Mühacirət dramaturgiyamızda Abay Dağlı
yaradıcılığının yeri və
rolu
I YAZI
Müasir ədəbi-nəzəri fikrin
aktual sahələrindən,
prioritet istiqamətlərindən
və əsas tədqiqat obyektlərindən
olan Azərbaycan mühacirət ədəbiyyatı
ideya, mövzu baxımından nə qədər zəngin və maraqlıdırsa, janr baxımından da fərqli və rəngarəngdir.
Mövcud ədəbi nümunələr
içərisində poeziya,
nəsr, publisistika, tənqid və ədəbiyyatşünaslıqla bağlı əsərlər
daha çoxdur və bu da
təbiidir. Mühacir həyatından qaynaqlanan
bir sıra problemlər, mövzular və digər amillər qələm sahiblərini məhz bu janrlara daha
çox müraciət
etməyə meylləndirib.
Dram janrının özünəməxsus cəhətləri
bu qəbildən olan əsərlərin kəmiyyət baxımından
mühacirət ədəbi
irsində azlığını
şərtləndirir. Nəşriyyat, təqdimat, auditoriya,
xəbərin, yaxud toxunulan mövzunun operativ çatdırılması
və digər bu kimi problemlərin
təsiridir ki, ümumiyyətlə, mühacirət
ədəbiyyatında, o cümlədən,
Azərbaycan mühacirət
irsində pyes janrında yazılmış
əsərlərin sayı
xeyli məhduddur.
Mühacirət ədəbiyyatının
tanınmış nümayəndələrindən
Abay Dağlı hələ Vətəndə
ikən erkən yaradıcılığına poeziya
nümunələri ilə
başlayıb, mühacirət
illərinin ilk dövründə
nəsr əsərlərini
qələmə alıb,
II Dünya müharibəsindən
sonra isə çox sayda pyeslər yazıb. O,
"Əsir ruhlar",
"Bir Mayıs gecəsi", "Okullular",
"Sakarya", "Atatürk",
"Atamızın gəncliyi",
"Füzuli", "Sakarya
çetəsi", "Malazgirtdən
Sakaryaya", "Sakaryada
22-ci gün", "Ata anıları",
"Albay", "Dədə
Qorqud" və başqa dram əsərləri
ilə mühacirət
irsini həm ideya-məzmun, həm də janr baxımından
zənginləşdirib.
Mirzə
Abay Dağlının
həyat və yaradıcılıq yolu, ədəbi irsi haqqında, ümumiyyətlə
isə, mühacirət
mövzusunda, eləcə
də mühacirət
ədəbiyyatı haqqında
ötən əsrin
90-cı illərindən sonra
mətbuatda bioqrafik, informativ xarakterli, bəzən də səthi, eyni zamanda, pafosla, hay-küylə dolu materiallar dərc olunmağa başlasa da, bu istiqamətdə
ardıcıl, ciddi elmi tədqiqatlar xeyli sonralara təsadüf edir.
Diqqətçəkicidir ki, elə həmin
dövrlərdə Xalq
yazıçısı, filologiya
elmləri doktoru Elçin qələm əhlini mühacirətdən
yazarkən problemdən
məsuliyyətlə, ehtiyatla
söz açmağa
dəvət edirdi. Görkəmli
tənqidçi ədəbiyyatşünaslıq
elmi və ədəbi tənqidin qarşısında duran vəzifələrdən və
mühacirət ədəbiyyatının
tədqiqi problemlərindən
bəhs edərkən
haqlı olaraq, mühacirət irsinin tədqiqinin aktuallığını
qeyd edir, lakin bu zaman
məsələyə ciddi
və həssas yanaşmağın vacibliyini
vurğulayırdı: "Azərbaycan mühacirət
ədəbiyyatının öyrənilməsi
və həmin ədəbiyyatın ədəbi
prosesə cəlb edilməsi bu gün ədəbiyyatşünaslıq
elminin və ədəbi tənqidin qarşısında duran mühüm vəzifələrdən
biridir. Hissə qapılmadan, "mühacirətdə nə
yazılıbsa, əladır"
- kimi kor-koranə prinsiplə yox, obyektiv elmi-nəzəri meyarlarla aparılan araşdırmalar nəticəsində
xalqımızın uzun
müddət ayrı düşdüyü mənəvi
sərvəti, təbii
ki, özünə qaytarılmalıdır". Mühacirət ədəbiyyatı
probleminin tədqiqinə,
o cümlədən, Abay
Dağlı yaradıcılığının
araşdırılmasına Elçinin qeyd etdiyi prinsiplər əsasında yanaşan
professor Vaqif Sultanlı,
filologiya elmləri doktoru Nikpur Cabbarlı öz tədqiqatları ilə Abay Dağlı irsinin öyrənilməsinə
- mühacirət ədəbiyyatşünaslığına
sanballı və layiqli töhfələr vermişlər.
Yeri gəlmişkən qeyd edək ki, Xalq
yazıçısı Anarın
"Qürbət mənim
içimdə", tanınmış
diplomat, istedadlı publisist
Ramiz Abutalıbovun
"...Ağrı ilə
Altaylar arasında bir ruh", yaxud Münhendən Parisə, sonra da Bakıya gətirilmiş bir bağlama haqqında",
İradə Uluxanlının
"Yazıçı Anar
kim olub", Taleh İsmayılın
"Türklüyün daha
bir səsi", Aslan Kənanın "Anar" və Rana təxəllüslü
yazıçı kimdir?
- Mirzə Abay Dağlı, yoxsa...", professor Vaqif Sultanlının "Taleyin
qəriblik yükü",
Maarif Teymurun "...evimizə ozan gətirmişəm" və
bu qəbildən olan bir sıra
digər məqalələrin
də Azərbaycanda Abay Dağlının tanıdılması və
təbliğində müəyyən
rolu olub. Heç şübhəsiz
ki, bu sırada
Məhəmməd Füzulinin
500 illiyinə həsr
olunmuş respublika konfransının materialları,
o cümlədən, tədbirdə
muzeyin əməkdaşı
Kübra Mahmudovanın
"Abay Dağlı və Füzuli" mövzusundakı çıxışı
da qeyd edilməlidir.
"Azərbaycan mühacirət
ədəbiyyatı: reallıqlar,
problemlər, vəzifələr"
II Beynəlxalq elmi konfransında Maral Yaqubovanın "Abay Dağlının "Onlar
türklərdi" romanının
bədii ifadə strukturu" adlı məruzəsi də Abay Dağlı irsinin öyrənilməsinə
töhfədir.
Burada bir məsələni də xüsusi ilə vurğulamaq lazımdır. Hələ
müstəqilliyin ilk illərindən,
havadarlarının maddi-mənəvi
dəstəyi ilə Ermənistanda, Dağlıq
Qarabağda erməni separatçılarının xalqımıza
qarşı xəyanətkar
çıxışları, əzəli, əbədi Azərbaycan torpağı
Qarabağa göz tikmələri üzündən
respublikamızda hökm
sürən ağır
ictimai-siyasi, iqtisadi vəziyyətə baxmayaraq,
gənc Azərbaycan hökuməti də öz sələfinin - Azərbaycan Xalq Cümhuriyyəti qurucularının,
mühacirətdə yaşamağa
məhkum olmuş liderlərinin həyat, fəaliyyətinin, irsinin öyrənilməsinə qayğı
göstərib. Bu baxımdan
Azərbaycan Respublikası
Prezidentinin 2007-ci ildə
Almas İldırımın
100, 2013-cü ildə Azərbaycan
Xalq Cümhuriyyəti
Parlamentinin sədri Əlimərdan bəy Topçubaovun 150, Azərbaycan
Xalq Cümhuriyyətinin
banilərindən Azərbaycan
Milli Şurasının
sədri Məhəmməd
Əmin Rəsulzadənin
130, 2014-cü ildə Azərbaycan
ictimai fikrinin görkəmli nümayəndəsi,
tanınmış maarifçi
və yazıçı-publisist
Əli bəy Hüseynzadənin anadan olmasının 150, 2015-ci ildə
isə Ceyhun Hacıbəylinin 125 illik yubileylərinin keçirilməsi
ilə bağlı Sərəncamları milli-mənəvi
dəyərlərimizin bir
parçasına çevrilmiş
bu sərvətin - mühacirət irsinin müasir tələblər
səviyyəsində, sistemli,
ardıcıl araşdırılmasına
zəmin olmuşdur və böyük tarixi əhəmiyyət kəsb edir. Bu diqqətin nəticəsidir
ki, AMEA Rəyasət Heyətinin 2014-cü ildə
keçirilən iclasının
qərarına əsasən
Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda "Azərbaycan
mühacirət ədəbiyyatı"
şöbəsi fəaliyyətə
başlamış, "Azərbaycan
mühacirət ədəbiyyatı"
kitabxanası"nın yaradılması
nəzərdə tutulmuşdur.
Hazırda həmin qərarla
müəyyənləşdirilmiş tədbirlərin icrasının
həyata keçirilməsi
- seriya ilə kitabların buraxılması,
o cümlədən, haqqında
bəhs etdiyimiz Abay Dağlının bədii irsinin nəşrə hazırlanması
istiqamətində müvafiq
işlər görülür.
Azərbaycan mühacirət ədəbiyyatında
dramaturgiyanın inkişaf
meyllərindən danışmazdan
əvvəl, bu janrdakı pyeslərlə
daha çox tanınan Abay Dağlının maraqlı,
həm də məşəqqətlərlə dolu həyat yolundan bəhs etmək məqsədəuyğundur.
Mirzə
Abay Dağlı (Cəmil İbrahim oğlu Ağayev)
1906-cı il yanvar ayının 27-də
Azərbaycanın qədim
mədəniyyət mərkəzlərindən
birində - Şuşada
anadan olmuşdur. Doğrudur, bəzi mənbələrdə
təvəllüd tarixi
fərqli rəqəmlərlə
göstərilir. Məsələn,
1936-cı Abay Dağlının
doldurduğu "Kadrlar
uçotu üzrə
şəxsi vərəqə"də
və 1937-ci ildə yenə özünün yazdığı "Şəxsi
kartoçka"da A.Dağlı
təvəllüd tarixini
nədənsə, 1910-cu il
kimi göstərib. Yaxud araşdırmaçı
Lətif Yücel
1991-ci ilin aprelində
Bakıda keçirilmiş
"Azərbaycan mühacirət
ədəbiyyatı" beynəlxalq
simpoziumundakı çıxışında
Abay Dağlının
doğum tarixini 1922-ci
il kimi
qeyd edir. Lakin əksər araşdırmaçıların
yekdil qənaətinə
və bir çox rəsmi sənədlərə, eləcə
də Abay Dağlının öz əli yazdığı
"Avtobioqrafiya"ya əsasən
dramaturqun təvəllüd
tarixi 1906-cı ildir.
Abay Dağlı ilk təhsilini atasının yanında işləyə-işləyə Şuşada realnı məktəbdə almış, bir müddət (1925-1927) pioner təşkilatçısı kimi çalışdıqdan sonra Azərbaycan Mərkəzi Partiya Məktəbində oxumuş (1927-1929), 1936-cı ildə Lenin adına Azərbaycan Pedaqoji İnstitutunun dil-ədəbiyyat fakültəsinin ədəbiyyat ixtisası üzrə tam kursunu bitirmişdi. Hələ bundan xeyli əvvəl - 1929-1932-ci illərdə Şəmkir rayononun Zəyəm və Anino kənd məktəblərində müəllimlik edən Abay Dağlı 1936-cı ildə dərs demək üçün təyinatla Nuxadakı Stalin adına Pedaqoji Texnikuma göndərilir və 1940-cı ilədək orada çalışır. Texnikumda vəzifəsinin ixtisara düşməsi ilə əlaqədar Bakıya gəlir və Nizami adına muzeydə kiçik elmi işçi kimi fəaliyyətə başlayır. Bir il sonra - 1941-ci ildə muzeydəki vəzifəsi də ixtisara düşür və işdən azad olunur. 1941-ci ildə Böyük Vətən Müharibəsinə - ön cəbhəyə çağırılır. Bununla da Abay Dağlı vətənlə əbədi vidalaşır.
Müharibə bitdikdən sonra bir müddət Münhendə, sonralar Ankara və İstanbulda yaşayır. Abay Dağlının istər həyatı, istərsə də irsi 40 ilədək - 1965-ci ilə kimi qaranlıq qalmış, onunla heç qohumları da əlaqə saxlaya bilməmişdilər. Abay Dağlı 1989-cu ildə vəfat edir. Məzarının harada olduğu hələlik dəqiq məlum deyil. Bakıda yaşayan qohumlarının dediyinə görə, Abay Dağlı İstanbulda dəfn edilib. 1960-cı illərdən bacısı Xanım ilə yazışan Abay Dağlının məktublarından məlum olur ki, o, iki dəfə - Almaniyada və Türkiyədə ailə həyatı qurub. Türkiyədəki Əminə adlı xanımından yeganə övladı Nursən dünyaya gəlib.
Ədəbi mühitdə Abay Dağlı kimi tanınan Cəmil Ağayevin mühacirətə qədər və mühacirət dövründə bir sıra digər təxəllüsləri də olub. İlkin yaradıcılığında "Qırmızı Şamxor", "Nuxa işçisi", "Ədəbiyyat", "Kommunist", "Gənc pedaqoq", qəzetlərində "Şuşalı", Ağayev Cəmil", "A.Cəmil" imzaları ilə məqalə və şeirlərini dərc etdirən Abay Dağlı mühacirət illərində "A.M.D.", "M.D", "Rana", "A.Anar", "A.Dağlı", "Abay Mirzə", "Abay Mirzə Dağlı", Abay Dağlı" və s. təxəllüslərlə yazıb-yaradıb. Abay Dağlı Bakıda yaşayan qohumlarına, xüsusi ilə bacısı Xanıma yazdığı məktubları "Abay Ağa" kimi imzalayıb.
Qeyd etdiyimiz kimi, Abay Dağlının mühacirət həyatı və irsi nəinki Azərbaycan oxucuları, heç doğmaları üçün də uzun müddət - ötən əsrin 40-cı illərindən 60-cı illərin sonunadək tam qaranlıq qalmışdı. Yalnız 1965-ci ildə o, bacısı Xanıma ilk məktubu ünvanlayır. Ara-sıra yazışma 1968-ci ilədək davam edir. Sonra məlum olmayan səbəblərə görə məktubların arası kəsilir. Ötən əsrin 90-cı illərindən sonra yenidən Abay Dağlı xatırlanmağa başlayır. Professor Vaqif Sultanlı onun "Füzuli" pyesi haqqında "Azadlıq" radiosunda çıxış edir. Azərbaycan mühacirət irsinin fədakar və təmənnasız toplayıcısı Ramiz Abutalıbov 1990-cı illərin sonlarında S.Mümtaz adına ADMİA-ya Abay Dağlının 4 kitabını hədiyyə edir. O zaman eyni vaxtda R.Abutalıbov Abay Dağlının kitabları - "Dədə Qorqud", "Əsir ruhlar", "Albay", "Sakarya çetesi" pyesləri barədə mətbuatda çıxış etsə də, müəllifin həyatı barədə geniş informasiya vermir və özünün də etiraf etdiyi kimi, "Mirzə Abayın əsl adı hələ də naməlum qalır". Məqalənin sonunda müəllif oxuculara müraciət edərək Abay Dağlı haqqında məlumat verilməsini xahiş edir. 2000-ci il noyabrın 6-da bacısı Xanımın arxivə təqdim etdiyi 310 sənədin əsasında ADMİA-da "Şair, publisist, ədəbiyyatşünas Mirzə Abay Dağlı (Ağayev Cəmil İbrahim oğlu)" fondu yaradılır. Burada Abay Dağlının həyat və yaradıcılığı ilə bağlı 1924-1997-ci illəri əhatə edən sənədlər toplanılıb.
Fonda daxil olan sənədlər
elmi-texniki cəhətdən işlənilib,
siyahısı tərtib olunub və
"M.A.Dağlının əlyazmaları; pyes
və şeirləri; məqalə və qeydləri;
M.A.Dağlının tərcümeyi-hal-sənədləri"
şəklindəki bir
ardıcıllıqla təsnif edilib.
Abid
TAHİRLİ
525-ci qəzet.- 2019.- 31 avqust.- S.15.