. "Mən ustad oxucuyam"
- dedi Ağasəfa. Mən onun mənə
bağışladığı kitablardan ən sonuncu nəşr
olanını vərəqlədikcə şeirlərin cazibəsinə
düşüb, heç olmasa, bir neçə günlük
olsa da "yaxşı oxucu" olmaq istədim. Qarabulaqda səhər duasından sonra insanlar əl-üzlərini
yəqin səhər mehiylə yuyurlar. Hər
səhər bu dağlardan Vətən indi bizim səsimiz-ünümüz
yetməyən dağlarınacan üz tutub dua-səna edirlər.
Adamın inanmağı gəlmir ki, hardasa
bütün şairlərin bir dərdi var - öz yurdunda qərib
olmaq kimi çətindir bir ömür yaşamaq.
Şair Ağasəfa da öz səhər duasını belə
oxuyur:
Dua
oxuyuram səninçün, Vətən,
Əllərim Tanrının ətəyindədir.
Çətin
günümüzdə üz tutub gedən,
Qürbətdə olanı yurduna gətir.
Ağrı ikihecalı sözdür, amma hardasa neçə
yerindən didik-didik edə bilir insanı. Zəhərli
güllələr kimidir, öldürməsə, əl
çəkməz. Bəlkə də buna
görədi ki, kitabının adı
"Dözüm"dü şairin.
Dözümsüzlüyün iç aynasıdır, dərddən
dağlara çıxmağa bənzəyir. Şeir
elədir, anlasan oxumağına dəyər.
"Ulduz" jurnalına bu yaxınlarda verdiyi müsahibəsində
Ağasəfa müəllimin Fərqanə xanımla çox
səmimi bir söhbəti olmuşdu. Bu müsahibəni
oxuyan kimi mənə zəng etmişdi Aydın Tağıyev.
Müsahibəsində mənim də
adımı çəkmişdi deyə çox sevinmişdi.
Jurnalı alıb mənə
bağışlamışdı da. "Ağasəfa
müəllimə baş çəkərik" fikrini də
elə əvvəlcədən bildirmişdi. Bu görüşün belə tez
alınacağına inanmasam da, Nəcməddin müəllim
bizim arzumuzu əlbəəl reallığa çevirməyi
bacarmışdı. Ağasəfa müəllimin
Şabran deyəndə ilk dilinə gətirdiyi sözləri
sizlərə çatdırmaq istəyirəm, bu sözlər
mənim bu həyatda eşidə biləcəyim ən gözəl
sözlərdən biridir, Şabranı bütövlüklə
özündə əks etdirir, bir qələm adamı
üçün, bir şair üçün Şabran rayonu
Xaqani Poeziya Evi deməkmiş, bəli, Ağasəfa müəllim
məndən ilk öyrənmək istədiyi ünvan bizim
Poeziya Evimiz oldu. Və burda mütləqdir ki,
Şabranı Poeziya ocağı kimi tanıdan dəyərli qələm
sahibi Novruz Novruzova öz təşəkkürümüzü
bildirək. Aydın müəllimin
söhbətlərində bizimlə qiyabı də olsa
Qarabulağacan gedib qayıdan Novruz müəllim də ruhən
yanımızdaydı, şairin kiçicik komasına
sığmayan bir dünya zənginliyinə öz
işığını qatmaqdaydı.
Xeyir-duası həmişə üstümüzdə olan insanlar nə yaxşı ki var! Şair Ağasəfanın kitabları da dağlardan qopardığımız xeyir-dua kimi saf və qüvvətlidir:
Ocaq yanında yer elə,
Tufan əyləyib gəlmişəm.
Süfrəyə çağırma məni,
İçimi yeyib gəlmişəm.
Şair evləri pirlərə bənzəyir. Qonağı kim olursa olsun,
suçundan-günahından arınaraq dönür evinə.
Bizim ruhumuzu arındıran, duyğularımızı göyərdən,
rişələrimizi artıran söz adamları harda
yaşamaqlarından asılı olmayaraq orda bir müqəddəslik
və pirlik dünya kəşf edə bilirlər. Nəcməddin
müəllimdən eşitdiyim bir başqa söz də
vardı: "Dağlar şairi görün necə gizlədibdir".
Bəlkə dağlar belə şairi olduğuna görə
bizim üçün bu qədər gözəl və
qürurverici idilər. Bu
boyda dağlarda 5-10 ev arasında hənirti
gələn bir ev var - Şair evidir ora. Kitabdandı
divarları, eynəyini itirər tez-tez Şair, qələmini
itirər, yadından çıxan qafiyəsinin yerinə dərib
bir kəklikotu basar, eynəyini axtarmaq yorulanda yerinə
yıxılıb yatar, qələmini tapmayanda yazmaq istədiyini
dilinin ucunda tez-tez təkrar edib əzbərləməyə
çalışar. "Səhər
açılanda durub yazaram", deyər, səhərin xoruz
banına heç nə qalmaz, asta qaçan namərd kimi
qaçar həmin gecənin ən gözəl qafiyələri.
Türbət asar vərəqlərindən,
kitabını balası kimi öpüb oxşar. Sonuncu gülləsini özü üçün
saxlamış bir şəhid kimi son misrasına qənim kəsilər
dodaqlarının. Uzaqdan otlağa qalxan
örüşdən bir təkə ayrılıb qayadan
özünü aşağı atar. Bax, Şeir
doğular beləcə, hardasa bir arzusu ölmüş ətcəbala
ürəyin divarlarında ah dediyin çat açınca bitər
həmin Şeir. Ən gözəl Şeir kimi bitməyə
məhkumdur, maləsəf... Yeni bir Şeirin doğudunu
gözləyər gecə düşüncə... Hardasa,
arxasına düşdüyümüz səs kimidi dünya,
biz də bir SƏS adamı...
O səs
itib getsə, mənim sonumdur,
O səs
var, köksümü didirəm hələ.
O səs
son ümidim, son pənahımdır,
O səsin
ardınca gedirəm hələ.
Yolun bitməsin, Şair!
AY Bəniz
ƏLİYAR
Şairə,
Azərbaycan Yazıçılar Birliyinin üzvü
525-ci qəzet.- 2019.- 28 avqust.- S.7.