"Azərbaycan-Çin əlaqələri
sıçrayışla inkişaf edib"
Aqşin Əliyev:
"Çinli Azərbaycanşünaslar Yetişdirmək
İstəyirik"
Müsahibimiz - Çin Xalq Respublikasında yaşayan azərbaycanlı
alim Aqşin Əliyev 1983-cü ildə Neftçala rayonunda
doğulub. Orada 3 nömrəli məktəbi bitirib, 2000-ci ildə
Azərbaycan Dillər Universitetinə daxil olub.
İngilis
dili və regionşünaslıq ixtisasında bir il oxuduqdan sonra Çin Xalq Respublikasında təhsil
üçün təqaüd qazanıb.
2001-ci ildən 2016-cı ilə kimi Çində təhsil
alıb. Hazırda filologiya üzrə fəlsəfə
doktoru, Pekin Xarici Dillər Universiteti Asiya-Afrika fakültəsinin
Azərbaycan dili kafedrasının yaradıcısı və
müdiridir.
Çin Sosial Elmlər Akademiyasının (ÇSEA)
Çin mədəniyyəti üzrə tədqiqatlar mərkəzində
dəvətli alim kimi də fəaliyyət göstərir.
-
Aqşin müəllim, necə oldu ki, yollar sizi Çinə
apardı?
- Yəqin
ki, sırf təsadüfən. O illərdə Çində
oxumaq çoxları kimi, mənim də ağlıma gəlməzdi.
Çinə qəbul elan olunarkən
düşünmədən sənədlərimi verdim. Məqsədim xaricdə oxumaq idi.
İxtisasımı dəyişmədim, amma istiqamətimi dəyişdim:
ingilis dilini Çin dilinə dəyişdim.
-
Çindəki ilk vaxtlar maraqlıdır. Necə
adaptasiya oldunuz?
-
Düşünürəm ki, ətraf mühitdən çox
şey asılıdır. Harda təhsil
almağının fərqi yoxdur. Çindəki
ətraf mühitim mənim sürətlə adaptasiya
olmağıma təsir elədi. Adətən,
Çində dünyanın bütün ölkələrindən
gəlmiş əcnəbilər bir yerdə təhsil
alırlar. Və bu 200-dən artıq
ölkədən gəlmiş tələbə 200-dən
çox mədəniyyət deməkdir. Çin
kimi qədim bir mədəniyyətə sahib ölkədə
yaşayırıq. Onu da öyrənirik.
Nəticədə hər kəsdən yeni bir
şey öyrənirsən və öz milli adət-ənənəni,
ölkənə xas xüsusiyyətləri də
çatdırmağa çalışırsan. Beləcə qarşılıqlı təmas
yaranır və bu da adaptasiyaya çox kömək edir.
Mənim heç yadıma gəlmir ki, nə
zaman öyrəşdim ora. Elə bilirəm,
ilk getdiyim gündən öyrəşmişəm.
- İlk illərdə müşahidələriniz nələr
oldu? Azərbaycanla müqayisə edirdinizmi?
- İlk növbədə hamı kimi mənim də
Çinlə bağlı gözləntilərim fərqli idi. Şanxay
şəhərində təhsil almışam. Şanxay dünyanın ən böyük beynəlmiləl
şəhərlərindən biridir. Mənim
orda ilk gördüyüm sürətli inkişaf oldu. Xüsusən bu inkişaf Şanxay kimi böyük
şəhərdə daha tez nəzərə
çarpırdı. Azərbaycana qalanda,
tanıyan demək olar ki, yox idi. Ancaq
yüksək savada malik ziyalı şəxslər ölkəmiz
haqqında ümumi biliklərə sahib idilər. Amma artıq 20 ilə yaxın zaman keçib və
ölkəmiz dünyada sürətlə tanınmağa
başlayıb, öz inkişafı ilə diqqətləri
üzərinə çəkib. Eləcə
də Çinlə əlaqələri
sıçrayışla inkişaf edib. Fərqlərə
gəlsək, iki ölkə arasında bütün sahələrdə
fərqlər var. Adətlərdə, insanların həyat tərzlərində
yaşayışında və sair fərqlər var. Amma
oxşarlıqlar da yox deyil. Çinlilər
də qonaqpərvər, adətlərinə sahib
çıxan, gülərüz, zəhmətkeş,
mühafizəkar millətdir. Düşünürəm
ki, bunlar bizi yaxınlaşdıran xüsusiyyətlərdir.
Necə olsa da, şərqliyik və Şərq
ünsürləri ikimizdə də özünü göstərir.
- Sonra isə
vətənə qayıtmadınız...
- Xeyr,
yalnız tətillərdə (gülürük). Düşündüm ki, orada Azərbaycan
üçün daha xeyirli işlərlə məşğul
olacağam.
- Təhsiliniz
necə oldu?
- 4 il bakalavr, 3 il magistr, 5 il doktorantura, 3 il
post-doktorantura. Magistrda oxuyarkən artıq
işləyirdim. Əsas işlərim elm
sahələrində olub. Tərcüməçi
işləmişəm, məktəblərdə dərs
demişəm, hazırda da universitetdə
çalışıram.
- Orada Azərbaycan dili kafedrası ehtiyacı hardan
yarandı?
-
2013-cü ildə Çinin prezidenti Si Cinpin qədim İpək
yolunun bərpasıyla bağlı təşəbbüs irəli
sürdü. "Bir kəmər bir yol"
adlanan bu təşəbbüs təkcə ticari-iqtisadi sahəni
əhatə etmirdi, eyni zamanda mədəni-humanitar, elm sahəsindəki
əlaqələri gücləndirməyi özündə
ehtiva edir. Bu da Qədim İpək Yolunun
üzərində yerləşən altmışdan çox
ölkəni əhatə edir. Onlardan biri də
Azərbaycandır. Bu, sırf Çin
dövlətinin təşəbbüsüdür. Məni də mütəxəssis kimi dəvət
etdilər ki, bu kafedranı yaradım.
- Necə
fəaliyyət göstərirsiniz?
- 2017-ci
ilin fevralın 28-dən ilk dəfə olaraq bütün
Çində Azərbaycan dili üçüncü dil kimi tədris
olunmağa başladı. Tələbələr
bu fənni azad seçim əsasında öyrənirdilər.
Üç semestr Azərbaycan dili tədris
olundu. Hər semestr demək olar ki, əsasən
çinlilərdən ibarət 20-22 tələbə bu fənni
seçirdi. Amma xarici tələbələr
də vardı. 2018-ci ildə Çində
ümumrespublika qəbul imtahanı ilə Azərbaycan dili
ixtisasına qəbul elan olundu və 10 çinli tələbə
buraya qəbul oldu. Onların bakalavr təhsili
Azərbaycan dilində olacaq ki, bu da Çində ilk hadisədir.
Hətta nəinki Çində, Asiya məkanında
birinci hadisədir. Azərbaycanın elm, təhsil,
dövlət adamları tez-tez universitetimizi ziyarət edir,
bütün universitet tələbələri
üçün mühazirələr oxuyur, tələbələrimlə
fikir mübadiləsi aparırlar. Bu
xüsusda mən Azərbaycanın Çindəki səfiri cənab
Əkrəm Zeynallının dəstəyini xüsusi olaraq
vurğulamaq istərdim.
- Çinlə Azərbaycanın indiki əlaqələrini
necə qiymətləndirərdiniz?
- Son bir
neçə ildə Azərbaycan Prezidentinin Çinə 3 səfəri
olub ki, biri dövlət, ikisi işgüzar xarakterlidir. Bundan əlavə də yüksək səviyyəli
çoxlu səfərlər olur. Bütün
bunlar iki ölkə arasında təkcə iqtisadi, siyasi,
ticari əlaqələrin yox, humanitar əlaqələrin də
intensivləşməsinə təsir göstərir. Özüm də tərkib hissəsi olduğumdan, əlbəttə,
təhsil və elm sahəsindəki əlaqələri daha
aydın görürəm. Müqayisə
olunmaz dərəcədə əlaqələr sürətlə
inkişaf edib. Səfirliyimizin də apardığı məqsədyönlü
iş nəticəsində humanitar sahədə də əlaqələr
genişlənib. Məsələn,
on il öncə Çində Azərbaycan
haqqında çox məhdud sayda kitaba, mənbəyə rast
gəlirdik. İndi isə kitabxanalarda, elmi databazalarda Çin
dilində Azərbaycanla bağlı materiallar var. Eyni zamanda Azərbaycanşünas
alimlər ortaya çıxmağa başlayır, beyin mərkəzləri
Azərbaycanla bağlı tədqiqatlar aparır və Azərbaycanın
müvafiq qurumlarıyla daha dərin əməkdaşlığa
maraq göstərirlər. Mənim
hazırkı on tələbəm isə Çinin ilk
ixtisaslaşmış Azərbaycanşünasları olacaqlar.
Bu, mənim ən ali məqsədimdir.
- Ölkə
xaricində, xüsusən Çində təhsil alan bir tələbə kimi sizə vətəndə
münasibət necə idi?
-
Münasibət çox yaxşı. İstənilən
qurumdan müsbət münasibət görmüşəm.
Mən oraya qəbul olanda dövlət cəmi
dörd nəfərə təqaüd verirdi. İndi o rəqəm 75 olub. O dövrdə
öz hesabına Çində təhsil alan
demək olar ki, yox idi. Amma bu gün Çinin universitetləri
dünyanın top yüzlüyünə daxil olur. İndi isə öz hesabına təhsil alanların
sayı çoxdur. Bu da onu göstərir
ki, əlaqələr sürətlə inkişaf edir və
çinşünas kadrlara ehtiyac var. Çində bu qədər
təhsil alanlara rəğmən əmək bazarında hələ
də çatışmazlıqlar mövcuddur.
- Çində Azərbaycan diasporası varmı?
- Çinin qanunlarına görə orada diaspora cəmiyyətləri yoxdur. Amma azərbaycanlılar kifayət qədər aktivdirlər. Hamını birləşdirəcək təşkilatımız olmasa da, səfirliyimiz var. Demək olar ki, bütün böyük şəhərlərdə azərbaycanlılar var. Amma əsas hadisələr Pekində baş verir və burada Azərbaycanla bağlı bütün hadisələrdə, tədbirlərdə soydaşlarımız yaxından iştirak edirlər. Diaspora adı altında təşkilat yaratmaq olmasa da, qabaqcıl gənclərlə birlikdə bir elmi təşkilat yaratmışam: Çin Azərbaycanlı Gənclərinin Elmi Asossasiyası. Hazırda fəaliyyətdədir. Yaxşı, bilikli və vətənpərvər gənclərimizdən ibarət komandamız var. Komanda Azərbaycanın Çində elmi yolla təbliğatına xidmət edir. Özü də təmənnasız şəkildə.
- Tələbələrinizə ədəbiyyatımızı təbliğ edirsinizmi?
- Onlar üçün 3-cü kursda Azərbaycan ədəbiyyatı fənni nəzərdə tutulub. Amma birbaşa ədəbiyyat keçməzdən öncə tələbələrə Azərbaycanla bağlı ümumi bilgilər vermək lazımdır. Ona görə keçən semestr Azərbaycanşünaslıq fənnini tədris etmişəm ki, bu da özündə ədəbiyyat da daxil olmaqla Azərbaycan haqqında ümumi bilikləri birləşdirir. Mən tələbələri ruhlandırıram ki, müstəqil araşdırma aparsınlar. Onlara azadlıq verirəm. Məsələn, Azərbaycanşünaslıq fənninin sonunda sərbəst mövzu seçib tezis hazırlamaqlarını istədim. Yarısı ədəbiyyata müraciət etdi. Ancaq çətinlik odur ki, Çin dilində Azərbaycan ədəbiyyatına aid çox cüzi nümunələr var. Bu dili təzə öyrənən tələbə üçün də ədəbiyyatı orijinal dildə oxumaq çətindir. Amma 3-cü kursa çatanda dili ədəbiyyatı oxuyub sərbəst analiz edəcək səviyyədə öyrənəcəklər. Keçən il akademik İsa Həbibbəyli tələbələrim üçün Azərbaycan ədəbiyyatıyla bağlı geniş bir məruzəylə çıxış elədi, eyni zamanda bir məqaləsi universitetimizin elmi jurnalında dərc olundu. Onun da çox böyük köməyi oldu. Beləcə onlar mənə gözlədiyimdən yüksək keyfiyyətdə tezislər verdilər. Mən o tezisləri müvafiq Çin elmi jurnallarında dərc etdirməyi planlaşdırıram. Bu semestr Azərbaycan tarixi fənnində də mən onlara sərbəstlik verdim, Azərbaycan mədəniyyəti tarixinə də müraciət edə biləcəklərini tövsiyə etdim. Yenə də ədəbiyyata müraciət edənlər oldu. Əsasən də Nizami Gəncəvinin yaradıcılığına. Çünki Nizaminin əsərlərinin bəziləri vaxtilə Çin dilinə tərcümə olunub. Tələbələrdən biri Nizami şeirlərinin strukturu ilə Çin şeirlərinin strukturunu müqayisə etdi. Çox maraqlı tezis idi, ən yüksək balı da o aldı. Üçüncü kursda isə onların Azərbaycan ədəbiyyatı fənnini Azərbaycanda öyrənmələri nəzərdə tutulur. Bu işdə bizə Azərbaycanın bir çox təhsil və elm ocaqları, eləcə də dövlət qurumları dəstək verir. Heydər Əliyev Fondu, AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu, Prezidentin İşlər İdarəsi, Azərbaycan Dillər Universiteti, Bakı Dövlət Universiteti, Pekindəki səfirliyimiz bizə tez-tez kitablar hədiyyə edirlər. Bizim Azərbaycan dilində ədəbi və elmi əsərlərə böyük ehtiyacımız var. Kitablar müəyyən saya çatdıqdan sonra biz universitetin kitabxanasında "Azərbaycan" rəfi yarada bilərik.
- Gələcəklə bağlı danışaq: planlarınızda nələr var?
- 2001-ci ildən - Çinə gedəndən mən təhsil, elm sahəsindəyəm, gələcəkdə də özümü orada görürəm. Amma mənim hazırki məqsədim həmin 10 tələbədən Azərbaycan mədəniyyətini sevən yüksək ixtisaslı Azərbaycanşünaslar yetişdirməkdir. Bu da çox çətin bir prosesdir. Çünki Azərbaycanla bağlı resurslar, dərsliklər çox məhduddur. Məqsədim yaxın 5 ildə Azərbaycan dili kafedrasını dərsliklərlə, lüğətlərlə təmin etmək, Azərbaycan ədəbiyyatıyla və tarixiylə bağlı Çin dilində fundamental əsərlər ortaya qoymaq və bundan sonra gələcək tələbələr üçün münbit bir təhsil şəraiti yaratmaqdır. Hazırda akademik İsa Həbibbəyli ilə birlikdə 21-ci əsr Azərbaycan ədəbiyyatı ilə bağlı Çin dilində kitab üzərində işləyirik. Amma ədəbiyyatımızın dövrləşdirilməsiylə bağlı bir kitab da hazırlamalıyıq. Bundan əlavə bayaq adını çəkdiyim bir neçə layihələr həyata keçiririk. "Azərbaycanı tanıyaq" adlı məqalələr toplusu hazırlayırıq. Buradakı məqalələr Azərbaycanın müxtəlif sahələrini əhatə edir. Çincə-Azərbaycanca lüğət hazırlayırıq. "Nəsimi ili"nə töhfə olaraq Pekin Xarici Dillər Universitetində Azərbaycan dili və ədəbiyyatı sərgisi keçirəcəyik. Gələn ilin mart ayında isə Çin I Azərbaycanşünaslıq Elmi Konfransının keçirilməsi nəzərdə tutulur. Əlbəttə, bütün bunların həyata keçirilməsində Çin və Azərbaycanın müvafiq qurumlarının eləcə də tələbələrimin dəstəyi çox vacibdir.
Şahanə
MÜŞFİQ
525-ci qəzet.- 2019.- 28 avqust.- S.4.