Seyfəddin Dağlı: şəxsiyyət kimi təkrarsız, yazıçı kimi unudulmaz

 

 

Görkəmli yazıçı-satirik, şair, jurnalist, tərcüməçi dramaturq Seyfəddin Dağlı (Seyfəddin Əliağa oğlu Abbasov) 27 avqust 1921-ci ildə Azərbaycana Cəfər Cabbarlı, Mikayıl Muşfiq, Cabir Novruz, Zeynəb Xanlarova, Şəfiqə Eyvazova kimi söz sənət ustalarını bəxş etmiş Xızıda anadan olub.

Tale ailənin ilki olan Seyfəddinə elə dünyaya gözünü açandan xoşagəlməz sürpriz hazırlamışdı. On üç günlük olanda Qəmər xanımın vaxtsız ölümü onu birdəfəlik ana nəvazişindən məhrum etdi. Atası dövlət qulluğunda çalışdığından, müxtəlif rayonlarda işləməli olurdu. Ona görə babası Bəhlul kişinin himayəsində böyüdü. Bəhlul kişi savadsız olsa da, işgüzarlığı, əliaçılığı, insanpərvərliyi ilə Xızıda böyük hörmət sahibi idi. Nəvəsinə yaxşı təhsil vermək arzusu ilə o, tezliklə ailəsi ilə Bakıya köçdü. Qayğıkeş, mehriban baba sevimli nəvəsindən heç nəyi əsirgəmir, hər bir istəyini həyata keçirməyə çalışırdı. Bakıda gələcək yazıçı məktəbə getdi, sonra Sənaye texnikumuna daxil oldu.

Seyfəddin Abbasov yaradıcılığa məktəbdə oxuyarkən şeir satirik hekayələrlə başladı. Sənaye texnikumunda oxuyanda "Kommunist" qəzeti ilə əməkdaşlıq etdi, bu qəzetin ədəbi işçisi, şöbə müdiri, məsul katibi oldu.

Böyük Vətən Müharibəsi başlayanda o, Sovet Ordusu sıralarına çağrıldı ömrünün on beş ilini hərbi xidmətə həsr etdi. "Ordu" qəzetinin ədəbi işçisi, "Diviziya" qəzetinin redaktoru oldu. 1944-1946-cı illərdə Sovet qoşun hissələrinin tərkibində İranda xidmət keçdi.

Seyfəddin Abbasov jurnalistikaya 1938-ci ildə maraqlı felyetonları ilə gəldi. İlk kitabı - "Dəniz kəşfiyyatçısı" - on il sonra, 1948-ci ildə işıq üzü gördü. Onun əsərləri ilk gündən geniş oxucu kütləsinin rəğbətini qazandı. İkinci dünya müharibəsi dövründə felyetonları satirik hekayələri "Vətən uğrunda" jurnalında, "Ədəbiyyat", Təbrizdə çıxan "Vətən yolunda" qəzetlərində çap olunurdu.

S.Dağlı 1952-1956-cı illərə Lenin adına Moskva Hərbi-Siyasi Akademiyasının redaktorluq fakültəsinin müdavimi olub. Orta məktəbi Azərbaycan dilində bitirməsinə baxmayaraq, çalışqanlığının, əməksevərliyinin istedadının sayəsində təhsildə Sovet İttifaqının hər yerindən olan yoldaşlarından geri qalmayıb, əksinə, Akademiyanı əla qiymətlərlə bitirib, hər sahədə yoldaşlarına nümunə olub.

1953-cü ildə böyük dramaturq Cəfər Cabbarlının qızı Gülarə xanımla ailə qurub.

1956-cı ildə Moskvada təhsilini başa vurandan sonra ordu sıralarından tərxis olundu Vətənə qayıtdı. Bakıda o, jurnalist ədəbi fəaliyyətini davam etdirdi. Tezliklə "Dağlı" təxəllüsünü götürdü bu adla yeni yaradıcılıq zirvələrini fəth etdi.

1956-1959-cu illərdə Dövlət radio komitəsinin baş redaktoru, Bakı televiziya studiyasının baş redaktoru, sədr müavini işləyib. Onun rəhbərliyi altında yaradıcı kollektiv çox səmərəli işləyir, yeni-yeni əsərlərlə tamaşaçıların qəlbini fəth edirdi. Azərbaycan televiziyasının fəaliyyətinin ilk illərindəki uğurlu addımlarında Seyfəddin Dağlı böyük pay sahibidir. O, rejissor Rauf Kazımovski rəssam Nəcəfquluy ilə birlikdə "Gəlməli, görməli, gülməli" adlı ilk miniatür teatrı yaratdı. Tamaşaların əsas müəllifləri mahir qələm ustaları Seyfəddin Dağlı Salam Qədirzadə idi. Onların hər ikisi 1960-1970-cı illərin ən yaxşı satirik yazıçıları sayılırdı. Yaratdıqları miniatür teatrın tamaşaları Azərbaycan televiziyasının Qızıl fondunda saxlanılır, bu gün televiziya tamaşaçıları tərəfidən maraqla baxılır. Bu tamaşalarda komediya janrının ən yaxşı aktyorları Əliağa Ağayev, Bəşir Səfəroğlu, Fazil Salayev başqaları çıxış edirdilər.

Seyfəddin Dağlı həmkarlarından özünəməxsus üslubu ilə seçilirdi. Onun yaradıcılığı zəngin çoxşaxəli idi. O, bir çox hekayə, oçerk, povest, romanın müəllifi idi. "Adı sənin, dadı mənim", "Aydınlığa doğru", "Mənziliniz mübarək", "Təzə gəlin", "Kölgələr pıçıldaşır", "Bahar oğlu" romanı (Cəfər Cabbarlının həyatı haqqında), "Məşəl", "Kəcil qapısı", "Sabiqlər" adlı ədəbi şedevrlər yaratdı. Lakin çoxşahəli yaradıcılığında o, satirik-yumoristik janra üstünlük verirdi. Bu sahədə o, müasir Azərbaycan ədəbiyyatının ən görkəmli nümayəndəsi idi. Onun pyesləri Akademik Milli Dram teatrının, Musiqili Komediya Teatrının, Gənc Tamaşaçılar teatrının dəfələrlə səhnəyə qoyulub.

S.Dağlı həm satirik, həm yumoristik povestlər, hekayələr ustası idi. Onun əsərləri oxucuda şüurlu mənalı gülüş yaradır, ona görə onların süjet xətti, quruluşu, ifadə tərzi, dilinin sadəliyi şirinliyi ilə yadda qalırdı. Onun yaradıcılığında məhz satirik axar xüsusilə seçilir. Yazıçının tənqid satira hədəfi müasir cəmiyyətin eybəcərlikləri idi, bütün  qəhrəmanları həyatdan götürülüb. Müəllif tərəfindən yaradılmış hər bir obrazın öz bədii xüsusiyyətləri var bir-birindən xeyli fərqlənir.

Yazıçının fəaliyyətinin ən mühüm mərhələsi "Kirpi" satirik jurnalına rəhbərlik etdiyi dövr olmuşdu. O, 1959-cu ildən 1976-cı ilədək bu jurnalın baş redaktoru kimi fəaliyyət göstərdi. Jurnal zamanın tələbinə uyğun olaraq 1952-ci ildə məşhur "Molla Nəsrəddin" ənənələrinin davamçısı kimi çıxmağa başlayıb. Məhz bu jurnalda işlədiyi illərdə yazıçının istedadı özünü daha parlaq göstərdi. Jurnal bütün respubikada çox populyar idi. Onun əsas prinsipi haqqı, ədaləti müdafiə etmək, cəmiyyətdəki nöqsanları göstərmək, rüşvətxorlara, əliəyrilərə, bürokratlara qarşı mübarizə aparmaq idi. S.Dağlı bu mübarizəni qətiyyətlə aparır, işinin öhdəsindən layiqincə gəlirdi. Gərgin qrafiki, prinsipial mövqeyi, böyük məmur ordusu ilə üz-üzə qalması ona başağrısı gətirirdi. Lakin o, bir dəfə öz prinsipial mövqeyindən çəkilmədi, tutduğu yoldan dönmədi.

Fitri istedadlı insanlar haqqında yazmaq həmişə çətindir. Satira kimi bir əhəmiyyətli janrın istedadları haqqında yazmaq ikiqat çətindir. Əsərləri ilə oxucuları ağlatmağı çoxları bacarır, ancaq onları ürəkdən güldürməyi hər adam bacarmır. Seyfəddin Dağlı bunu çox gözəl bacarırdı. Çünki o, ədəbiyyatımızın, dövrünün yetişdirdiyi nadir istedadlardan idi. Mənim yaxşı yadımdadır, 1960-1970-ci illərdə o, əsərləri ən çox oxunan yazıçılardan biri idi. Məktəblidən tutmuş təqaüdçüyədək onun yeni kitablarını səbirsizliklə gözləyir, kitab mağazalarından, kitabxanalardan onun əsərlərini axtarıb tapır, oxuyur, müzakirə edirdilər. Bu yazıçıya, onun yaradıcılığına olan əsl xalq məhəbbətinin təzahürü, ona verilən ən böyük qiymət idi.

Onunla işləyən, ünsiyyətdə olan insanlar onu məsuliyyətli, sözündə, əməlində dürüst, haqqı nahağa verməyən, işdə tələbkar, eyni zamanda, qayğıkeş bir insan kimi tanıyırdılar. Çalışırdı ki, hamıya kömək etsin, alınmayanda, çox narahat olurdu. Sanki dünyaya hər kəsin qayğısına qalmaq, əziyyət çəkmək üçün gəlmişdi.

Seyfəddin Dağlı öz təkrarolunmaz üslubu ilə Azərbaycan ədəbiyyatının satirik məktəbinin ən yaxşı ənənələrini, Mirzə Fətəli Axundzadə, Cəlil Məmmədquluzadə, Mirzə Ələkbər Sabir kimi böyük söz ustalarının işini davam etdirdi. Onun satirası, yumoru kəskinliyi, sadəliyi və dəqiqliyi ilə seçilirdi, sadə və oxunaqlı idi. O, hər sözü, cümləni yüz dəfə ölçüb-biçərdi.

Yazıçı ailəsini, uşaqlarını çox sevirdi, bütün boş vaxtlarını onlara həsr etməyə çalışırdı. Böyük oğlu Bəhlul sevimli babasının adını daşıyır. İkinci oğlunun adı Altaydır. Sevimli qızı Qəmərə nənəsinin adını qoyub. Qəmər xanım babası Cəfər Cabbarlının Ev-muzeyinin direktorudur. Övladları atalarının xatirəsini çox əziz tuturlar. Ataları ilə Moskvada, Rusiyanın digər şəhərlərində, Pribaltikada, xüsusən Şuşada, İsa bulağında keçirdikləri günləri xiffətlə xatırlayırlar.

İllərin davam edən gərgin rejimi yazıçının səhhətinə pis təsir etmişdi. Yüksək təzyiq, ürək sancmaları onu çox narahat edirdi. 18 yanvar 1983-cü il. Nəhayət, ailə üzvləri, yaxınları onu həkimə getməyə razı saldılar. Tale burada da ona qarşı amansız davrandı. Evdən çıxmaq istərkən ürəyi dayandı. Bir gün əvvəl qızı Qəmərin oğlu anadan olmuşdu. Nəvəsini görmək ona nəsib olmadı. Ülvi də babasının üzünü görmədi. Ancaq o, həmişə Seyfəddin babası ilə fəxr edib. Özünəməxsus şəkildə babasının və ulu babasının xatirələrini əbədiləşdirib. Oğlanlarının adını Cəfər və Seyfəddin qoyub. Balaca Seyfəddinin səkkiz yaşı var. Yəqin ki, o, məşhur babasının işini davam etdirəcək, yarımçıq qalmış yaradıcılıq planlarını tamamlayacaq, ədəbiyyatımıza öz töhfələrini verəcək. Çox yaxşı olardı!..

Elə insanlar var, onların bu dünyadan köçməsi təkcə doğmaları, yaxınları üçün deyil, həm də cəmiyyət üçün böyük itki hesab edilir. Seyfəddin Dağlı belələrindən idi. Özündən sonra onlarla təkrarsız povestlərini, romanlarını, pyeslərini, hekayələrini miras qoydu.

O, insanlarla mehriban ünsiyyət qura, dostluq edə bilirdi. Onun Moskvaya səfərləri, İttifaqın müxtəlif respublikalarından gələn yazıçı və şairlərlə görüşləri əsl bayrama çevrilirdi. Dostları, tanışları, həmkarları onu sevirdilər, ürəyiaçıqlığına, comərdliyinə görə çox hörmət edirdilər. Onu "Krokodil" jurnılının baş redaktoru Manuil Semyonovla, yazıçı, tərcüməçi, azərbaycanşünas İqor Peçenevlə, tərcüməçi-şair Arseni Tarkovski ilə sıx dostluq əlaqələri birləşdirirdi.

Seyfəddin Dağlının əsərləri bir çox dillərə tərcümə olunmuş, müxtəlif ölkələrdə çap edilmişdi. Yazıçının xidmətləri medallara, Azərbaycan SSR Dövlət mükafatı laureatı adına, Azərbaycan SSR Ali Sovetinin Fəxri Fərmanına layiq görülüb. Bakının küçələrindən biri yazıçının adını daşıyır.

Ömrünü ədəbiyyata, oxuculara həsr etmiş insanın əsl mükafatı isə onun yaradıcılığına olan ümumxalq məhəbbəti, kitabları, ölkənin teatrlarında tamaşaya qoyulan pyesləri, "Kirpi" jurnalının bir-birindən maraqlı onlarla nömrəsidir. Qədirbilən Azərbaycan oxucusunun, ədəbiyyatseverlərin, əzizlərinin, dostlarının, tanışlarının yaddaşında bu istedadlı, təvazökar, mehriban, qayğıkeş, səmimi, nəcib qəlbli İnsan həmişə xoş xatirələrlə yaşayacaq.

 

Vəzir QASIMOV

 

525-ci qəzet.- 2019.- 30 avqust.- S.7.