İngiloylar
Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə Jurnalist Ekspert Mərkəzi İctimai Birliyi (JEM) "Azərbaycanda yaşayan xalqları yaxından tanıyaq" layihəsinin icrasına başlayıb.
İyul-noyabr ayları ərzində icra olunacaq layihə Şuranın 2019-cu il dördüncü qrant müsabiqəsində "Azərbaycanda yaşayan milli azlıqların mədəni irsinin təbliğinə dair təşəbbüslər" istiqaməti üzrə qalib olub.
Layihə çərçivəsində Azərbaycanda yaşayan ləzgi, tat, udi, Şahdağ xalqları, avar, ingiloy, yəhudi, talış, saxur, kürd xalqlarının tarixi, dili, mədəniyyəti, müasir yaşayış tərzləri barədə konkret faktlara əsaslanan yazılar "525-ci qəzet"də dərc edilir.
Məqalələr Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya və Etnoqrafiya İnstitutu nəzdindəki Antropologiya Mərkəzinin əməkdaşları tərəfindən hazırlanır.
10 yazının mətbuat orqanı vasitəsilə oxuculara təqdim olunması prosesi başa çatdıqdan sonra həmin məqalələrdən ibarət kitabça nəşr edilərək, KİV orqanlarına hədiyyə veriləcək.
Sizə layihənin yeddinci yazısını təqdim edirik. Yazı ingiloylar haqqındadır. Birinci məqalə ləzgi, ikinci məqalə udi, üçüncü məqalə saxur, dördüncü məqalə avar, beşinci məqalə Şahdağ, altıncı məqalə yəhudi xalqlarına həsr olunmuşdu.
Böyük Qafqaz sıra dağlarının qərb yamaclarında, Azərbaycan Respublikasının şimal-qərb hissəsində etnik baxımdan çox zəngin olan Şəki-Zaqatala bölgəsi yerləşir. Bu bölgədə əhalinin tam əksəriyyətini təşkil edən azərbaycanlılarla yanaşı, avarlar, saxurlar, ingiloylar yaşayırlar. İngiloylar əsasən Balakən rayonunun İtitala kəndində, Zaqatala rayonunun Əliabad qəsəbəsində və Mosul kəndində, Qax rayonunun Qaxingiloy, Əlibəyli, İngiloy Kötüklü, Böyük Alatəmir, Kiçik Alatəmir, Meşəbaş, Qaxbaş və Qarameşə kəndlərində yaşayırlar. Onlar öz ana dili ilə yanaşı, Azərbaycan dilində də danışırlar ki, bu da çoxəsrlik, çoxşaxəli mədəni-iqtisadi əlaqələrin nəticəsidir. Müsəlman ingiloyların bir çoxu sünni məzhəbinə mənsubdurlar. Xristian ingiloylar isə pravoslavdırlar.
"Yenkiloy" istilahı türk mənşəlidir və başlıca tərkib konponentləri "yengi" və "yol" sözlərindən ibarətdir. XI əsr müəllifi Mahmud Qaşqarinin "Divani lüğət ət-türk" əsərində "yanki" "yeni" sözünün mənasında işlənir.
"Qədim türk lüğətində" "yengi", "yenicə meydana gəlmiş" mənasını, "yol" istilahı isə dilimizdəki "yol", "istiqamət", "məslək", etiqad mənalarında, "yol yığnak" ifadəsi isə "yol", "istiqamət" mənasında işlədilir.
Bir çox alimlər hesab edirlər ki, "yenkiloy" ifadəsi etimologiyasına görə, "yeni dini inamı qəbul edən" mənasını bildirir. Başqa bir fərziyyəyə əsasən, ingiloy etnonimi azərbaycanca "yeni gellər" sözlərinin birləşməsindən yaranmışdır. Gellər isə ingiloyların əcdadları olan alban tayfalarından biridir.
İngiloy kəndləri yaranma tarixlərinə görə bir-birindən xeyli fərqlənirlər. Onların bir qismi çox uzaq keçmişdə yaranıb. Belə kəndlərin meydana gəlmə tarixi çox vaxt qeyri-müəyyən rəvayətlərlə izah olunur. Misal üçün Qaxingiloy, Əliabad, Mosul, Marsan, Zəyəm, Tasmalı kəndlərinin adlarını çəkmək olar.
Bunlardan fərqli olaraq, ingiloy kəndlərinin bir qismi indiki məkanlarında yaxın keçmişdə salınıb. Meşəbaş, Kötüklü, Suskənd bu qəbildən olan kəndlər sırasına daxildir. Törəmə kəndlər "binə" ("oba", "tala") maldarlıq formasının yaranması ilə əlaqədar meydana çıxıb. Kəndlərdəki ailə üzvlərinin bir qismi mal binələrində mövsümi işləməyə və burada müəyyən müddət yaşamağa məcbur olurdu. Bu sayaq mövsümi səciyyəli müvəqqəti yaşayış məskənləri tədricən müstəqil kəndə çevrilirdi. Məsələn, İtitala kəndi Əliabad kəndinin İttabun toxumundan törəyib.
İngiloy kəndlərinin böyük əksəriyyəti Qanıx (Alazan) çayının axarı boyunca salınıb. İngiloyların ənənəvi yaşayış evlərinin memarlıq xüsusiyyətləri bu xalqın tarixən məşğul olduğu təsərrüfat sahələrinə uyğundur. Hörmə iki çatılı "koxi" tipli evlər ipək qurdunun yetişdirilməsinə və saxlanılmasına hesablanıbmış. Bir qayda olaraq ingiloylar öz evlərini hörmə çəpərlə əhatələnmiş həyətin içində tikərdilər. Qədim zamanlarda ingiloylar qazma tipli evlərdə də yaşayırdılar. Sonradan onlar daş evlər tikməyə başlayıblar.
İngiloyların zəngin mədəniyyətləri haqqında müxtəlif çeşidli yeməkləri də xəbər verir. Onların ənənəvi yeməklərində qoyun pendiri, müxtəlif göyərtilər, qoyun ətindən və yumurtadan hazırlanmış sulu xörəklər, habelə kabab və plov mühüm yer tutur. İngiloyların mətbəxinə xas olan xüsusi yeməklər də az deyil.
Məsələn, qoz qatılmış və xüsusi ənənəvi üsulla hazırlanmış xörəkləri, habelə nə azərbaycanlıların, nə də gürcülərin mətbəxində olan şoraba növlərini buraya aid etmək olar. Daha sonra ingiloylar maxara, dolma, usrun-şorba, çiçinaqur (ev kolbasası), əlijinax-ədava və s. kimi spesifik xörəklər də hazırlayırlar. Bəzi xəmir xörəkləri, o cümlədən, düyü unundan hazırlanın yeməklər də bütün Şəki-Zaqatala bölgəsində yayılıb. Bu da keçmişdə ingiloyların məşğul olduğu çəltikçilik təsərrüfatı ilə bağlıdır. İngiloylar çilov, plov, bozbaş kimi yeməkləri azərbaycanlılardan götürsələr də, özlərinə məxsus qaydalarla hazırlayırlar.
İngiloyların toy adətlərində də özlərinə məxsus bəzi elementlər var. Məsələn, qız bəyənmə mütləq bulaq başında olardı. Qızlar çiyinlərində səhəng bulaq başına gedər, oğlanlar da onları görüb bəyənərdilər.
İngiloylarda elçiliyə getmək məsələsində də maraqlı məqamlar var. Bu zaman mütləq nəslin ağsaqqalına müraciət edilər və razılıq yalnız üçüncü dəfədən sonra əldə olunardı. Qız evinə elçiliyə gedən kişilər ciblərinə mum qoyub yumşalda-yumşalda gedərdilər ki, qız evini də beləcə yumşaltsınlar. Elçiliyə qırmızı alma ilə gedilərdi. Alma bütöv geri qayıtsa, deməli, qız evi razı deyil. Əgər alma bölünüb gəlsə, deməli, razılıq var. Qeyd edək ki, yaşlı nəslin nümayəndələri indi də hökmən bu ənənələrə əməl edirlər. Bəzi cavanlar da onların yolu ilə gedirlər.
İngiloyların mədəniyyətində müxtəlif dini təsəvvürlər, inamlar mühüm yer tutur. Onlar şər ruhlardan qorunmaq üçün müxtəlif ovsunlara və cadulara əməl edirlər. Məsələn, cüməyə keçən gecə çaydan su götürmək, içində su olan dolçanın ağzını açıq qoymaq, gecələr evdən od vermək olmaz. Ayaq üstə çörək yemək və su içmək pis əlamət sayılır, çünki belə halda evdən bərəkətin üzülməsi güman edilir. İngiloyların məişətində bu gün də islamaqədərki dünyagörüşü, heyvan və bitki ayinləri, müxtəlif növ sitayiş yerləri təzahür edir. Məsələn, Sarı pir baba, Yaz baba, Diləkpir baba kimi sitayiş yerləri bu gün də ingiloylar tərəfindən ziyarət olunur. Dövrümüzə qədər ingiloyların folklor nümunələri - əfsanələr, rəvayətlər, mahnılar, atalar sözü, nağıllar, zərb məsəlləri bu günümüzə qədər gəlib çatıb.
İngiloyların yazın gəlişi ilə əlaqədar qeyd etdikləri Qorqot bayramı Azərbaycanda qeyd olunan Novruz bayramının bir çox elementlərini özündə əks etdirir, eyni zamanda, özünəməxsusluğu ilə seçilir. Bu bayram ingiloyların ən böyük el bayramı hesab olunur. "Qorqot" ingiloyca "durna" deməkdir. Durnaların gəlişi ilə yaz fəsli gəlir, təbiət oyanır. İngiloylar Novruzda olduğu kimi, Qorqot bayramında da səməni cücərdirlər. Qorqot bayramının Novruzdan fərqli cəhəti isə ondadır ki, ingiloylarda bu bayram beş, yeddi, bəzən on günədək, yəni martın axırı, aprelin əvvəllərinədək davam edir. Bayram bir gün elliklə qeyd olunur. Sonrakı günlərdə isə yaşlı nəslin nümayəndələri, cavanlar və uşaqlar bayramı ayrı-ayrılıqda qeyd edirlər. Keçmişdə ingiloylar "Tuti nubqari" adlı baramaçılar bayramını da keçirirdilər.
İngiloy folklorunun mühüm cəhətlərindən biri də bu dildə bayatıların, laylaların, şeirlərin yazılmasıdır.
Digər etnik qruplardan fərqli olaraq, ingiloyların folklor nümunələrində Azərbaycan dilində qafiyələrin olması diqqəti cəlb edir. Bəzən müəlliflər Azərbaycan dilində yazdıqları şeirlərin son möhür hissəsində ingiloy ləhcəsindən də istifadə edirlər. Məsələn, əliabadlı Aşıq Hüseyn həm Azərbaycan, həm də ingiloy dilində yazıb ifa etməsi ilə fərqlənərdi. Aşıq bəzi şeirlərinin möhür hissəsinə "Əliabadel Hüseynavar", yəni "Əliabadlı Hüseynəm" imzasını atırdı. İngiloy aşıqların yaradıcılığı bölgədən xeyli kənarda da tanınır. Bunlardan Yengiyan kəndindən olan aşıq Əzimin, İtitala kəndindən olan aşıq Məhəmmədin, Əliabad qəsəbəsindən olan aşıq Cəlaləddinin adlarını qeyd etmək olar.
İngiloyların folklor nümunələri arasında "Dambudam danqni" rəqsini xüsusi qeyd etmək lazımdır. Tipik yallı ritmində oynanılan bu rəqsi ingiloyların yallısı da adlandırmaq olar. Rəqsin ritmi kos nağaranın ritmindən götürülüb. Rəqsin elementləri sanki dingdə darının, düyünün döyülməsini xatırladır.
Azərbaycan ən qədim avtoxton etnoslardan biri olan ingiloylar (gellər) ölkəmizin etnik tarixinin, ümumazərbaycan mədəniyyətinin ayrılmaz tərkib hissəsidir. Tarix və etnomədəni baxımdan azərbaycanlılarla ortaq keçmişə, maddi və mənəvi mədəniyyətə malik olan bu qədim etnos Azərbaycan cəmiyyətinə daha sıx inteqrasiya olunmaqdadır. Qafqaz Albaniyası tayfalarından birinin - gel və ya geloyların varislərindən olan ingiloylar etnososial və etnimədəni baxımdan ümumiazərbaycan mədəniyyətinə öz sanballı töhfələrini vermiş, bu mədəniyyətin formalaşmasında və inkişafında yaxından iştirak etmişlər.
Yazı Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya və Etnoqrafiya İnstitutu nəzdindəki Antropologiya
Mərkəzi tərəfindən Azərbaycan
Respublikasının Prezidenti yanında
Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi
Şurasına təqdim edilmək üçün
hazırlanıb.
525-ci qəzet.- 2019.- 31 avqust.- S.13.