“Xalq qəzeti”ndə azadlıq və turkçülük ideyaları

 

 

 “Xalq qəzeti”-100

 

Dünya düzənində baş verməkdə olan qlobal dəyişikliklər özünü XX yüzilliyin 80-ci illərinin sonlarında daha əhatəli şəkildə göstərməkdə idi. Xüsusən də münasibətlərdə demokratik meyillərin güclənməsi, humanitar sahələrdə yeni qapıların açılması, iqtisadi və elmi-texniki inkişaf cəmiyyətə yeni bir əhvali-ruhiyyə gətirməkdə idi.

Hətta o dövrün şahidlərinin yaxşı yadındadır ki, uzun illər boyu “sosialist təhlükəsi”ni ciddi bir vahimə kimi görənlər belə “yenidənqurma” adı ilə gələn siyasətin köhnə stereotipləri dağıtmasını sevinclə qarşılamaqda idilər. Uzun illər ərzində “Türkiyə”, “türk xalqı” adlarının çəkilməsi yasaq edilsə belə, mətbuat birdən-birə bu tipli yazılara daha çox yer verməyə başlamışdı. Xüsusilə də cümhuriyyət tarixi ilə bağlı yazıların üzə çıxması sanki tədqiqatçıların və xalqın ürəyindəkilərin ortaya çıxması üçün başlanğıc olmuşdu. 1989-cu ilə kimi Azərbaycan mətbuatında 1920-ci ilin mayında bolşevik təcavüzünün qurbanı olan Azərbaycan Xalq Cümhuriyyətinin adının belə çəkildiyi hansısa bir məqaləyə(tarixçi alim Zülfəli İbrahimovun 1957-ci ildə dərc olunmuş “Almaniya və Türkiyənin hökmü ilə Zaqafqaziyanın “müstəqil” elan edilməsi: 1917-ci il Oktyabr Sosialist İnqilabından sonra Azərbaycanda milli azadlıq hərəkatının genişlənməsi haqqında” məqaləsindən başqa) təsadüf edilmir. Milli oyanışın başlanması ilə bu məsələ mətbuatın gündəminə gəlmiş, “Xəzər”, “Qobustan” jurnallarında, “Kommunist”, “Elm”, “Ədəbiyyat və Incəsənət”, “Azərbaycan”, “Odlar yurdu” qəzetlərində ümumilikdə 10 məqalə dərc edilmişdir.

  Demokratik hərəkatın ilk vaxtlarında ciddi qınaqlara məruz qalmış “Kommunist” qəzeti “Xəzər”, “Qobustan” jurnallarından sonra Cümhuriyyət tarixinin yad edildiyi ilk rəsmi qəzet olmuşdur. “1918-1920-ci illər dövrünün bəzi məsələləri: “Dəyirmi masa” arxasında alimlərimizin söhbəti” adlı bu yazıda ADR dövründə kommunist-bolşevik fəaliyyətinin araşdırılmasına önəmli yer verilir, həmçinin Şərqdə ilk islam dövləti kimi tarixə düşmüş Azərbaycan Xalq Cümhuriyyəti tarixinin də öyrənilməsi aşkarlıq dövrünün ümdə vəzifələrindən biri kimi diqqətə çatdırılır. Görkəmli alimlərimizin – Azərbaycan SSR Elmlər Akademiyasının vitse-prezidenti akademik Cəmil Quliyevin, Azərbaycan SSR Elmlər Akademiyası Azərbaycan Tarixi Muzeyinin direktoru akademik, SSRİ xalq deputatı Püstəxanım Əzizbəyovanın və başqalarının həmsöhbət olduqları “Dəyirmi masa”da AMEA-nın müxbir üzvü, tarix elmləri doktoru, professor Qaraş Mədətovun səsləndirdiyi fikirlər həm tarixi baxımdan, həm də keçmişimizin öyrənilməsi baxımından cəsarətli və təqdirəlayiq fikirlər kimi dəyərləndirilməlidir: “Tarix ədəbiyyatımızda Azərbaycan Demokratik Respublikasının tarixi hələ öz obyektiv qiymətini tapmamışdır. Məncə, heç kəs bu hökumətin burjua-mülkədar mahiyyətini inkar etmək, onu yaxşı məziyyətlərlə bəzəmək fikrində deyildir. Lakin tarixi həqiqət tələb edir ki, onun yaranmasının, fəaliyyətinin, daxili və xarici siyasətinin şərhində birtərəflilik aradan qaldırılsın, hər şey açıq-aydın, dərindən təhlil edilsin. Azərbaycan Demokratik Respublikasının dövlət strukturu, onun mərkəzdə və yerlərdə orqanlarının, xüsusən parlamentinin tərkibi və fəaliyyəti hərtərəfli işıqlandırılmalıdır”.

Milli dirçəliş və milli əhvalın yüksəlməsinin təntənəsi idi ki, Topxanada bir ağacın kəsilməsi haqqında “Kommunist”in yaydığı xəbər xalqı Azadlıq (onda Lenin) meydanına toplaya bilmişdi və o hərəkat xalq gücünün və birliyinin nəyə qadir olduğunun göstəricisi idi. Amma sütunları laxlayan imperiya heç də 70 ildə qazandıqlarını asanca vermək niyyətində deyildi. 1990-cı ilin qanlı 20 Yanvarı da keçmiş SSRİrəhbərliyinin Azərbaycanla bağlı apardığı siyasətin qanla yazılan yeni bir  tarixi idi. 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə sovet ordusu Ermənistanın təcavüzündən və keçmiş SSRİ rəhbərliyinin ermənilərə havadarlığından hiddətlənən, Bakının küçələrinə və meydanlarına çıxaraq buna öz qəti etirazını bildirən xalq kütlələrinə qarşı hərbi əməliyyatlara başladı.Yanvarın 19-da Azərbaycan televi­ziyasının enerji bloku partladılmış, respublika televiziyası və radiosunun verilişləri tamamilə kəsilmişdi. Kütləvi informasiya vasitə­lərinin fəaliyyəti dayandırılmış, xalq informasiya almaq hüququndan məhrum edil­miş­­di. Azərbaycan KP MK-nın rəsmi orqanı olan "Kommunist” qəzetinin növbəti sayı 18 yanvardan sonra bir də 27 yanvar 1990-cı ildə nəşr olunmuşdu. Qəzet doqquz gün çap edilmə­miş, bu müddətdə 20 Yanvar faciəsi barədə xalqa heç bir rəsmi məlumat verilmə­mişdi.

Faciənin miqyası ilə bağlı ilk xəbər verən "Kommunist” qəzeti­nin əlavəsi "Səhər” qəzeti idi. Baş redaktorun müavini Məzahir Süley­manzadə yazırdı: “Kommunist” qəzetinin kağız ehtiyatından yararlanmaqla 2 milyon tirajla nəşr olunan “Səhər” dinc əhaliyə açılan atəşləri, uşaqların, qadınların və yaşlıların meyitləri əks olunmuş fotoları dərc etməklə əhalini informasiya blokadasından azad etdi”. Amma SSRİ yaşamaqda idi. “Kommunist” qəzeti 1990-cı ilin iyulunda çağırılan Sov.İKP-nin XXVIII qurultayının yeni “ideallarını” cəmiyyətə təqdim edirdi. Şübhəsiz ki, bu qurultaya həvəslə gedən Azərbaycan kommunistləri bu kimi “idealları” dəstəkləməkdə olsalar da, baş verənlərə etirazlarını da gizlətmirdilər. Hətta qurultay nümayəndəsiZ. Verdiyeva“Kommunist” qəzetinin13 iyul 1990-cı il sayında “...prezident hakimiyyətini təsis etmək ideyasını irəli sürəndə bunu onunla əsaslandırdılar ki, yeni hakimiyyət formasına daha böyük dinamik qətiyyət, operativlik vermək lazımdır. Bizə elə gəlir ki, məhz bu mənada prezident hakimiyyəti açıq-aşkar özünü büruzə vermir. Qonşu respublikada qəsbkarlıq niyyətləri güdən, konstitusiyaya zidd ordu təşkil edilməsini necə başa düşmək olar?! Ölkənin hər hansı sakini cib bıçağı üstündə soyuq silah gəzdirmək adı ilə məhkum edildiyi halda bu terrorcu təşkilatın gücü və qüdrəti mərkəzi televiziya ilə nümayiş etdirilir, hətta bəzi qəzetlərdə təriflənir” deyə bildirirdi. “Kommunist” qəzetinin qurultayın gedişindən materiallar hazırlamaq üçün Moskvaya ezamiyyətə göndərilmiş müxbiri Elman Qədirov “Kremlin təzadları” məqaləsində yazırdı: “Qurultay qalın meşədə kompassız hərəkət edən yolçuya bənzəyir. Gah işıq gələn tərəfə gedir, gah tüstü çıxan tərəfə. Düzgün yol isə hələ tapılmayıb”.

            Azərbaycan Kommunist Partiyasının yeniləşdirilməsi yolu ilə respublikanın siyasi və iqtisadi inkişafının yeni səviyyəyə yüksəldilməsini “təmin edəcək” Azərbaycan kommunistlərinin XXXII qurultayında Sov. İKP qurultayının yekunları və respublika partiya təşkilatının təxirəsalınmaz vəzifələrindən danışan Azərbaycan KP MK-nın birinci katibi A.Mütəllibovun çıxışı Sov.İKP Nizamnaməsinə sadiqlik nümayiş etdirməkdə idi . Amma qəzetin dərc etdiyi bir sıra məqalələrin məzmununa diqqət edəndə başqa mənzərəyə də şahidlik edirik. Bu sırada kommunist rejiminin tədqiqatçılarından, rəhbər vəzifələrdə çalışmış tarix elmləri doktoru Kamran Rəhimovun məqaləsi diqqət çəkir: “Bəzən bizi işin düz getməməsində, cəsarətsizlikdə, ikili mənəviyyatda təqsirləndirirlər. Əlbəttə, söhbət kimin haqlı, kimin haqsız olduğundan getmir. Onu demək lazımdır ki, onillərlə biz yalan və qorxu şəraitində yaşamışıq. Sosializm haqqında Lenin nəzəriyyəsinə yenidən baxılmalıdır”.

Göründüyu kimi, günün “yenidənqurmasına və yeniləşməsinə” bəraət qazandırmaq niyyəti ilə kommunist rejiminin dünəninə qiymət verən kommunist müəlliflər bəzən bilərəkdən, bəzən də bilməyərəkdən rejimin mahiyyətini ortaya qoyurlar. Bu kimi yazılarla yanaşı, milli ruhun və milli tarixin yüksəlişini təbliğ edən, tariximizin şərəfli səhifələrini gündəmə gətirən məqalə və yazıların sayı da onlarca olmuşdur. “Azərinform”un böyük qardaşı”, “Azərbaycan Demokratik Respublikası”, “Demokratik respublikaya həsr edilir”, “Təkamül” qəzetinin baş redaktoru, “Beş hürriyyət”, “Xatirə lövhəsi açılmışdır. Respublika Azərbaycan milli dövlət quruluşunun dirçəliş gününü bayram edir”, “Böyük Əkinçi. Yaxud unudulmuş Həsən bəy Zərdabi”, “Tağıyev H.Z.: sahibkar, mesenat. Tarix elmləri doktoru Marat Allahverdiyevin kitabı haqqında”, “Azərbaycan xanlıqları. Dəyirmi masa”, “Folklorumuzun fədailəri”, “Orta əsr Azərbaycan dövlətləri. Dəyirmi masa” və s. Bu yazılar milli tariximizin uzun illər qadağalar qoyulduğu mövzulardandır. Əslində, onların məzmun və mənasına, bir də müəlliflərinə diqqət edəndə görünür ki, xalqın ziyalıları, alimləri çox şeyləri bilirmiş. Sadəcə, həqiqətlərin söylənməsi mümkün olmayıb, olanlar da ciddi senzura nəticəsində həyata vəsiqə ala bilməmişdir.

            Təbii ki, milli mücadilənın güclənməsi Azərbaycan mətbuatında daha çox Türkiyə ilə əlaqəli yazıların artımı ilə də müşayiət olunmaqda idi. Ölkə mətbuatı üçün Türkiyə mövzusu bir nömrəli məsələ kimi diqqəti cəlb etməkdə idi.  Mətbuat yeni mövzular ortaya qoysa da, hələ də bütün nəşrlər dövlətə bağlı idi, yəni nəşr olunan qəzet və jurnallar mütləq mənada hansısa bir dövlət təşkilatının nəşri kimi təqdim olunurdu. O, başqa məsələ idi ki, bu nəşrlərdə yeni əhvali-ruhiyyənin, milli çağırışların özünə yer tapması həm dövrün tələbi, həm də vətənpərvərlik mövqeyi idi. Deyək ki, “Gənclik-Molodost” (baş redaktor Məmməd İsmayıl) respublika Komsomolunun jurnalı olsa da, ətrafında milli ruhlu müəllifləri toplamaqla cəmiyyətin aparıcı gücü olan böyük bir gənclik ordusunu birləşdirməkdə idi. Yaxud “Vətən” cəmiyyətinin (sədr Elcin Əfəndiyev) nəşri olan “Odlar yurdu” qəzeti (redaktor Ramiz Əskər) dünya azərbaycanlılarının birliyinə çağırışları ilə ən qatı müxalifətin mövqeyindən də ciddi çağırışlar səsləndirməkdə idi. Bu kimi meyillər partiya-sovet mətbuatının dəsti-xəttində və mövzu seçimində də özünü göstərməkdə idi.

Bu baxımdan ölkənin baş mətbu orqanı “Kommunist” qəzetinin müstəqillik ərəfəsində nəşr olunan saylarında Türkiyə ilə bağlı məqalələrin araşdırılmasında ilkin qənaətimiz bu oldu ki, müstəqillik ərəfəsində qəzetdə Türkiyə mövzusu aktuallıq baxımından diqqəti cəlb etdiyi kimi, həm də xarici ölkə həyatından dərc edilən məqalələr sırasında kəmiyyət etibarı ilə ən çox diqqət çəkənidir. Az bir zaman kəsiyində bu mövzuda dərc edilən yazıların sayı kiyayət qədər çoxdur: iki ildə (1990 və 1991-ci illər) 350-yə qədər yazı. Mövzu və janr rəngarəngliyi ilə seçilən bu yazılar təkcə statistikası ilə yox, həm də müəlliflərin hiss və duyğularının türk dünyasına doğmalığı ilə maraq oyada bilir. Hətta bu mövzuda təqdim olunan rəsmi xəbərlərdə belə bunları sezməmək mümkün deyil. Bəzi məqalələrin adları da deyilənləri təsdiq edir: “Əlaqələr möhkəmlənir”, “Gör-götür dünyası”, “Türkiyədən qardaş yardımı”, “Azərbaycan–Türkiyə: əməkdaşlığın uzaq və yaxın üfüqləri”, “Türkiyəni heyran qoydular”,“Qoşa qanad”, “110 gün Türkiyədə”,“Məramımız eynidir”, “Yeni münasibətlər mərhələsi: Türkiyə prezidenti T.Özalla müsahibə”, “Türkiyə Respublikasının baş konsulu qəbul edilmişdir”, “Azərbaycan və Türkiyə prezidentlərinin söhbəti”və s.

 Türkiyə ilə yenicə qurulmaqda olan əlaqələr haqqında olan bu məqalələrin mövzusuna və yaxud janr xüsusiyyətlərinə diqqət edəndə görünür ki,  məsələyə daha çox siyasi anlamda dəyər verilmiş, hətta rəsmi səfərlər daha çox əhatə edilən mövzulardan olmuşdur. Qardaş Türkiyənin adının keçdiyi və mətbuatda dərc edilən bu yazılar, janrından, üslubundan, mövzusundan asıı olmayaraq, uzun illər ayrı düşmüş xalqlarımızın milli mədəni bağlılıqlarını ortaya qoyan nümunələrdir. Burada təkcə ayrı-ayrı fərdlərin yox, yaşından və zümrəsindən asılı olmayaraq bütün xalqın, eləcə də müstəqillik əldə etməyə hazırlaşan (əslində, o vaxtlar buna inananlar çox az idi) Azərbaycan dövlətinin, amma daha çox xalqlarımızın doğma münasibətlərinin ifadəsi və tərənnümü hiss olunmaqdadır. Əslində mətbuatın yaratdığı bu mənəvi körpü gələcək əlaqələrin qurulmasında təməl kimi də qəbul edilə bilər. Ola bilsin ki, hansısa bir məsələdə odövrkü hakimiyyətin mövqeyində xalqın fikirləri ilə müəyyən ayrılıqlar olsun və sonralar göründü ki, bu, var idi. Amma Türkiyə və xalqlarımızın birliyi məsələsində belə bir fakt diqqətdə olmasa da, olanlar da elə ciddi və prinsipial mövqe nümayişi olmadığından heç vaxt gündəmə təsir etməmiş və ciddiliyi ilə də gündəmdə olmamışdır.

Azərbaycanın SSRİ-nin tərkibində olduğu illərdə Türkiyə rəsmilərinin – dövlət və hökumət adamlarının Moskvaya rəsmi səfərləri çərçivəsində, birmənalı olaraq, Azərbaycana səfərlər də planlaşdırılmış və demək olar ki, bu səfərlər uğurla baş tutmuşdur. Keçən əsrin 60-cı illərindən başlayan bu səfərlərdə Bakı ziyarətləri də önəmli yer tutmaqla, təkcə ümumittifaq deyil, eləcə də respublika mətbuatının işıqlandırdığı mövzulardan olmuşdur. Düzdür, respublika mətbuatı və onun baş orqanı olan “Kommunist” qəzeti bu məsələləri müəyyən qadağa və hədlər çərçivəsində işıqlandırsa da, hər halda, rəsmi xarakterli bu təqdimatların özündə belə dostluq, qardaşlıq münasibətlərindən doğan mənəvi bağlılıqları asanca görmək olur. Azərbaycanın müstəqilliyi ərəfəsində isə bu münasibətlərdə daha ciddi yaxınlaşmalara və əlaqələrin genişlənməsinə şahidlik edirik. Türkiyənin Moskvadakı fövqəladə və səlahiyyətli səfiri V.Vuralın 16 yanvar 1991-ci ildə, ardınca Türkiyə prezidenti Turqut Özalın 13 mart 1991-ci ildə Moskva, sonra da Bakı səfərləri və Bakıda Türkiyə konsulluğunun fəaliyyətə başlaması, baş konsulun Azərbaycanın dövlət başçısı tərəfindən qəbulu Azərbaycan–Türkiyə münasibətlərində yeni mərhələnin başlandığının müjdələri idi. Göründüyu kimi, artıq bu məsələ dövlətlərarası münasibətlərdə də özünü göstərir və siyasi dairələrin gündəmini müəyyən edirdi.

Təbii ki, burada milli-tarixi bağlılığın və qardaşlıq çağırışlarının rolu danılmaz olduğu kimi, təsiri də qaçılmaz idi. Hətta Azərbaycana vaxtilə – XX əsrin əvvəllərində edilən hərbi kömək, Nuru Paşanın rəhbərliyi ilə Qafqaz İslam Ordusunun tarixi xilaskarlıq missiyası 80-ci illərin sonunda və 90-cı illərdə uşaqdan-böyüyədək, az qala, hər kəsin danışdığı və qardaş Türkiyədən umduğu böyük köməyin bir nömrəli mövzusu idi. Amma xalqdan uzun illər gizlədilən və ya işğal tarixi kimi anladılan bu tarixin kökündə nələrin dayandığını bəzi siyasətçi və tarixçilərdən başqa dərindən bilən yox idi. Ona görə ki, sovet təbliğat sistemi Azərbaycan–Türkiyə münasibətlərinin bütün tərəflərini “ustalıqla” təhrif etmiş, bu sahədə bütün imkanlardan bəhrələnmişlər. Hətta erməni-bolşevik basqıları önündə qırğınlara məruz qalıb, az qala bir millət kimi varlığını itirmək təhlükəsi ilə üzləşəndə Azərbaycan türklərinin çağırışı ilə köməyə gələn Osmanlı ordusu və Azərbaycan könüllülərinin yaratdığı İslam Ordusu işğalçı və təcavüzkar kimi dəyərləndirilmiş, bu iftiralara etiraz edənlər isə repressiya qurbanları olmuşlar.

            Şübhəsiz ki, cəmiyyətin ictimai-siyasi həyatında baş verən qabarma və çəkilmələr milli mətbuatımızın diqqətində olmaqla, onların dövriliyinə, məzmun və ideya qayəsinə də təsirsiz ötüşməmişdir. “Kommunist” qəzetinin tarixinə nəzər salanda da bunları rahatca görürük. 1919-cu ildən fəaliyyətə başlayan qəzet 1991-ci ilin 24 avqustunadək “Kommunist” adı ilə çıxmışdır. 1990-cı il noyabrın 29-na kimi Azərbaycan KP MK-nın, Azərbaycan SSR Ali Sovetinin və Nazirlər Sovetinin orqanı, 1990-cı il dekabrın 1-dən 1991-ci il avqustun 28-dək Azərbaycan KP MK-nın mətbu orqanı olmuşdur. 1991-ci il avqustun 28-dən “Xalq qəzeti” adı ilə nəşr olunmaqdadır.Uzun illər boyu Azərbaycan KP MK-nın, Azərbaycan SSR Ali Sovetinin və Nazirlər Sovetinin orqanı kimi nəşr edilmiş “Kommunist” xalqımızın həm böyük uğurlarla, həm də hədsiz çətinliklər və faciələrlə müşayiət edilən həyat yolunun güzgüsü olmuşdur. Keçən əsrin 20-30-cu illərinin gərgin ictimai-siyasi mühiti, SSRİ xalqlarının tarixinə repressiya və heç bir haqqı olmayan qırğınların tarixi kimi – 37 rəqəmi ilə daxil olmuş dövrün haqsızlıqları, Böyük Vətən müharibəsi və faşizm üzərində qələbə, qələbədən sonrakı bərpa və quruculuq işləri, 70-ci illərdə iqtisadiyyat və mədəniyyət sahəsindəki uğurlar, respublikamızın tərəqqisi ilə bağlı hadisələr, sonrakı ziddiyyətli zaman kəsiyində baş verənlər bu qəzetin səhifələrində geniş əks olunmuşdur.“Xalq qəzeti”nin (“Kommunist” qəzeti)1994-cü il avqustun 26-da işıq üzü görmüş sayında qəzetin baş redaktoru professor Tofiq Rüstəmov “Tarixi reallığın güzgüsü” adlı məqaləsində yazırdı: “...Həmin dövrlərdə qəzet kommunist ideologiyasının təbliğatçısı olmuş, kommunist partiyalılığı mövqelərindən çıxış etmişdir. Bununla yanaşı, bütövlükdə Azərbaycan mədəniyyətinin, xüsusilə xalq maarifinin, ədəbiyyat və incəsənətimizin, milli ədəbi dilimizin inkişafında “Kommunist”in xidməti inkar edilə bilməz”.

Daha önəmli bir məsələ Ulu Öndərin mətbuata, eləcə də “Kommunist” –“Xalq qəzeti”nə verdiyi dəyərlə əlaqədardır. Qəzetin ilk nömrəsinin çapdan çıxmasının 75 illiyi ilə əlaqədar Heydər Əliyevin “Xalq qəzeti” redaksiyasının kollektivinə ünvanladığı və qəzetdə dərc olunan məktubunda deyilirdi: “Xalq qəzeti” mənalı yaradıcılıq yolu keçmiş, özünəməxsus üslub və sənətkarlıq xüsusiyyətləri olan nəşrlərimizdəndir. Uzun müddət “Kommunist” adı ilə nəşr edilən bu qəzet bütün sovet dövrü ərzində Azərbaycanın ictimai, iqtisadi və mədəni həyatının güzgüsü olmuşdur”.

 

 

Namiq ƏHMƏDOV

Əməkdar jurnalist

 

525-ci qəzet.- 2019.- 28 avqust.- S.6.